Seymur Baycanın məqaləsi
Neçə gündü onları, Allah sözünü böyük hərflərlə yazanları müşahidə edirəm. Öz sevinclərini gizlətmirlər. Açıq-aşkar öz hisslərini ifadə edirlər. Heç olmasa öz hisslərini gizlətməyi bacarsaydılar. Bacarmadılar, üstəlik ürəklərindəki nifrəti də açıq-aşkar ortaya tökdülər. Bütün hallarda bu cür ifrat səmimiyyətə görə onlara təşəkkür etmək lazımdı.
Növündən və təyinatından asılı olmayaraq səmimiyyət hər zaman qiymətləndirilməlidi. Bu səmimiyyətin sayəsində "bir kitablı adamlardan qorxmaq lazımdır" sözünün doğruluğuna bir daha inandım. "Bir kitablı adamlardan qorxmaq lazımdır" sözü bir daha təsdiq olundu. Deməli, insanın bir kitabı yox, əlli, yüz, min, iki min kitabı olmalıdı. İnsanın bir yox, yüz peyğəmbəri olmalıdı. Mən öz peyğəmbərlərimdən bir neçəsinin adını sadalaya bilərəm - Russo, Viktor Hüqo, Conatan Svift, Çexov, Taqor, Herman Hesse, Tomas Mann, Tomas Vulf... öz peyğəmbərlərimə doqmatik yanaşmıram. Ürəyi istəyən adam əlinə qələm alıb onların əsərlərini tənqid edə bilər. Hər bir insan yaza bilər ki, Russo öz uşaqlarına atalıq etməyib uşaq evinə vermişdi. Başqa birisi də buna cavab olaraq yaza bilər ki, Russo öz uşaqlarını uşaq evinə versə də, öz əsərləri ilə bəşəriyyətin taleyində elə bir fırtına qopardı ki, minlərlə, yüzminlərlə uşaq ailə səadəti tapdı, rifah içində yaşadı. Mənim müqəddəs kitabım, Viktor Hüqonun Səfillər əsəri daha çox insana təsir edib. Daha çox insanı islah edib. Özü də dəhşətli cəhənnəm təsvirləri ilə qorxutmadan. İnsanın vicdanına xitab edərək, vicdana sərmayə qoyaraq islah edib. O müqəddəs əsəri oxuyanda başa düşmüşəm ki, bizim işimiz şamdanları verməkdi. Qalanı adamın öz işidi. İstəsə aparıb şamdanları satar, istəsə də Jan Valjan olub bir əziz hədiyyə kimi saxlayar. O müqəddəs əsəri oxuyanda başa düşmüşəm ki, insanı tanımaq üçün ən qısa və sınanılmış yol insana etibar etməkdi.
İki gündü öz-özümə düşünürəm - görəsən bu haqqda yazmaq lazımdı, yoxsa lazım deyil. Çünki xeyli müddətdi din mövzusunu öz tərəfimdən bağlamışam. Bu davaya enerji sərf etmək istəmirəm. Əsəblər, münasibətlər pozulur, hər kəs öz fikrində qalır. Qoy hər kəs öz yolunu özü müəyyən etsin. Hər kəs öz vicdanı qarşısında hesabat versin. Mənim Allahımın adı vicdandı. Qərəz, yazmağa daha ciddi mövzular var. Lakin öz sevincini gizlətməyi bacarmayanlar andımı pozmağa məni vadar etdilər. Onların əsas arqumenti budur ki, filankəslər Allaha qarşı çıxmışdılar, ona görə Allah onları cəzalandırdı. Necə ağlamalı bir təsəllidi. İndi özümü onların səviyyəsinə endirib bir sual vermək istəyirəm – bəyəm oruc tutub-namaz qılanlar, ibadət edənlər xəstələnmirlər? Bəs yaxşı onların xəstələnməsinə necə aydınlıq gətirək, necə izah verək? Siz belə davranışla başqalarına nümunə olmaq istəyirsiniz? Məhz bu davranışların nəticəsidir ki, beş-altı kitab oxuyan adam sıralarınızı tərk edir. Bu ölkənin reallığını həzm etməyən, az-çox mübarizə aparan gənclərə bir az diqqətlə baxsanız görəcəksiniz ki, onların 98 faizi sizin Allahsız, kafir adlandırdıqlarınızdı. Elə isə bir sual çıxır ortaya. Kimdir Allahsız? Niyə bir balaca dünyanı dərk edən adam sıralarınızı tərk edir? Bəlkə başqasının ölüm ayağında olmasına sevinmək əvəzinə, bu suala cavab tapasınız. Axı biz balaca ölkədə yaşayırıq. Min hoqqadan çıxıb mağazalarda halal sosiska axtaranların necə yaşadıqlarından xəbərimiz var. Hansı yollarla pul qazanıb ziyarətə getdiyinizi də bilirik. Bilirik ki, bir çoxları guya özlərinə təsəlli verərək aldıqları maaşı yığıb-yığıb ziyarətə gedirlər. Aldıqları rüşvəti isə paltara və digər zəruri ehtiyaclara xərcləyirlər. Tutaq ki, yol pulunu maaşla düzəltdiniz, bəs əyninizdəkinin, qarnınızdakının halallığına kim təminat verir? Bilirik ki, işçilərinizi il boyu istismar edib ildə bir dəfə Qurban bayramında adamlara bir kilo ət verməklə cənnət qəbzi aldığınızı düşünürsünüz. Qardaş da qardaşı istismar edərmi? Onu da bilirik ki, Allahın evində namaz qılanlar ayaqqabılarını kulyoka qoyub özləriylə içəri aparırlar. Allahın evində bir-birinə etibar etməyən adamlara biz həyatın başqa sahələrində necə etibar edək? Siz Allahın evində bir-birinizə inanmırsınız, bəs biz sizin tutduğunuz oruca, qıldığınız namaza, ümumiyyətlə sizin səmimiyyətinizə necə inanaq? Ayaqqabılarını kulyoka qoyub ibadət edənlər, Allahın evində bir-birinə etibar etməyənlər hələ bir üstəlik özləri özlərinə, başqalarına Allah hidayət eləsin sözünü demək haqqı tanıyıblar. Kim hidayət olunmalıdı? Kimin daha çox hidayətə ehtiyacı var? Allahın evində bir-birinə etibar etməyənlər, yoxsa vicdanı qarşısında hesabat verənlər? Nəhayət, başqasının xəstələnməsinə sevinənlər Məhəmməd Peyğəmbər haqqında hədisi nə tez unutdular? Hədisin nə qədər səhih olduğunu bilmirəm, amma belə eşitmişəm/
Məhəmməd Peyğəmbər hər gün yolu keçəndə bir qadın pəncərədən başına zibil atır. Peyğəmbər reaksiya vermir. Hər gün bu iş təkrarlanır. Peyğəmbər bir gün yenə ordan keçəndə görür ki, zibil atan olmadı. Zibilin atılmamasından nəsə bir hadisənin baş verdiyini anlayır. Gedir qadının evinə, qadına baş çəkir, məlum olur ki, qadın xəstələnib. Peyğəmbər qadına qayğı göstərir, ehtiyacları ilə maraqlanır. Nəticədə qadın əməlindən utanır və etibarlı mənbələrin verdiyi məlumata görə bundan sonra islamı qəbul edir.
Ay dindən-imandan, əxlaqdan danışanlar, Allah sözünü böyük hərflərlə yazanlar, nə tez unutdunuz bu hədisi? Danışmağı çox gözəl bacarırsınız, amma əmələ gələndə ürəyinizdəki kin-küdurəti, nifrəti ortaya tökürsünüz. Sizin ürəyinizi bir-bir qarla yuyub-təmizləmək lazımdı. Görürsünüz, əməl etmək necə çətindi? Danışmağa nə var, danışmağı hər adam bacarar. Əsas sözlə əməlin üst-üstə düşməsidi.
Onu da deyim ki, bu cümlələri yazmaq heç də asan deyil. Çünki sözü ilə əməli üst-üstə düşən həqiqi mömin qardaş və bacıları da düşünməkdəyəm. Zatən ürəyi kin-küdurətlə dolu olanların, Allahın adından istifadə edənlərin əməllərindən ən çox əziyyət çəkənlər də həqiqi möminlərdi. O həqiqi möminlər ki, Allahın adından istifadə edib min hoqqadan çıxanların əməllərinə görə utanmaqdan yorulublar. O həqiqi möminlər ki, Allahın adından manipulyasiya edənlərin əməllərinə görə xəcalət çəkməkdən beziblər. Bütün sahələrdə belədi. Təəssüf ki, Yoldan istifadə edənlərin əməllərinə görə yola həqiqətən inananlar cavab verməli olurlar.
kultura.az