Elə yazaq ki...

Elə yazaq ki...
14 oktyabr 2016
# 10:53

Kulis.Az Şərif Ağayarın “Elə yazaq ki...” essesini təqdim edir.

Bu esseni sovet konyukturasına qurban gedən istedadlara həsr edirəm

Zaman o zaman idi ki, ilk şeirlərimi yazırdım və bu şeirlər tələbə dostlarım arasında dil-dil, ağız-ağız, əl-əl, vərəq-vərəq, cib-cib, çanta-çanta dolanırdı.

O vaxt – ad çəkməyəcəm – ictimai-siyasi hadisələrin də gərgin vaxtı idi və bu ictimai-siyasi hadisələr saçlarını yan darayan, səsi yenicə dəyişmiş, uzundıraz şairin – yəni mənim “yaradıcılığıma” da öz labüd təsirini göstərirdi.

Bir az Məmməd Araz, bir az Nüsrət Kəsəmənli, bir az Sücaət havasında qəzəbli siyasi lirika “yaradırdım”.

Təbii ki, bu şeirlərin qəhrəmanları real insanlar idi.

Haqsızlığa uğradığını düşündüyüm adamlardan birinə də şeir yazmış, onu allahüçünə istedadla müdafiə etmişdim.

Bu şeir də ilk cümlədə yazdığım tərzi-hərəkət zərfləri ilə dolanmaqda idi.

Bir gün itoynadan dostlardan biri gülməkdən uğuna-uğuna yanıma gəldi ki, ey həzin nəğmələr qoşan zərif qəlbli şair, bayaq, sən də mənim qardaşım, padşahın piyada getdiyi yerdəydim.

Tamam rahatlayıb özümə gəlmişdim ki, baxdım, sudan-kağızdan heç nə yoxdur xarabada.

Əlimi naümid cibimə aparanda sənin bu şeirin keçdi əlimə.

Düşündüm, məni bağışlayarsan, amma şeiri həsr elədiyin adamdan keçə bilmədim.

Çünki, səndən nə çıxacaq, hələ şübhəli məsələdir, ancaq o adam doğrudan da ləyaqətli adamdır və sənin şeirin də düzünü-doğrunu ifadə etdiyi üçün ona layiqdir.

Narahat olma, budur, şeirin sağ-salamat cibimdədir...

Səni təbrik edirəm!

O vaxt yüngülvari incisəm də sonralar itoynadan dostumun mənə dediyi sözlərdə dərin mənalar tapdım.

Bu yaxınlarda isə bu əhvalat gözümə bir az simvolik, bir az semiotik, bir az metaforik göründü.

Dostum mənə zamanın metaforası kimi gəlir indi.

Bəli, anlayıb-bildiyimiz adi zamanın...

Zaman da öz tərzi-hərəkətiylə, yəni, zaman-zaman yazılarla belə davranır və o yazıları yalnız içindəki həqiqətə bağışlayır.

Bu həqiqətin özü də bir az simvolik, bir az semiotik, bir az da metaforikdir.

Yəni, sən haqlısan, mən haqsızam qədər lokal yox, genişdir, nəhayətsizdir və istedadın özü də bu həqiqətin içinə daxildir.

Ümumiyyətlə, o həqiqətdən kənar nə varsa yalandır.

Həqiqət bizi xilas edib, xilas edir və xilas edəcək.

Xilasın başqa yolu yoxdur.

Elə yazaq ki, zaman onunla dostum kimi davranmaq istəsə də bunu bacarmasın.

# 1622 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #