Svetoforlar...

Svetoforlar...
19 fevral 2014
# 12:34

Şərif Ağayarın yazısı

Bu gün səhər svetofor məni aldatdı.

Qırmızıda saniyələri sayaraq gəlib 1-də dayandı. Və uzun müddət yaşıla keçmədi.

Qəribə hisslər yaşadım.

Tələsən adam üçün bunun nə demək olduğunu anlamaq elə də çətin deyil.

Üstəlik yolunu kəsən hansısa polis nəfəri deyil, işığın özüdürsə...

Bu arada svetofor barədə düşüncələrə daldım. İlk ağlıma gələn müasir rus yazıçısı Viktor Pelevin oldu. Hansısa müsahibəsində səhərlər velosiped sürdüyü balaca alman qəsəbəsindən bəhs etmişdi. Svetoforla bağlı maraqlı müşahidələri vardı. O, səhər işə tələsən qanunpərəst almanların küçə boş olanda da qırmızıda dayanmalarını istehzayla qeyd edərək buyururdu ki, mən velosipedlə qəsdən bu qaydanı pozurdum, almanlar “müti təbəssümlə” arxamca yüyürürdülər. Uzun müddət Pelevinin bu “rus nadincliyini” sənətin meyarı kimi qəbul etdim. Bu mənada ki, svetaforun işıqlarının nə məna verdiyini biləndən sonra o qaydaları pozmaq olar. Yoxsa, qırmızıda heyvanlar da keçə bilər.

Svetofor onilliklərin o üzündən xalq şairi Rəsul Rzanı da dartıb adamın yaddaşına gətirir. Mərhum şair “svetafor” sözünün üstündə çox baş sındırıb, onun dilimizdəki qarşılığını tapmaq istəyib. Axırda “işıqfor” ifadəsinin üstündə dayandı. Amma söz, nəzəriyyəçilərin diliylə desək, vətəndaşlıq almadı. Di gəl, Anar müəllimin xətrini istəyən adamlar bu gün də “işıqfor” kəlməsini işlədirlər.

Svetoforu ilk dəfə əlifba kitabında görmüşəm. Rənglərin mənasını da elə o vaxtdan öyrəndim. Amma sonralar qırmızının təkcə qadağa yox, həm də azadlıq rəmzi olduğunu bildim.

Şəhərə ilk gəlişimdə uzun müddət rəqs edən işıqlara tamaşa etmişdim. Stepanakertdə (Xankəndi) görmüşdüm ilk svetaforu. Atam mənə bu işıqların nə demək olduğunu başa salmaq istəyəndə “Əlifba” kitabından öyrəndiklərimi söylədim. Kişi xeyli sevindi.

Rayon yerlərində və Sumqayıtda svetaforun işqları iri üzüm giləsinə oxşayır. Mənə elə gəlir ki, lap qırmızıda da keçsən bu işıqlar sənə pislik etməz. Bakının svetaforları acı dadır elə bil. Balaca və aqressivdirlər. Uzaqdan göz vuranda adamı hədələyirlər. Halbuki insana yol göstərmək lazımdır...

İndi isə aldatmaq!

Bakı svetoforlarını heç sevmədim. Həmişə tələsəndə qırmızısına düşürsən. Elə bil bu işıqlar yol açmaq üçün deyil, yol kəsmək üçündür. Cəza tədbirləri də maşınlar üçün çox kəskindir: 60-80 manat və 3 bal cəriməsi var!

Svetoforlara yazığım da gəlib bəzən. Yağış yağanda... Yağış yağanda işıqların asfaltda əks olunaraq bərq vurması məndə sədaqətlilik duyğusu yaradıb. Bir də yaşılı yananda polislər yolu bağlayarkən acımışam svetaforlara. Belə saymazlıq olar?!

Sizi aldadan svetafora işıqfor desəniz də azdır!

Üstəlik lətifə də qoşa bilərsiz.

Məsələn, biri belədir.

Müştəri çay sifariş edir, xidmətçi üç gözlü “pletka”nın bir gözünə qoyur çayniki. Amma iki-üç dəqiqə keçəndən sonra götürüb o biri gözlərə qoyur. Ardıcıl... Sıra ilə... Müştəri bunun səbəbini soruşanda gülümsəyərək deyir:

“İşqlarımız kəsilib, “pletka”nı svetafora qoşmuşuq!”

# 4364 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #