Oğluna ərə gedənlərin varisləri

Oğluna ərə gedənlərin varisləri
27 noyabr 2014
# 11:22

“Gəlin qayınananın süpürgəsi olmalıdı”. İndi bu ifadənin müəllifinin kim olmağının o qədər də əhəmiyyəti yoxdu, əsas məsələ onun təkrar edəndədi, onu məsəl kimi çəkəndədi. Hünərin varsa bunu qayınana olmayan gəlinlərin, xüsusən də təzə gəlinlərin yanında deyəsəsn. Ən yaxşı halda deyəcəklər ki, “onu səndən başqa deyən qələt eləyir”. Doğurdanmı gəlin qayınananın süpürgəsi olmalıdı? Bəlkə daha irəli gedib postmodernist ifadə edib “Gəlin qaynananın tozsoranı olmalıdı” deyək.

Lağlağını kənara qoysaq bu ifadənin “alt qatı”na varanda orda təhqir və aşağılıayıcı nüansların olduğunu görmək olar. Qayınanalar özlərinə bəraət qazandırıb deyirlər ki, bu heç də pis söz-zad deyil. Yəni o deməkdi ki, gəlini hara qoysan orda durmaılıdı, sözündən çıxmamalıdı, süpürgə kimi lal-dinməz olmalıdı. Bunu hardasa başa düşmək olar, intəhası burdan bir sual çıxıb adamın üzünə durur ki, nəyə görə süpürgə olmalıdı. Bəyəm süpürgədən başqa bir zad tapılmadı ki, onu gəlinin ekvivalenti eləyəsən?! Bu boyda dünyada əşyamı qəhətdi, xeyir ola gəlini süpürgəyə tay eləyirsən? Olmazmı ki, deyəsəsn gəlin güldan kimidi, hara qoysan orda duracaq, və ya gəlin qızıl üzük kimidi, hansı barmağına taxsan orda da duracaq. Yoxsa ki, zir-zibil süpürən əşyanı məsəl çəkib təhqir-filan eləyəsən?

Qətiyyən bu “tarixi” gəlin-qayınana davasını qızışdırmaq fikrim yoxdu. Əslində sözümün Mətləb müəllimi heç də bu “mənasız” ifadə deyil. Deyəcəklərim tamam ayrı zadlardan ibarətdir.

Diqqətlə fikir versək görərik ki, gəlin-qaynana münaqişəsi olduqca mənasız və düşük səbəblərdən yaranır. Həqiqətən də bu boyda “düşmənçiliyin” arxasında adicə məişət söhbəti, gərəksiz narazılıqlar dayanır. Məsələn gəlinin başı qarışır anası ilə telefon çənələşməsinə. Qayınana isə donquldanmağa başlayır: Buna bax e, iş-güc tökülüb qalıb, bu da anasıynan əngə verib. Sənin əvəzinə mən işləyəcəyəmsə, day səni niyə alırdım, onsuz da öz yüküm öz boynumdadır da. Ayrı bir misal çəkək. Təsəvvür edin ki, gəlin hardasa işləyir, qaynana da evdar qadındı. Gəlin işdə olanda qaynana başlayır deyinməyə: Allah kəssin belə gəlini, gərək oturub gözləyəm, görəm bu nə vaxt gələcək, ondan sonra bizə bir tikə zəhər hazırlayacaq. Elə bil onun nökərimyəm, ay balam, gəlinsən öl, otur öz gəlin yerində də, ərinin qabağına çayı-çörəyi mən qoyuramsa, onda sən nəyə lazımsan, belə iş olar?

Gəlin qaynana probleminin “kökü” dərinə, ilkin ailə birliklərinin yaranmasına, anaxaqanlığı dövrlərinə gedir. Bu isə daha çox şüuraltı olaraq özünü büruzə verir.

Qədim dövrlərdə, bizə qəribə görünün adətlər olub. Hətta burda insestin izlərini də görmək mümkündü. Məsələn ailədə ata ölürdüsə, ana ailədə olan böyük oğlu ilə evlənirdi. Sonralar təkallahlıq dinlərinin yaranması ilə bu cür adətlər qadağan edildi.

İndiyə qədər ərlə arvad arasında çoxsaylı narazılıqları, boşanmaların, problemlərin kökündə anaların qısqanclığı durur. İlk baxışdan qısqanclıq sözü gülməli görünə bilər, lakin məsələnin mahiyyətinə varanda işin nə yerdə olduğunu dərk eləyirsən.

Analar öz övladlarına həm bioloji, həm mənəvi, həm də şüuraltı olaraq çox bağlıdı. Əgər övlad oğuldursa onda bağlılıq ikiqat artır. Çünki qızdan fərqli olaraq analar öz oğullarına hami kimi, sığınacaq kimi, güvən kimi baxırlar. Bu cür proseslər şüuraltı getdiyindən heç bir ana bunu ağlına belə gətirmir. Digər tərəfdən övladı dünyaya gətirib, onu min bir zəhmətlə böyüdüb, döşündən süd verib, qolunun üstündə lay-lay deyib yatırdan analar oğullarının gəlinlərin “nəzarətinə” keçməyinə öyrəşə bilmirlər. Yenə təkrar edirəm, bu proses ana beynində şüuraltı gedir və heç bir ana bu haqda düşünmür. Lakin proses “öz işindədi”...

Ana öz oğlu ilə arasında gəlinin olmasını qəbul eləmək istəmir, bu da birbaşa olmasa da, istənilən halda dolayı yolla özünü büruzə verir, nəticədə hamının gördüyü, eşitdiyi, bildiyi problemlər yaranır. Həqiqətən də bu məsələdə şüuraltı öz işini görür, məşhur məsəldə deyildiyi kimi, ilan Seyid Əhmədin əli ilə həbs olunur.

Bunları yazmaqda məqsədim qayınanaları əndişələndirmək deyil, zatən onlar bu məsələdə günahsızdırlar, günahkar olsalar da belə, onların günahı öz oğullarını çox istəməkdən yaranan “qısqanclıq”dan baş verir. Bu məsələdə hər iki tərəfi haqlı hesab etmək olar, ona görə də “münaqişə” ədalətli və sülh yolu ilə həll olunmalıdı.

# 3599 dəfə oxunub

Müəllifin son yazıları

# # #