Kulis Tehranda nəşr olunan “Şəhri-kitab” aylıq dərgisinin Yaxın Şərq ölkələri ədəbiyyatından bəhs edən “Qonşu” ədəbiyyat bölümünün məsul redaktoru, şair, yazıçı Aydın Arazla müsahibəni təqdim edir.
- Biz Yaxın Şərqin, bu gün, demək olar qan içində çalxanan ərəb dünyasının ədəbiyyatı ilə bağlı heç bir bilgiyə malik deyilik. Oralarda vəziyyət necədir? O qan-qadanın içində qələm götürmək gülməli görünmür ki?
- Bir az yaxşı baxsaq görəcəyik, savaş, qan və səfalət Yaxın Şərq adlanan coğrafiyada yeni deyil. Təəssüf ki, bu coğrafiya zəngin mədəniyyətə malik olsa da rahatca başını yastığa qoya bilməyib illərdir. Məhəmməd Füzulinin bir şeiri yadıma düşür. İraqdakı qanlı torpaqdan hər dəfə söz gedəndə deyir ki, bir yerdəyəm əsir ki, torpağı qan içir. Sualınıza gəldikdə, biz Yaxın Şərq millətləri bir-birimizi yaxşı tanımırıq. Çünki, bir-birimizi doğru-düzgün oxumamışıq. Ərəb, türk, kürd və fars millətləri yaşayır bu coğrafiyada. Bu xalqlar biri-birinin ədəbiyyatını nə qədər oxuyub? Bəlkə, heç xəbərimiz yoxdur, biz eyni arzuları yaşayıb, eyni acıları çəkirik. Bəlkə kökü bir olan və bir-birinə yaxın olan kültürləri bir araya gətirmək mümkün olsaydı bu qədər qan tökülməzdi. Ədəbiyyat həyatın-yaşayışın bir bölümüdür. Elə ona görə də aclıq, quraqlıq, zəlzələ - hər cür təbii və qeyri-təbii fəlakət içində də ədəbiyyat yaranmaqdadır. Fələstin illər boyudur müharibə şəraitindədir. Oradakı böyük şairlər, yazarlar baş verən hadisələri dünyaya çatdırırlar. Hekayə və romanlar da çox təsirlidir. Müharibə bir ayı, iki ayı aşıb bir xalqın özəlliyinə, taleyinə çevrildikdə daha yazmaq gülünc deyil. Yazmaq bir dirəniş, bir müqavimət kimi də hesablana bilər.
- Suriya ilə bağlı nələr bilirsiniz? Yaşlı və gənc müasirlərimizdən kimlər var, nədən yazırlar? Çap oluna və ya yayımlana bilirlərmi?
- Doğrusunu desəm, Suriya barədə olan bilgilərimiz bu 3-4 ildən öncəyə gedib çıxmır. Nəsimi kimi arif bir şairi Hələbdə tanımışıq. Necə ki, bilirsiz, Adonis kimi böyük şair suriyalıdır. O, çoxlarının gözündə Nobel mükafatına layiq birisidir. Nəzar Qəbbani Suriyanın öncüllərindən olan, yeni şeirdə dünya şöhrətlidir. Hekayəyə gəldikdə, Zəkərya Tamer suriyalı tanınmış yazıçıdır. Suriya ərəb coğrafiyasında zəngin kültürə malik bir ölkədir. Hayıf ki, müharibə yaxşı-pis bilmədən hər nəyi öz atəşində yandırır. Mənim də ordakı ədəbiyyatdan birbaşa əlaqəm yoxdur. Ancaq ərəb tərcüməçilərindən soruşduğumdan və internetdə axtardıqlarımdan bunu bildim ki, hələ də yazıb-yaradırlar. İndi müharibə, sürgünlük, qaçqınlıq və çətin həyat şerdə və hekayədə mövzu və məzmun olaraq qalır. Başqa adlardan Almaniyada yaşayan Rəfiq Şami, Nuri Əlcərrah və Səmər Yozbəkin adını çəkmək olar.
- İraq ədəbiyyatı hansı vəziyyətdədir? Kimləri tanıyırsınız? Ədəbi mühit necədir oralarda?
- İraqda bir neçə dildə ədəbiyyat yaranmaqdadır. Həm ərəb, həm türk, həm də kürd dilində. Mən İraqda türkmənlərin yazıb-yaratdıqlarından xəbərsiz idim. İŞİD-in türkmən ərazilərinə hücumundan sonra orada ərəb əlifbasında Azərbaycan türkcəsinə yaxın olan türkcədə yazılan yazıyla rastlaşdım. Əlbəttə bu mövzuda dəqiq və dərin tədqiqata zaman ayıra bilən birisini tanımıram. Səmir Kəhiyəoğlunun İŞİD əliylə öldürülmüş şair dostunun şeirlərini netdə oxudum. Ərəb ədəbiyyatı isə İraqda rəsmi ədəbiyyat hesab olunur. Orada keçmişlərdən qara satira yazan Ahməd Mətərlə tanışıq. Mohamməd Xozəyyer də məşhur yazarlarındandır İraqın. O, müharibəyə qarşı romanları və hekayələri ilə tanınır. Başqa adlardan Əli, Casem Cenan (Buker mükafatına namizəd olan yazarlardan biri) və Nofel Əlcənabi bu gün İraq ədəbi mənzuməsinin ulduzları hesab oluna bilər. Əlbəttə, yəqin ki, başqa adlar da var. Şeirdə isə Mozəffər Əlnəvvabın adını çəkməliyəm. Yaxın Şərqdə neftdən və müharibədən başqa şer və hekayələr də var, ancaq bu coğrafiyanı neft və qanla tanıyırlar. Neçə ay öncə Muəmmər Qəddafinin bir hekayəsini oxudum və işlədiyim dərgidə onu çap elədik. Liviya diktatoru hekayə yazırmış. Eşitdiyimə görə Səddam Hüseynin də yazıları var. Onları oxumaq da istəyərəm.
- Bir az da əfqanlardan danışaq...
- Əfqanıstan kimi ölkə özəlliklə şeir üçün təhlükəli durum olmasına rəğmən ədəbiyyata beşik hesab oluna bilər. Fars ədəbiyyatının tanınmış adlarından bir neçəsi elə indiki Əfqanıstanda doğulub yaşamışlar. Dünya şöhrətli Movlana Cəlaləddın Bəlx şəhərində doğulmuşdur. O, bəlalı ölkə tarix boyu, özəlliklə müasir dövranda müharibədən baş qurtara bilməsə də, şeir və romanla küskün düşməyib. Azı 2000-ci illərdə taliblərin hökuməti biçildikdən sonra şeir yenidən orada üzə çıxıb. Əfqanıstanın müharibə durumu əfğanların bir çoxunu sürgünə məruz qoysa da bu sürgün bəzən onların şair-yazıçılarını başqa ədəbiyyatlarla tanışdırıb və inkişaflarına səbəb olub. Bır çox əfqan qaçqın yazıçıları İranda yerləşəndən sonra farsdilli olduqları üçün qəbul olunub, kitabları çap olundu. Burada tanındılar və ədəbi yaşayışları şəkilləndi. Onlardan bir qrup da Avropa ölkələrinə getdi. Xald Hüseyni kimi yazar ingiliscə yazıb yüz minlərcə tirajda, dünyanın müxtəlif dillərində çap olundu. Onun məşhur “Çərpələng uçuran” romanı əsasında film çəkildi, kinoda da yaxşı alındı. Əfqan yazıçılarının da əsas mövzuları müharibə və onun ucbatından rastlaşdıqları bəlalar və çətinliklərdir. Əfqan ədəbiyyatı qərb ölkələrində onların nə çəkdiklərini yaxşıca göstərdi və əfqan ədəbiyyatçıları bəlkə onların siyasətçilərindən daha yaxşı barış diplomatiyasını başqalarının qulağına çatdıra bildi. İlyas Ələvi əfqan şerinin uğurlu nümunələrindən sayılır. Onun şeirlərində eşq, barış, insana aid olan bütün arzular əksini tapır. Əfqan ədəbiyyatı mən oxuduğum yerəcən əfqan xalqının itirdiyi sülhün ardınca gedilən yoldur. Ad çəkmək istəsəm, Zəhra Hüseyinzadə, Fatimə Səccadi, Həfizullah Şərifi və Seyid Asif Həsini və başqalarını əfqan şeirinin gənc istedadlarından saymaq olar.
- Kürd ədəbiyyatı ilə bağlı nə deyərdiniz? Müxtəlif coğrafiyalarda və ölkələrdə yaşayan bu insanlar nələr yazırlar? Harda yayımlanırlar? Ümumiyyətlə, yaza bilirlərmi?
- Kürd ədəbiyyatının ən isti ocağı İraqda Kürdüstan iqlimidir. Səddamdan sonrakı İraqda kürdlərin öz dillərində yazıb-oxumaq maneələri azaldı. Əlbəttə, Səddam dövründə də şer və hekayə yazılırdı, ancaq sürgün yazarlar şer və hekayə bayrağını başqa ölkələrdə qaldırmışdılar. Şirko Bikəs ən tanınmış kürd şairi kimi İsveçdə sürgün olaraq öz xalqının durumundan yazıb yayınlayırdı. Bikəs sürgün yazarlar mükafatına da layıq görüldü keçən illərin birində. İranda Bikəsin şerləri çevrilib, tanınmış birisidir. O, iki il öncə dünyasını dəyişdi. Fərhad Pirbal adlı kürd şair və yazıçısı bəlkə ən çox səs salan adlardandı bu ədəbiyyatda. O da Səddam hökuməti dövründə İraq xaricində yaşayanlardan idi. Onun bir nəfərlik ədəbi manifesti, erotik yazıları və anarxisti davranışları kürd ədəbiyyatını izləyənlərə tanış və eyni halda çaşdırıcıdır. Pirbal yenilikçilikdə kürd şerinin avanqardlardan sayılır. Bəxtiyar Əli, Həsən Şirzad, Qubd Cəlizadə və başqaları kürd ədəbiyyatının indiki ulduzlarıdır. Kürdlərin kitabları həmi İranda, həm İraqda yaxşı tirajda çap olunub yayımlanmaqdadır. Ancaq Suriya və Türkiyədən xəbərsizəm.
- Bütün bu xalqların istedadlı nümayəndələri sülhə, ədəbiyyata, dünyaya – Avropaya çıxmağa necə baxırlar? Ümidləri varmı? Konkret hansı bədii nümunələr var ki, çağdaş dünya ədəbiyyatı ilə müqayisə oluna bilsin.
- Saydığımız xalqların durumları Avropayla müqayisə edilə bilməz. Ərəb ədəbiyyatı bir az fərqlidir, əlbəttə. Ərəblərdə şer və roman Avropaya da yol tapıb və oxunub. Ancaq əfqan və kürd ədəbiyyatı müasir dövranda özünü təzə-təzə tapmaqdadır. Dünya ədəbiyyatında mütləq Yaxın Şərq xalqlarının yeri olmalıdır. Ancaq, sanıram hələ bu yerə malik ola bilməmişlər. Savaş, yoxsulluq və başqa problemlər fürsət verməyib ki, bu xalqlar öz borclarını dünya ədəbiyyatına ödəsinlər. Təbii ki, bu arada parlaq əsərlər də yaranmaqdadır. Ancaq bir əsər öz ölkəsində alınmasa, səs salmasa və yüz minlərcə oxunmasa, ölkə xaricinə çıxmaq üçün də sorunları olacaqdır. Kültürəl inkişaf və ədəbi yetkinlik xalqlar arasında onların səsini dünyanın hər bölumünə çatdıra bilər, zənnimcə.
- Bir zamanlar mədəniyyət beşiyi olan Qoca Şərq indi müharibələr beşiyi olub. Bu şəraitdə sənətin və ədəbiyyatın inkişafına ümid varmı?
- Ümidli olmalıyıq. Biz qohum xalqlar bənzər kültürlərlə, biri-birinə yaxın tarixlərlə, biri- birinə yaxın inanclarla barışa bilsək, qanı qanla yumağı buraxa bilsək, təbii ki, hər bir inkişafa ümidli ola biləcəyik. Niyə ki, siz dediyiniz kimi, bu Qoca Şərq bugünkü hadisələrlə özü-özünü dağıtmaqdadır.