Elnaz Eyvazlı: “Orta məktəbdə Markesi futbolçu hesab edirlər”

Elnaz Eyvazlı: “Orta məktəbdə Markesi futbolçu hesab edirlər”
17 iyul 2014
# 08:00

Kulis.Az gənc yazar Elnaz Eyvazlı ilə söhbəti təqdim edir.

- Elnaz, gəl əvvəlcə Azərbaycan Yazıçılar Birliyindən çıxmağından danışaq. Rəşad Məcidin azmı əməyi olmuşdu sizə, o gənc ədiblərə ki, belə bir addım atdınız? Yaxşı deyil axı...

- (Gülür) Doğrudur, belə bir məsəl var ki, adam yediyi qaba tüpürməz. Amma Rəşad müəllim özü də etiraf etdi ki, Elnaza yox, digərlərinə filan-filan köməyi etmişəm. Mənim Gənc Ədiblər Məktəbinə gəlməyimlə bağlı, AYB üzvü olmağımla bağlı heç kəs deyə bilməz ki, bunu etdim, bunu etdim. Mənim 90-cı illərdən, tələbəlik illərindən AYB ilə əlaqələrim var. O vaxtdan da başlamışam yazmağa.

- Bəs niyə çıxdın?

- Sadəcə heç bir qurumun üzvü olmaq istəmədiyim üçün çıxdım. Konkret mənə qarşı heç bir haqsızlıq olmamışdı. Əgər belə bir şey olsaydı, heç kəsdən çəkinmədən deyərdim. AYB-nin üzvü olmaq məni sıxırdı və formal olaraq sadəcə vəsiqə gəzdirirdim.

- Bu məsələ ilə bağlı ANS televiziyasındakı polemikada Rəşad Məcid üzərinə çox gəldi. Səncə AYB-də olan adamlar o qədər istedadlıdılar ki, sizə ağız büzsünlər?

- Bizdə idarə edənlərin xüsusi istedadı və bacarığı nəzərə alınmır. Kimsə rəhbər vəzifədədirsə, istədiyi kimi idarə edir. Kiminsə haqqında desək ki, niyə bu sözü dedi, üstümüzə gələcək. Hər kəs öz danışdığında, dediyində özünü haqlı bilir. Həmin vaxt Rəşad müəllim baş verən olaylara çox aqressiv münasibət göstərirdi.

- Elə bil Babək Göyüşü döymək istəyirdi...

- Döymək deməzdim, ciddiyə almırdı. O, əslində sizi gözləyirdi. Hətta orda dedi ki, bəs dediniz, Şərif Ağayar gələcək. O söhbətləri Babək Göyüşlə etmək istəmirdi.

- Məni keç... Amma nədənsə sən çox yumşaq cavab verdin.

- Bilirsən, biz istədiyimiz təşkilata üzv olub, sonra uzaqlaşa bilərik. Mən müstəqil vətəndaşam. Ona görə təmkinimi pozmuram heç vaxt.

- Deyə bilərdin ki, qaneedici səviyyədə yaza bilmirəmsə, məni quruma üzv edib, niyə təqaüd verirdiniz?

- Mən bunu “Azadlıq” radiosunda dedim. Dövlət həmin vəsaiti ayırır ki, istedadlı gənclərə sərf olunsun. Əgər istedadım yox idisə, layiq deyildimsə, o siyahıya nə üçün salırdınız? Hətta orda dedilər ki, guya Fikrət Qocadan xahiş etmişəm təqaüd üçün. Mən elə adamam ki, yolpulum olmayan anda qardaşım qonaq gəlir, ondan pul istəmirəm. pul-para üçün heç kəsdən xahiş edəcək adam deyiləm. Birliyə üzv olmağım da məni tələbəlikdən tanıyan Arif Əmrahoğlunun vasitəsi ilə olub. Bildiyim qədəri ilə xəstədir, allah şəfa versin!

- Rəşad Məcid deyir ki, gənclər nankorluq edirlər...

- O özü gözəl bilir hər şeyi. Şəxsi münasibətləri bilmirəm. Bəlkə kimsə şəxsi münasibətlər zəminində, Rəşad müəllimə acıq vermək üçün bu addımı atdı. Amma mən istefa verəndən sonra yazmışdım ki, AYB üzvü olaraq, Gənc Ədiblər Məktəbinin üzvü olaraq xüsusi münasibət görməmişəm. Məsələn görüşlərə dəvət etmirdilər. Üz-üzə görüşəndə deyirdilər, sən istedadlı qızsan, amma tədbirlərə, səfərlərə başqa adamlar gedirdi.

- Qurultaydan ağlın nə kəsir?

- Formal olan şeylər mənim üçün ciddi əhəmiyyət kəsb eləmir.

- Qurultay bir daha təsdiqlədimi ki, sən AYB-ni tərk eləməklə düzgün addım atmısan?

- Bəli. Əmin oldum ki, düz eləmişəm.

- Bir yazıçı kimi necə düşünürsən, beş yüz adam yığılıb, alternativsiz, bitərəfsiz 30 ildir bir nəfərə səs verir. Qurultay üzvlərinin siyahısı qəsdən belə hazırlanır, yoxsa bizim adamlar belədir?

- Mən bu prosesin sonunu bildiyim üçün izləmirdim. Amma istəməzdim ki, ədəbiyyatda belə gülünc hallar olsun. Bir rəfiqəm var, Türkiyədə yaşayır. Demək olar ki, hamını oxuyur, ədəbi prosesi izləyir. O, mənə deyir ki, son dövrlər Azərbaycan ədəbiyyatında baş verən proseslər şou-biznesi xatırladır və mən buna çox pis oluram. Hətta utanıram!

- Öz yaşıdların olan xanım yazarlar haqqında nə deyə bilərsən? Mənə elə gəlir ki, böyük əksəriyyəti yaza bilmir.

- Mən özümdən də razı deyiləm və yalnız bacardığımı edirəm.

- Səni demirəm...

- Kiminsə adını çəkməyim. Özümdən danışım. Bir ildir heç nə yaza bilmirəm. Yazmaq üçün istedad lazımdır. Kimsə yazır, mən də yazım, çoxlu kitab oxumuşam, yazım düşüncəsi yanlışdır. Nəyi oxumaq istəyirsənsə onu da yazmalısan. Sarı simə toxuna bilirsənsə yaz! Yaza bilməyən getsin başqa işlə məşğul olsun. Yəni Azərbaycanda yazıya bu qədər ciddi dəstək və maraq var ki, hamı yazmaq istəyir?

- Qadın yazarlara xüsusi münasibət bildirmək istəmirsən...

- Mənim üçün qadın-kişi yox, insan var. Türklər ümumi olaraq “kişi” deyir və bu mənim xoşuma gəlir.

- Amma, məsələn, qadınlar nəsrdə zəifdir.

- Bu bütün dünyada belədir. Kişi yazıçılar hər zaman qadınları üstələyib.

- İstəsən bu barədə danışmaya bilərik. Müşahidə etmişəm, bizim ailəsi dağılan qadın yazarların çoxunun qız övladı var. Səncə bu taleyin işidir, yoxsa nədir?

- Hərdən deyirlər ki, əvvəllər qadınlar ayrılanda mahnı oxuyurdular, indi şeir yazırlar. Şəxsən mən bu sözləri üstümə götürmürəm. 11 yaşım olanda “Pioner” qəzetində yazılarım çap olunurdu. 1988-ci ildə “Bakı” qəzetinin redaktoru Ağaəddin Mənsurzadədən iki dəfə məktub almışdım.

- Mən söhbəti qız övladına gətirmək istəyirəm və sizin qızınıza maraqlı bir məktubunuz vardı... Təxminən bu mövzuda.

- Yəqin taledir. Mən şükr edirəm ki, övladım qızdır. O yazıda da yazmışam ki, bütün qızlar uşaqlıqdan analıq instinktini yaşayırlar. Körpə ikən gəlincikləri uşaq kimi bağrına basırlar. Mənim ailəm dağılanda qızımın iki-üç yaşı vardı. Həmin vaxt həyatımın ən ağır mərhələsi idi. Bir dəfə özümü saxlaya bilmədim, dizi üstə çöküb hönkürdüm. Qızım oyuncaqlarını atıb yanıma qaçdı, boynumu qucaqladı, gözümün yaşını əlləri ilə silib mənimlə birlikdə ağlamağa başladı. Belə səhnələr filmlərdə olur. Mən nə vaxt ağlamışam, o da mənə qoşulub. Oğlan uşağı bəlkə belə olmazdı.

- Ailəsi dağılan çox qadın yazar var. Məncə sən daha çox bunun fərqinə varırsan.

- Xarakterdən irəli gəlir. Mən hər şeyi dərindən yaşayıram. Hərtərəfli düşünürəm. Düzdür, yaradılış belədir ki, kimsə kiminsə olmalıdır. Ancaq mənim təkliyi qəbul etməyə gücüm çatdı.

- Sən müəlliməsən. Dostumuz Səhər Əhməd də müəllimədir. Amma o danışanda hamıyla müəllimə kimi danışır. Bir az yuxarıdan, şagirdləri ilə danışırmış kimi... Sən sakitsən...

- Bilirsən niyə? Şagirdlərimlə də səninlə danışdığım kimi danışıram. Dostum kimi... Münasibətləri o qədər normallaşdırmışıq ki, şagirdlərlə bir-birimizi çox yaxşı başa düşürük. Mən danışanda onlar dinləyir, onlar danışanda mən dinləyirəm. Lazım gəlsə birlikdə gülüb, birlikdə kədələnirik.

- Ədəbiyyata həvəsləri necədir?

- Bizim orta məktəblərdə ədəbiyyatla bağlı vəziyyət yaxşı deyil. Aşağı siniflərdə ədəbiyyat pərakəndə tədris olunur. Siztemli tədirs 10-cu sinifdən başlayır. 10-cu sinifdən isə şagirdlər fərdi hazırlığa gedirlər və bədii ədəbiyyat oxumağa vaxtları qalmır. Biz oxuyan vaxtı 9-cu sinifdən başlayırdı mərhələli tədris. 9-10-11-ci sinifdə həm ədəbiyyat dərsliyi, həm də müntəxəbat vardı. İndi müntəxəbat yoxdur. Üztəlik uşaqlarda bu sahəyə maraq qalmayıb. Mənim sinfimdə cəmi iki nəfər üçüncü qrupa sənəd verdi. Digərləri deyir, ədəbiyyat oxumaqdansa, fizika testləri həll edərəm. Ədəbiyyatı sevdirmək əsasən fən müəllimlərinin işidir. Mənim gücüm ona çatır ki, müasir ədəbiyyatın yaradıcılarını onlara tanıdım. Şifahi də olsa...

- Bəlkə doğurdan da Anardan, Bəxtiyar Vahabzadədən sonra ədəbiyyat yoxdur? Bəlkə ədəbiyyat daha insanlara lazım deyil...

- Dərsliklər onlarla bitir. Uşaqlar elə bilir ki, Anar və yaşıdlarından sonra ədəbiyyat yoxdur. Dərs dediyim sinfin uşaqları bir gün gəldilər ki, müəllimə, paralel sinfə deyirik, Markesi tanıyırsınız? Onlar da sual verir ki, futbolçudur?

- Bizim bir dəlimiz var: Şəhriyar Del Gerani. Götürüb yazıb ki, sponsor hesabına, sevgili hesabına ədəbiyyata doluşan çoxlu qadınlar var...

- Şəhriyar bunu yazıbsa, deməli nə isə bilir də (gülür). Dəlilər elə belə dəli olmur ki! Ya çox şey bilir, ya da özünü dəliliyə vurub sözünü deyir. Yəqin nə isə var...

- Mənə elə gəlir ki, Azərbaycan ədəbi mühitini yaltaq kişilərdən və əxlaqsız qadınlardan formalaşdırılar. Bu əvvəl musiqidə, sonra jurnalistikada baş verdi. İndi isə ədəbiyyatda...

- Amma qalanlar kim oldu? Əsas kimlərin qalmasıdır.

- Yaradıcılığında nə yenilik var?

- Davam edirəm... Hekayələrimə, nəsrə daha çox kompleksli yanaşıram. 3 il əvvəl yazdığım hekayəni yenidən işləyə bilərəm.

- Mənə elə gəlir ki, sən yaxşı nəsr yaza bilərsən.

- Bunu çox adam deyir. Nəsimi müsabiqəsində qalib olandan sonra bu fikiri tez-tez eşidirəm. Müsabiqədən sonra çox adam elə bilirdi ki, mən şeirdə birinci olmuşam. Çoxu bilmirdi hekayə yazdığımı. Çox kompleksli yanaşıram nəsrə.

- Azərbaycan dilinin elementar qaydalarından xəbərsiz olan çoxlu gənclər var. Məsələn, çoxu adi söz sıralamasını bilmir. Dil-ədəbiyyat müəlliməsi kimi əlinizə qələm alanda necə görünür bu mənzərə?

- Çox pis görünür. Üstəlik bu mövzuda çox vasvasıyam. Çox incəliklə varıram. Hətta adi status yazanda da, narahat oluram ki, adi korrektə səhvi getməsin.

- Xanım həmkarların arasında məktəbli inşası yazıb 4 ala biləcək kim var? 4 nəfər adı çəkə bilərsənmi?

- (Düşünür)

- Mən birini deyim: Rəbiqə!

- İnanın mən də Rəbiqəni deməyə hazırlaşırdım. O da filologiyanı bitirib, dili yaxşı bilir.

- Jalə İsmayıl da var. Başqa?

- Mən yazıya, dilə mənim kimi sevgiylə yanaşan bu iki adamı görmüşəm. Rəbiqə bilmədiyi şeyləri hətta açıq-aydın öyrənməyə çalışır. Bir hərfin belə üstündə əsir.

- Orta məktəbdəki uşaqlar necə, inşa yaza bilirlər?

- Yox. Çox çətinliklə.

- Bizim yazıçılar kimi...

- (Gülür) Biz inşa yazanda ən azı 3-4 səhifə yazırdıq. İndiki uşaqlar bacarmır. Gərək çox zəhmət çəkib öyrədəsən. başa salasan. Həm də çoxunun həvəsi yoxdur bu sahəyə.

- Məncə haqlıdırlar...

- Nə deyim...

- Sən ədəbiyyata kənddən gəlmisən, yoxsa şəhərdən?

- (Gülür) Ədəbiyyata hardansa gəlmək də olur? Şəhərdən olanlar nə qədər şəhərlidir ki?

- Belə bölgü aparırlar də, son vaxtlar. Bəs kitabdan yaxud həyatdan gəlmək necə? Bu bölgünü də qəbul eləmirsən?

- Mütaliə edib nə isə yazanlar var, istedadı ilə yazanlar var. Yəqin istedadı ilə yazanlara həyatdan gələn yazıçı deyirlər, oxuyub yazanlara kitabdan gələn (gülür). Amma bütün hallarda ciddi söhbət deyil.

# 5574 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #