Operativ ədəbiyyat dilimizin tam formalaşmaması üzündən “zamanla dil tapmaqda” çətinlik çəkirik.
Bildiyiniz kimi, hər zamanın öz ahəngi var. Zamanların fərqini yaxından duymaq üçün 30 il əvvəlin televiziyası ilə indiki televiziyanın danışıq tərzini müqayisə edə bilərik. İnanan, efir Aydın Qaradağlı və ya Səməndər Rzayev təhkiyəsi ilə danışsa, ürəyimiz tıncıxar və verilişlərə iki-üç dəqiqədən artıq baxa bilmərik.
Bəzən, ömründə ciddi bir şeyə etiraz etməyən adamlar, xüsusən yaşlı yazıçılar, efir dilimizin korlanması barədə uzun-uzadı və yorulmadan danışırlar. Mən isə əksini deyirəm. Efir dilimiz sovetlər dönəmində korlanmış, yalançı qaydalar və süni diksiyalarla öz gerçək mahiyyətindən uzaqlaşdırılmışdı.
Sovet televiziyaları necə ki bizimlə bağlı həqiqətlərdən heç vaxt söz açmırdı, eləcə də bizim danışdığımız dili prioritet götürmürdü. Kinoda da, teatrda da, ədəbiyyatda da yalançı bir dil yaranmışdı. Səməd Vurğunun, Mirzə İbrahimovun, Süleyman Rəhimovun dili nə qədər xalqa yaxın olsa da ümumi ahəngində bir protokol üslubu, bir dəftərxana rəsmiyyəti, bir inzibati əda vardı. Bu səbəbdən sovet realizmi də əslində həqiqi realizm deyildi. Balzak, Flober, Tolstoy realizminin sovetlərə uyğunlaşdırılmış forması idi. Ona görə, qəhrəmanların çoxu, onların danışıq tərzi oxucuya süni təsir bağışlayır və bu gün lazımınca oxunmur.
Bəs indiki dilimiz necədir?
Məncə, bizim indiki dilimiz daha çox mətbuatda və qismən də ədəbiyyatda öz çağdaş ahəngi istiqamətində axtarışdadır. Bu sahədə yeniliklər qaçılmazdır. Çəkinmədən deyirəm, biz günümüzün ədəbi dilini formalaşdıra bilməmişik. Ona görə, filmlərimiz də, tamaşalarımız da, seriallarımız da, nəsr əsərlərimiz də, əsasən, maraqsız alınır. Sovetin dəftərxana dilindən həyatdakı canlı dilə keçiddə xeyli yubanmışıq, buna görə xüsusi üslubların da formalaşması prosesi getməyib.
Məncə, bir çox keyfiyyətlərinə görə, bizim dilə yaxın olan Türkiyə türkcəsinin keçdiyi inkişafdan nələrsə götürə bilərik. Test üçün sizə bir misal deyə bilərəm. Açın, tutaq ki, hələ 10 il bundan əvvəl çəkilmiş “Çocuklar duymasın” teleserialını və onun operativ dilini, tapança kimi açılan dialoqlarını Azərbaycan dilinə uyğunlaşdırmağa çalışın. Tempin nə qədər düşdüyünü və sizə nə qədər artıq sözlər lazım olduğunu dərhal görəcəksiniz?
Məsələn, belə bir dialoq qarşınıza çıxacaq:
- Nassın?
- İyi. Sen?
Bunu siz ən az sözlə yalnız bu cür ifadə edə bilərsiniz:
- Necəsiniz?
- Yaxşıyam, siz necəsiniz?
Tempdəki fərqi gördünüz.
Zamanı qatara, dili onu atla qovalayan kovboya bənzətsək, türk variantında kovboy qatarla təxminən eyni sürətdə gedir, bizim atımız axsayır.
Halbuki biz çox asanlıqla:
- Necəsən?
- Yaxşıyam. Sən?
mərhələsinə adlaya bilərik.
Məhz bu “adlama” prosesində dili yaxşı bilən və köhnə klişelərə aludə olan yazıçılar mühafizəkarlıq göstərir, dili zəif bilən və bu səbəbdən yeniliyə tez reaksiya verənlər isə Türkiyə türkcəsini, ordakı dialoqları sadəcə imitasiya etməklə naxoş vəziyyət yaradırlar.
Beləliklə, biz sosial şəbəkələr əsrinin ədəbi dil ahəngini tapmaqda çətinlik çəkirik.
Mənə elə gəlir, özümüzü arzu olunan səviyyədə ifadə edə bilməməyimizin ən vacib səbəbi budur.
Biz hətta bəzi hallarda belə yazırıq:
- Nə təhərsən, Mütəllim?
- Yaxşıyam, sağ ol, əziz qardaş, sən necəsən? Arvad-uşaq nə təhərdi?
Halbuki əksərimiz belə danışmırıq. Heç belə yazmırıq da. Bəs niyə ədəbiyyata gələndə əndrəbadi poza alırıq?
Bu yerdə sual olunacaq: bəs həmişə ciddi təbliğatını apardığın bədii səciyyə?
Bax onun da müasir ifadə tərzini tapanda, sualı verməyə də, cavabı axtarmağa da ehtiyac qalmayacaq.
Bunun üçünsə ciddi yaradıcı mühit yaranmalı, yaxşı əsələr mümkün qədər çox yazılmalıdır.