"Bu şəhərdə": seksizmdən təhqirə

"Bu şəhərdə": seksizmdən təhqirə
3 noyabr 2020
# 13:35

İctimai nüfuzu olan şəxslərin ağzından çıxan sözlə, sıravi adamların fikirləri cəmiyyətdə fərqli rezonans yaradır. Eyni fikri sıravi sosial şəbəkə istifadəçisi yazanda həmin postla 5-3 nəfər maraqlanır, amma məşhurların dilindən çıxanda aləm dəyir bir-birinə.

Bu, əslində, çox təbii hadisədir.

Təbii olmayan məqam budur ki, əksər məşhurlarımız hələ bu reallığı başa düşməyib. Səbəb onların bu məşhurluğa layiq olmamaqlarıdır. Saxta nüfuz saxta sənəd kimi addımbaşı adamı ələ verir.

“Bu şəhərdə”nin Feysbuk hesabından paylaşdığı bir şəkil də yuxarıda qeyd olunan problemi aşkar sərgiləyir.

Şəkildə bir neçə hamilə qadın yürüş edir. Üzərində isə “Anna Akopyanın dəstəsi Qarabağdan qayıdır 2020” yazılıb. Bir daha təkrarlamağı zəruri sayıram, bu şəkil adi bir adam tərəfindən paylaşılsaydı, çoxu gülüb keçəcəkdi, “caps”in rəzilliyi çox insanda qıcıq yaratmayacaqdı. Milyonlarla izləyicisi olan “Bu şəhərdə” kollektivinə məxsus səhifənin bu şəkli paylaşması isə əksər söz adamlarında haqlı qıcıq yaratdı və bir gün ərzində onlarla şəxs “Bu şəhərdə”ni topa tutdu.

Bəli, “caps”də verilən mesaj əslində gülməli deyil, biabırçıdır.

Bir müddət əvvəl “Bu şəhərdə”nin konsertində baş alıb gedən seksizmdən söz açmışdım. Bu kollektiv əksər yumoristik situasiyaları qadın bədəni, kişi-qadın ayrı-seçkiliyi, qadınla bağlı cəmiyyətin arxaik fikirləri, stereotiplər üzərində qurur. Bu şəkildəki yanaşma isə təkcə seksist deyil, qadınlara açıq həqarətdir.

Birincisi, qadın bədəni söyüş toxumları üçün nəzərdə tutulmuş dirrik deyil. Hamiləlik dünyanın ən müqəddəs situasiyasıdır. Bu prosesdə yeni dünyanın təməli olan körpə dünyaya gəlir. Ümumiyyətlə, qadının doğmaq reallığı üstünlükdür, nəinki kişiyə xidmət.

Zəif intellektli tin kişilərinin şaqqanaq çəkib güldüyü cinsəl zarafatlar, söyüşlər bir yumor komandasının materialı olmamalıdır, ələlxüsus, cinsə yönəlik aşağılama, təhqir qəti yolverilməzdir. Bu təhqir bizim ölkəmizdə ictimai sifarişli cinayət şəklini almasa da, reallığı başa düşənlər üçün böyük rəzalətdir.

İkincisi, paylaşım nəinki qadın nöqteyi-nəzərindən, hədəfə alınan digər tərəflərdən də komik deyil. Əsgərlərimiz hazırda döyüşdə qanı, canıyla şəhadət verir. Biz onlar haqqında bu tip situasiyaları düşünmək üçün nə qədər yelbeyin olmalıyıq. Bu foto hazırda cəbhədə gedən müqəddəs prosesi anlamamaqdır.

Məşhurluq durduq yerdə qazanılmır, ona aparan yol insana adətən bir çox keyfiyyətlər aşılayır, hansı ki, bu keyfiyyətlər məşhurların davranışlarını, ağzından çıxan sözləri tənzimləyir. Olduqca maraqlı məsələdir; niyə Azərbaycanın şou-biznes, bazarının nümayəndələri, məşhurlar məşhurluğa gedən yolda həmin keyfiyyətlərdən nəsibini almayıb. Çox güman, həmin şəxslər məşhurluğa normal ictimai proseslər fonunda çatmayıb, yaranan boşluqda, sağlam olmayan rəqabət fonunda kəsə yolla gəliblər.

Bu “caps”in ərsəyə gəlməsində “Bu şəhərdə”nin aktyorları qarnına balış qoyub hamilə qadınlarla bağlı səviyyəsiz zarafat edəndə gülən toplumun az “əməyi” yoxdur.

Görəsən, “Bu şəhərdə” ən aşağı təbəqənin gülüş nəbzinə hesablanmış atmacalardan, eyhamlardan qurtulub nə zaman irəli gedəcək?

Təəssüf, belə görünür ki, “Bu şəhərdə” də ən yaxşı halda bir mərhələ idi, cəmiyyətin inkişafına ciddi dəxli olmayan, boşluqda yaranmış bir biznes layihəsi. Onlar da məşhurluqlarının kölgəsində sətəlcəm olmuş milyonlarla həmkarları kimi zəifləyib yeni eraya qədəm qoya bilmədilər. Çox kədərli cümlə olsa da, onlardan artıq keçmiş zamanda danışmaq zorundayıq, xatırlanacaqlar, relikt kimi.

Bu qara proqnozu verməkdə əsas səbəbim isə həmin “caps”in paylaşımından 22 saat ötsə də, çox ciddi şəxslərin bu şəklə sərt reaksiya verməsinə baxmayaraq, onların bu fotonu silməməsdir. Hələ çıxıb açıqlama da verirlər ki, düz eləmişik! Bizi gözü götürməyənlər həmişə olub, it hürər, karvan keçər. Karvan isə göz görə-görə yanlışa gedir - qarşıdakı tufanı görmədən...

P.S. “Bu şəhərdə” haqqında yazdığım ikinci yazıdır, çox güman ki, qarşı tərəf bu yazıların qərəzli olduğunu düşünəcək. Nə yazıq ki, bu, ictimai sifarişdir, ötən bir sutka ərzində onlarla mədəniyyət adamı bu fotonu paylaşaraq, altında şərh yazaraq hiddətini ifadə edib.

# 11162 dəfə oxunub

Müəllifin son yazıları

# # #