Divara söyüş yazanlar

Divara söyüş yazanlar
31 mart 2016
# 09:04

Selincerin yaddaşımıza mixi yazılar kimi qazılan qəhrəmanı Holden Koldfild bacısı Fibinin ardınca məktəbə gedəndə divarda biədəb yazı görür.

Əliylə silmək istəyir, ancaq düşünür ki, yazını sildiyi yerdə hansısa müəllim onu görər və biədəb yazını onun yazdığını düşünər. Qorxur. Sonra bir də düşünür ki, dördüncü sinifdə oxuyan bacısı və o yaşda olan başqa qızlar bu yazını görər, oxuyar, pis olarlar. Və heç nədən çəkinməyərək yazını silir.

Fəqət...

Fəqət başqa bir yerdə eyni biədəb yazıya yenə rast gəlir. Bu dəfə silə bilmir. Çünki yazı bıçaqla divara qazılıb...

Məsələ bununla da bitmir.

Holden muzeydə, lap belə Misir fironunun mumiyalanmış cəsədi altında da eyni yazıya rast gəlir və düşünür ki, dünyanın hər yerindən bu yazıları silib qurtarmaq üçün adamın milyon yaşı da olsa azdır.

İnsanı hər yerdə və hər zaman təqib edən bu yazıları heç vaxt pozub qurtarmaq mümkün deyil. Çünki, bizdən əvvəl bir əclaf getdiyimiz ünvanlara özünü çatdırır və bu yazıları yazıb gedir. Bu əclaflar bizdən əvvəl də vardı, bizdən sonra da olacaqlar...

İlk baxışdan sadə görünən bu detalın altında böyük ağrılar var.

Məncə, Selinceri ömrünün sonlarına doğru hər şeydən, hətta yazmaqdan təcrid edən hisslərin təməli elə bu əsərdə, Holdenin şəxsində qoyulurdu. Çünki o da özünü lal-karlığa vurmaq, heç kimin gələ bilmədiyi uzaq bir daxmada yaşamaq istəyirdi. Hətta, özünə lal-kar arvad almaq keçirdi könlündən. Onlar yalnız yazı ilə danışırdılar...

Bu hisslərlə yaşayan bir yeniyetmə qəfil divarlarda ədəbsiz yazılar görür...

Holden xəyalında bu yazıları yazan adamın saçlarından tutub başını, üzünü pilləkənin soyuq daşlarına çırpır, qan adamı götürür...

Belə yazılarla qarşılaşmayan və Holdenin hisslərini keçirməyən adam tapmaq mümkün deyil, məncə. Təbii ki, fərqli zaman və məkanda və fərqli biçimdə...

Şəxsən mənim üçün divar və tualet yazıları çox maraqlıdır.

Rasim Qaraca ilə razıyam: “Daha maraqlı şeylər var dünyada, məsələn, qadın tualetindəki yazılar”

İndi Facebook hardasa mənə azad, senzurasız yazılar yazılan o divarı xatırladır.

Divar yazıları doğrudan çox maraqlı və təsirli olur. Hətta bu adda bir kitab da var: Zahir Əzəmətin ilk şeirlər kitabı...

“N+C=Ürək işarəsi”ndən tutmuş, “Bura zibil tökənin dədəsinin kəlləsinə ...” qədər...

Deyim ki, bu yazılar çox zaman reallığı mətbuat və kitablardan daha çox ifadə edir. Həm də insanın psixoloji durumunu, ruhi vəziyyətini və savadını.

Rəssamlıqda qraffiti adlı janr var. Küçə rəsmləridir... Məncə küçə yazılarının da bir janrını tapmaq olar. Bəlkə də var, mən bilmirəm.

Divara söyüş yazanlar adətən savadsız olur və çoxlu qrammatik səhv buraxırlar. Demək, həyatda da səhvlərin və yanlışların çoxu savadsızlıqdan, cahillikdən doğur.

İndi bu yazını yaza-yaza düşünürəm ki, nə vaxtsa divara söyüş yazmışam? Xatırlamıram.

Siz necə?

Amma küçə yazıları ilə bağlı maraqlı bir xatirəm var.

Bir qohumumuz həmişə tövləmizin alçaq dəmirinə təbaşirlə pis-pis sözlər yazırdı. Nə qədər pozurdum, deyirdim, əncam olmurdu. Bir gün müəllimimizə dedim. Hətta yazdığı biədəb sözləri utanmadan söylədim. Müəllimimiz qohumumu necə döydüsə...

Bu yaxınlarda həmin qohumumla bir məclisdə görüşdüm, həmin hadisəni xatırladım, qəribə bir etiraf elədi:

“Mən döyüləndən sonra nəinki söyüş yazmaq, ümumiyyətlə, təbaşirlə dəmiri yazmadım.”

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

# # #