Görücü üsulu ilə evlənmək

Görücü üsulu ilə evlənmək
1 iyul 2014
# 10:25

Sevinc Elsevər

Maraqlı bir təklif aldım qohumlarımdan. Deməli, yaxın bir qohumumuz üçün elçi getmək lazımdı. Amma qızla oğlan bir-birini görməyib. Mən də oğlanın yaxın adamı kimi qızgilə getməli, qıza baxmalıyam. Ölmədim, bu günü də gördüm! Əgər ana-bacı, xala-bibi, əmiqızı, dayıqızı qızı bəyənsələr, şəklini çəkib oğlana gətirəcəklər. Xosrov və Şirini bir-birini təsvirdən bəyənən kimi...

Oğlan şəkli bəyənsə, qızı görməyə gedəcək, atası evində qızla görüşəcək.

Xeyli təəccübləndim! Sonra mənə izah elədilər ki, bu üsulla gündə yüz qız ərə gedir. Bəlkə də bir qızın evinə, bir qızın otağına yüz namizəd girir, qızla söhbət eləyir, qızı yaxından görür, tədqiq edir, sonra həmin yüz oğlandan biri qızı alır. Qız ağacı-qoz ağacı. Yüzü istəyər, biri alar!

Deməli, elə adam var qızı ilə oğlanı bir otaqda baş-başa buraxır. Elə adam var, ürəyi bir az qaradır – görüşü ev adamlarının yanında təşkil edir.

Mən dəfələrlə eşitmişəm ki, bizim ölkədə hətta parkda, yüzlərlə adamın gözü qabağında oğlanla görüşüb söhbət eləyən qıza pis baxırlar, dalınca min şəbədə qoşurlar. Halbuki, parkda hər qızın söhbət elədiyi oğlan da ərə getmək istədiyi oğlan deyil. Qızın özbaşına bir oğlanı tanımaq, sevmək və ərə getmək istəyi həmişə yaxşı qarşılanmır. Halbuki, bu, daha təbiidir.

Amma və lakin... mən bu görücü üsulunun bu cür düşünülməyinə də sevindim. Çünki qızlar evlərinə anaları, bacıları, xalaları, cijiləri ilə gələn namizədləri heç olmasa yaxından görmək, bəyənib-bəyənməmək imkanına malikdirlər. Yəni, 100 il əvvəlkindən fərqlidir müasir görücü üsulu. Qız oğlanı bəyənsə, "həri" verilsə, qızın növbəti mərhələdə gələcək həyat yoldaşı ilə parka çıxmaq, hətta bir sonrakı görüşdə (ilk görüşdə olmaz!) əlindən tutmaq şansı var. Çox mümkündür ki, ərə gedəcəyi oğlanın xasiyyətinə bələd də olmağa başlaya...

Bu yaxınlarda qəribə bir hadisə baş verib. Tanıdığım bir qız, türklər demiş, geniş ailəyə düşür. Yazıq gəlinin yanında ta uşaqlıqdan o qədər deyiblərmiş ki, kişilərin gözü qabağında ayaqyoluna getmək, orda pis-pis səslər çıxartmaq olmaz, tualetə oğrun-oğrun gedirmiş. Nə vaxt ki, qabağına qayınlarından biri, yaxud qayınatası çıxdı, yolunu dəyişir, geri qayıdırmış. Getdikcə bağırsaqlarında problem yaranmağa başlayır. Beləliklə, qız gəlin olduğu evdə bir ay tualetdən ancaq yüngül işini görəndə istifadə eləyə bilir, onu da oğrun-oğrun, qaça-qaça. Gecələri də həyətə tək düşməyə qorxur, ərindən də onu ayaqyoluna qədər ötürməyi xahiş eləməyə utanır. Axırda gəlin düşür partlamaya. Xəbəri bütün kəndə yayılır. Gəlini həkimə aparmağa, imalə eləməyə, üç gün də xəstəxanada yatızdırmağa məcbur olurlar.

Bu hadisəni eşidəndə dəhşətə gəldim. And içirəm ki, heç faşistlər də əsirləri belə məcburiyyət qarşısında qoymayıblar. Orda əsirlərə öz nəcislərini yedizdirmək faşistlərin ağlına gəlibmiş, amma onlara ayaqyolunda oturmağı qadağan eləmək yox. Adam özünə niyə bu qədər zülm eləməlidi ki? Niyə cəmi 19 yaşı olan, hələ heç kimə pisliyi keçməyən bir qız gündəlik ehtiyaclarını ödəməyi özünə ayıb, qadağan bilsin?!

Cəmiyyətimiz bu dərəcədə qapalı, stereotiplərin qabağında bu qədər acizdir.

Bir qadın forumu üçün həkim Rafiq Tağıdan sorğu götürürdüm: niyə Azərbaycanda doğuş zamanı kişini qadınının yanına buraxmırlar ki, mənəvi dəstək olsun?! O, əsəbiləşdi, əxlaq məsələlərində Rafiq Tağı çox kəskin idi. Dedi, doğuş qadının tualetə getməyi kimi ayıb bir şeydir. Bəs elə şey olarmı? Bizim qız-gəlinlər qayınatalarını görəndə yaşmaqlanıblar həmişə. Ayıb biliblər. Ərin yanında doğmaq nədir? Axırda da telefonu başqa bir həkim yoldaşına ötürdü. Sualımın cavabından yayındı.

Mən onda bir daha əmin oldum ki, Azərbaycan qadınının günü təsəvvür elədiyimdən də ağırdır. Hətta Moskvada tibb təhsili almış, humanist dəyərlər üçün qələm yontan bir yazıçımız da stereotiplər qarşısında duruş gətirə bilmir.

Allah ərə gedən heç bir qızımızı kənddəki tualetə getməkdən belə utanacaq qədər həyalı o gəlinin gününə salmasın. Bax bu stereotiplərin ucbatındandır ki, heç bir gəlin qayınata, qayınana ilə bir evdə yaşamaq istəmir. O adamla bir evi necə bölüşə bilərsən ki, tualetə getmək üçün onunla gizlənqaç oynamalısan. Başqa xalqlar bizi hoydu-hoyduya götürər, heç yerdə deməli deyil.

# 4552 dəfə oxunub

Müəllifin son yazıları

# # #