Kulis.az Şərif Ağayarın “Kəramət Böyükçölün bildiyi və bilmədiyi saz” yazısını təqdim edir.
Gənc yazar Kəramət Böyükçölün saz haqqında bir müddət əvvəl paylaşdığı status, indi isə yazdığı yazı gündəmdə xeyli müzakirə doğurur. Bəlkə az qala müəllifin özü qədər mənə də yazanlar, zəng edənlər olur: “Sən necə düşünürsən, saz doğrudanmı bayağı sənətdir?”
Məsələnin aktuallığını nəzərə alıb bir neçə kəlmə yazmaq qərarına gəldim.
Əlbəttə, bayağı sənət olmur. Bir iş, bir peşə ya sənət olur, ya da olmur. Sənətdirsə, bayağılıqdan uzaqdır. Bayağı sənət bir söz birləşməsi kimi yanlışdır. Necə ki, alçaq uca, qara ağ, yaxşı pis birləşməsi doğru deyil. Amma təbii, sözün şərti mənasında işlətmək olur. Kəramətsə sözü işlətməyi bacarır, ona görə olmayan söz birləşməsini də yerinə otuzdurub effekt ala bilir.
Sənət bayağı olmur, lakin o sənətlə məşğul olan bayağı adamlar olur. Və o qədər çoxalır, o qədər gözə girir ki, bir gün sənətin özü də sözün şərti mənasında bayağılaşır.
Aşıqlıq Azərbaycanda regional xarakterlidir. Söhbət Azərbaycanın Qərbinə, Türkiyənin Şərqinə, İranın Şimalına xas olan klassik saz sənətindən gedir, Dədə Qorqudluq və Ozanlıqdan yox. Misal üçün, bir zərdablı sazı bir kəlbəcərli qədər sevmir. Ancaq onların hər ikisi, misal üçün, Maykl Ceksonu, Barış Mançonu, İbrahim Tatlısəsi, Röyanı eyni dərəcədə sevir.
Kəramət özü aşıq sənətini sevməyən bölgədəndir. Təcrübə göstərir ki, onun sazı bayağı hesab eləməsi mümkündür. Əslində, bu hiss çoxlarının içindən keçir, amma heç kim dilə gətirmir, yazıçı “dəli” olduğundan qabağa o düşür.
Kəramətin “Saz bayağıdır” fikrinə qarşılıq bir sual verirəm: “Divani” havasını “Cəlili”dən ayıra bilməyən adamın saz haqqında yazması doğrudurmu?
Cavab: Qətiyyən!
Başqa bir sual: Yazmaq bir yana, onu bayağı adlandırması necə?
Cavab: Biabırçılıqdır!
Lakin Kəramətin fikirlərində elə haqlı məqamlar var ki, həqiqətin mən söylədiyim qisminə kölgə salmır.
Saza Kəramətdən də çox nifrət edən bakılı bir dostumla Usta Xudunun yubiley tədbirinə getmişdik. Daha doğrusu, mən onu darta-darta aparmışdım ki, lağ elədiyin sazın əsl mahiyyətini gör, sonra nə düşünürsən-düşün. Axı Azərbaycan efiri ilə saza qiymət vermək olmaz.
Yubiley tədbirində hansısa Qərb meşələrindən tutulub gətirilən qırmızısifət, köntöy, ifrat ləhcədə danışan, qışqıran, yonulmamış bir aşıq balabanın həssas ritmləri altında ayağını bərkdən yerə döyə-döyə toz qaldıranda dostum qımışıb istehzayla üzümə baxdı. Az qaldım ölüb yerə girəm. Gözüm məclisin bir küncündə əyləşən Aşıq Gülabıya sataşanda toxtadım. Bütün əttökən vulqarlığı ilə davam edən tədbiri yalnız Gülabı xilas etdi. Bir “Ruhani” ilə məni də vəziyyətdən çıxartdı. Dostum etiraf etdi ki, bu, yaxşı ifa idi!
Başqa bir şahidi olduğum hadisə: “Azdrama”da Bozalqanlı Hüseynin xatirə gecəsi keçiriləcəkdi, Azərbaycanın dörd bir yanından aşıqlar təşrif buyurmuşdu. Tədbir yaxşı təşkil olunmadığından aşıqları da, iştirakçıları da “Azdrama”ya buraxmadılar. Orucluq vaxtı baş verən bu hadisədən xeyli sarsıldım. Sonra öz-özümə təskinlik verdim, dedim, bəlkə Ramazan ayında Allah Bozalqanlı kimi böyük irfan adamını bu binaya qıymadı. (O vaxt teatrda inanılmaz intriqalar gedir, çox pis hadisələr baş verir və mətbuatda yazılırdı – Ş.A.) Nə isə. Rəhmətlik Zəlimxan Yaqub işə qarışdı, tədbiri Gənclikdə, “Şuşa” kinoteatrında keçirməli oldular. Avtobuslara doluşub getdik ora. Axıracan oturdum və qərara gəldim ki, bu el şairlərini və aşıqları “Azrdama”ya buraxmamaqda düz eləyiblər.
Bilirsiniz, kababxana ayrıdır, restoran ayrıdır, meşələrdə, bulaq başında ifa etmək ayrıdır, səhnə və efir tamam ayrı. Bunları bir-birinə qarışdırmaq olmaz. Səhnə və efirə çıxmaq üçün söz ehtiyatı, savad, dünyagörüşü, danışıq mədəniyyəti mütləq olmalıdır.
Aşıqların çoxu təbiiik adıyla vulqarlıq edir, bəzən bu, vəhşiliyə qədər gedib çıxır.
Azərbaycanda muğam və saz intellektuallığa əks istilahlar kimi işlədilir. Səhv işlədilir, amma belədir. Özünü səviyyəli göstərmək istəyən gənclər muğama, xüsusən saza qulaq asmırlar, qulaq asanda isə gizlədirlər.
Səbəb, dediyim kimi, ciddi bir kitab oxumayan, intellekt səviyyəsi doğrudan da sıfırın altında olan, köntöy, vulqar, primitiv, yaltaq aşıqlar və onları günlərlə efirdən saz sənəti adına təqdim edən televiziyalardır.
Zurnanın fırt dediyi məqamlardan biri də burda ortaya çıxır. Televiziya mütəxəssisləri ilə görüşüb-söhbətləşsək, onlar bizi faktlarla inandıracaqlar ki, ciddi saz ifaçılarına baxan yoxdur, lakin bu yonulmamış “çuşka”ların geniş auditoriyası var. Toyda-şənlikdə pul-paranı da bu cür ifaçılara verirlər. Ona görə, ciddi sənətin dalınca gedən də yoxdur.
Sizcə günah kimdədir?
Ən böyüyünü bilmirəm, ən kiçiyi Kəramət Böyükçöldə!