Vəfanı suçlamaq əxlaqsızlığı

Vəfanı suçlamaq əxlaqsızlığı
7 avqust 2013
# 10:24

Sevda Sultanova yazır

Mental təfəkkür ədəbiyyatın, kinonun, təsviri sənətin və ümumiyyətlə, sənətin sərhədlərini, anlamadan, dərk etmədən gözüyumulu özlüyündə cızıb, möhürünü də vurub: “olmaz”, “ayıbdır”, “bu əxlaqsızlıqdır”, “milli adət-ənənələrimizə ziddir” və s.

Əksinə olsaydı, “İlahi məxluq” filmində aktrisa Vəfa Zeynalovanın oynadığı səhnə bu gün nə sosial şəbəkələrdə müzakirə olunardı, nə də filmin məğzindən xəbərsiz, məsələnin şişirdilməsinə şərait yaradan bisavad jurnalistlər gülməli, əsassız informasiyaların yayılmasına imkan verərdilər.

Bir neçə il əvvəl milli kino günündə “İlahi məxluq” dramının premyerasında olmuşdum.

Film haqda yazım Kulis.Az-da yayımlanmışdı.

Rejissor Yavər Rzayevin konsepsiyası, üslubu ilə bağlı tənqidi qeydlərim olsa da, texniki, kinematoqrafik nöqteyi-nəzərdən səliqəli film çəkilib. Yavər Rzayev peşəkar rejissordur.

Və yadıma gəlir ki, biz dostlarla filmi müzakirə edəndə indi səs-küyə səbəb olan səhnənin üzərində də çox dayanmamışdıq.

Həmin epizod rejissorun nəql etdiyi əhvalatın dramaturgiyasında tamamilə yerinə düşür. İzləməyənlər, ya da izləyib anlamayalar üçün qeyd edim ki, süjet Şərq-Qərb dünyagörüşü, ənənəviliklə müasirlik, təbiət-urbanizasiya toqquşması üzərində qurulub .

V. Zeynalovanın obrazı filmdə şəhəri, qərbi, müasirliyi simvolizə edir. Nurəddin Mehdixanlının oynadığı çoban obrazı isə adət-ənənəyə, təbiətə bağlıdır, patriarxdır, Qərbə nifrət edir və oğlunun ata ocağından çıxıb getməsinə qarşıdır. Onun rəssam qızı zorlaması da nifrətin ifadəsidir, ya da belə deyək, özünü, ocağını, oğlunu zorakı yolla “yad ünsür”dən qorumasıdır. Və zorlanma səhnəsinin özü də simvolik məna daşıyır.

Y. Rzayev həmin səhnəni maraqlı rakursla estetik həll edib.

Bir neçə dəfə bu barədə yazmışam, yenə də təkrarlamağa ehtiyac var. Ciddi yaradıcı insanların əsərlərində erotik, pornoqrafik səhnələr, mətnlər, təsvirlər elə-belə epataj xatirinə verilmir.

Bu, əsərin məğzinin açılmasında, konsepsiyanın çatdırılmasında bir detaldır, vasitədir, yanaşmadır, konkret konteksti ( estetik, fəlsəfi, poetik və s.) var.

Hər rejissorun filmində intim səhnələrin ifadəsi onun üslubuna, kino dilinə, tərzinə uyğun həllini tapır.

Məsələn, Aki Kaurismakinin filmlərində (“Qatilimlə müqavilə”, “Kibrit fabrikində işləyən qız”) yataq səhnələri göstərilmir, sadəcə müxtəlif vizual həllərlə onun baş verdiyini anladır. Amma L. Trierin “Antixrist” dramının əvvəlində baş verən intim səhnə ilə sonrakı faciənin gedişatı təyin edilir və cinsi akt filmin fəlsəfi qatlarından birinə çevrilir.

Kəsəsi, V. Zeynalova aktrisadır, o rejissorun tapşırığını yerinə yetirib. Bir aktrisanın ekran həyatı ilə şəxsi həyatını eyniləşdirmək cahillikdir, geridə qalmışlığın əlamətidir. Aktrisanı roluna görə əxlaqsızlıqda suçlamaq isə lap biabırçılıqdır, zira, bunun özü elə əxlqasızlıqdır.

Üstəlik, Y.Rzayev filmdə birmənalı olaraq Şərqi müdafiə edir, yəni V.Zeynalovanın yox, N.Mehdixanlının çoban obrazını dəstəkləyir.

Bədii məhsulun məğzini anlayıb eləmədən, onları özlərinin təsəvvüründə mövcud olan hansısa milli dəyərləri pozmaqda ittiham edən insan tipləri çox tanışdır.

Heç şübhə eləmirəm ki, onlar keçən əsrin əvvəllərində səhnəyə başı açıq çıxdığına görə Şövkət Məmmədovanı qətlə yetirmək istəyən qoçuların xələfləridir.

# 10958 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #