Adından utanan adamlar

Adından utanan adamlar
2 fevral 2015
# 13:11

Şərif Ağayar

Dünən bir qohumumun uşağı məndən xahiş etdi ki, onun müəlliməsinə kitab hədiyyə edim. Təbii ki, sözünü yerə salmadım. Hələ üstəlik ciddi yazıçı görkəmi alıb avtoqraf yazmaq istədim.

“Yazmayın!” – həyəcanla dedi. Diksindim. Səbəbə baxın: “Müəlliməmin adı yaxşı deyil, utanır, yazmayın!” Maraq məni bürüdü. Uşağa dedim, sevimli müəlliməsinin adını mənə söyləsin. Əvvəl demək istəmədi, qılığına girdim, yumşaldı. Adı eşidəndə məni gülmək tutdu: Şikayət!

Əslində, ağlamalıdır vəziyyət...

Bir insan düşünüb-düşünüb niyə öz övladına Şikayət adı qoysun ki? Yaxşı, bir səhvdir olub, bəs ali təhsil alan, cəmiyyət içinə çıxan bir adam ömür boyu niyə bu “səhvin” utancı altında yaşasın? Qohum-qardaş arasında olmasa da, hər halda məktəbdə təqdim etməyə normal bir ad tapmaq və yubanmadan onu sənədə yazdırmaq elə də çətin iş deyil. Olmasa-olmasa Sevinc-Sevdadan, Günel-Günaydan bir ad təxəyyül etmək olar.

Qohum-qardaş dedim, yadıma düşdü... Bir qohumum var, evin tək oğludur, atası ona öz atasının adını qoyub. Ad da çox naqolaydır: Furuş. Böyüdükcə, tay-tuşları onu lağa qoyurdu. Eminlərin, Turalların, Rasimlərin, Yaşarların, Toğrulların arasında bu uşağın yeganə əskikliyi, onun adı idi. Utanırdı, sıxılırdı, dərsə konsentrə ola bilmirdi. Di gəl, valideynləri bu problemi həll eləmək haqqında düşünmürdülər. Ali məktəbə qəbul olan ərəfədə adam bir ada görə zəqquma dönmüş həyatını dəyişdi, sənəddə adını Eldəniz yazdırdı. Evlərində vay-şivən quruldu buna görə. İnanmıram, rəhmətlik Furuş kişi öləndə bu qədər ağlasın kimsə... “Vay dədə vay, nankor törəmələrin səni bəyənmir” – deyib şami-qəriban düzəltdilər. Xeyli ağlayıb-bozladıqdan sonra, qərara gəldilər ki, balaca Furuşu, üzr istəyirəm, Eldənizi övladlıqdan çıxarsınlar. Əmiləri salam vermədi, bibiləri görəndə ağız büzdü, əmiuşaqları “kişi döyülsən” deyib gözümçıxdıya saldılar, atası mini infarkt keçirdi. Yazıq uşaq bilmədi nə desin: “Siz yenə Furuş deyin mənə, incimirəm!”

Sinif yoldaşım vardı: Sovet. Hətta o qədər öyrəşmişdik ki, adi ad kimi qəbul edirdik. Şura adlı müəllimim də vardı. İttifaq adlı qoruqçu tanıyırdım. Üç dilin üçündə də “Birlik” sözünü adama ad vermişdilər. Kommunist, Bolşevik, Traktor, Kolxoz adlı adamlar olub.

Bundan əlavə Fitat, Hamar, Sədət, Mılan, Samovar kimi qeyri-adi adları, ana-nənələri olub deyə, gənc uşaqlara verirlər.

Bu yazını yazanda mənə bir nəfər dostluq atıb, baxıram az-çox dünyagörüşü var. Ortaq dostlarımız 400-dən artıqdır. Adamın adı nə olsa yaxşıdı: Müyəssər! Hələ biri də vardı – Məsuliyyət. Təsəvvür edirsiz, hardasa deyəsiz: “Salam, Məsuliyyət müəllim, necəsiz?” Lap Anar müəllimin acığa yazdığı hekayələrdəki qondarma adlara oxşayır.

Səfalət adlı müğənni tanıyıram. Albomunu da bu adla buraxıb. İlk görəndə dedim, bədbəxt oğlu, heç olmasa Səfayət yazdıraydın...

Buyurun, bu da digər həmvətənlərimiz:

Zubaydaxon

Lənkəran

Qarsalan

Rzadin

İzofə

Sünnət

Kirim

Konfrans

Dubli

Allah başınıza daş salsın!

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

# # #