Gənc yazarlara xəbərdarlıq! - Şərif Ağayar yazır...

Gənc yazarlara xəbərdarlıq! - Şərif Ağayar yazır...
19 dekabr 2019
# 10:52

Bir yazar dostum var, adını çəkmirəm ki, reklam olar, vaxtı ilə maraqlı bir ədəbi qrup yaratmışdı. İlk qələm təcrübələrini yaradan bu istedadlı gənclər az vaxt ərzində ədəbi mühitdə xeyli tanındılar və bir gün həmin ədəbi qrupun elə gənclərin özləri tərəfindən buraxıldığını eşitdim. Açığı mənə qəribə gəldi. Çünki, Azərbaycanda heç kim şöhrətinin çiçəkləndiyi vaxt öz mövqelərini tərk eləmir. Hətta bu fəaliyyət cəmiyyət üçün zərərli olsa belə!

Dostumla görüşdüm həmin ərəfələrdə. Qrupun buraxılması barədə söhbətləşdik. Məlum oldu ki, bu ideya ona məxsusmuş. Səbəbini qəribə coşquyla izah etdi. Uşaqları toplayıb, bildirib ki, yaratdığımız qrup öz missiyasını yerinə yetirdi - istedadlı gəncləri ədəbi mühitə təqdim etdi. Ancaq ədəbiyyatda qrupla fəaliyyət göstərmək olmur. Qarşımızda siratil-müstəqimə bənzəyən uzun bir körpü var və biz bu körpünü yalnız təklikdə keçə bilərik. Ona görə qrupu buraxırıq. Kimlər körpünü yıxılmadan keçə bilsələr, qarşı sahildə görüşəcəklər.

Qəribədir, 10-15 nəfərlik bu qrupdan, dostum söyləyən qarşı sahilə yalnız iki-üç nəfər keçə bildi.

Ədəbiyyat ağır sahədir - bu ifadəni çox eşitmişik. Ədəbiyyata gəlmək asan, davam gətirmək çətindir - bunu da bizə çox deyiblər. Əgər bilsəydim ki, yazı-pozu bu qədər çətin və məşəqqətli işdir, vaxtında uzaqlaşardım - belə etirafları da az eşitməmişik. Ancaq, gəlin boynumuza alaq, yüz illərin təcrübəsindən keçib günümüzədək gəlib çıxan bu fikirlərin fərqinə o qədər də varmamışıq. Bir az gənclik saymazlığı, bir az yaradıcılıq eşqi, bir az şöhrətpərəstlik gözlərimizi qapayıb. Məgərsə belə imiş! İllah da Azərbaycan kimi kitabdan ürkən, ciddi ədəbiyyata həvəslənməyən, üstəlik ədəbi monopoliyanın hökm sürdüyü cəmiyyətlərdə ikiqat-üçqat ağırmış yazarlıq!

Doğrudan da ədəbiyyata gəlmək su içimi kimi asandır. Yetər ki, bir balaca istedadın olsun.

Gəncsən. Səhvlərini asanlıqla bağışlayır, səni təqdir edir, müxtəlif ədəbi cəbhələr yaradan monopolistlər səni öz tərəfinə çəkmək istəyir. Özünü olduqca vacib, cəmiyyət üçün gərəkli fiqur sayırsan. Tənqidçilər yazır, oxucular zəng edir, tanınmışlar “gənclərə laqeyd deyiləm” eqosu ilə müsahibələrində səndən danışır.

Xoşhallanırsan! Dostların-qohumların səninlə fəxr edir.

Və bir gün ayılıb görürsən ki, yaş ötüb keçir, ortada ciddi heç nə yoxdur. Bu dəfə ədəbiyyata ikinci gəlişin zəruri məsələyə çevrilir. Gələ bilirsənmi?

Azərbaycanda bu aşamanı keçməyi bacaran imzalar çox azdır. Bu təxminən 40 həndəvərləridir ki, artıq səni daha yaxından tanıyırlar, hansı ədəbi çevrəyə qəlbən daha yaxın olduğunu görürlər. Məxsus olmadığın çevrələrlə arandan soyuq yellər əsməyə başlayır. Üstəlik bütün ədəbi mühit, səni az-çox tanıyan oxucular səndən daha ciddi əsərlər gözləyir. Bir yandan da ev-ailə qayğıları...

Tənqidçilər də, tanınmış yazarlar da, hətta yaxın qohum-əqrəban da, bəzən ailən də səndən üz döndərir. Amansız həyatla təkbətək qalırsan, onun ölümcül təpiklərinin altında ləhləyirsən. Çünki Azərbaycanda həqiqi ədəbiyyat maddi mənada yaxşı heç nə vəd etmir. Kitablar satılmır, qonorar yox! Bir yandan da həqiqət sevdası ki, döydüyün bütün qapılarda qırmızı işıq yandırır.

Üstəlik, oxumadığın kitablara, yazdığın naşı mətnlərə görə səni heç bağışlamır. Gənc deyilsən artıq...

Bax o zaman nəinki ədəbiyyata təzədən gəlmək, hətta basqılar və məhrumiyyətlər qarşısında tablaşmaq böyük problemə çevrilir. Bəzən səhhətin bahasına başa gəlir...

Mən yazdıqlarımla gənc yazarları qorxutmaq istəmirəm.

Sadəcə həqiqi ədəbiyyatın keçdiyi yolun ağırlığını əvvəlcədən söyləyirəm. Bunun fərqinə varın lütfən. Gənclik amansızdır. Adamı yol yarılanmamış atıb gedir. Tədbirli davranın ki, məğlub olmayasınız. Yoxsa ədəbi darğalar sizi asanlıqla ovlayacaqlar. Bununla da hər şey bitəcək. Onlar həqiqi ədəbiyyatda iflasa uğradıqlarını gözəl bilirlər.

# 2646 dəfə oxunub

Müəllifin son yazıları

# # #