Şərif Ağayar yazır
2014 faciəvi intiharlarla başladı...
İş icabı günlük xəbərləri çoxumuz izləyirik. Yəqin müşahidə etmisiniz ki, intihar ən çox yayılan xəbərlər sırasındadır.
Açığını deyim, bu mövzu mənə həmişə sirli gəlib.
Sonralar bəzi kitabları oxuyanda gördüm ki, bir çox qələm adamları intihar mövzusu ilə yaxından maraqlanıb, bu barədə qeyri-adi əsərlər yaradıblar.
Üstəlik tanınmış qələm adamları arasında özünə qəsd edənlər az olmayıb.
Bəli!
İnsan hansı maddi və mənəvi şəraitdə öz qatilinə, bəzən isə, öz zülmkarına çevrilir?!
Bilirsiniz ki, özünü xüsusi amansızla qətlə yetirənlərə də rast gəlinir. Bəziləri öz arzusuna çatmır və ömrü boyu şikəst qalır.
Mən həmişə intihar edib təsadüfən sağ qalanları peşman olan görmüşəm! Bir yandan da, dəfələrlə intihar edə bilir insan! Hər dəfəsində peşman olsa da.
Həyat həm də instinktivlərdən ibarətdir.
İnsan ağılla ölümünə qərar verə bilər, ancaq o, instinktivləri ilə xilas olmağa çalışır. Mütəxəssislərin fikrincə son anda xilas olmaq istəməyən qurban yoxdur.
İntihar bir neçə saniyəlik psixoloji krizisdir – söyləyənlər də var. Həmin an sadəcə insanı tək qoymamaq, onu nəyəsə inandırmaq yetərlidir.
Yadımdadır, biz Qarabağın N kəndinə təzəcə köçüb gəlmişdik. Orada bir tələbə ilə dostlaşdım. Qardaşı hərbi xidmətdə idi. Onunla da hələ getməmiş dostlaşmışdıq. Ataları çox zəhmli bir kənd müəllimi idi. Uşaqları ondan elə çəkinirdilər ki, kimsəyə anlada bilmərəm.
90-ların əvvəllərinin əsgərliyi ola...
Uşağı o qədər incidirdilər ki, bir neçə dəfə fərarilik edib evə qaçmışdı.
Üstəlik həm də müharibə gedirdi.
Çox yəqin ki, o, həm də müharibədən qorxurdu.
Sonuncu dəfə atası ona sərt şəkildə acıqlandı və bildirdi ki, müharibədə ölsə belə fərarilik etməsin.
Amma o, yenə qaçıb gəldi. Atası evdə yox idi.
Mən tələbə dostumla onların bağına qurd qazmağa getdik.
Balıq tutanlar yaxşı bilir, qurd nəm yerlərdə, kənd həyətlərindəki əncir ağaclarının dibində daha çox olur. Əncir ağacları isə adətən həyətin kənarında əkilir. Ora çatanda enli yarpaqların arasından iki ayağın sallandığını gördük. Əvvəlcə heç nə başa düşmədik. Sonra tələbə dostum qışqırıb qardaşının ayaqlarını yuxarı qaldırdı. Amma gec idi, onun ağzının qanı çənəsindən boğazına, boğazından sinəsinə axıb laxtalanmışdı. Gözləri açıq və vahiməli idi.
Ömrümdə ilk dəfə idi ki, özünü asan adam görürdüm.
Diqqətimi bir şey də çəkdi.
Fiziki cəhətdən o qədər də güclü olmayan həmin gənc can verən vaxt çabalayıb əncir ağacının əli çatan bütün budaqlarını qırmış, yarpaqları yolmuşdu. Barmaqlarının ucu qançır idi...
Demək o da xilas olmaq istəmişdi.
Tələbə dostum 6 ay nevroloji müalicə almalı oldu.
Onun atasının isə ölənə qədər üzü gülmədi.
Oğlunun ölümündə özünü günahkar bilirdi, onunla söhbət edib dərdini anlamadığı üçün özünü qınayırdı.
İntihar digər ölümlərdən fərqli olaraq arxaya mesaj buraxır. Bəzən bu yazılı şəkildə olur. İntihar məktublarının cümlələrində qəribə sehr var. Bəlkə də, arxasında faktiki ölüm dayanmasa bu məktubları lağa qoyub gülmək də olar.
Sosial şəbəkələr intiharın estetik cazibəsini daha da artırır. İnanıram ki, bir gün, sosial şəbəkələrin gündəminə gəlmək üçün canına qıyanlar olacaq. İntiharın əməlli-başlı reklamı gedir! Biz istəmədən.
Bir faktı yadınıza salın: Səddam Hüseynin dara çəkilməsi efirdə yayımlanandan sonra azyaşlı uşaqlar kütləvi şəkildə özlərini asmağa başladılar.
Əsgər intiharları Azərbaycanda həmişə həssas məsələ olub.
Bir dönəmdə cənub bölgəsində təzə gəlinlər özlərini yandırırdılar.
Bu nüans bədii əsərlərdə də var.
İntihar kütləvi hal almağa amadə olan psixoloji durumdur.
Dünyada “Özümü öldürəcəm” sözünü işlətməyən və yaxud bir dəfə də olsun intihar etmək ağlına gəlməyən adam tapmaq çətin məsələdir. Deməli bu istək şüuraltımızda həmişə qıvrılıb yatır.
Təsadüfi deyil ki, bəşəriyyətin ilkin sivilizasiya məhsulu olan dinlər intihara qarşı çox ciddi ölçü götürür.
Özümüzü qoruyaq.
İnsanları qoruyaq.
Ölümə tələsməyək.
O, onsuz da gecikmir.