Cümə etüdləri

Cümə etüdləri
3 may 2019
# 10:39

Çoxdandı Axundov kitabxanasına yolum düşmür. Oxucu biletimi harda itirmişəm, yadıma gəlmir. “Avropa” qəzetinin ilk buraxılışları lazımdır mənə. Keçmiş əməkdaşlardan maraqlanıram, bütün nüsxələri Milli Kitabxanaya verilib. Həvəslənib gedirəm.

Qəbul şöbəsindəki xanım məni xeyli sorğu-suala tutur. Deyirəm, xanım, bunlar nəyə lazımdır? Buyurur ki, bəs sənin üçün müddətsiz oxucu vəsiqəsi hazırlayıram. Kefim açılır. Deyirəm, onda istəsəniz, avtobioqrafiyamı nəzmlə söyləyərəm.

İki dəqiqə keçməmiş oxucu vəsiqəm hazır olur. Şəkilli-zadlı. Nömrəsi “6125”. Bu, sıra nömrəsidir hər halda və üç milyonluq şəhəri üçün kədərli rəqəmdir.

Mətbuat zalında pərt oluram. “Avropa” qəzetinin 2000-ci ilə aid yalnız ikinci kvartalının, bir də 2003-cü ilin bir qisminin nüsxələri var.

- Niyə belə ediblər?

- Bilmirik.

2000-ci il nüsxələrini vərəqləyirəm. Necə maraqlı qəzet çıxırmış o vaxt. 18 il əvvəl oxuduğum yazılar indi tamam fərqli görünür. Kiril əlifbasında “Necə” sözünü uzun müddət “Hecə” kimi oxuyuram. Düşünürəm ki, belə kobud səhvə niyə yol veriblər? Bir də manşetdə qəribə şriftlə gedən “y” hərfini nöqtəsiylə birlikdə “i” kimi oxuyub uzun zaman beyin qısaqapanması yaşayıram.

Rəhmətlik Məmməd Nazimoğlunun “Çayçı Məmməd” səhifəsində bir lətifəni gözüm alır, oxu zalı olmasa qah-qah gülərəm.

Lətifə siyasi partiyaların bol olduğu dövrə aiddir. Məmməd müəllim yazır ki, bir partiya rəhbəri məni görüşə çağırdı, yemək sifariş verdi, “Biz hər şeyi bacarırıq” - deyə-deyə xardalı çörəyin üstünə yaxıb yedi. Dedim, acı deyil? Cavab verdi ki, demədim, biz hər şeyi bacarırıq? Hətta istəsən qulağımı da tərpədə bilərəm.

***

Azərbaycan Yazıçılar Birliyinin qarşısında qocaman müxbir Savalan müəllimi görürəm. Cəbrayıldandır. Ağır həyat yaşasa da ötüb keçən illər vecinə deyil. Saç-saqqal şəvə kimidir. Özünə elə əl gəzdirib, deyirsən, İbrahim Tatlısəsdir. Onu belə gümrah görüncə kefim açılır. Savalan müəllimlə hər rastlaşanda yazar-teatrşünas Aliyə Dadaşovanın bir söhbətini xatırlayıram. Aliyə vaxtıyla Savalan müəllimlə eyni qəzetdə işləyib, bir otaqda oturublar. Deyir, işdə bekarçılıqdan yatırdı. Arada oyanıb, əsnəyir, “Həəə, belə!” deyib piano çalırmış kimi barmaqlarını oynadırdı. Deyirdim, Savalan müəllim, nə “Hə”? Adam bir iş görər, sonra “Həəə” eləyər, yatıb-durmağın “Hə”simi olar? Barı bir söz de, bir kitabın quncuna bax, bir qəzetin altını yoxla! Qımışırdı. Bir gün yenə mışıl-mışıl yatdığı yerdə qəfil düşündüm ki, bəlkə elə bu dünyada gerçək bir şey varsa, o da Savalan müəllimdir, qalanı onun yuxusudur; bu qəzet, bu redaksiya, bu bina, bu şəhər, hətta biz özümüz... Xəyal qanadlarında uçduğum an başqa bir iş yoldaşım iri çantasıyla içəri girdi, dedi, yaxşı koftalarım var, istəyirsən əynində birini yoxla, bəyənsən endirim edərəm. Özümü necə itirdimsə, dedim, bacı, dəli olma, biz indi Savalan müəllimin yuxusundayıq, o, bizi görür, mən onun yuxusunda necə soyunum?

Savalan müəllim AYB-yə Üzeyir Hacıbəyovla bağlı tədbirə tələsir.

***

Bulvarda, ağacların altında xaricilərə gilas mürəbbəsiylə çay verən ofisiant sap-sarı it arılarının yaratdığı diskomfortu görüb mətbəxə tərəf qışqırır: “Ə, Qaraş, gə bınnarı başa sal, denən, bı arılar adamı vırmır!”

O saat təxmin edirəm ki, Qaraş ingiliscə az-maz qırıldadan mətbəxdəki adamın babasının adıdır. Valideyni məcbur etməsə, ilin-günün bu vaxtı heç kim özünü Qaraş adına layiq bilməz. O ki qaldı ingilis dilini bilmə səviyyəsi haqda mühakiməmə, haqlıyam! Qaraş adında adam ingiliscə yaxşı bilə bilməz. Hətta ehtimal olunur ki, Qaraş ondan kömək istəyən ofisiantı ingilis dili söhbətində yaxşıca xamlayıb. Çünki ayağımı nə qədər yubadıram, Qaraş deyilən şəxs xaricilərin stoluna yaxınlaşmır.

***

Kukla Teatrının yanındakı şahmat meydançasına çatanda rusların bir karikaturası yadıma düşür. Adı “Şaxmatist”dir. Demək, şlyapası və uzun plaşı ilə Çexovun qəhrəmanlarını xatırladan şahmatçı sail kökündə küçədə uzanan dilənçinin papağına “Vəzir”ini atır.

Birdən-birə ağlımdan keçir ki, mən də meydançadakı iri “Vəzir”i götürüm, “qranatamyot” kimi çiynimə atıb “Fəvvarələr bağına” tərəf addımlayım. “Nə edirsən?” – deyə soruşan olsa, cavab verim: “Stavlyu mat jizni!”

***

Natəvan heykəlinin yanında tanış bir sima sataşır gözümə. Bu adamın kim olduğunu bilmirəm, lakin düz iyirmi ildir ki, şəhərin müxtəlif yerlərində qarşılaşırıq. İllərin necə sürətlə keçməsini öz həyatımdan çox onun uzun boğazının getdikcə nazilməsi, armuda oxşayan başının kənarlara doğru irilənməsi, saçının seyrəlib ağarması və qarnının biveccə sallanmasından hiss edirəm. Qoltuğunda həmişə əzik-üzük qovluq olan bu adamı elə hey sirli təbəssümlə gülümsəyən görmüşəm. Yenə belədir. Dəyişməyən bircə təbəssümüdür. Sanki təbəssümündən asılıb yaşayır. Təbəssümü olmasa elə bir dərin quyuya yuvarlanar ki, heç gumbultusu da eşidilməz. Mən də gülümsünürəm. Mən də asılıram həyatdan.

***

Nizami muzeyinin qarşısında köhnə müğənnilərdən olan Süleyman Zeynalovu görürəm. Çox dəyişib. Saçı ağarıb. Üstəlik qap-qara eynək taxıb. Düşünür ki, pərəstişkarları narahat edər onu. Bəlkə özünü buna inandırıb. Onu bakenbardlarından tanıyıram. Dibindən vurdurur həmişə. Baxanda adamın ürəyi sıxılır. İnsan qəribə varlıqdır. Bir səhər yuxudan oyanır və düşünür ki, gicgahındakı xətti lap dibdən, qulağının üstündən vuracaq, heç bir səbəb və məntiq olmadan ömrünün sonunacan belə yaşayacaq. Olsun. Əsas can sağlığıdır.

***

Svetoforu gözləyən vaxt Nizami heykəlinin arxasındakı piyada keçidinə nəzarət edən polis işçilərinin söhbətinə qulaq müsafiri oluram:

- Elə bil bazar günüdür.

- Hə valla! Adam çox azdır.

- “Peşexod”a da əməlli-başlı öyrəşiblər.

- Day demə.

- Mağazaya gedirəm, sənə nə alım?

- “Hell”.

Sim-sim.az

2018

# 2917 dəfə oxunub

Müəllifin son yazıları

# # #