Kulis.az kinotənqidçi Sevda Sultanovanın “Mübariz Əsgərovun rezonansı” yazısını təqdim edir
Azərbaycan televiziyasında vacib, əhəmiyyətli proqramlardan sayı çox azdır. Onlardan biri Mübariz Əsgərovun “Rezonans” verilişi idi. Veriliş əvvəlcə “Xəzər”, daha sonra ARB telekanalında yayımlanırdı. Yanıla bilərəm, amma deyəsən, son buraxılışı ötən il olub.
Həbsxana həyatı yaşayan məhkumların müsahibələri üzərində qurulan “Rezonans” hardasa sənətin, ədəbiyyatın funksiyasını yerinə yetirirdi. Yəni bir növ insanı tədqiq edirdi: onun emosional vəziyyətdə atdığı addımları, cinayətə sövq edən səbəbləri, buna gətirən şəraiti... Məhkumların cəmiyyətdən təcrid olunduğu müddətdə keçilən yola baxışı, analizləri isə xüsusən maraqlıdır. Bu mənada “Rezonans” həm də yaradıcı adamlar üçün ciddi, zəngin materialdır.
Verilişin buraxılışlarından yalnız birinin üzərində dayanmaq istəyirəm. Söhbət vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum olunmuş İlham Qurbanovdan gedir.
Əslən Füzulinin Veysəlli kəndindən olan İlham Qurbanov haqda ilk dəfə uzun illər öncə qəzetlərdən oxumuşdum. Bu, o vaxt idi ki, İlham Qurbanovun məhkəməsi keçirilirdi, erməni əsirliyində olan azərbaycanlılar onunla üzləşir və törətdiyi əməllər haqda tükürpədici ifadələr səsləndirirdilər.
İlham Qurbanov Cəbrayılın müdafiəsi zamanı əsir düşmüş, ölkəyə qaytarılandan az sonra dünyasını dəyişmiş İlqar Mehdiyevə də işgəncələr vermişdi. İlqar haqda hələ o vaxt portret məqalə işləyəndə bir detal məni xüsusən sarsıtmışdı. İlqar kompromissiz adam idi, əsirlikdə ermənilər onun iradəsini qıra bilməmişdi. Və o qədər alicənab, nəcib biriydi ki, əsirlikdən qayıdandan sonra İlham Qurbanovu qınamırdı, bu işə görə prokurorluğa çağrılanda belə utana-utana getmişdi. Movqeyi bu idi ki, neyləsin, onun iradəsi çatmadı.
İlham Qurbanovun məhkəməsinin üstündən uzun illər keçib. Həbsə girəndə 24-25 yaşındaydı. Son müsahibəsini isə 45 yaşında verib. O, gümrah görünür, 20 il əvvəlki çəlimsiz oğlanın yerini ətə-qana dolmuş yetkinləşmiş kişi tutub. Mənim üçün maraqlısı İlham Qurbanovun hansı düşüncəylə, hansı hisslərlə əsirlikdə belə bir qərar qəbul etməsi və yaxın keçmişdəki davranışlarına, yaşadıqlarına baxışı, indiki mövqeyi idi. Çünki vətənə xəyanət ən ağır cinayətlərdən biridir. Bu yükü daşımaq asan olmamalıdır.
Gözlədiyimin əksi oldu. Bütün müsahibə boyu onun üzü ifadəsiz idi, gözlərində əzab, kədər yox, laqeydlik, soyuqluq, hətta vecsizlik sezilirdi. O, özünə haqq qazandıra-qazandıra danışır, əsirlikdə ac qalmağını, döyülməyini, indiyədək dərman qəbul etməyini xüsusi vurğulayırdı. “Rezonans”ın izlədiyim bir neçə buraxılışında danışan məhkumların simasında, səsində, ikinci planında təəssüfü, əzabı duymaq çətin deyil. Onlar günahlarını etiraf edir, utanır, özlərinə haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxmır, törətdikləri cinayət haqda çətinliklə danışırdılar.
Qisas, sosial, tamahkarlıq, namus motivləri ilə, yaxud nəsə bir təsadüf, və ya ekstremal vəziyyətdə baş verən cinayətləri necəsə anlamaq, obyektiv səbəblərini tapmaq, hansısa məqamda bəraət vermək, anlayış göstərmək, hardasa bağışlamaq da olar. Cəmiyyətdə də bu növ cinayətlərə birmənalı münasibət bəslənilmir. Lakin vətənə xəyanətdə ittiham olunan, üstəlik, həmvətənlərinə işgəncələr verən bir adamı bağışlamaq üçün insanlar tutarlı nöqtə tapa bilmirlər. Həm də vətənə xəyanəti bağışlamağın öz mənəvi çətinliyi var. Ona görə cəmiyyətin, hüququn bəraət vermədiyi İlham Qurbanovun özünə bəraət vermək cəhdi bəlkə də anlaşılandır.
Əlbəttə ki, hər bir insanın seçimi, işgəncəyə dözüm həddi var. Heç kim çətin şəraitdə necə reaksiya verəcəyini, davranacağını bilmir, fərd özünü məhz ən gözlənilməz vəziyyətlərdə daha dəqiq tanıyır. Bu mənada İlham Qubranova haqq qazandırmaq olardı. Lakin çox mühüm bir məqam onun əfvini əngəlləyir. Misalçün o, ermənilər tərəfə keçib gizlində əsirlərimizə necəsə yardım edə bilərdi. O, məhz bunu etməyib. Əksinə, həmvətənlərilə erməni hərbiçilərindən daha pis rəftar edib ki, məhkəmədə bununla bağlı yetərincə şahid ifadələri səsləndirilib.
Və bütün bunların müqabilində o, uzun illər sonra soyuqqanlıqla, qətiyyən vicdan əzabı keçirmədən işgəncələri təzyiq altında elədiyini deyir: “Mən ermənin qarşısında sınmamışam, nə deyiblər onu eləmişəm”.
Bütün hallarda isə Mübariz Əsgərovun sualları qənaətbəxş deyildi. Mübariz Əsgərov peşəkar jurnalistdir, uzun illik təcrübəsi var, öz şəxsiyyətini, simasını qoruyan telejurnalistlərdəndir. Lakin tərəfsiz qala bilmədiyindən və kadrarxası mətninə ittiham tonu hakim olduğundan müsahibinin daxilini detallı açmır, gözlənilməz vəziyyətlərə salaraq səmimi olmağa vadar eləmir. Misalçün, Mübariz Əsgərov, 1996-cı ildə İlham Qurbanova ölüm hökmü veriləndə onunla ölüm kamerasında görüşür və sual verir “dünəndən yuxu gördünmü”? O, isə başını aşağı salaraq, donuq vəziyyətdə, güclə eşidiləcək “heç yatdım ki yuxu görüm” cavabını verir. “Rezonans”dakı müsahibəsində də bu cür psixoloji, əsas mövzudan kənar suallar olmalıydı. Ölüm hökmü ömürlüklə əvəz olunanda onun bunu necə qarşılaması, uşaqlığı, ailəsinin ona münasibəti, xatirəsi, yuxuları və s.
Yaxud İlham Qurbanovun 1996-cı ildə baş tutmuş məhkəməsində ölüm cəzası haqda hökm oxunanda kamera onu bir neçə planda göstərir. Qərarı dinlədiyi anda onun şok yaşadığı, eşitdiklərini beyninin qavraya bilməməsi hiss olunur. Bu məqamlardan yola çıxaraq tutarlı suallar ünvanlana bilərdi.
Mən Mübariz Əsgərovun emosiyalarını, mövqeyini anlayıram, bölüşürəm. Lakin insanı daha dərindən tədqiq etmək üçün peşəkarlıq anlamında özgələşməyimiz, soyuqqanlığımız zəruridir.