Ayı ovçusu, heyvan yatağında Facebook, bapbalaca Laçın REPORTAJ

Ayı ovçusu, heyvan yatağında Facebook, bapbalaca Laçın  REPORTAJ
27 may 2014
# 12:44

Kulis.Az Şərif Ağayarın Ucar rayonunda yerləşən Laçın yatağından reportajını təqdim edir.

Hər şey bibinəvəsi Qalibin başının altından çıxdı! Bir adam ki, meyxana demək üçün, Namiq Mənanın yanına gələ... Nədi-nədi ustad kursları keçəcək. Muğam öyrənənə min şükür. Heç olmasa bilirsən ki, Füzulidən, Seyiddən, lap qurtaran yeri, Əlağa Vahiddən bir-iki qəzəl öyrənəcək. Amma vallah bunun meyxanasından da, bədihəsindən də zəhləm gedir! Di gəl, Qalib bic uşaqdı. Bilir ki, yaxşı meyxanaçı beş alimə dəyər! Hörməti hörmət, dolanışığı dolanışıq! Amma nədənsə Namiqlə sövdaları baş tutmadı. İndi Facebook ümidinə qalıb. Profil şəklində qucağında saz var. Arada yurd nisgilli şeirlər paylaşır, qohum-övlad da yığışıb like-ləyir. Hə, indi bizim kənddən bir avtobus cavan oğlan var Facebookda. Maşallah olsun!

“Bir dəfə niyə gəlmirsən bizə? İldə bəlkə 40 dəfə yanımızdan o yana-bu yana keçirsən, adam bircə dəfə maşını saxlayıb qohumlarının əhvalını soruşmaz?”

Belə baxanda günahı da yoxdu. Qaldıqları yataq İpək yolunun lap qırağındadır. Uzağı 15 dəqiqə vaxtını alar bu hal-xoşluq!

Bilmirsinizsə, deyim: adamı qonaq çağırmağın beş-altı növü var. Qalibinki sürümə janrında idi. Adam iki ayağını bir başmağa dirəmişdi onlara getməyim üçün. Üstəlik inboxuma təhrikedici mesajlar atırdı: “Yaxşı çəkilmə konyakım var – 3 litr!”, “Müəllim, bax çəpişin vaxtı keçir haaa... istilər başlayır, bilirəm yağlı yemirsən!”, “Bir yaz gəlib ki, buralara, bah-bah-bah!”

***

Keçən həftə orijinal bir fikir gəldi ağlıma. Kulisin oğlanları yığışıb gedək Qalibgilə... Ağa Cəfərliylə məsləhətləşib, razılaşdıq. Həm də bu, kitabdan gələn yazıçıları – Qan Turalıyla, Mirmehdi Ağaoğlunu aparaq, ayaqları torpağa dəysin... Yatağa çatanda ağlımdan nə keçsə yaxşıdır: ay səni, o bağda olan yekəbaş çoban itlərindən biri açıq ola, qısqırdam Mirmehdiylə Turalın üstünə... Ay nə həngamə olar?! Amma bəxtlərindən açıq olan bir küçük idi, bir də ov tulası. Onlar da ortalıqda oynaqlayırdı. Mirmehdi də ciddi reportyor ədasıyla gördüklərini planşetin yaddaşına köçürürdü.

Boran kişi – atamın halal, zəhmətkeş, qocaman əmisi oğlu məni qucaqlayanda dodaqaltı Allah dua edirdi... Sonra qonaqlarla tanış elədim onu. Gözlərini qıyıb böyük maraqla sifətlərinə baxdı. Ən çox da Mirmehdini süzdü. Əlimizi yumağa gedəndə qulağıma əyilib soruşdu:

- Bu vəhhabi deyil ki?

Gülməkdən özümü saxlaya bilmədim. Dedim, yox əşşi, nə vəhhabisi?! Bu xalis şiədir, üstəlik seyiddir. Vəhhabilərin saqqalı uzun, şalvarları gödək olur.

Kişi əminliklə qımışdı.

Qanı ən çox Ağa Cəfərliyə qaynadı. Deyəsən dağ adamı olduğunu hiss elədi o saat. Ağa da borclu qalmadı kişiyə, əlinə fürsət düşən kimi Boran kişini Çingiz Aytmatovun Boranlı Yedigeyinə oxşatdı... İkisi də qatar yolunun kənarında, ikisi də müharibədən zərərdidə, ikisi də güclü və zəhmətkeş...

***

Boran kişi, 80 yaşına rəğmən, qığılcım kimidir. Daşın üzünə qoy, özünə güzəran yaradacaq. Qarışqa əzmkarlığı var adamda. Belələri haqda türklərin maraqlı bir sözü var: beş barmağında beş mərifət!

Laçında ikən qayaların yaxasındakı otlardan biçərdi. Ora necə çıxardı? Əlbəttə dağ keçisi ovlayan adamın bununla bağlı yüz fəndi var. Adətən iplə sallanardı qayaların ot talası olan yerinə. Otu biçib xorumlayandan sonra bir ucunu qayadakı ağaca, o biri ucunu qayanın dibindəki ağaca bərkitdiyi məftillə ipinə dəmir halqa keçirdiyi xorumları aşağı “göndərirdi”. Halbuki, coğrafi çətinliklər üzündən bu yüz-yüz əlli metrlik məsafəni yük atları ilə 2-3 saata qət eləmək lazım gəlirdi:

- O məftillər də, dəryazım da, orağım da, baltam da orda qaldı... Gətirmədim. O vaxt inanmırdım ki, biryolluq ayrılıram oralardan.

Mən Boran kişini bir də bibimin qəbrini qazanda xatırlayıram. Əmim itkin düşmüşdü. Bibim son nəfəsində yalnız qardaşını arzulayırdı... Can vermirdi qadın. Axırda Boran kişi da daxil bütün ağsaqqallar qərara gəldilər ki, əmimin şərfini gətirib arvadın sinəsinə atsınlar, bəlkə qoxusunu alıb rahat canını tapşıra. Elə də oldu. Sanki bibimin canı bu şərfə bağlı imiş. Qoxlayan kimi nəfəsi dayandı. Mən qorxudan çölə qaçdım. Boran kişi də çıxdı və dinməz-söyləməz külüng, lom, lapatka götürüb qaçqın düşdüyümüz düzəngahın bir tərəfində qəbir qazmağa getdi. Ona kömək üçün göndərilən iki-üç cavandan biri də mən idim.

Ömrümdə ilk dəfə idi qəbir qazırdım.

Yer quru və möhkəm idi. Xeyli zəhmət çəkdik. Həm də işin mənəvi ağırlığı mənə təsir eləmişdi. Məzar yumşaq torpağa çıxan kimi Boran kişi bizi kənarlaşdırdı. Oturub onu müşahidə etməyə başladım. Bu balacaboy adam məzarın içində zərgər dəqiqliyi ilə işləyirdi. Həm də elə işləyirdi, elə bil qəbir qazmır da, ev tikirdi. Hətta arada düşündüm ki, məzar hazır olandan sonra özü uzanıb yatacaq içində...

***

İndi balaca bir daxalda, dostlarımla bahəm üzbəüz oturmuşuq Boran kişiylə... Söhbətimizə oğlu Həsən də, nəvələri Qalib Boran da (babasının adını daşıyır) qulaq asırlar. Məni görüb, dərdi təzələnib Boran kişinin:

- “Yeddibölük”də olmuşdun daaa... sən? – məni sorğu-suala tutur.

Olmuşam təbii... Adalar çayı bu yerlərdən keçir və geniş dərədə çoxlu qollara ayrılır. Deyilənə görə, çay yatağındakı çaylaqlı baldırğanlığı 7 yerə bölür. Yerin adı burdan götürüb. Həmin baldırğanlıq yadımdadır. Bəzən bu şax-şəvəllik elə hündürə qalxırdı ki, bir dəstə atlı içində görünməz olurdu.

Ən maraqlısı, çaydan bir az yuxarı üstü qırmızı dəmirli balaca evlər vardı. İlk dəfə görəndə çaşıb qalmışdım: yaylağın ortasında kənd! Belə şey olar? Böyüyüncə öyrənmişdim ki, “Yeddibölük” həm yaylaq, həm də qışlaqdır!

Boran kişi “Yedibölük”ün ən məşhur sakinlərindən idi. Bu yerləri daşının rəngindən, otunun quruluşundan, quşunun-heyvanın hərəkətindən tanıyırdı. Boran kişi Laçın dağlarının bir parçası idi elə bil.

Hələ bir bunun qalın bığlarını sığallaya-sığallaya şirin-şirin elədiyi söhbətə baxın:

- Bir ili “Qulaylı”nın üstünə düşmüşdük... Yazağzıdı... Orda-burda kapal-kapal qar var... “Kənd yeri”nin qaşından “Çöplü göl”ün yaxasın baxırdım, qəfil yekə bir qaraltı gördüm. Uzağıdı... Gözüm də qara düşmüşdü, acışırdı. Hiss elədim ki, qaraltı tərpənir...

Beynimdə canlandırmaq istəyirəm o məkanları. Amma, nerədə? Ona elə gəlir ki, danışdığı yerləri dəqiqliklə xatırlayıram... Yox Boran kişiyə elə gəlmir, o sadəcə oralardadır, düşünür ki, mən də onunla birlikdə “Çöplü göl”ün yaxasındakı qaraltını güdürəm.

Dostlar siqaret çəkmək üçün qurcuxur. Mənsə elə bilirəm, söhbət onlar üçün maraqsızdır. Boran kişi, “ne kurit” qadağasını özü qaldırır:

- Evdə məndən başqa hamı çəkəndi... Narahat olmayın, çəkin.

***

-Mamo (bizdə əmiyə belə deyirlər), indiyəcən neçə ayı öldürübsən?

– Ayı ovlamaq hər oğulun işi deyil. Başqa ov üçün gedənlər belə ayı görəndə yolunu dəyişirlər. Çünki, ayı yaralananda ovçudan əl çəkmir, dalınca düşür. Gərək elə yerindən vurasan ki, üstünə gələ bilməsin. Yoxsa kəlmeyi-şəhadətini oxumalısan!

Bunun üçün Boran kişi kimi gözlərinə, əllərinə, ürəyinə və silahına inanmalısan.

Bizim kənd (Laçın, Ağbulaq) ovçular oylağıdır. Əslində burda təbiət elədir ki, ovçuluq etməmək üçün gərək əlsiz-ayaqsız olasan. Bir yan meşə, bir yan qayalıq, bir yan Alp çəmənliyi, bir yan da balıqla dolu dağ çayları... Hələ vəhşi bitkilərdən, yabanı meyvələrdən danışmıram. Ağbulağın təbiətində elə bir nəsnə olmaz ki, Boran kişi bu barədə bilməsin. Üstəlik, bənnalıq, dülgərlik, ustalıq – ev tikmək, daxal qurmaqdan tutmuş çəpər çəkməyə qədər... O yandan da qoyunçuluq, arıçılıq, maldarlıq və s.

Biz gedən yatağın bir tərəfi dəmiryol, o biri tərəfi İpək yoludur. Odur ki, Boran kişi yatağa daha yaxın olan İpək yolunun həndəvərini elə çəpərləyib ki, quş səkə bilməz. Bu, çəpər çəkmək deyil əslində, hörümçək kimi tor hörməkdir! Biz ora çatanda, xəstə bir quzunu əmizdirirdi. Hətta mənimlə görüşəndə də bir əlini quzudan ayırmadı.

Həsən də, övladları da etiraf edirlər ki, Boran kişisiz çətin olar yatağı idarə eləmək. O, təbiət kimi, heyvanların da dilini çox yaxşı bilir.

Danışığı isə... Bunu sözlə ifadə eləmək mümkün deyil. Gərək özün dinləyəsən.

Xasiyyətində də qəribəliklər var. Stola içki gəlməmiş bizi tərk elədi. Amma yaxasından əl çəkmədim. Soruşdum, görək, ömründə içki içib, ya yox. Sən demə bir dəfə yaxın qohumu saqqızını oğurlayıb:

- Böyük oğlu əsgər gedirdi, dedi, onun sağlığına əlli qram içməlisən, sözünü yerə salmadım. Həm də bu əlli qramdan sonra başa düşdüm ki, düz eləyib, içmirəm.

- Donuz əti də yemirsiz... Amma çox ovlamısız.

- Donuza güllə də atmırdım... Gülləmə hayıfım gəlirdi. Bir gün gördüm meşədən bir dəstə qaban-donuz hücum edib, taladakı lodalarımızı (ot topası) dağıdıb. Acığım tutdu (gülür). Donuzlara müharibə elan elədim. O gün, bu gün harda gördüm, vururam. Vurub hədiyyə eləmişəm həmişə... Ömrümdə dilimə dəyməyib.

- Laçınsız çətin olar... – bu sualı vermək istəmirdim, amma özümü saxlaya bilmədim.

- Laçın nədi, Ağcabədisiz çətindi. Buraynan müqayisədə Ağcabədi yaylaqdı...

Onu da deyim ki, Boran kişinin Ağcabədidə, Taxtakörpü ərazisində qəşəng bir daxalı (qamış və palçıqdan düzəldilən ev) var. Hələ oralara axar su getməmiş özünə bağ da salmışdı. Bu, həmin ərazilər üçün görünməmiş hadisədir. O, bütün ağacları suvarmaq üçün uzaqdan su daşıyırdı. İndi qohumlarına əmanət qoyub o ağacları. Bir neçə ildir Müsüslü (Ucar rayonu) yaxınlığındakı bu yataqda qalır. Əslində burdakı daxma Boran kişinin deyil.

Səbirli adamdır. Zəhmət onun ən böyük ibadətidir və məncə Tanrının yanında namaz qılmaqdan da üstün qəbul olunacaq.

Taleyi ilə barışmır görünür. Bizdən aralanıb yerdən söykəyini atanda “Səncə Laçına qayıdacağıq?” sualına çox quru, soyuq səslə cavab verdi:

- Mən görməyəcəm. Bəlkə siz getdiniz!

Sonra içki məclisinin səs-küyü aləmi götürdü. Boran kişi artıq ona “yer qalmadığını” hiss edib sakitcə daxalın gizli künc-bucaqlarının birində yoxa çıxdı.

Səhər tezdən isə, onu qoyunları ayır-sayır eləyəndə gördük... Bu bapbalaca Laçını qucaqlayıb öpməkdən özümü saxlaya bilmədim.

# 4177 dəfə oxunub

Müəllifin son yazıları

# # #