Stalinin bəyənmədiyi Azərbaycan filmi

Stalinin bəyənmədiyi Azərbaycan filmi
7 may 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində rejissor Qriqori Aleksandrovun 1943-cü ildə ekranlaşdırdığı “Bir ailə” filmini təqdim edir.

Hadisələr İkinci Dünya müharibəsi illərində cərəyan edir. Tankçı Nəcəf rəhbərlikdən bir günlük məzuniyyət alır. Amma yaxınlıqdakı şəhərdə tanış-bilişi olmadığı üçün əsgər yoldaşı ona öz ev ünvanını verir. Nəcəf isə ünvanı səhv salır, başqa ailənin qapısını döyür. Ailə onun səhv gəldiyini bilsə də üzünü vurmur, mehribanlıqla qarşılayır. Bir gündə Nəcəflə ailənin qızı Katya arasında sevgi bağı yaranır.

Filmin əsas süjet xətti Nəcəf və Katyanın hissləri üzərində qurulsa da, ümumilikdə üç novelladan ibarətdir.

“Bir ailə” film içində filmdir. İki əhvalat Nəcəfin dilindən fleşbek metodu ilə nəql edilir və təbii şəkildə, orqanik təsvir keçidləri ilə ekrana gəlir. Birinci əhvalatda Nəcəflə Katyanın, ikincidə Nəcəfin anasının, üçüncüdə isə Leyla adlı gənc qadının hekayəti yer alıb. Dənizdə fırtına, qəza, müharibə səhnələri sürətli montajla, ekspressiv həll olunub.

Nəcəf ixtisasca qazmaçıdır, müharibəyə gedəndən sonra onun işini keyfiyyətli yerinə yetirən mütəxəssisə ehtiyac var. Oğlu bu barədə anasına nigarançılığını ifadə edir və ana oğlundan xəbərsiz onun yerində dənizdə işləyir, qazmaçılığı öyrənir. Sonda Nəcəf Katyaya Leyla adlı qadının əhvalatını danışır. Leyla dalğıc işləyən və qəza ilə üz-üzə gələn ərinə mənəvi dəstək olur.

“Bir ailə” müharibə fonunda xalqların sevgisi, dostluğu haqda səmimi, sadəlövh filmdir. Burada sovet ideologiyasının təbliğatından çox ağır şərtlərdə belə insani duyğuların itirilmədiyi, xeyirxahlıq, təmənnasızlıq, sevgi, fədakarlıq kimi mənəvi, əxlaqi keyfiyyətlər ön plana çəkilir.

Filmin premyerası 1943- cü ildə Moskvada “Kino evində” baş tutub. Amma premyeradan sonra film uzun müddət rəfdə yatıb. Beləliklə filmin nümayişi 1953-cü ilə kimi qadağan olunur. Bakıdakı premyerası isə 72 il sonra baş tutub.

Filmin qadağan edilməsinin əsas səbəblərdən biri Stalinin onun bəyənməməsiydi. Onun fikrincə, burda sovet xalqının alman işğalçıları ilə mübarizəsi zəif əks olunub. Hətta baxmayaraq ki, rejissor Aleksandrov və arvadı Orlova Stalinin sevimlisi idi.

Sovetlərin kino rəhbərliyi də bu fikirdə idi ki, filmdə Böyük Vətən müharibəsi və Kommunist partiyasının rolu yetərincə işıqlandırılmayıb.

Digər səbəblərdən biri müharibənin ağırlığının daha çox sadə xalqın üzərində olduğunun, Azərbaycan xalqının fədakarlığının xüsusi olaraq qabardılması idi.

Bəzi rus kino tənqidçiləri filmi rejissorun karyerasında iflas, uğursuzluq kimi dəyərləndiriblər. Orlovanın oyununa isə kafi qiymət veriblər. Onların fikrincə, ana rolunun ifaçısı Mərziyə Davudova, Leyla rolunu oynayan Hökumə Qurbanova daha çox yadda qalıb.

Doğrudan da H.Qurbanova həm fakturalı, həm temperamentli, təbii oyunu ilə yadda qalır. H. Qurbanovanın izlədiyim bəzi tamaşa parçalarında pafoslu danışıq tərzi, intonasiyası diqqəti çəkir. Amma burda pafos qətiyyən yoxdur. Hətta düşünürəm ki, H.Qurbanova mili kinoda potensialından istifadə edilməyən aktrisadır.

Rus dilində çəkilən filmdə ara-sıra azərbaycanca fikirlərin səslənməsi ekran işinə kolorit gətirir.

Deyilənə görə, Orlova film haqda danışmağı sevməzdi. Qeyd edək ki, Orlova Aleksandrovun həyat yoldaşı idi, aktrisanın iştirakı ilə rejissor onu xeyli film çəkib. Amma burdakı rolunu onların uğurlu işbirliyi haqda yaranmış mifə zərbə kimi qiymətləndirirdilər.

“Bir ailə”ni rejissor Bakıda evakuasiya olunan vaxt çəkib. Film Bakı kinostudiyasında istehsal edilib.

Aleksandrov bir neçə dəfə Venesiya festivalında filmlərinə görə mükafat alıb: “Şən uşaqlar”, “Bahar”, “Yaşasın Meksika”.

İkinci rejissor kimi filmdə Rza Təhmasib və Mikayıl Mikayılov çalışıb.

Filmin ssenari müəllifləri Mir Cəlal Paşayev, Lev Vaysenberq və İosif Prutdur.

Prut eyni zamanda “Romeo mənim qonşumdur”, “Qaraca qız” filmlərinin də ssenari müəllifi olub.

Operatorlar isə Əlisəttar Atakişiyev, Əsgər İsmayılov, Timofey Lebeşevdir.

Bu, bəstəkar Qara Qarayevin kinoda ilk işidir.

Nəcəf rolunu tarzən Xosrov Məlikov oynayıb.

Kinoşünas Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları” kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib. Çəkiliş zamanı səhnələrdən birində tankın partladılması lentə alınmalıydı. Rejissorun və Orlovanın xahişi ilə meydana hərbi hissədən tank gətirilir. Rejissorlara tankın çəkilişdən sonra hərbi hissəyə göndəriləcəyi deyilir. Partlayış saxta olmalı, səhnəni müxtəlif nöqtələrdən dörd kamera çəkməliydi. Amma tank həqiqətən partlayır. Həyəcan siqnalı çalınır və partlayış səsinə yaxınlıqda yerləşən hərbçilər gəlirlər. Bir göz qırpımında çəkiliş meydanı əhatəyə alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər. Yalnız operator Koretski özünü itirməyib və çəkilişi davam etdirib. Beləcə cəbhəyə göndəriləcək tank məhv olub.

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

# # #