Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində italyan rejissoru Paolo Pazolininin “Salo və ya Sodomun 120 günü” filmini təqdim edir.
“Salo və ya Sodomun 120 günü” (1975) Pazolininin son filmi oldu.
Film Markiz de Sadın “Sodomun 120 günü” (1785) romanı əsasında çəkilib. Pazolini romandakı hadisələri 1944-45-ci illərə, məkanı isə Fransadan İtaliyanın şimalında yerləşən Saloya gətirir.
Məlumat üçün qeyd edək ki, İtaliya Sosialist Respublikası ("Salò Respublikası" olaraq da tanınır) İkinci Dünya Müharibəsində Almaniyanın dəstəyi ilə İtaliyanın şimalında qurulan, 1943-1945 illərdə mövcud olmuş dövlətdir.
Film Salo Respublikasında italyan faşizminin son günlərindən bəhs edir.
Dörd hissədən ibarət olan ekran əsərinin bölümləri Dantenin “İlahi komediyası”nın motivlərinə əsasən adlandırılıb: “Cəhənnəm astanası”, “Maniya halqası”, “Nəcis halqası”, “Qan halqası”.
Yüksək təbəqənin nümayəndələri faşistlərə bir qrup gənci oğurlamağı əmr edir.
Onlar 18 gənci hər şeydən təcrid olunmuş villaya salır. Və burda gənclərlə qəddar oyun başlanılır. Onlara qarşı ağlasığmaz zorakılıq həyata keçirilir.
Hər gün gənclərin iştirakı ilə tamaşalar qurulur. Bir gun faşistlər gənc oğlan və qızın toyunu təşkil edir. Toydan sonra cütlük faşistlər tərəfindən zorlanır. Başqa gün onları it kimi olmağa məcbur edir, digər gün orgiya düzəldilir, gənc qıza içində mıx olan piroq, nəcis yedizdirilir.
Dörd ay davam edən işgəncələrlə dolu villada cəmiyyətin yüksək təbəqəsi sadə insanları alçaldır.
Film ekranlara çıxanda ona birmənalı münasibət olmadı. Tənqidçilərin bir qisminə görə film faşizmin mahiyyətini göstərən ən yaxşı əsərlərdən biridir, rejissor faşizmə sosial-tarixi yox, seksual zorakılıq aspektindən yanaşaraq bu ideologiyanın törətdiyi mənəvi terrorun sərhədsizliyini göstərir.
İşgəncə səhnələri iqtidarın gücünün sərhəd tanımadan alçaq niyyətlə istifadə edilməsinin metaforudur.
Tənqidçilərin digər qisminin fikrincə isə Pazolini burda sadizmi vəsf edir.
Ölkənin senzura komissiyası əvvəlcə filmi qadağan eləsə də, bir ay sonra qadağanı götürür. Bununla belə İtaliyanın bəzi şəhərlərində məsələn, Milanda poronoqrafik olduğuna görə filmin nümayişinə icazə verilmir. Sonralar isə bir neçə epizod montaj edilərək göstərilir.
Zorakı səhnələrin naturallığına görə film o dövrdə çox ölkədə qadağan edilmişdi.
Markiz de Sadın əsərində şiddət, sadizm daha çoxdur. Sad əsərində iqtidarla yanaşı kilsəni də tənqid edir. Pazolini isə faşizmi hədəfə alır.
Zülmlərin fonunda səslənən musiqi Pazolininin faşist kimi qəbul elədiyi alman bəstəkarı Karl Orffun “Carmina Burana” kantatasındandır. Yaşlı fahişələr Mussolinini dəstəkləyən amerikalı şair Ezra Poundun şeirlərini oxuyur.
Nəcis yedizdirilmə səhnəsini isə daha çox kapitalizmin sənayesinin istehsal etdiyi hər cür zir-zibilə işarədir və fast-food mədəniyyətinin metaforudur.
Filmdə gənclərin yediyi nəcis şokoladdan və portağal marmeladından hazırlanıb.
“Salo və ya Sodomun 120 günü” kütləvi qətllər törədən yapon Akiyosi Umekavanın sevimli filmi olub. Film onun cinayət törətməyə ruhlandırıb. 1979-cu ildə o, iki polisi, yoldan keçən iki nəfəri öldürür. Və banka girərək 40 nəfəri girov götürür. Girovlardan “Sodomun 120 günü” filminə baxmısızmı?” deyə soruşur. Sonra bankda girov götürdüyü qadınları soyundurur.
Hadisə yerinə gələn polislər onu qətlə yetirir.
Filmdə eyni zamanda Pazolininin şəxsi yaşantıları da əksini tapıb. Gəncliyində Salo Respublikasında yaşayan Pazolini həbs edilmiş, qardaşı Qvido isə öldürülmüşdü.
Pazolini bu filmini "Ölüm trilogiyası"nın ilk filmi olaraq planlamışdı.
Amma 1975 – ci ildə, film ekranalara çıxandan az sonra rejissor öldürüldü. Qətli filmlə bağlamasalar da müəyyən şübhələr də yer aldı.
Pazolininin dostları bildiriblər ki, filmin çəkilişinə hazırıq zamanı rejissor faşistlərdən çoxsaylı təhdidlər alıb. Bununla belə rejissorun qətli hələ də açılmamış qalıb və XX əsrin sirli cinayətlərindən sayılır.
Filmə burdan baxa bilərsiz.