Bu fikri yazılarımın hansındasa mən də qeyd etmişdim. Hətta, ölkəmizin indiki vəziyyətini, hər kəsin torpaq, müharibə mövzusuna həssaslığını nəzərə almadan yazmışdım: “İki dərəni, bir dağı tutmaq adı ilə insana qarşı törədilən amansız cinayətin əleyhinəyəm! Torpağı geri qaytarmaq olar, ancaq öldürülənləri, min bir əzab-əziyyətin qurbanı olanları yox!”
Bu sözlər həmin vaxt deyilir ki, efirdən vətən üçün ölmək təbliğ olunur. Hətta öldürmək də yox, məhz ölmək!
İndi professor Aydın Dadaşovdan təxminən eyni fikirləri eşitmək mənim üçün gözlənilməz olmasa da sevindirici idi. Söhbət Fokus Kino Evinin lentə alıb youtube-də yerləşdirdiyi materialdan gedir (http://www.youtube.com/watch?v=DOXiFPAb8sw).
Bu, gənc rejissorların, aktyorların, kinodan yazan mütəxəssislərin, jurnalistlərin və tələbələrin iştirakı ilə düzənlənmiş master-klassdır. Materialı görən kimi, Facebookdakı profilimdə yayımladım. Ancaq publika tərəfindən o qədər də sıcaq qarşılanmadı. Bəlkə də həcmi geniş idi deyə (bir saat) baxmağa hər kəsin hövsələsi çatmadı. Odur ki, bu dəyərli görüş haqqında yazmaq qərarına gəldim.
Azərbaycanda baxdığım yeganə videomaterial idi ki, əlimdə qələm qeydlər apardım və bəzi hissələri geri qaytarıb təzədən dinlədim. Aydın müəllim əsasən kinematoqrafiyanın problemlərindən danışıb. Qəribədir ki, bu geniş, rəngarəng sahənin sonsuz sayda problemlərini bir saatlıq söhbətin içində cəmləyə bilib. Üstəlik kino-televiziya, kino-dövlət, kino-maliyyə, kino-məmur məsələlərinə qısa şəkildə, amma çox dəqiqliklə aydınlıq gətirərək qarşımızda müfəssəl mənzərə yaradıb.
Master-klassın ən ümdə keyfiyyətlərindən biri də odur ki, professorun kinonun yaradıcılıq problemlərindən, müasir ssenarinin yaranma prinsiplərindən bəhs edərkən işlətdiyi ümumi tezislər həm də çağdaş ədəbiyyatın nəzərə almalı olduğu vacib komponentlərdir. Bəs necə? Bəyəm ədəbi əsərlər də mövzu, hadisə, qaldırılan problem, hadisələr vasitəsi ilə müəyyən bir üslubda qələmə alınmırmı?
Bayaq qeyd etdiyim kimi: biz həssas bir dönəmdə yaşayırıq. Başımıza gətirilənlər, gözümüzlə gördüklərimiz bəzən bizdə aşırı həssaslıq doğurur ki, bu da qələm adamı üçün arzuolunan deyil. Yazıçının başı həmişə soyuq olmalıdır. Aydın müəllim isə baltanı lap kökündən vurur: sentimentalizm əyalətçilik təfəkkürünün önə keçməsidir. Halbuki biz postmodernizm epoxasının adamlarıyıq, postmodernizm isə demokratiya və bazar münasibətlərinin sənət ekvivalentidir. Burada, mövzunun qlobal olması vacib şərtdir. Bir məsələ var ki, Azərbaycan cəmiyyətində demokratiya və bazar münasibətləri hələ də tam formalaşmayıb. O zaman belə anlaşılmırmı ki, biz dünya səhnəsinə çıxacaq sənət əsərləri yarada bilmərik. Nədənsə, bu həssas mövzunu Aydın müəllim də çox müzakirə etmək istəmir. Amma bir misal çəkib, ardınca iki-üç tezis demədən də keçinə bilmir: “Kinonu (oxu - sənəti) sağlam biznes faktoru üzərinə oturtmaq lazımdır. Mövzuda isə yalnız qlobal, dünyanı maraqlandıran problem qaldırmaq lazımdır. Postmodernist cərəyanda ən güllü-çiçəkli torpaq da insan həyatına dəyməz! Bizimsə dövlətçiliyimizin üzərinə kölgə salan torpaq azadlığı problemimiz var. Biz bu problemi dünyaya qlobal mövzu və insani münasibətlər kontekstində çıxarmağın yollarını tapmalıyıq”.
Məndən bu qədər...
Aydın müəllimin fikirlərinin davamı isə yuxarıdakı linkdədir.