Qadınlara qarşı zorakılığa çağırış edən gənc: Nizami bu haqda nə deyərdi?

Qadınlara qarşı zorakılığa çağırış edən gənc: Nizami bu haqda nə deyərdi?
13 iyul 2021
# 11:30

Pantural adlı İnstagram istifadəçisinin qadınların açıq-saçıq geyinməsi ilə bağlı çıxışı bu il 880 illiyini qeyd etdiyimiz Nizami Gəncəvinin düz 814 il əvvəl yazıb başa gətirdiyi “İsgəndərnamə” poemasında böyük İsgəndərin qıpçaq ağsaqqalları ilə söhbətini yadıma saldı.

Əhvalat belədir.

Dünyanın bir çox yerləri kimi qıpçaq ellərini də işğal edən İsgəndər burada qadınları çadrasız, kişilər kimi asudə gəzən, at minən, ov-ovlayan, döyüşən görür. İsgəndərin ordusunda isə uzun səfərlər boyu “qadınsızlamış” minlərlə kişi var. Ad-sanıyla iki cahana səs salan İsgəndərin izzəti-şəninə yaraşmayan hərəkətə yol verilə bilər. Odur ki, böyük fateh qıpçaq ağsaqqalları yanına çağırıb məsləhət edir, deyir, qadınlara əmr edin, örtünsünlər. Və bu yerdə islam dinində, şəriətdə qadının örtünməsi ilə bağlı ən vacib məqamları diqqətə çatdıran şair İsgəndərin diliylə deyir: “Bizim adət-ənənəmiz belədir!”

Qıpçaq ağsaqqalların cavabı qeyri-adidir: “Bizim adət-ənənəmizə görə isə qadınlar üzünü yox, kişilər gözünü bağlayır. Qoşununuza əmr edin, bizim məmləkətdə bizim adət-ənənələrə riayət etsinlər!”

814 il əvvəl, islam dininin intibah yaşadığı bir dövrdə bu sözləri yazmağı bacaran Nizaminin məmləkəti bu gün Panturalın videosunu müzakirəyə çıxarıb.

Təbii, müzakirənin əleyhinə deyilik. Bir yara varsa, onu aşkar edib sağaltmaq lazımdır və bu yöndə mətbuatın da işi yazmaq, müzakirə açmaqdır.

Sorun mətbuatın müzakirə etməsində deyil, ilin-günün bu vaxtı bu cür birmənalı hadisənin müzakirəsinə məcbur qalmasındadır.

Eyni zamanda, o çıxışın təhlükəsi bir fərdin belə düşünməsində deyil, bu zehniyyətə gətirib çıxaran çoxsaylı səbəblərdədir.

Məncə, radikal dini düşüncədən rişələnən meyxana zəkasıdır bu. Qara kurtkalı, əli təsbehli, ağzı dualı “qaqaş” yanaşmasıdır. Dünyəvi təhsili və demokratik inkişafı istisna edən istiqamətdir.

Bu çıxış sübut edir ki, müstəqilliyimizin 30-cu ildönümündə də cəmiyyətimiz mütərəqqi yeniliklərə hazır deyil, onu qəbul etməkdə ciddi çətinliyi var.

Hələ də kimsə tanımadığı xanımların nə geyəcəyini, bədəninin hansı əzasını nə qədər örtəcəyini müəyyən edə və bu haqda fətva verə bilər.

Bundan da dəhşətlisi: adamın on minlərlə izləyicisi var!

Sosial şəbəkələr geri zəkalılığın tirajlanmasına müstəsna imkan yaradıb. Çoxluqsa səviyyəsizlik sindromundan əziyyət çəkir.

İnstagramda cəmiyyətin qaranlıq və ifunətli dərinlikləri daha aydın görünür. Fahişələr açıq bazar açıblar, narkotik tüğyan edir, adi savad və dünyagörüşündən kasad gənclər diz boyu...

Necə tənzimlənməlidir bu məsələlər?

Yoxsa, elektronlaşan yeni dünyaya hazır deyilik?

Etiraf etməliyik, ənənəvi media çoxluğa nüfuz etmək imkanlarını tükədir. Bunun bir səbəbi kütlənin kütlüyündədirsə, o biri səbəbi medianın müxtəlif yalanlara məcbur qalmasındadır.

Bəli, peşəkarlar ən yaxşı halda susub-susdurulduqca, ən pis halda yalan yazdıqca mikrofon cəhalətin əlinə keçir.

Oxucu və tamaşaçı ciddi resurslara inamını itirir, çünki hər gün onların daha çox “yalanını tutur” və həqiqəti təhlükəli sularda axtarmağa başlayır.

Bu mənada, ən böyük təhlükə radikal dini fatalizmin təbliği, fahişəliyin gəncləşməsi və narkotikin az qala leqallaşması ilə yanaşı, bax bu cür axmaq düşüncə sahiblərinin bəlli bir auditoriyaya yiyələnməsi və bu auditoriyanı Azərbaycan konstitusiyasını təhdid edən istiqamətə yönəltməsidir.

Adamın danışıq tərzindən hiss olunur ki, ciddi mətbuatdan və kitabdan çox-çox uzaqdır. Ona görə, onun qırışları lazımınca açılmayan beynində hələ də orta əsrlərdir.

“Tik-tok” dövrünün feodal yetirməsi...

Əlindəki telefondan daha ağılsız birisi.

Onun kimi düşünənlər var.

Bundan daha betər düşünənlər də var.

Və istər-istəməz sual doğur: biz hara gedirik?

Daxili İşlər Nazirliyinin məsələyə adekvat reaksiyası sevindiricidir: paylaşım silinir və adam üzr istəyir.

Həqiqət bir fərd üzərində qələbə çaldı, lakin problem bununla həll olunmur axı.

Polisə qədər o adam valideynin və müəllimin əlindən keçir.

“Dünyəvi təhsil” ifadəsini təsadüfi işlətmədim. Azərbaycanda çoxsaylı xalqlar və fərqli din mənsubları yaşayır. Uzağa yox, eləcə Nizami küçəsinə çıxsan, ateistdən tutmuş kommunistə, sufiyə, buddistə, bütpərəstə qədər müxtəlif insanlar görərsən. Hər kəs küçədən keçənlərə öz ağlı və düşüncəsi ilə nəyisə diktə etsə, üstəlik insanları bu düşüncənin reallaşması üçün zorakılığa çağırsa, halımız necə olar?

Doğrudan adam məəttəl qalır, gözü, başı, ağlı yerində bir adam heç olmasa maraq üçün də olsa yaşadığı ölkənin konstitusiyasını oxumazmı?

Mən harda yaşayıram, yolumuz haradır, bütün günü mətbuatda adları çəkilən böyük liderlər nə istəyiblər və onlar niyə böyükdürlər - kimi suallar onlar üçün heçmi maraqlı deyil?

Hər şey bir yana, lüğəti açıb bütün günü qulağımızı yağır edən “tolerantlıq” sözünün mənasını öyrənmək də mümkün deyil?

Biz qəbilə deyilik və cəngəllikdə yaşamırıq. Hətta bura hansısa dağ rayonunun ucqar kəndi də deyil. Söhbət milyonlarla əhalisi olan böyük mədəniyyət mərkəzindən, Qafqazın ən böyük şəhərindən gedir. Bu sayaq yerlərdə mütləqdir ki, qanunlar işləsin, kiminsə xof-xasiyyəti, adət-ənənəsi, milli mental və ya mentol dəyərləri yox.

Küçədən keçən qadının açıq yanbızı təhlükəli deyil, peyin iyi verən baş təhlükəlidir. İllah da ətrafına bəlli bir izləyici kütləsi toplaya bilibsə...

Sosial şəbəkələr bütün ümumi prinsiplərlə yanaşı hər ölkədə spesifik cəhətlər ortaya çıxarır. Bəzən mən gözəlim Azərbaycandan qorxuram. Ən son model kompüterin önündə yeddinci əsr düşüncəsi ilə yaşamaq necə mümkün ola bilir?

Həm də Nizamisi olan bir xalqın nümayəndəsisənsə...

Ciddi araşdırılmalı mövzudur.

# 4909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #