Rədd olsun qadınlıq!

Rədd olsun qadınlıq!
28 aprel 2014
# 11:47

Luis Bunuelin xatirəsinə

Orta yaşlı kişi parkda velosiped sürən qızcığaza yaxınlaşıb ona bir neçə foto hədiyyə edir. Burjua ailəsindən olan qızcığaz fotonu anasına göstərir. Qadın fotoları görəndə dəhşətə gəlir:

- Necə də iyrəncdir.

Ər isə fotolara laqeydliklə nəzər salır:

- Nə demək olar. Çox murdardır.

Kamera fotolara fokuslanır. Bu, Fransa və İtaliyanın qədim abidələrinin, əsrarəngiz arxitekturasının təsvir edildiyi fotolardır.

Fikrim filmdən bir anlıq yayınır, ana rolunu oynayan, Antonioninin muzası Monika Vittinin hamar, parlaq dərisinə diqqət kəsilirəm. Qəfil yadıma düşür ki, çobanyastığı çayı dəmləməliyəm. Pauza düyməsini basıram. Mətbəxə keçib çobanyastığı dəmləyirəm. Adətən yemək yeyəndə, yazı yazanda, film izləyəndə dəmləmə yanımda olur və mən günəş ucbatından üzümdə əmələ gələn ləkəni pambıqla gün uzunu ehmalca silirəm. Dəmləmə ləkələri solğunlaşdırır, dərini sağlamlaşdırır. Sonra xatırlayıram ki, çobanyastığı dəmləməsi boyuna, boğaza da faydalıdır. Zəhlətökən olsa da, dərimin təravətli olması üçün hər gün bu işgəncəyə qatlanıram.

Şəhər kənarında yerləşən qədim mehmanxanada keşişlər qumar oynayır. Orta yaşlı cütlük onları portveyn içməyə dəvət edir. Gözlənilmədən qadın əlində qırmanc partnyorunun çılpaq yanına vurur. Kişi vəcdə gəlir:

- Vur, qoca fahişə, daha sərt vur, mən əclafam, zibiləm, daha bərk vur.

Keşişlər vahimə içində otaqdan qaçırlar.

Film başımı necə qatdısa, ayaqlarımın qayğısına qalmağı da unutdum. Əyilib çəkməcədən ayaq üçün kremi çıxarıram. Ayaqlarımı kremlə masaj edə-edə filmə konsentrə olmağa çalışıram.

Ziyalı cütlük digərinin evinə təşrif buyurur. Ev sahibəsi qonaqları ətrafında unitaz stulların, üstündə isə yalnız jurnalların düzüldüyü masaya dəvət edir. Unitazın qapaqlarını açan kişilər şalvarını çəkir, qadınlar isə ətəklərini qaldırır, yanlarını çanaqda rahatlayıb söhbətə başlayırlar.

- Hər gün insan nə qədər təbii tullantı istehsal edir?

- Məncə 300 qram.

- Yox. Minimum 1 kiloqram.

- Ana, mən yemək istəyirəm.

Ana qızına təpinir:

- Sofi, süfrə arxasında yeməkdən danışmaq ədəbsizlikdir.

Sonra kişilərdən biri üzr istəyib masa arxasından qalxır, yemək üçün tualetə gedir.

Həmişə belə olur, çox dəxilsiz məqamlarda mütləq masajistin məsləhətini xatırlayıram.

Sol əlimi belimdən yuxarı qaldırıram, sağ əlimi başımın üstündən aşağı gətirirəm. Əllərimi bu vəziyyətdə birləşdirib 3-4 dəqiqə sükunət halında qalıram. Oturaq işlər zamanı qamətdə problem yaranmaması üçün gün ərzində bir neçə dəfə bu hərəkəti təkrarlamalıyam.

Gənc ailəyə məktəbdən zəng vurub kiçik yaşlı qızlarının itdiyini xəbər verirlər. Valideynlər tələm-tələsik məktəbə gedir. Təlaşla sinfə girib, müəlliməni sorğu-sual edir, məsuliyyətsizlikdə suçlayırlar. Parta arxasından qalxan bir qız onlara yaxınlaşır.

- Ana, mən itməmişəm, burdayam.

- Nə lazımdı sənə? Direktor danışanda susmaq lazımdır.

Çəkməcəni yenə açıram, badam və lavanda yağlarını qarışdırıb saçlarımın dibini masaj edirəm. Yağların qarışımı saçı möhkəmlədir, ona parlaqlıq, canlanma verir.

Terrorist hündür binanın son mərtəbəsində küçədən keçən adamları güllələyir. Məhkəmədə ona ölüm cəzası kəsilir. Və o, dərhal da məhkəmədən azadlığa buraxılır. Hər kəs ona təşəkkür edir, qəhrəman kimi qarşılayaraq avtoqraf alır.

Tünd, acı şokoladı ağzıma aparanda xatırladım ki, çayı ərik qurusu ilə içmək daha faydalıdır.

Mineral və vitaminlərlə zəngin qaysı qan dövranını yaxşılaşdırır, yorğunluğu, stressi aradan qaldırır və sair və ilaxır.

Bütün günü beynimi məşğul edən bu gözəllik qayğılarıyla nəhayət, Luis Bunuelin “Azadlıq kabusu” sürreal filminin sonuna gəlirəm.

...İkinci dəfə dünyaya gəlmək şansım olsaydı qadın olmağı istəməzdim. Nədən ki, həmişə formada qalmağa, geyiminə, saçlarına qulluq etməyə məhkumsan, həm işləməlisən, həm ev qayğılarını çəkməlisən, həm cazibədar olmalısan. Üstəlik, çalışmalısan ki, qayğılar, iş səni kişiləşdirməsin.

Kişi olmağın da başqa qayğıları var, məsələn, ailədə yük daha çox onun üzərinə düşür. Bəlkə hardansa axmaq idealist qadın da tapılacaq ki, onu Spartak kimi cəngavər görmək istəsin. Hələ bunun əsgərliyini, vətən qarşısında məcburi borcunu, hətta bəlkə bir qəza sonucunda kişiliyini itirə bilməsi kimi problemlərini demirəm.

Hər halda dünyaya ikinci dəfə gəlməkdən imtina edərdim.

“Azadlıq kabusu”nun ilk kadrlarında Napaleon qoşunları Toledonu işğalı zamanı etirazçıları güllələyəndə onlar, “Rədd olsun azadlıq” deyir. Müəllifə görə insan azadlığı gerçəkdən çox, illüziyadır.

Bunuelin azadlıq haqda fikrini bir balaca korrektə edib mətnimə uyğunlaşdırmağa calışıram: “Sənin qadınlığın – yalnız kabusdur. Rədd olsun qadınlıq”.

# 6502 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #