Aynişan və digərləri: “Şəhid övladı” adı nə üçündür?

Aynişan və digərləri: “Şəhid övladı” adı nə üçündür?
23 dekabr 2020
# 11:01

“Filan bölgənin adamları yaxşıdı, biri Qabağa gedəndə o birisini də aparır”.

Tez-tez eşidirik bu sözü...

“Filan rayonun adamları bir-birini tutandı”.

Təəssüf ki, bu, bizim üçün müsbət şablondur, həmin xüsusiyyəti tərif kimi deyirik. Hərçənd yalnız hansısa rayondan, yaxud kiminsə qohumu, tanışı olduğu üçün qabağa çəkilən adamlar, haqlının yerini tutur. Rəqabəti öldürür. İnsanların təhsili, bacarığı ikinci plana keçir.

Adamlar yalnız istedadı, fərdi bacarıqları ilə önə getməlidir, bunu hamımız bilirik. Ancaq yenə də hansısa bölgənin tanınmışlarının öz adamlarını irəli çəkməsini yaxşı iş kimi qiymətləndiririk.

İnsanların öz yaxınlarının sosial problemlərini həll etməsi, onları maddiyatla təmin etməyə çalışması şərq mühitində başa düşüləndi; ürək yanır, hər adam öz gücünə ayağa qalxa bilmir və bu ayağa qalxa bilməyən adam kimin əzizidir... (Hərçənd sosial dayaqları təmin olunmuş cəmiyyətdə bu problem yaşanmır)

Ancaq insanları problemə aidiyyatı olmayan statuslarına görə irəli çəkmək ən azından düzgün deyil; bu, mənim bibim oğludursa və etibarlı uşaqdırsa, demək, filan vəzifədə ola bilər.

Yox!

Həmin vəzifəyə keçmək üçün ömrünün 4 ilini tər töküb oxuyan, bir o qədərini də boz idarələrdə kağız daşıyan, 200-300 manat maaşa dəridən-qabıqdan çıxıb karyerasına göz dikmiş adamlar var.

Bu vəzifədə onlar olmalıdır.

İkinci Qarabağ müharibəsindən sonra şəhidlər, şəhid övladları mövzusu bir az da həssas mövqeyə keçdi. Hər xatırlayanda ürəyimiz ağrıyacaq daha 3 min ailə - şəhid ailəsi – yaramızı böyütdü.

Şəhid övladları xüsusi həssaslıqla yanaşmalı olduğumuz şəxslərdir;

  1. Valideyni yoxdur.
  2. Valideyni bizə, vətənə görə canından keçib.
  3. Valideyni cavan ikən dünyasını dəyişib və bütün yarımçıq planlar bu ailənin üzərindədir.

Artıra biləcəyimiz bu kimi müddəalar bizə diktə edir ki, bu kateqoriyadan olan şəxslər barədə yetərincə düşünək.

Təbii, bu addan sui-istifadə edənlər də az deyil, di gəl, belə müqəddəs məqamda həmin ürəkbulandırıcı məsələdən çox danışmaq da düzgün deyil.

Lakin cəmiyyət olaraq şəhid övladlarına göstərməli olduğumuz münasibət də bir çox məqamlarda deformasiyaya uğrayıb.

Məsələn, yaxın günlərdə “YAŞAT” fondu ilə bağlı görüşdəki şəxslərin əksəri ictimaiyyət nümayəndələrinin ürəyincə olmadı. Düzdür, bu, bloggerlərlə görüş idi və belə məqamlarda daha çox izləyici kütləsi olan şəxslər yada düşür. Orda iştirak edən şəxslərin ictimai nüfuzundan, onlara bu müstəvidə dəyər verilməsindən danışmayacam, sözüm Aynişanı şəhid övladı olduğuna görə dəstəkləyənlərədir.

Çünki məsələyə aidiyyatı olmayan müstəvilərdə “şəhid övladı” adının dəfələrlə səsləndiyini görmüşük, xüsusilə də Aynişanla bağlı.

Şəhid övladı daha çox mənəvi statusdur. Bu status ehtiyaca qarşı yönəlməlidir, şəhid övladlarının layiq olmadığı pillələrə qaldırılması üçün yox.

Biz bu statusun arzuolunmaz köşələrə daşınmasını bəzən “seyidəm” adı ilə səs-küy salan şəxslərdə də görürük. Hərçənd özünü həqiqi peyğəmbər şəcərəsindən sayan adam bu titulu bazarda, növbədə - hər addımbaşı xərcləmir.

Tanıdığım bir rayon bazarında hamını qabağına qatan, ağına-bozuna baxmadan naxallıq edən biri var idi, səbəbini soruşdum, dedilər, atası Qarabağda şəhid olub, ona görə bir söz deyə bilmirik, amma adam deyil.

Yaxşı kişinin övladı yaramaz ola bilir, bunun dəfələrlə şahidi olmuşuq. Ona görə də bu mənəvi adı lazımsız müstəvilərdə istədiyi kimi istifadə edənlərə qarşı sözümüzü rahat deməliyik.

“Şəhid övladı” baş tacıdır, onu çətir kimi istifadə etmək olmaz.

Biz hansı hallarda şəhid övladının yanında olmalıyıq?

Şəhid olmuş atasına görə itirdiyi imtiyazları qaytarmaq yönündə!

Yəni, o, yetkinlik yaşına qədər sosial çətinlik çəkərsə, onu cəmiyyət olaraq böyük bir ata kimi göz önündə tutmalıyıq. Eyni zamanda atasızlıq ucbatından yaşadığı bütün çətinliklərdə şəhid övladlarının yanında olmağa borcluyuq. Düzdür, biz nə eləsək də, onun atasının vətən üçün etdiyinə qarşılıq verə bilməyəcəyik. Hərçənd qarşılıq verə bilsəydik, o zaman şəhidlik də bunca ucalıqda qərar tutmazdı. Ancaq yenə də atasızlıq, valideynsizlik səbəbilə yaşadığı sosial-ictimai sıxıntıları, mənəvi boşlquları doldurmaq üçün bacardığımızı əsirgəməməliyik.

Ancaq bir şəhid övladı millət vəkili olmaq istəyirsə, bizim ona məhz şəhid övladı olduğu üçün səs verməyimiz düzgün deyil. Biz onu yalnız fərdi bacarıqları hesabına fərqləndirə bilərik. Çünki Milli Məclis bunun üçün nəzərdə tutulmayıb. Həm də yazının əvvəlində qeyd olunduğu kimi, bu kimi hallar onunla yarışda, tenderdə rəqib olan insanlara da haqsızlıqdır.

Elə o şəhidlərin pak ruhları naminə, haqsızlıq etməyək!

# 5025 dəfə oxunub

Müəllifin son yazıları

# # #