Tofiq İsmayılov: “İbrahimbəyovların mənə etdiyini heç bir dəftərə yazmaq olmaz”

Tofiq İsmayılov: “İbrahimbəyovların mənə etdiyini heç bir dəftərə yazmaq olmaz”
21 iyul 2015
# 11:29

Müsahibimiz, kinorejissor, “Oxuyur Müslüm Maqomayev”, “Gilas Ağacı”, “Çarvadarların izi ilə”, “Mən mahnı qoşuram”, “Əzablı Yollar”, “Musiqi Müəllimi” və s. filmlərin müəllifi, uzun illər Türkiyənin Mimar Sinan Universitetində dərs deyən Tofiq İsmayılovdur.

- Tofiq müəllim, istərdim əvvəlcə Türkiyəyə getməyinizin tarixçəsini danışasız.

- Sovetlər dağılana yaxın bizim universitetə Türkiyədən qonaqlar gəlmişdi. Mimar Sinan universitetindən. Onlardan biri mənim dərsimə gəldi. Təklif elədi ki, bəlkə bir semesterlik bizim universitetdə dərs deyəsiz. Razılaşdım. Türkiyədə birdən-birə sovet cəmiyyətindən kapitalizm cəmiyyətinə düşdüm. Bəzi şeylər baxımından sovetlərlə müqayisədə sərbəstlik vardı. Amma kapitalizmin bu qədər çürük bir şey olduğunu bilmirdim. Gözəl maşınlar, avtobuslar vardı. Amma içərilərə gedəndə gördüm ki, insanlar daha ağır yaşayır. Türkiyədə olanda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan mədəniyyətini tanıyan yox idi. Halbuki, ora gedəndə heç bir dövlətdən aşağı olmayan mədəniyyətimiz vardı. 1960-cı illərdən başlayaraq 1975-ci ilə kimi Azərbaycan kinosunun çiçəklənən dövrü idi, dünyaya çıxırdı yavaş-yavaş. Amma təəssüf ki, sonradan bugünkü acınacaqlı vəziyyətə düşdü.

- Türkiyədə “Türk cümhuriyyətləri sinema tarixi” kitabınız çap olunub.

- Üç cildlik, dünyada analoqu olmayan kitbadır. Nə Sadul (Jorj Sadul, fransız kino tənqidçisi, nəzəriyyəçisi) onu yaza bilər, nə də mən Sadulun yazdıqlarını yaza bilərəm. Moskvada oxuyanda and içmişdim ki, Sadulun əleyhinə nəsə yazacam. Sadulun kitablarında Türkiyə haqda səhifə yarım yazı vardı, Azərbaycandan heç yox idi. Bu da mənə təsir edirdi. İtalyan, fransız, rus vardı, Azərbaycan yox idi. Moskvada tələbələr deyirdilər ki, sizdə kino yoxdursa, sən niyə gəlmisən. Mimar Sinan Universitetində tanınmış rejissorlar gəlib, türk kinosunun tarixini danışırdılar, bu toplantılara mən də qatılırdım. Sonra gördüm ki, onlar türk dünyasının kinosundan xəbərsizdir. Üç ay idi ki, orda idim, televiziyaya dəvət olunmuşdum. Zəng eləyib soruşurdular ki, siz kamera görmüsüz? Azərbaycanda kino göstərilir? Yəni xalq bu dərəcədə məlumatsız idi. Rektor təklif elədi ki, bu haqda kitab edək. Mənə yardım eləmək üçün adamlar ayırdılar. Və mən kitabı yazdım. Belə bir tarix kitabı dünyada yoxdur. Birinci cild Azərbaycan kino tarixindəndir. 1995-ci ilə kimi dövrü əhatə edir. Bizim mədəniyyət naziri dedi ki, ardını da yazın. Dedim, yazmıram. Çünki hanı mənim birinci cildim? Türkcə var, amma azərbycanca yoxdur. Tükiyədə o kitab satışda qalmadı. Sonradan onu alman, ingilis, fransız dillərinə tərcümə elədilər. Amma türk kinosunu digər türk ölkələrinin kinosundan ayırmaq lazımdır. Çünki fərqli cəmiyyətdə formalaşan türk kinosu azad, sərbəst sinemadır, bizdə isə sovet qapalı sinema idi. Amma sənətsal idi. Sovet dövründə “Dədə Qorqud”, “Dəli Kür”, “Məşədi İbad” çəkilib. Bu gün biz nə çəkirik: üç badam bir qoz.

Отображается файл "tofiq 2.jpg"

- Orda film çəkmək şansınız oldu?

- Ssenari yazdım, pyes yazdım, teatrda tamaşalar qoydum, amma film çəkmədim. O dövrdə Türkiyədə kino zəif idi. Çəkərəm, bəyənilməz Azərbaycanla Türkiyə kino əlaqəsinə xələl gətirər deyə düşündüm. Amma 2000-ci ildən sonra türk kinosu çox inkişaf eləmyə başladı. Mükafatlar aldı beynəlxalq festivallarda. Mən ümid edirəm ki, bizdə də zaman gələcək.

- Bu il kommersiya filmləri çəkildi. İzlədiyiniz oldu?

- Yox, bəzi fraqmentlərə baxmışam. Sənət özbaşına yarana bilməz. 100 adamın içərisində bir fitri istedad ola bilər. Sovet dağılandan sonra yağışdan sonra göbələk artan kimi müğənnilər də çoxaldı, rejissorlar da.

- Kəmiyyət keyfiyyətə keçə bilər amma.

- Hanı? Hansı keyfiyyətdən danışaq? Texnikanın inkişaf dövründə təhsil yox, hazırlaşmaq yox. Asan yolla pul qazanmaq var. Yalandan oyunçuluq var, aktyorluq var. Mənim çəkdiyim filmlər Tofiq İsmayılov filmləridir, onu Fellini ilə müqayisə eləməyin. Arif Babayevin, Kamil Rütəmbəyovun çəkdiyi filmlər onlara aiddir. Dünya sinemasını Azərbaycan kinosu ilə müqayisə eləməyə dəyməz. Moskvada tələbə olanda Fellini gəlmşdi. Tələbələrdən biri sual verdi ki, sovetlərdə film çəkərsiz? Dedi, allah eləməsin. Siz burda necə film çəkirsiz, bilmirəm. Hələ sovetlərdə şərait indikindən yuz dəfə yaxşı idi. Pulunu verirdi, montajçın, operatorun vardı. Amma o, hələ sovetləri bəyənmirdi. Bu gün yer kürəsində kino qıtlığı var. Azərbaycan da bir rejissor adı çəkin ki, ona ümidiniz var.

- Asif Rüstəmovun “Axınla aşağı”, Elçin Musaoğlunun “Nabat”ı yaxşı filmlərdir. Festivallarda da pis qarşılanmadı.

- Bilirsiz, festivalda mükafat alıbsa, bu, yaxşı film demək deyil. 15 ölkədən film gəlir, onun içərisindən seçirlər. Deyək ki, kinostudiyada 20 nəfər arasında gözəllik müsabiqəsi keçirilir, birini seçirlər. Amma bunun bütün Azərbaycana aidiyyatı yoxdur. Festivallarda da eləcə. Bizi narahat edən məktəbin olmamasıdır. Sovet dövründəki Azərbaycan kinosu sənət baxımından heç də qərbdən geri qalmırdı. Bu kasıbçılıqla biz dünyaya aktyor da çıxarda bilirdik, rejissor da. 1945-ci ildə çəkilən “Arşın mal alan” dünyanı fəth etmədimi? O dövrdə hansı ölkəyə getsəz bu filmi tanııyırdlar. Çünki sənət vardı.

Отображается файл "tofiq.jpg"

- Dünya kinosunun “50 ən yaxşı filmi” siyahısına “Arşın mal alan”ı daxil edərdiniz?

- Bir azərbaycanlı kimi daxil edərdim. Çünki bu, bütün dillərdə rahat baxılır, qəbul olunur, siyasətə qarışmır, tema olaraq dünya temasıdır. Amma mütləq 50-dirsə girməz. Amma 150 dirsə olar. Çünki doğrudan dünyada elə filmlər var ki, bu filmi “50 ən yaxşı film” siyahısına salmaq insafszılıq olar.

- “Məlikməmmədin nağılı” əsasında ekranlşadırdığınız “Əzablı yollar” filmi 1989-cu ildə Amerikaya satlmışdı.

- Amerikada sovet kinosu günləri keçirilirdi. 16 respublikadan 14 film seçilir. Onlardan biri də mənim filmim olur. Texnikanın olmadığı illərdə belə bir film çəkmək, yaradıcı səhnələr quraşdırmaq asan deyildi. Fikir, düşüncə vardı. Hətta filmimi bəyənməyən, məhv eləməyə çalışan Azad Şərifov xarici jurnallarda elə təriflədi ki, məəttəl qaldım. Halbuki deyirdi, bu film üçüncü kateqoriya alsa biz şad olarıq.

- Siz bu nağlı dekonstruksiya eləmisiz, maraqlı işləmisiz.

- Nağıl sırf ailə, məişət nağılı idi, mən onu ictimailəşdirdim. Nağılda Məlikməmməd qardaşlarını öldürür, hakimiyyətə gəlir. Bu, tayfa nağılıdır, onu bu müstəvidən çıxardım. Qəhrəmanlar üç qardaş kimi gedib dost kimi qayıdır. Orda divlərin saç düzümü indi futbolçularda, müasir gənclikdə dəbdir. Nağılla bərabər həm də detektivdir. Divləri eyəbəcər verə bilməzdim. Çünki onlar insanların içərisinə, kəşfiyyata göndərilir.

- Bu nağılı çəkmək sizin ideyanız idi?

- Bir çox filmlər mənim idealım idi. Nazim Hikmətin “Qəribə adam” əsərini ekranlşadırmaq mənim ideyam idi. Əjdər İbrahimov Cəmil Əlibəyovla birləşdi, film getdi. Mən kasıblıqdan gələn rejissoram. Bir də var qaymaqlı insanların içərisindən gələn rejissor. Birdən birə Tofiq İsmayılov peyda oldu. Heç kim də tanmır, kasıbın, fağırın biri. Rüstəm və Maqsud İbrahimbəyov qardaşlarının mənə etdiklərini heç bir dəftərə yazmaq olmaz. Rüstəm və Maqsudun ssenarisi Moskvada keçmədi, mənim isə “Oxuyur Müslüm Maqomayev” ssenarim keçdi. Onlar düşmən oldu. Həm rəhbər, həm rejissor, həm ssenairst olmaq düz deyil. Bir dəfə Adil İsgəndərovdan soruşdum ki, siz direktorsuz, bir fim çəkmisiz, “Əhməd haradadır”. Ağzı göyçəklər deryi ki, o nə filmdir. Niyə film çəkmirsiz? Dedi ki, mən direktoram. Başlasam film çəkmyə ən yaxşı ssenarini mən götürəcəm, ən yaxşı aktyoru da, operatoru da. Ən çox pulu da mən götürəcəm. Sonra necə rəqabət ola bilər. Ömrünün axrına kimi direktor oldu.

- Vaxtilə televiziyada müəllif proqramlarınız da olub.

- Televiziyada “Kino yenilikləri”, uşaqlar üçün “Danışan şəkillər şəhərciyi” verilişini aparmışam. Bir çox tələbələrimə sual verəndə ki, incəsənəti niyə seçmisən, deyirdi ki, sizin verilişlərə baxmışam. Bu gün bunların heç bri yoxdur. İndi televiziyaya üç fatmanisə buraxıblar, günəbaxan, nə bilim öküzə baxan, itə baxan kimi heç kəsə lazım olmayan proqramlar gedir. Axşam da sarsaq dublyaj verilir, 78 ləhcədə olan amerikan filmləri göstərilir. Sənətdən mədəniyyətdən insanları uzaqlaşdırırlar. Uşaqlar üçün film çəkilməlidir.

- Yaxınlarda uşaq film “Dərs” ekranlara çıxdı. Baxmadız?

- Bir-iki fraqmentə baxdım, kinoya getmyə həvəsim gəlmədi. Sonra tarixi filmlər çəkildi. Bir birindən biədəb. Kaş ki, çəkməyəydik. Onlar tarix filmi deyil.

- Sizin sovet dövründə çəkdiyiniz çox film indi də aktualdır. Məsələn, “Çarvadarların izi ilə” tarixi abidələrin sökülməsinə etirazdır.

- O filmi burda göstərdim. Rəhmətlik Yusif Səmədoğlu dedi ki, bura KQB-ni çağırmaq lazımdlr. Belə film olmaz. Bizi rüsvay eləmisiz. Filmi burda qəbul eləmədilər. Mən axşam filmi götürüb heç kəsə demədən Moskvaya apardım, orda göstərdim. Film əla qarşlandı. Dedilər ki, iki ay sonra film ekranlara getməlidir. Onun birinci hissəsiini burda məhv elədilər. Amma Moskvada qalıb.

- Filmlərinizdə aktyorlarla işiniz çox yüksəkdi.

- Bədii film çəkən rejissor aktyorla işləyə bilmirsə onun filmi film ola bilməz. Aktyorla işləyən rejissor qalmayıb. Eldar Quliyevdir, pis yaxşı Oqtay Mirqasımovdur.

- Eldar Quliyevin son filminə baxmısız?

- “Dərvişin qeydləri” sapı özümüzdən olan baltalar haqdadır. Rejisor işi var, amma aktyor yoxdur. Detektiv filmi kimi maraqlıdır. Amma teatr səhnələri var. Finalı yaxşıdır. İstanbuldan gələndə Eldar “İstanbul reysi” filmini çəkirdi. Eldara dedim ki, çox istəyirəm bu filmə çəkilim. Soruşdu, niyə. Dedim, 18 ildir burda yoxam. Bilmirəm kinoumuzda nə baş verir. Gəldim dekorasiyaları gördüm. Baxdım dekorasiyalar tərpənir, dedim Eldar, bu, sənin dekorasiyandır? Dedi, hələ Allahına şükür elə ki, bu da var.

# 1508 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #