Kulis.az “Naməlum kino” layihəsində Rüfət Şabanovun 1983-cü ildə çəkdiyi “Gəmi saatının sirri” filmini təqdim edir.
Süjet: 10 yaşlı Əlinin (Anar Tağızadə) valideynləri (Elmira Şabanov, Hacımurad Yegizarov) boşanmağa hazırlaşır. O, valideynlərindən xəbərsiz qatarla Ukraynada yaşayan əmisinin yanına gedir. Gedir ki, əmisini tapsın və o, valideynlərini boşanmaq fikrindən daşındırsın. Amma Əli əmisini tapa bilmir, Ukraynanın kiçik şəhərlərindən birinə gəlib çıxır. Burda təsadüfən, qəsəbə əhlinin qəribə baxdığı, mühəndis Aleksandr İvanoviçlə (Nikolay Volkov) tanış olur. Tənha yaşayan mühəndis Əli ilə dil tapır, dostlaşır, onu himayəyə götürür. Əli qəsəbədə eyni zamanda öz həmyaşıdları ilə dostlaşır, çevik düşüncəsi, ağlı ilə onların etibarını qazanır.
Mühəndisin evindəki köhnə gəmi saatı Əlinin xoşuna gəlir. Və mühəndis saatı Əliyə verir ki, vaxtında onu yuxudan oyada bilsin. Gəmi saatı həm də mühəndisin evini güdən bir qrup qarətçini də maraqlandırır. Məlum olur ki, saatın içində kağız yerləşdirilib və orda xəzinənin harda gizlədilməsi haqda məlumat var. Mühəndis və saatı ona satan qarətçilərdən birinin bacısı isə kağızdan xəbərsiz olub.
Qarətçilər bu məqsədlə mühəndisin evinə basqın edir, amma saatı tapa bilmirlər. Milis evə olan basqına görə Əlidən şübhələnir. Mühəndis onların şübhəsinin əbəs olduğunu deyir.
Qarətçilər saatın Əlidə olduğunu bilir və onu təqib edirlər. Amma Əli saatın harda olduğunu demir. O, anlayır ki, köhnə gəmi saatında nəsə mühüm sirr gizlənir. Saatdan kağızı tapır və xəzinənin dəyirmanda gizlədildiyini öyrənir. Əli xəzinəni tapıb milisə təslim etmək niyyətinə düşür. Onun əlinə həm milisə, həm də qəsəbə sakinlərinə günahsızlığını sübut eləmək üçün fürsət düşür. Qarətçilər Əli dəyirmana gedəndə onu izləyir, ancaq milis işçiləri özlərini vaxtında yetirir. Finalda isə Əlinin valideynləri onu aparmağa gəlir.
Janrına görə film macəra, detektivdir. Burada bir neçə motiv əsas yer tutur: ailədəki münasibətlər, böyüklərin dünyası ilə uşaqların dünyasının toqquşması, dostluq, inam, qarşılıqlı anlaşma və s.
Filmin adı konkret predmetin-gəmi saatının adı ilə bağlıdır. Gəmi saatı təhkiyədə əsas obrazlardan biri olsa da əhvalatın baş qəhrəmanı Əlidir. Gəmi saatı isə onu daha başqa, fərqli yanlardan açmağa vasitə olan obrazdır.
Əli valideynlərinin arasında baş verən konfliktlər səbəbindən sıxılır, amma sıxıntısını, narahatlığını onlarla paylaşmır, məqsədi necə olursa-olsun onları bir araya gətirmək, əvvəlki xoşbəxtliyini qaytarmaqdır.
Müəllifin toxunduğu əsas məsələlərdən biri böyüklərlə uşaqlar arasında yaranan kontaktın qırılması, böyüklərin onların dünyasına daxil ola bilməməsidir.
Filmdə belə epizod var: Styopanın topu mühəndisin həyətinə düşür, amma uşaqlar mühəndisdən çəkindikləri üçün onunla ünsiyyətdən qaçırlar. Əslində isə mühəndis xeyirxah, müsbət biridir. Əli mühəndisə uşaqlarla dil tapa bilmədiyinə görə irad tutur. Anya ilə Styopanın anası daim uşaqlarının üstünə qışqırır. Əlinin yaşantıları valideynlərini maraqlandırmır.
Ailədəki problemlər 10 yaşlı Əlini böyüdür. O, müxtəlif xarakterli adamlarla tanış olur, bu, onu yaşından çox yetkinləşdirir, ilk dəfə olaraq şərlə qarşılaşır, ona məlum olmayan, tanımadığı dünyada ilk addımlarını atır.
Hərçənd, obrazın xarakteri 10 yaşlı uşaq üçün mübaliğəli təsir bağışlayır. Əli həddindən artıq özünə əmindir, özünü lider kimi aparır, soyuqqanlıdır, ilk dəfə düşdüyü mühitə dərhal uyğunlaşır, problemləri asanlıqla həll edir.
Kino sənətinin şərti olduğunu nəzərə alsaq, dediyim detallar keçərli sayıla bilər. Sadəcə, nə qədər şərti olsa belə obrazın xarakteri əsaslandırılmayıb. Üstəlik, süjetə, qaldırılan problemlərə uyğun olaraq obrazlarda, onların münasibətlərində psixoloji vurğular önə çıxmalıydı. Yəni rejissor Rüstəm İbrahimbəyovun ssenarisini sadəcə təsvirlərə köçürməklə kifayətlənib.