Xoşbəxt yazıçılardan şübhələnin!

Xoşbəxt yazıçılardan şübhələnin!
4 may 2015
# 11:47

İlk dəfə “Azərbaycan” nəşriyyatına gedəndə, bütün koridorları gəzə-gəzə qəzet və jurnal adlarını oxuyurdum.

Mətbuat təzəcə azad olmuşdu. Qəzetlər yağışdan sonrakı göbələk kimi artırdı. Mən də çox saf idim o zamanlar. Ağlım kəsmirdi ki, bir qəzet başqa cür düşünüb, başqa cür yaza bilər. Amma ayıqdım. Tez tanıdım adamları. Düşündüm ki, məhz ədəbiyyatın mətbuatdan üstünlüyü burdadır. Ədəbiyyatda riyakarlıq olmur. Amma tezliklə Xocalının qaçqın tələbələrindən rüşvət alan şair-müəllimlərin efirdə Xocalı haqda şeir oxuduğunu gördüm. İlk dəfə onda tüpürdüm ekrana. Təzyiqim qalxdı. Enap atdım. Fenazepam içdim.

Sonra hər şey adiləşdi mənimçün. Riyakarlığı az qala həyatın vacib detallarından biri kimi qəbul eləməyə başladım. Düzdü bir az çətin oldu. Hətta bəzən yaxalaşmağa, kimisə vurmağacan getdim, polisə düşdüm, çoxlu dost itirdim. Axırı anladım ki, donkixotluğun yeri deyil. Bivec adamlar demiş, belə gəlib, belə də gedəcək. Bircə bacarıb özünü qoruyasan. Amma cəmiyyət adamı rahat buraxmır. Sən geri çəkildikcə, hər yandan üstünə ayaq alır. Çünki çoxluq riyakarlıq dinini qəbul edib və səni ya özünə bənzədir, ya çıxdaş edir. İradlar qəribədir: “Neujeli anlamırsan ki, adam hər gördüyünü, hər bildiyini yazıb aləmə car çəkməz.” “Bilirəm, vallah, bilirəm” – deyirsən əlacsızca – “Gördüyünü və bildiyini yazma, amma əksinə də yazma, dediyim budur...”

İnsan niyə o şərt altında yaşamalıdır ki, gördüyünün, bildiyinin əksini yazsın? O, əmindirmi ki, ailəsi-uşağı onun bu qədər alçalmasını qəbul edir? İnsan varlanmaq, şöhrət qazanmaq naminə gördüyünün əksini deməyi, yazmağı, göstərməyi və bunu tirajlayıb cəmiyyəti aldatmağı nəinki bacarır, hətta utanmadan bunun adını ağıl və bacarıq qoyur.

Dəfələrlə şahidi olmuşam: yazıçılar var ki, onların kafe repertuarı ayrı, auditoriya repertuarı ayrı, mətbuat repertuarı bir ayrıdır. Adam tək başqa cür düşünür, qohumların yanında bir ayrı cür, ictimaiyyət arasında ayrı cür? Bu necə ola bilir? Lap olsun. Qoy özünü aldada-aldada yaşasın. Ancaq bilsin ki, bunun adı ağıl yox ləyaqətsizlik, şəxsiyyətsizlik, əxlaqsızlıqdır.

Ölkə yalançı kitablar və qəzetlərlə doludur.

Doğrudanmı, bəzi oxucu və tamaşaçılar gözüylə gördüklərinə deyil, efirdə və mətbuatda, eləcə də kitablarda göstərilənlərə və yazılanlara inanır?

Təcrübə göstərir ki, bəli!

Nobelli yazar Varqas Lyosaya görə ədəbiyyat həm də insanların yalanlara inanmamasına, riyakarların ifşa olunmasına kömək edir.

Bəs ədəbiyyat özü riyakarlıqla məşğuldursa?

Yaltaqlıq edirsə?

Ad və şöhrət üçün həqiqətdən üz çevirmək bir yana, onun üzünə lombasıyla tüpürürsə?

Kütlənin təsəvvüründə yazıçı yaltaq və yalançı sözləriylə assosiasiya olunursa?

Bu ədəbiyyat deyil, deyəcəksiniz. Mən də bilirəm. Amma bunu bizi oxumayan, indi bu yazının yazılmasından xəbəri olmayan insanlara necə başa salmalı?

İnsan başqa cür görüb, başqa cür yaşayıb, başqa cür yazmalıdır. Bu bir normadır. Statistik azərbaycanlının rahatca barışdığı bir faktdır. Dilimizdəki “Danışığını bilən”, “Sözünə sərhəd qoyan”, “Yüz sözün birini deyən” ifadələri riyakar sözünün abıra salınmış variantıdır. Həqiqəti ustalıqla gizləmək bacarıq və ağıl effekti kimi çıxır ortaya. Kütlə ona yalan sırıyana hörmət edir. Gözlərini qapayaraq sevir onu. Daha çox aldatmaq, daha böyük uğur sayılır.

Belə cəmiyyətlərdə əsl ədəbiyyat və əsl yazıçı can üstündədir. Onun ömrü də, güzəranı da tükdən asılıdır.

Xoşbəxt yazıçılardan şübhələnin. Zira şübhə gerçəyə hamilədir.

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

# # #