Kulis.az “Yeni filmlərimiz” layihəsində “Sonuncu” bədii filmini təqdim edir.
Süjet: Əhvalatın əsas qəhrəmanı Əlisöhbət Qələndərli (Fərhad İsrafilov) uzun illər teatrda çalışan, amma xüsusi uğurları olmayan ortabab aktyordur. Ötən gün aktyorun benefisi olub, sonra dost-tanışları onun şərəfinə ziyafət keçirib. Benefisdən sonrakı təklik onun özü qarşısında hesabatına çevrilir. Aktyor özünü sorğulayır, ötüb keçən illərini analiz, yanlışlarını saf-çürük edir. Teatrşünas jurnalist İlham Çardaqlının (Hikmət Rəhimov) gəlişi, provakativ replikaları aktyorun gah əsəbi reaksiyalarına səbəb olur, gah onu xatirələrə daldırır. Və Qələndərli olan özəl sirrini ona açır...
Rejissor Ramiz Həsənoğlunun ekranlaşdırdığı “Sonuncu” pyesinin müəllifi Pərvindir. Pyes Çexovun “Qu quşu nəğməsi” əsərinin motivləri əsasında yazılıb. Bundan əvvəl isə əsər “Yuğ” teatrında yenə Ramiz Həsənoğlunun quruluşunda tamaşaya qoyulub. Filmin çəkilişləri Dövlət Kukla Teatrında baş tutub. Film Mədəniyyət kanalında nümayiş olunub.
Ortabablıq mövzusuna dünya kinosunda maraqlı yanaşmalar edilib. Misalçün, Miloş Formanın “Amadey”i, Alehandro İnyarritunun “Birdman” filmləri. Azərbaycan ədəbiyyatında Anarın “Dantenin yublieyi” ortabablıq haqda yazılmış yəqin ki, ən yaxşı bədii mətndir. Rejissor Gülbəniz Əzimzadə əsəri ekranlaşdırsa da, "Dantenin yubileyi" mövzusuna, yanaşmasına, personaj konsepsiyasına görə kinomuz üçün hələ də əla materialdır.
Əlbəttə, Pərvindən yazıçı kimi adıçəkilən filmlərin ədəbi materialına uyğun gözləntimiz yoxdur. Çünki müəllifin intellektual və yaradıcı potensialı buna əsas vermir. Ancaq bir tərəfdən onsuz da əksər filmlər sözün estetik yox, məhz keyfiyyət anlamında primitiv süjetlərə əsaslanır. Birinin əskik, ya artıq olması nəyi dəyişir?!
Məsələ ondadır ki, Pərvin ortabablıq mövzusuna öz rakursunu gətirə bilmir. Ortabablığın faciəsini yaşayan qəhrəmanın dramı, bu dramı dramatikləşdirməyə cəhd edən monoloqu, dialoqlar dözülməz dərəcədə bayağı və bəsit işlənilib. Qələndərlinin gerçək benefisi ziyafətinin hay-küyü, zahiri parıltısı keçən anda başlayır. Və bu intim benefis çılpaq, gözlənilməz həqiqətlərə söykənməliydi. Əvəzində isə uğursuz bir aktyorun etiraf-tövbələri tutumlu həyat təcrübəsi, emosional yenilənmə təklif etmir, fikirlərinin sentimental-nostalji-dekadent tonallığı – sovet dönəmində əsl sənətin və sənətkarların olduğunu, indi isə sənət dəyərlərinin itdiyini iddia edən ortabab müğənnilərin müsahibələrindən fərqlənmir.
Bununla belə, bədii mətnin zəifliyi rejissoru məsuliyyətdən azad etmir. Çünki ya o, filmə yararlı olmayan mətndən yapışmamalı, ya da onu ekranlaşdırmaq niyyətinə düşübsə, ortaya urvatlı nəsə çıxarmalıydı. Bir daha xatırlatma edim ki, kinematoqrafiya Ramiz Həsənoğlunun təyinatı deyil və o, kinoda özünü təsdiq edə bilmədi.
Rejissorun “Cavid ömrü”, “Sübhün səfiri” filmləri müasir dövr milli kinomuzun ən zəif, ən bərbad ekran işlərindəndir. Adını qeyd etdiyim filmlər haqda kulis.aza yazdığımdan, təkrar təfərrüatlara qayıtmaq istəmirəm.
“Sonuncu” kamera filmidir və bu janrın öz spesifikası var. Kamera filminin teatr tamaşası, teletamaşa ilə arasında sərhədləri həssasdır. Kino çılpaq, gözlə görünən, əllə toxunulan, qabaran şərtiliyi sevmir. Ona görə, teatr və ya televiziya tamaşası rejissoru kamera kinosunun təbiətindən asanlıqla kənara sürüşə bilər. Ona görə, teatr rejissoru Kamran Şahmərdanın “Qatil” ekran əsərinin kino dili ilə heç bir əlaqəsi yoxdur. R.Həsənoğlu da Kamran Şahmərdanın səhvlərini təkrar edir, film adlandırdığı işi teatrallıqdan qopara bilmir.
Kamera filmində əsasən az aktyorla işləndiyindən, məkan məhdudiyyəti səbəbindən mizanlar vizual üslub yaratmalıdır, psixoloji vəziyyəti açmalıdır, kompozisiyalar kinoestetikaya xitab etməlidir, aktyor oyunundakı psixologizm, dialoqların effektivliyi vurğulanmalıdır. Və kiçik məkan rejissordan çevik düşüncə tələb edir.
“Sonuncu”da təhkiyə sıxıcı dialoq səviyyəsində gedir, hadisənin (əlbəttə ki, o varsa!) təsvir həllinin, obrazların psixoloji ştrixlərinin qabardılmasının, məkanla oynamağın vacibliyini rejissor görməzdən gəlir. Zahirən nəsə bir hərəkətlilik verilməyə çalışılsa da, obrazların monoton yerdəyişməsi, ifadəsiz, yoxsul planlar, kameranın dar məkanda hərəkət diskomfortu süjeti mahiyyətcə statikləşdirir.
Qələndirlinin mahiyyəti aydındır, o, uğursuz biridir, formal olaraq onun üçün yubiley-benefis keçirib könlünü alıblar. Hərçənd, obrazın ümumən, əsərdə təyinatının nə olduğunu anlamaqda çətinlik çəkdim. Qələndərli itməkdə olan sənət dəyərlərinin (itməkdə olan sənət dəyərləri deyəndə müəlliflər nəyi nəzərdə tutur, o da aydın, konkret deyil - S.S) ekvivalenti kimi qiymətləndirilirmi?
Ortabablıq, istedadsızlıq və sənət dəyərləri arasında paralellik aparılırsa, məntiqlə janr absurda, qara komediyaya getməliydi, nəinki dram-faciəyə. Musiqi-təsvir kontrapunktu (təsvir və səs arasındakı ziddiyyət) olmalıydı ki, ironik kontekst yaransın. Rejissorun təklif etdiyi tematik musiqi isə vəziyyəti bayağı şəkildə faciələşdirir.
Konfliktin nədən ibarət olması da qaranlıq qaldı. Əgər konflikt Qələndərli ilə sinik, psevdointellektual İlham Çardaqlı arasındadırsa, o, antipoddursa, filmdə bu niyyət özünü doğrultmayıb. Çünki təklif olunmuş vəziyyətlərdə Çardaqlı daha çox Qələndərlinin təhdəlşüurunda olanların, durumunun açılmasına xidmət edən köməkçi vasitədir. Yox, konflikt uğursuzluğunu dərk edən, amma ahıl çağında bunu özünə etiraf etməyə cəsarəti çatan Qələndərlinin özüylədirsə, onda onun hekayəsi sadəcə gileydən, deyinməkdən o yana getmir.
Müəlliflər əsassız dramaturji gedişə əl atırlar: Qələndərlinin sevdiyi qıza sahib çıxa bilməməsi, cəsarətsizliyi onun karyerasında da, sonrakı özəl həyatında da uğursuzluğunu şərtləndirib. Guya, Qələndərli sevgisinə sahib çıxsaydı, Lourens Olivye olacaqdı.
Ayrı-ayrı epizodlarda Şekspirin, Cəfər Cabbarlının, Hüseyn Cavidin əsərlərindən parçalar oynanılır, Stanislavskidən tutmuş Məmməd Səfayədək çox sənət adamının adı hallanır. Gözləmək olardı ki, teatral parçalar fərqli traktovka və kontekstlə yüklənəcək, yeni əhvalat, üslub yaradacaq... Amma onlar sadəcə sitat kimi qalır, əhvalatda dayaq nöqtəsi tapa bilmir. Üstəlik, parçalar arasında keçidlər kobuddur, rəvan deyil, film içində teatral reallığa çevrilə bilmir.
Hikmət Rəhimov istedadlı aktyor olsa da, obrazını gərəksiz dərəcədə karikaturalaşdırır, oyununda ölçü hissini itirir. Gözlərini bərəltməsi, səsiylə oynaması yersiz və qeyri-təbii görünür. Onun texnikasını təkmilləşdirməsinə, yeni bazalarla zənginləşdirməsinə ehtiyacı olduğu duyulur.
Fərhad İsrafilovun Qələndərlisi keyfiyyət etibarilə seçilsə də, ümumi işin keyfiyyətsizliyindən yadda qalmır.
Final adətən seriallarda işlək olan fəndlə qurulub. İlham Çardaqlı aktyorla söhbətini hansısa qəzetə ötürmək məqsədilə telefonla danışır. Benefisindən qalan gül səbətini götürmək üçün geri qayıdan Qələndərli onun söhbətini təsadüfən eşidir. “Çexov tüfəngi” dramaturji prinsipi (səhnədə heç bir detalın boş yerə mövcud olmamasına işarədir) gül səbətinin nümunəsində primitiv həllini tapır.
Qısacası, “Sonuncu” pyes, film kimi Qələndərlinin mahiyyətinə uyğun uğursuz, ortababdır və “Dantenin yubileyi” əsərinin istedadsız imitasiyasıdır.