Kulis.azın “Maraqlı adamlar” layihəsinə şair Yafəs Türksəsin namizədliyi veriləndə o saat dedim ki, qardaşımdan özüm yazacam, bu, uşaq-muşaq işi deyil. Və beləliklə başladım...
Tanışlığımız
90-ların axırında “Vahid” poeziya məclisinə arıq, nataraz, dişləri mırıq, üstü-başı tozlu, paltarı köhnə, qarayanız bir adam gəlirdi və Bakı qəzəlxanlarının təsiri ilə axmaq-axmaq qəzəllər yazırdı. Hərəkətləri də qeyri-adi idi. Hiss edirdim ki, bu adamda nəsə var. Amma nə?
Bir gün dedi, heca şeiri oxumaq istəyirəm və oxudu. İndiyədək yadımdadır, “Mənim taleyimə baxma, qaraçı” adlı şeirin bir bəndi belə idi:
Vaqifin ruhudu mənim taleyim
Dolanır hər səhər Şuşanı indi
Qoyub gəldiyimiz şəhid qəbridi
Düşmənin əlində üşənir indi
Bu bənd onunla dost olmağıma kifayət elədi.
Biləndə ki, laçınlıyam, mənə lap isinişdi. Həmişə deyirdi: Laçınla Cəbrayıl Qubadlının üstündə həmsərhəddir, biz yerliyik! Sonralar xəritəyə baxdım ki, yalan deyir. Sadəcə mənimlə daha yaxın olmaq üçün belə edirdi. Və mən də Yafəsə qəribə bir doğmalıq duyurdum. Səbəbi istedadlı və pozitiv olması idi. Amma o, düşündüyünüz qədər də sadə adam deyil.
Davam edək...
Ağlağan Yafəs
Çox kövrək adam idi əvvəllər. Adi bir sözə gözləri dolurdu. Qəfil özü demiş “Postmodernizm çıxdı”. Yafəs özünü təntənəli şəkildə postmodernist şair, fasiləli şeirin banisi elan edib sentimentallığın daşını atdı. Dişlərini düzəltdirdi, əyin-başını qaydaya saldı. Oldu tamam başqa bir adam. Necə deyərlər, postinsan!
Hərdən “Mənim taleyimə baxma qaraçı” şeirini oxuyan o mırıq, qara adamı Yafəsin təmiz, saf və bədbəxt əkiz tayı kimi xatırlayıram.
Yafəsin kökəlməsi
Yafəs həm də qəfil ətə-qana doldu. Bir gün dedim, ay Yafəs, necə oldu ki, belə qəfil kökəldin? Qəribə bir açıqlama verdi. Açıqlamanı olduğu kimi yazıram:
- Şair Kəramətlə “reketlik” edib idarələrdən pul-para alırdıq, o, əvvəllər özü getdiyi yağlı obyektlərə indi məni göndərirdi. Qəribədir, Kəramətin bu manşırlı obyektlərinin hamısının yanında yeməkxana vardı. Kəramət məni pul dalınca göndərəndə özü oturub yemək-içmək sifariş verirdi: hinduşka beli, quzu soyutması, quyruq kababı... Onun evdən qayğısı yox idi. Evlərində işləyənlər vardı. Mənisə pul qazanmayanda arvad evə buraxmırdı. Gördüm, bütün qazandığımız pullar Kəramətin yeyib-içməyinə gedir və bu gedişi dəyişə bilmirəm, mən də ona qoşulub başladım yeməyə. Yedim, yedim və beləcə kökəldim...
“Reket” Yafəs
Bəli, Yafəsin “reketliyi” sizə qəribə gəlməsin. Həqiqətən də elə idi. Bir gün özünü hansısa maşınqayırma zavoduna verir. Ona deyiblərmiş ki, zavodun müdiri sovetdən qalan hər şeyi dağıdır, pul sel kimi gəlir üstünə, jurnalistlərə də görüm-baxım edəndir. Yafəs dabanına tüpürür.
Yazıq kasıb! Yazıq qarabağlı! Bəxtin olsa, Cəbrayılda doğulardınmı?
Yafəs gedən gün “Yeni Müsavat” qəzetində həmin bu müdiri zavodu satıb-dağıtdığına görə sərt tənqid ediblərmiş. Yafəs bir neçə başqa mağmın jurnalistlə düşür bu boğanağın içinə. Müdir onları topa qəbul edib, bir-bir ayağa qaldırır:
- Hansı qəzetdənsən?
Hansı olacaq? Səfeh-səfeh qəzetlər... “Həqiqətin təntənəsi”, “Aydın sabahlara yol”, “Azərbaycanın azadlığı naminə” və s.
Müdir acığını bunlardan çıxır:
- Utanmırsız?! Ölmürsüz?! Yerə girmirsiz?! Aə, qəzet “Azərbaycan”dı, “Respublika”dı, “525”di! Siz də jurnalistsiz? İki qəpikdən ötrü dilənçi kimi düşmüsüz küçələrə. Tfu sizin sıfatınıza!!!
Yafəs lap aşağıda büzüşüb oturubmuş. Müdir “Tfu!!!” deyəndə boynunu lap qısır. Bu an hirsindən cilov gəmirən müdirin gözü onu alır:
- Sən hansı qəzetdənsən?
Yafəs ayağa qalxıb şəstlə deyir:
- “Çörək pulu” qəzetindən.
Müdiri gülmək tutur və “Bax bu başqa məsələ” deyib onun cibinə yaşıl bir “əlliminlik” qoyur.
Tursikdə şeir oxuyan şair
Yafəsin “Sahil daşı” adlı bir şeiri vardı. Hər yerdə onu deyirdi. İnsafən pis şeir deyildi, amma estetik baxımdan daha çox 60-70-ci illərin şeiri idi. Yəni 30-40 il köhnəlmişdi. Şeirin məğzi bu idi ki, şair dəniz kənarında dalğaların tədricən əridib varlığını, özəlliyini itirdiyi daşa baxıb qüssələnir.
Bir gün yenə Yafəs “Sahil daşı” şeiri xüsusi avazla oxuyub məmnun-məmnun dinləyicilərin üzünə baxanda Murad Köhnəqala ayağa qalxıb dedi:
- Yafəs, yerin-yurdun erməni tapdağında, ailən uçuq-sökük yataqxanada, cibində beş qəpik yox, özün də dəniz kənarında tursikdə sahil daşına şeir oxuyursan? Utanmırsan?
Muradın sevgilisi
Yafəsi Muradla mən tanış eləmişəm. Bu tanışlığın qəribə tarixçəsi var. Ancaq burda yazmağa ehtiyac görmədim. Bircə onu deyim ki, Murad Yafəsi tanıyandan sonra Şəmslə Mövlana kimi oldular. Biz olduq yalan!
Bir gün Murad qonaq dəvət olunduğu məclisə Yafəsi də aparır. Süfrədə olduqca ciddi adamlar oturubmuş. Yafəs də üzünü qırxıb, qalstuk taxıb gedibmiş və özünü məclisə uyğun ciddi aparırmış. Adamların içkidən təzə xumarlandığı vaxt kimsə Yafəsi göstərib Muraddan soruşur:
- Heç demədin bu qardaş kimdir?
Muradın cavabı:
- Sevgilimdir!
Yafəsin ata həsrəti
Onun atası haqqında bir şeiri var, oxuyanda dəli olmuşdum. Əslində şeir deyil də, ayrı-ayrı etüdlərdir. Amma bədii dəyəri yüksək olan etüdlər.
Deyir, atam bənna idi, məni əlinin altında işlədirdi, heç vaxt ona elə daş vermədim ki, qoymaq istədiyi yerə uyğun gəlməsin, amma həyatda yerimi tapa bilmədim!
Gərək ki, həmin şeirində atası ilə bağlı belə bir məqam da yazıb: ruzimizdən arxayın vaxtında samovar dızıltısına zümzümə eləyərdi!
Füzuli ondan sorulur
Füzulidən qəti şəkildə xəbəri yox idi, amma dirəşirdi, izahlar verirdi öz aləmində. Həmişə də bir ifadə işlədirdi: “Füzulinin alt qatı...”, “Füzulinin alt qatı...” Guya Füzulinin alt qatında elə bir şey var ki, onu Yafəs qədər duyan və bilən yoxdur.
Bir gün “Vahid” məclisinin aparıcısı Həkim Qəni oxunan qəzələ şərh verib qurtarandan sonra üzünü Yafəsə tutdu:
- Yasəf, - adını həmişə səhv deyirdi – necəsən? Keyfün-əhvalun nicedü? - azca qımışdı - De görüm, Füzulinin alt qatında nə var nə yox? Salamatlıqdımı?
Salam Sarvana təklif
Ədəbi mühitin qaynar vaxtlarında Yafəs Türksəs Salam Sarvanı yanlayır, deyir, şair, istedadın da var, yumor hissin də, ironiyan da, gəl keç postmodernizmə, səndə alınar.
Reket şair
Reket jurnalistlərlə mübarizə geniş miqyas alanda Yafəs çox ustalıqla söhbətin içindən sivişib çıxdı. Keçdi reket şairliyə. Artıq vəzifəli adamların yanına jurnalist kimi yox, şair kimi gedir, kitabını hədiyyə edib beşdən-üçdən alırdı. Kitabları bitəndən sonra isə şair-yazıçı dostlarının kitablarını öz adından imzalayıb hədiyyə verirdi. Bir gün Rasim Qaracanın kitabını müəllif kimi imzalayıb verdiyi vəzifəli adam kitaba baxıb diksinir:
- Mən də Əli Bayramlıdanam, Rasimi yaxşı tanıyıram, onun kitabını sən niyə imzalayırsan?
Yafəs özünü itirmir:
- O ayrı Rasimdir.
- Necə yəni ayrı Rasimdir? Deyirəm, adamı tanıyıram, özüylə münasibətim var.
Yafəs dirəşir:
- Müəllim, səhv edirsiniz, o ayrı Rasimdir. Bu kitab mənimdir, üstündəki də cavanlıq şəklimdir.
Adam hirslənib ayağa qalxır və səsini başına atır:
- A kişi, sən necə adamsan? Deyirəm, Rasimi tanıyıram, yenə çevirirsən. Rasim deyilsən sən!
Yafəs pis yerdə axşamlasa da geri çəkilmək istəmir:
- Əşşi, olma deyirsən, olmaram, day niyə qışqırırsan?!
Mühit
Yafəs Türksəs “Ədəbi mühit” deyəndə həmişə “Vahid” poeziya evini nəzərdə tuturdu. Misal üçün, birinə “Mühitə niyə gəlmirsən?” sualını verəndə bilirdik ki, “Vahid” poeziya evinə gəlməməyin səbəbini soruşur.
Bir dəfə Rasim Qaraca ilə “28 May” metrosunun yaxınlığında ayaqqabı satan Yafəslə görüşdük. Zarafatla soruşdum:
- Yafəs, mühitə niyə gəlmirsən?
Əlindəki uzunburun ayaqqabı tayını o vaxtlar ədəbi prosesdə çalxalanma yaradan Rasim Qaracaya tərəf uzadıb dedi:
- İndi mühit özü yanıma gəlir!
Təxəllüs
Yafəsin təxəllüsü əvvəl Məftun idi. Yafəs Məftun. Sonra Yafəs Türksəs elədi. Səbəbini soruşdum bir dəfə. Dedi:
- Məftun deyəndə adamı səy-səy sevgi şeiri yazan şair hesab edirlər. Türksəs daha çörəkli təxəllüsdür!
Ərli qadını sevmək
Yafəsin ailəli bir sevgilisi vardı, özüylə sıcaq fotolar çəkdirib Facebookda paylaşırdı. Bir gün uşaqlar dedi, ay Yafəs, adamın əri-zadı var, münasibətin var, heç olmasa gizlət, bəlkə qadının başı qaçıb, sənə nə olub bəs?
Gülə-gülə cavab verdi:
- Mən postmodernist adamam! Siz anlamazsız!
Arvadla yaxşı sevişəndə
Məclislərin birində kimsə lağ-lağı elədi:
- Arvadla dalaşanda axşam hökmən qoynunuza alın, barışığın ən asan yolu budur.
Bu an Yafəsin müdrik səsi eşidildi:
- Allah haqqı çox düz deyirsən. Axşam arvadla yaxşıca sevişəndə, səhər durusan ki, qonşunun da həyətini süpürüb.
“Atanşik” Yafəs
Bakılı dostum Rövşən Naziroğlu ilə mənə qonaqlıq söz vermişdi. Getdik, o vaxt Səməd Vurğun bağında işləyən kababxanalardan birinə. Adama bir şiş kabab, araq və pivə sifariş verdik. Qəfil Yafəs durub çölə çıxdı. Çıxanda hərəkətlərindən hiss elədim ki, bu yaxşı gediş deyil, bizi qoyub qaça bilər. Qaranlıq düşmüşdü. Rövşənə dedim, qalx sən kababxananın sağına, mən soluna, bəlkə yaxalayaq. Qaçdıq. Bir neçə saniyə keçməmiş Rövşənin səsi metro tərəfdən parkı başına götürdü:
- Şerifff!!! Qərdeşim!!! Gəl!!! Tutmuşam!!!