Mirzə Cəlilin “böyük qardaş”a çaldığı “Kamança”

Mirzə Cəlilin “böyük qardaş”a çaldığı “Kamança”
6 mart 2020
# 10:35

Nədənsə söz həmişə bu mövzu üstünə gələndə ortam gərginləşir, şəxsiyyətlərin və cəbhələrin müqayisəsi üzərində aparılan dağınıq polemika cücərir - “Molla Nəsrəddin”dən danışanda həmən-həmən ağıla “Füyuzat”, “Füyuzat” deyəndə “Molla Nəsrəddin” gəlir.

Halbuki, bu iki mətbu orqan tamam ayrı müstəvilərdə qərarlaşan jurnallar idi. Biri sənət axtarırdı, digəri xalqa daha yaxın olan qəzetçiliyin təməlini möhkəmləndirirdi. Mətbuatın təməlinin satira, ironiya üzərində qurulması cəmiyyətin inkişafına xidmət edə bildimi, yoxsa öhdəsindən gəlməkdə çətinlikmi çəkdi? Bu tamam ayrı mövzudur. Hərçənd Mirzə Cəlilin, Sabirin “qəhrəman”ları bu gün də sağdırsa, demək mübahisə qalmaqdadır. Amma yenə də qeyd edim ki, bu, tamam başqa mövzudur...

Ayrı istiqamətlərin inkişafına çalışan və birinin bəlli səbəblər ucbatından Sovetin qanlı əli boğulduğu, digərinin isə ənənələrini davam etdirdiyi bu jurnalları iki qütb, iki cəbhə kimi müqayisə etmək yerinə düşmür. Necə ki, Kiplinq deyirdi: “Şərq Şərqdir, Qərb də Qərb – onlar heç vaxt kəsişməyəcək”.

Amma bizdən əvvəlki qələm adamları Azərbaycanın təməl dərgilərindən, eyni zamanda Həsən bəy Zərdabidən, Əli bəy Hüseynzadədən, Mirzə Cəlildən yazanda məsələyə davamlı müqayisələr və mübahisələr üzərində yanaşdıqlarına görə, biz də bu gün həmin dönəmlə bağlı ağzımıza söz almaq istədikdə bu ənənəni – yəni, müqayisəli analiz mövqeyini davam etdirmək zorunda qalırıq. Məsələn, bu gün yazmaq istədiyim məqam Cəlil Məmmədquluzadənin “Kamança” hekayəsində qərar tutub. Lakin bu hekayə ilə bağlı səmimi fikirlərimi qeyd etməyim məsələyə fərqli rəng qatacaq deyə, əlavə olaraq indi yazacağım məqamları bölüşməyə məcburam. Halbuki ayıq ədəbi baxışı olan hər kəsə məlumdur və ya tezliklə məlum olacaq ki, çağımızda belə “Füyuzat”çıların ənənələrini ürəklərində bəsləyən, bu və ya digər şəkildə onları davam edən insanların heç biri Mirzə Cəlili, Sabiri, Axundovu kiçiltmir, bəlkə də bu şəxslərə verdikləri qiymət özünü Molla Nəsrəddinçi sayan əksər qələm adamlarının sələflərinə verdiyi dəyərdən daha səmimi və yerindədir.

Məgər biz bilmirikmi ki, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir olmasaydı cəmiyyətimizin çağdaş proseslərə baxışı reallıqdan nə qədər iraq olardı? Məgər aydın görünmür ki, bu gün Azərbaycan cəmiyyətinin əksər müsəlman toplumlarından fərqli olaraq, yad “ideologiyalar”a, nağıllara inanmamasının, bu cəfəngiyyatlara illər əvvəl gülünmüş lətifə kimi baxmasının ilkin səbəbkarları M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir və digər maarifpərvər ziyalılarımızdır?! Bu şəxslərin Azərbaycan cəmiyyətinin formalaşmasında, bugünkü insanımızın gözünün yüz il əvvəl açılmasında xidmətləri danılmazdır.

Lakin bu yerdə ədəbiyyatla jurnalistikanın, publisistikanın bir-birindən yetərincə fərqli dünyalar olduğunu da unutmalı deyilik. Bu gün əsl sənətdən danışırıqsa, onu daha çox Qurbanəli bəyin axurunda, “Danabaş kəndi”nin, “dana”sında deyil, Hüseyn Cavidin “Ana”sında axtarmalıyıq. M.F.Axundovu eramızdan əvvəl yaranmış bir janrı Azərbaycana gətirdiyi üçün novator adlandırmalı deyil, daha çox toplumun qeydinə qalan ziyalı kimi qiymətləndirməliyik.
Bütün daşlar yerində oturmalıdır və oturacaq. Necə ki, biz yazmaq istəyirik, yazırıq...

Ədəbiyyatla publisistikanın fərqi sənətlə məişətin fərqindən daha aydın olmalıdır. Sovet ədəbiyyatının məxsusi romançılığı, xas mövzuları hətta ədəbiyyat adamlarımızın belə fikrini dolaşdırıb. Yanlış dəyərləndirmələr... Bu qiymətləndirmələr heç nə həll etməsə də, həll olunmalı məsələlərin qarşısında durmaqdadır.

Əsl mətləb isə burdadır, ovcumuzun içində; bizi Cəlil Məmmədquluzadənin dünyəvi dəyərləri çox da önə çəkməyən qələm adamı olduğunu deyəndə qarşımızı kəsən “Kamança”nın sarı simlərində...

Necə ola bilər ki, bu gün əksər “Molla Nəsrəddin”çi ədəbiyyatşünasların Cəlil Məmmədquluzadə nəsrində iynəylə gor qazırmış kimi axtardıqları və öncə özlərinə, daha sonra oxuculara danışdıqları şirin yalanları nəzərə almasaq, tapa bilmədikləri bəşəri dəyərlər, yeni üfüqlər, dünya ədəbiyyatı ilə, çağının ədəbi cərəyanları ilə çulğaşan ideyalar yalnız “Kamança”da toplaşa. Bir pərdəlik qısa faciə-pyesində yazıçı bu qədər dəyişə bilərmi?

Necə ola bilər ki, yazıçı nə bu əsərdən əvvəl, nə də sonra kəskin qabartmadığı bir duyğunu – humanizmi bəşəri səviyyəyə qaldıra, əzizlərini itirmiş bir insanın intiqam hissini sənətə, musiqiyə qurban verə...

Yazılmasından bir əsrə yaxın vaxt ötməsinə baxmayaraq, bu gün dünya oxucusunun gözünə təpəcəyi bir əsərdir “Kamança”.
Cümhuriyyət dönəmində Mirzə Cəlilin ədəbi camiədə çox da gözə dəyməməsi, “Molla Nəsrəddin” jurnalının dərcinə iki illik fasilə verməsi yazıçının həyat və yaradıcılığında qaranlıq qalan mərhələlərdən sayılır.

Daha sonra, 1920-ci ildə Şuşa Qalasından “Kamança” səsi gəlir...
Çox maraqlıdır, niyə “Kamança” 1905-ci ildə baş verən erməni-müsəlman qarşıdurmasından sonra yox, 1920-ci ildə, Mirzə Cəlilin pərəstiş etdiyi sovet-rus mədəniyyətinin Azərbaycana ayaq açacağı ərəfədə yazıldı? (Yaxud üzə çıxdı)

“Qızıl ordu”nun Azərbaycana daxil olması ərəfəsində türk-erməni münasibətinin sakitlşdirilməsinə hesablanmış bu hekayət yazıçının humanizm hissindən daha çox sifarişdən - bəlkə də öz daxilində yaranmış fərdi sifarişdən qaynaqlanırdı. Bu, “Kamança”nın humanizm adına deyil, “böyük qardaş”ın sevmədiyi, “etnik problem” saydığı türk-erməni savaşlarının həlli üçün çaldındığı ağıla gəlir. Düzdür, Sovet İttifaqı qurulandan sonra bir çox şair və yazıçılarımız Azərbaycan-Ermənistan arasındakı tarixi ədavəti soyutmaq üçün açıq məqalələr, şeirlər yazdı. Lakin bu yazıçıların məqsədi birmənalı idi – repressiya siyahısına düşməmək! Yaxud da bu böyük çarxın içində xoşbəxtcəsinə əzilməyi səmimiyyətlə qəbul etmişdilər.

Cəlilin “Kamança”sını isə biz yüz il oyandan ayrı ad altında dinləməkdəyik.

# 4507 dəfə oxunub

Müəllifin son yazıları

# # #