Facebookda ər axtaran qadın

Facebookda ər axtaran qadın
14 noyabr 2014
# 14:09

Nə oyunlar çıxardır, bir o gözəgörünməz bilir. İlahi insan neçə dona girər, neçə sifətə girər? Pah atonnan! Dərdi azarı ərə getməkdi.

Məşhur bir məsəl var e, ayının min oyunu bir armudun başındadı. Bunun armudu ərə getməkdi. Özü də təcilidi nəsə, elə istəyir ki, bircə saatın içində tanış olduğu kişiyə getsin. Nə yolnan olur olsun, nə təhər olur olsun, özünü zornan sırısın, gücürrəmə olsa da getsin.

Allah sən saxla, görəcəkli günlərimiz varıymış! Adama deyərlər nə olub axı, qızıxıbsan, erkək gəzən danalar kimi nə düşübsən facebookun canına. Adam nə qədər status yazar, adam nə qədər eyham atar, day bəsdi də, özün cəhənnəm, heç olmasa bizə yazığın gəlsin. Facebooka girməli deyil, statuslar adamın üstünə kişnəyir.

Bircə bunu alan olsaydı, canımız dincələrdi, vallah hamı boğaza yığılıb, adamlar həya eləyir, arı yesə də namusu gözləyir, açıb-ağardan yoxdu. Bu da abrına qısılmır, həyasına bürünmür.

Gah namaz qılır, gah oruc tutur, gah dindar olur, gah tolerant olur, gah solçu olur, gah türkçü olur, gah anarxist olur, gah avropayönlü olur. Hər nə desən olur, hər formaya düşür, bircə istəyi hasil olsun. O qədər iştəklər törədir, sayıb bitirmək olmur. Yadıma düşənləri yazım siz də baxın.

Köşə yazıb içtimai sektoru təmsil eləyir, şeir yazıb ədəbiyyata qoşulur, problemləri qabardıb siyasətə baş vurur, qadınların hüququndan danışıb hüquq müdafiəçisi olmaq istəyir, mahnı oxuyub müğənni olmaq istəyir, fotosessiya eləyib model olmaq istəyir, sponsor tapıb sosial layihələr həyata keçirmək istəyir – bir sözlə hər şeynən məşğul olur. Bilmirsən bu ər axtarır, yoxsa sponsor. Nəyin havasındadı, nəyin həvəsindədi dəqiq tutmaq olmur. Həm ərə getmək istəyir həm də... Day özünüz bildiniz də. İndi də başlayıb roman yazmağa... Üstəlik Kafkanı da bəyənmir. Gorun çartasın Kafka! Heyləliyə qalsa, hərə öz həyatından yazıb yazıçı olar da. Külü qoyum təpənə!

Onu kim boşayıb, görüm lənətə gəlsin, o öz canını qurtarsa da, bizi bəlaya salıb. Deyəndə də deyir ki, ərim narkomanıydı, ona görə ayrıldım. Ay səni öləsən... İndi dəb düşüb, kim ərindən ayrılır, deyir, ərim ya narkomandı, ya əyyaş. Məsələ boşanmaqda deyil, boşanmaq qəbahət deyil ki? Bir yerdə yaşaya bilməyəndə, münasibətlər alınmayanda ayrılarlar da. Yoxsa it-pişik kimi yaşamağın nə mənası? Day bunun adını narkomanlıq, əyyaşlıq qoymaq nəyə lazım? Qorxursan deməyə ki, yola gedə bilmədik, ayrıldıq. Nə var ki, burda? Yoxsa elə başa düşürsən ki, həqiqəti deyəndə sənə yaxın gələn olmayacaq? Vallah ən yaxşısı düzünü deməkdi. Alacaqsa alacaq, almayacaqsa qızıla bürünsən də, mümkün deyil. Axı nə məcburdu ki, özünü güclə kiməsə təpişdirəsən? Tezbazar ərə gedib ayrılmağını istəyirsən?

Bircə bunu alan olsaydı, dilənçiyə oxxay deyib, nəzir verərdim!

# 2799 dəfə oxunub

Müəllifin son yazıları

# # #