Kulis Şərif Ağayarın AMEA-nın müxbir üzvü Nizami Cəfərovla dilimizin inkişafı və perspektivləri mövzusunda söhbətini təqdim edir.
- Tərcümə sahəsinin inkişafı, internet dilimizə yeni sözlərin, terminlərin, adam adlarının gəlməsi prosesini inanılmaz həddə sürətləndirib. Və bu proses təbii olaraq bir sıra irili-xırdalı problemlər ortaya çıxarır. Bu sahəyə ümumi bir nəzarət mümkündürmü, sizcə?
- Bildiyiniz kimi bizdə Tərcümə Mərkəzi yaradıldı. Bu mərkəzə geniş dünya görüşlü, istedadlı bir adam rəhbərlik edir: Afaq Məsud. Və yaxşı kollektiv toplayıb ora. Yaxşı işlər də görürlər. Siz deyən məsələ ilə bağlı, ümumi şəkildə deyim ki, insan etnoqrafik qeydiyyata malik olan bir varlıqdır. O, hansısa etnosa məxsusdur. İnsanın ikinci qeydiyyatı onun dinidir. O, millətinə, dininə hər hansı müdaxiləni hiddətlə qarşılayır. Dini müdaxilələr isə daha geniş və daha qorxunc münaqişələrə səbəb olur. Fikir verin, millətlər arasında dialoq asan alınır, dinlər arasında çətin. Bu mənsubiyyətlərin içində ən liberalı dildir. Sən eyni zamanda müxtəlif millətlərə, müxtəlif dinlərə məxsus ola bilməzsən, amma müxtəlif dillərdə danışıb, oxuyub, yaza bilərsən. Və hətta bununla fəxr edərsən. Ancaq əsl yazıçı bildiyi dillərin yalnız birində özünü yazıçı kimi yüksək səviyyədə ifadə edə bilir. Çox nadir hallarda bu iki ola bilər.
- Vladimir Nabokov kimi...
- Bəli, nadir hallarda ola bilir. Hətta, məsələn, rusca yazan Çingiz Aytmatovu, Oljas Süleymenovu mütəxəssislər rus yazıçısı hesab etmirlər. Faktiki olaraq dünyadakı böyük dillərin hamısını öyrənmək, eləcə də bu dillərdə yazmaq, yaratmaq mümkün deyil. Mən təsəvvür eləmirəm ki, Nizami Gəncəvinin türkcə yazdıqları farsca yazdıqları qədər möhtəşəm olsun. Çünki o, artıq o dildə proqramlaşmış adamdı. Məhəmməd Füzuli üç dildə divan yazıb, amma onun türk divanı daha möhtəşəmdir. Bütün dediklərimdən bu nəticə çıxır ki, tərcüməyə həmişə ciddi ehtiyac duyulur. Tərcümənin də səviyyələri var. Texniki, publisistik, elmi və s. Bunların ən çətini, ən məsuliyyətlisi, şübhəsiz ki, bədii tərcümədir. Bədii tərcümə lazımdır. Tərcüməyə nəzarət, əlbəttə, lazımdı. Amma müəyyən həddə qədər. Mən özüm də bizim Tərcümə Mərkəzinin Elmi Şurasının üzvüyəm. Bir neçə dəfə toplaşmışıq və siz deyən bu sual çıxıb ortalığa: necə nəzarət eləyək? İndi bu saat çoxsaylı tərcümə kontorları var. Həm Bakıda, həm də digər böyük şəhərlərdə...
- Eyni zamanda, nəşriyyatların özü tərcüməylə məşğul olur...
- Həm də çox çevik məşğul olurlar. Biz, əsasən Azərbaycan dilinə dünyanın inkişaf etmiş dillərindən tərcümə edirik. İngilis, fransız, alman, rus və s. Əvvəla, məsləhət olub ki, bu tərcümələrin bir siyahısı tutulsun. Ən azı bilək ki, nələr tərcümə olunub, nələr olunacaq. Buna görə müvafiq hesabat verilməlidir. Amma tərcümənin necə olması məsələsinə sona qədər nəzarət mümkün deyil. Çünki, fərdi üslub, subyektiv maneralar var. Bədii əsərdə əsas şərt istedaddır və bu da bəzən mübahisə doğura bilər. Məncə, Tərcümə Mərkəzi xətrə dəymədən, fərdi üslub və maneraları nəzərə almaqla təkliflərini verə bilər. Bir əsər bir dəfə, iki dəfə, hətta on dəfə tərcümə oluna bilər.
- Dünya təcrübəsində var...
- Var. Nəzarət təbii ki lazımdı, amma dediyim, demədiyim bir sıra özəlliklər nəzərə alınaraq...
- Misal üçün, götürək alman dilini. Bu dildə H, G hərfləri var, bizdə də var, amma ruslarda yoxdur. Ona görə ruslar bu hərfləri müvafiq olaraq Q, X ilə əvəz edirlər. Bizsə bir çox tərcümələri ruslardan götürdüyümüz üçün dilimizin imkanları ola-ola adları təhrif etməyə məcbur qalırıq...
- Tamamilə doğrudur. Bu təkcə bizdə deyil bütün dünyada problemdir. Şəxs adlarının, yer adlarının, mifoloji adların, başqa xüsusi isimlərin başqa dilə tərcüməsi necə olmalıdır söhbətində həmişə mübahisə düşür. Mübahisələrdə də əsasən gəlib bu nəticəyə çıxırıq ki, əsas dildə, kök dildə necə səslənirsə, o cür verilməlidir.
- Səslənirsə...
- Bəli səslənirsə, yazılırsa deyil.
- Çünki, bizim dildən fərqli olaraq yazılışla oxunuşu fərqli olan dillər vardır...
- Bəli.
- Türkiyədə yazılışı olduğu kimi saxlayırlar...
- Bu, özünü qətiyyən doğrultmayan təcrübədir. Bu cür adlar müxtəlif dillərdə müxtəlif cür oxunur və oxucunun beynində qarışıqlıq yaradır. Bu məntiqlə Çin müəllifinin adını heroqlifdə verməliyik. Bu nəticə etibarı ilə gülməli bir şeyə gətirib çıxaracaq.
- Elə adlar var ki, onlar artıq çox məşhurdur. Məsələn Freyd. Əslində isə dünyada bu adda adam yoxdur. Biz bir almanla danışsaq tanımayacaqlar. Çünki onlar məşhur alimi Froyd kimi tanıyırlar. Amma bizdə Freyd kimi qəbul olunub.
- Qəbul olunubsa artıq dəyişməyə hacət yoxdur. Amma burda da analitik yanaşma olmalıdır. Kimsə Froyd yazmağa ehtiyac duyursa, qarşısında Freyd də yazsın, sözün kimdən getdiyi bilinsin.
- Yeri gəlmişkən, çoxu bilmir ki, dünyada KİNO adlı ifadə yoxdur. Bu, CİNEMA sözünün ruslaşmış variantıdır.
- Rus dilinə fransız dilindən çox, alman dili təsir edib. Son dövrlər ingilis dili təsir edir. Bəlli səbəblərdən. Amma bizim də adət elədiyimiz rusdur. Ona görə, ingilisin qarşısına rusu çıxardırıq. Özümüzün universal düşüncə cəbhəmiz olmadığı üçün, rus-sovet düşüncəsi ilə çıxmağa məcburuq. Burda da ziddiyyətlər əmələ gəlir. Hətta iddia edirik ki, bütün dünya “kolxoz” və “sovxoz”un nə olduğunu anlamalıdır. Son dövrlər Avropa bircə rus kəlməsini qəbul elədi və işlətdi: perestroyka.
- Yaxşı sözdü...
- Hə (gülür). Görünür onlar üçün maraqlı idi. Çünki perestroykanın axırının necə olacağını bilirdilər.
- Türklərin yaxşı təcrübələri də var. Misal üçün Türk Dil Qurumunun yaradılması... Gözəl də saytı var... Xüsusən, feillərdən yeni sözlərin yaradılması...
- Elədir. 30-40 il əvvəl bu qurum lap güclü idi, indi zəifləyib. Türkiyədə dil yenilikləri sistemli şəkildə bir neçə mərhələdə aparıldı. Siz dediyiniz yeni sözlərin yaranması da bu sistemli işin tərkib hissəsidir. Amma burda da bir problem çıxdı ortalığa. Elmi araşdırmalara görə, bir dil il ərzində 500-lə 1000 arası yeni söz mənimsəyə bilir.
- Bizdə bu rəqəm neçədir?
- 500 həndəvərində... Ötən əsrin 30-40-cı illərində Türkiyə türkcəsinə il ərzində min, min beş yüz, bəzən iki min söz gəlirdi. Bir dilin bu qədər sözü mənimsəməsi mümkün deyildi. Belə bir cəhət də var; dilə gələn söz sonra törəyir, ondan yeni sözlər əmələ gəlir. Misal üçün, Türkiyə türkcəsinə qəbul olunan və doğru-əyriliyi hələ də mübahisə doğuran “öyrətmən”, “öyrənci”, “okul” kimi sözlər qısır sözlər oldu, onlardan heç nə yaranmadı. Eyni zamanda bu yeni sözlər Türkiyə türkcəsini başqa türkcələrdən ayırdı, uzaqlaşdırdı. Bu dilləri yaxınlaşdıran həm də ortaq işlənən ərəb və fars sözləri idi.
- Əsrin əvvəllərinə aid əsərlərdə “müəllim”, “məktəb”, “tələbə” tipli sözləri işlənir.
- İşlənir. Sizə maraqlı bir fakt da deyim. Biz Atatürk Mərkəzi olaraq, qərar gəldik ki, Atatürkün nitqini Azərbaycan dilinə çevirək. Atatürkün nitqi o zamankı Türkiyə tarixinə güzgü tutan çox ciddi əsərdir. Onu Azərbaycan dilinə çevirməyə ehtiyac olmadı. Baxdıq gördük, Türkiyə türkcəsindən bizə daha yaxındır. Demək olar ki, Azərbaycancadır. Hardasa Məmməd Əmin Rəsulzadənin, Nəriman Nərimanovun dilidir. Niyə? Burda “müharibə”, “hərb” və s. kimi ortaq sözlər işlənir. Müasir Türkiyə türkcəsinə bu nitqləri tərcümə edirlər. Bir dəfə Türkiyədə çox mötəbər bir məclisdə dedim, hamıya çox maraqlı gəldi, bir az da ideoloji məna daşıdı. Dedim, biz Atatürkü sizdən daha yaxşı anlayırıq.
- Bəs sözlərin dilimizin ahəng qanununa tabe olaraq yazılmasına necə baxırsınız? Məsələn, rus dilində I hərfi var, ancaq onlar heç vaxt Bakı yazmırlar və demirlər...
- Bu da qrafika məsələsidir. Biz 19-u əsrin axırı, 20-ci əsrin əvvəllərində Məskoy da demişik, Məsko da demişik və o cür də yazmışıq. Xalq etimologiyası deyirlər buna. Sənin dilində olmayan sözlə öz dilində analogiya aparıb Peterburqdan bir Fitilbörk düzəldirsən. Varşavaya Vərşo deyilib. Bir sona uçubdu Vərşo gölündən... Kazım ağa Salikin misrasıdır gərək ki... Əvvəllər, Parij deyirdik, sonra ərəb və fars təsiri ilə Paris dedik. Bu, bir çox terminlərin bizdə ərəb transkripsiyası ilə işlənməsindən asılıdır. Ancaq bugünkü dünya başqadır. Biz artıq mənbələrə vasitələrlə deyil, birbaşa müraciət edə bilirik. Ona görə söz və termin mümkün qədər orijinala yaxın olmalıdır.
- Bayaq qeyd etdiniz ki, ildə təxminən 500 yeni söz qəbul edirik. Amma orfoqrafiya lüğətimiz tez-tez dəyişmir və çoxlu məsələlər mübahisəli olaraq qalır...
- Dildə çoxlu lüğətlər olur. Ayrı-ayrı sahələrə aid lüğətlər, izahlı lüğət, dilin tarixi lüğəti və s. Bunların içində yeganə ikisi bütün xalqa lazım olur: orfoqrafiya və orfoepiya. Bunların hər ikisi tez-tez yüksək tirajlarla çap edilməli, internetə yerləşdirilməli, kütləviliyi təmin olunmalıdır. Orfoqrafiya lüğətçiliyi sahəsində bizim problemimiz çox deyil. Çünki dalbadal əlifbamızı dəyişmişik, hər dəyişdikcə yeni orfoqrafiya qaydaları, yeni prinsiplər ortaya çıxıb. Mübahisəlilik də, uzağı 30-40 sözdədir.
- Bu lüğətlər hansı intervalla çıxmalıdır?
- Çox ehtiyac var ki, hər il çıxsın. Əslində, bizim problemimiz orfoepiyada daha çoxdur. Düzgün tələffüz lüğəti... Bəzi sözlərimizin tələffüzündə, xarici sözlərin vurğusunda ciddi problemlərimiz var. Qaydaların özündə problem var. Hələ qaydalara əməl olunmasından danışmıram.
- Bəlkə, bütün bu məsələlər dövlət qurumlarından, akademiyadan daha tez və daha rahat ictimai təşkilatlarda – Azərbaycan Dil Qurumunda, Mətbuat Şurasında və s. tənzimlənməlidir.
- Bizdə bu məsələni hər dəfə gətirib akademiyanın üzərində cəmləşdirirlər. Akademiyada da Toponimiya komitəsi yaradılıb və öz işini görür.
- Akademiyada iş ləng gedir, ona görə QHT-lərin fəallaşmasından danışdım.
- Təbii ki, lənglik var. Siz deyənlə də razıyam; dil qurumunun və yaradıcı təşkilatlar da müəyyən işlər görülməli, genişlənməlidir. Akademiya son sözü deməlidir. Lakin fitva şəklində yox, bütün işlərin yekunu kimi.