Axşam zəlzələ xəbəri Qarabağdan tufan kimi əsdi. Əvvəl zənglər gəldi. Ağdam-Ağcabədi bölgəsində yerin dalğalanıb getməsindən daha çox hardasa otuz saniyə çəkən uğultudan qorxmuşdular.
Bir anlıq müharibənin yenidən başladığını düşünənlər olub. Ancaq təcrübəli insanlar işin nə yerdə olduğunu biliblər.
Zəlzələ anındaca Facebooka yansıdı. Ölkənin dörd bir yanından həyəcanlı statuslar paylaşılırdı. Gəncə, Lənkəran, Mingəçevir, Göyçay, Ucar... Hətta “Xaçmaz da titrədi” yazanlar vardı.
Beş-on dəqiqədən sonra itki olmadığını hiss edən Fb fəalları zarafatlaşmağa başladılar. Tövsiyə verənlər də var: “Paltarlı yatın”, “Yeyib-için, vecinizə almayın”, “Zəlzələdən ən yaxşı statusa mükafat verəcəm” və s.
Dostum əyalətdə yaşayan dindar qardaşına zəng vurdu. Cavab maraqlı gəldi mənə: “Bir şeyə ki, müdaxilə edə bilmirik, narahat olmağa dəyməz.”
İmanın belə qəribə üstünlükləri var.
Zəlzələ qəribə hadisədir.
Zəlzələnin insana yaşatdığı hissləri başqa heç nə yaşada bilməz. İnsanların lap dərinliklərində zəlzələyə bir sevgi də hiss eləmişəm. Səbəblərini izah eləməyə çalışaram, lakin buna tam nail ola bilməyəcəyimi üçün susuram.
Zəlzələ yəqin ki, hərənin yaddaşında bir cür qalıb. O, həm də adamın beynin içini tərpədir, xatirələri oyadır.
Axşam xəbəri eşidən kimi, 25 noyabr 2002-ci ili xatırladım. Onda bir toy məclisindən çıxmışdıq, küçəylə gedirdik və zəlzələni hiss etmirdik. Toy “Köhnə İnturist”də idi. Adamlar zəlzələni bəhanə edib siyahıya düşmədən qaçmışdılar. Sonralar toy yiyəsi qan ağlayırdı. Deyirdi, qonaqların cüzi bir qismi gətirib pullarını verdilər, özümüz də istəməyə utandıq.
Daha bir zəlzələyə “Azərbaycan” nəşriyyatında yaxalanmışam. “Yeni Azərbaycan” qəzetində “Ədəbiyyat” səhifəsi hazırlayırdım. Tarixi tam yadımda deyil, lakin o məşum noyabr zəlzələsindən az sonra olduğunu bilirəm. Camaatda sterika vardı. Yuxarı mərtəbədə bərk yeriyən olsa, hamı küçəyə qaçırdı. Hətta adamların bəzisi nevroz xəstəliyinə tutulmuşdu. Psixoloqların, nevropatoloqların, ekstrasenslərin qəbulu, çildağlar aşıb-daşırdı.
Qəzet səhifələrinə baxdığım yerdə o boyda “Azərbaycan” nəşriyyatının azca sürüşdüyünü hiss etdim. Elə bildim başım hərlənir. Tez lüstrü axtardım; yellənib-yellənmədiyini yoxlamaq üçün... Lüstrsüz idi otaq. Lampalar tavanın içində idi. Koridora çıxdım. Blokdan dappa-durup səsi gəldi. Pilləkənə çıxan kimi “Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlının az qala başımın üstündən ley kimi uçduğunu gördüm. Açığı, bundan sonra mən də qorxdum. Amma aşağı yox, redaksiyaya qaçdım, dedim, zəlzələ baş verib, aşağı düşür hamı. “Yeni Azərbaycan” qəzetinin o vaxtı rəhbəri Alqış Həsənoğlu tükünü də tərpətmədi. Hətta bığaltı qımışdı da. Bu məni bir az ürəkləndirdi. Aşağı düşmədik.
Başqa bir dostum deyir həmin gecə qardaşım şəp-şəplə həyətə qaçmışdı, əlində də “rajok”...
Həmişə Qərbi Azərbaycan və Qarabağ qaçqınlarına ironiya ilə yanaşan və mənimlə mübahisə edən bakılı tanışım həmin zəlzələ vaxtı ailəsi ilə şəhərdən kəndə qaçıb bir gecə qohum evində qalandan sonra etiraf etmişdi: “Bağışla, mən qaçqınları indi anladım!”
1999-cu ildə Türkiyədəki o dəhşətli zəlzələ də xatirimdən silinmir. Binalar altından tüstü verərək yerə yatırdı.
Allah uzaq eləsin!
Bir də ibtidai sinif müəllimimə verdiyim sualı indi hərdən yadıma salıram:
“Müəllim, hündür binalardakı tələfatı başa düşdük, bəs qədim Şamaxıda ki, elə binalar yox idi, niyə o qədər tələfat oldu?”
Müəllimim:
“O elə zəlzələ idi ki, yer şəhərləri, kəndləri udurdu!”
Tüklərim biz-biz olmuşdu bu cavabdan. Ondan sonra zəlzələdən təkcə evdə yox, çöldə olanda da qorxmağa başladım.
Zəlzələ həm də Tanrını qəfil adamların yadına salır. “Ehey! Özünüzə gəlin! Bu nəhəng dünyanın əsl sahibi mənəm və gücümlə müqayisə olunacaq güc yoxdur!” - kimi bir mesajı verir sanki.
Məşhur yazıçının məşhur cümləsini bir az dəyişib belə deyə bilərəm: “Zəlzələnin müdhişliyi mənə Tanrını xatırladır.”
Zəlzələ haqqında nə yazılıb, nə çəkilib – düşünürəm!
Abbas Kiyarustaminin “Kökər trilogiyası” yadıma düşür. Dahi rejissor İranın Kökər vilayətində film çəkir: “Dostumun evi hardadır?”. Film çox məşhurlaşır. Bir azdan Kökərdə dağıdıcı zəlzələ olur. Kiyarustami kamerasını götürüb filmə çəkdiyi uşaqları axtarmağa gedir. “Və həyat davam edir” adlı ikinci film o uşaqları axtarmaqdan bəhs edir. Üçüncü film isə Kökərdə bir sevgi əhvalatını anladır. Oğlanın evi zəlzələdə dağılıb, qızın nənəsi nəvəsini buna görə ona vermək istəmir...
Belə...
Zəlzələdən nə desən çıxar.
Xatirə də, şeir də, film də...
Qorxu da, fəlakət də, xəstəlik də!
Allah xeyirlisindən eləsin.
Şərif Ağayar