Qaqaş təfəkkürü, məhəllə “zakon”u, lokal söz-söhbətlər: Meyxana nə vaxt sənətə çevriləcək?

Qaqaş təfəkkürü, məhəllə “zakon”u, lokal söz-söhbətlər: Meyxana nə vaxt sənətə çevriləcək?
12 fevral 2021
# 09:01

Son illər meyxana hər nə qədər elitar sənət sayılmasa da (hətta sənət sayılmasa da) bu sahəni sevən, dinləyən, bu meydanın içində söz deməyə çalışan milyonlarla adam yetişdi. 10 milyonluq bir ölkədə meyxana videolarının milyonlarla izlənməsi bu sahəyə olan böyük maraqdan xəbər verir.

Nəzərə alaq ki, meyxana Azərbaycandan başqa ölkələrdə dinlənmir, dinlənsə də, həmin ölkədə yaşayan azərbaycanlılar tərəfindən dinlənilir. Xaricilərin diqqətini çəkmədən milyonlarla adama çatmaq, maraq oğurlamaq meyxananın artıq Azərbaycan üçün böyük hadisəyə çevrilməsi deməkdir.

Təbii, meyxananın söz müstəvisində yüksək sənət nümunəsi olduğunu düşünmürəm. Mənə görə, söz təsbehdirsə, şeir 33 daşı bir-bir sıxıb zikr etməkdir, meyxana isə təsbehi barmaqarası şaqqıldatmaqdır, “nimçaqa” kimi fırlatmaqdır.

Meyxana bir az da müqəddəs söz sənətilə məzələnməkdir, əksini iddia edən varsa, bu günə qədər bədahətən deyilmiş ən mükəmməl bəndi qoysun qabağına, baxsın, səmimi olsa, etiraf edər ki, o bəndin üstündə çox yox, 10 dəqiqə də işlənsəydi, daha möhtəşəm variantını ərsəyə gətirmək olardı.

Meyxana mahiyyət etibarilə tərkibindəki sözlərin bədii yükü, informasiyası deyil, bədhatən deyilməsi ilə effektivdir. Bu sənəti var edən onun bədahətənliyidir. Biz meyxananı belə qəbul etməliyik və daha çox bu məqama görə qiymətləndirməliyik.

Meyxana bədahət sənətidir. Hansı ki, bu bir unikallıqdır. Ona görə meyxananın dəyəri də daha çox deyilən sözün qüdrəti ilə yox, meyxanaçının çevik təfəkkürü, fikrin anidən istehsal edilməsi ilə ölçülməlidir.

Unutmayaq, hazırda dünyanın heç yerində meyxana kimi sənət mövcud deyil. Demək olar ki, qəti qəlibi, qaydası, çərçivəsi olmayan freestayl repi qərb ölkələri bəh-bəhlə gözlərinin üstünə qoyublar. Onlara meyxananın mahiyyətini, qaydasını anladan olsa, heyrətdən gözləri bərələr, gözlərinin üstünə qoyduqları rep də sürüşüb düşər.

Təbii ki, söhbət bədahətən deyilməyən, söz yığınından ibarət olmayan rep parçalarından getmir. Bu gün Azərbaycanda da öz yerini tutmuş rep sənəti ciddi kriteyaları ilə əksər sənət nümunələrinə meydan oxumaqdadır.

Meyxanaya göstərilən maraq qarşısında akademiklərin, sənətşünasların bu sənət haqqında yazdıqları tənqid kölgədə qalır, meyxana dili ilə desək, xiridar fətvasından eşidilməz olur.

Mən toylarda tanınmış meyxanaçıların dediyi bəndlərdən sonra toyxanadakıların qışqırışmasını eşidəndə, “Yutub”da meyxana videolarına gələn milyonlarla baxışı görəndə qorxuram, canımdan üşütmə keçir...

“Yutub”da təkcə meyxanaçı Kərimin oğlunun toyuna 1 il ərzində 4 milyona yaxın adam baxıb. Azərbaycanda başqa kimin toyuna 4 milyon adam baxıb? Göründüyü kimi, baxış səbəbi fərd deyil, səbəb meyxanadır.

Son zamanlar meyxana barədə araşdırmalarım, yazılarım zamanı virtual da olsa, bu meydanın içinə düşdüm. Öncədən əmin olun ki, bu sahədə söhbət təkcə ritmdən və sözdən ibarət deyil, meyxananın həm də özünəməxsus bir enerjisi var, əksər adamları da əsir-yesir salan bu atmosferdir.

Ya zəlzələdən, ya vəlvələdən bu gün Azərbaycanda milyonlarla adam meyxana sevdalısıdır. Meyxana və meyxana meydanları isə bu sahənin sənət kimi formalaşmasına heç hazır deyil. Nə qədər üzücü olsa da, etiraf etməliyik ki, bu sahədə hələ də qaqaş təfəkkürü, məhəlli qayda-qanun, lokal söhbətlər, oğlannıq üsuli-idarəsi qalmaqdadır.

Bu sahədə olan ən işıqlı adamlar da bu bulantının içində öləziyir.

Meyxana aləmində problemlərə yanaşma, ictimai hadisələrə reaksiya günümüzün reallıqları yanında çox məhəlli görünür. Bu sahənin adamların danışıq leksikonu, ləhcəsi belə çox fərqlidir. Sanki bu aləm bilərəkdən köhnəliyə meyllənir. Tam da bu səbəbdən meyxana çağdaş tendensiyalarla ayaqlaşa bilməyərək reallıqdan qopur, girişi və çıxışı bəlli olmayan bir Çin məhəlləsi kimi qarmaqarışıq həyat sürür.

Azərbaycanda ən maraq doğuran sahələrdən biri olan meyxananın toyxana toz-dumanında kirlənməsi, heç cür sənət müstəvisinə qalxa bilməməsi, əski təfəkkürlü insanlar yetişdirməsi ağrılıdır.

Əmin olun ki, bu gün meyxanaçıların ən yaxşıları belə (hərə öz zövqünə görə ən yaxşıları nəzərdə tuta bilər) Tarkovskinin, Hanekenin, Kiarostaminin, Kusturitsanın və bu qəbildən sadalaya biləcəyimiz onlarla rejissordan heç birinin filminə baxmayıb, nəinki baxmayıb, heç onları tanımır, eləcə də Folkneri, Ekonu, Pamuku və b. tanımır. Dünyada gedən tendensiyalardan xəbərsizdir, Vahiddənqalma bir relsin üstünə hər il milyonlarla adam dolu yeni qatarlar çıxır, bu qatarların qəzası çox faciəvi görünür...

Meyxananın öz cənginə aldığı milyonlarla adam varsa, biz bu sahəni lağ hədəfinə çevirə bilmərik, çevirsək də, özümüzə lağ edərlər. Bu sahə ciddiyə alınmalıdır. Bəs bu dumanlı məclisləri, qeyri-intellektual kütləni, təhlükə vəd edən milyonları necə süfrəmizin başına gətirək?

Yalnız ümid etmək qalır.

Ümid edək ki, bu sahədə də reformist bir gənc meydana çıxacaq.

Hansı ki, o həm meydanda Rəşad Dağlını bağlayacaq, həm də başını qaldırıb arabir təpəmizdə hərlənən İlon Maskın peyklərini görə biləcək. O tüstü-dumanın içindən sıyrılıb işığa doğru gələcək, arxasınca da həmin milyonlar...

Bax, həmin adam həqiqi qəhrəman ola bilər.

Ümid edək ki, tezliklə yeni nəsil meyxanaçılar yetişəcək, onlar ən yaxşı halda təkcə qəzəl, əruz deyil, həm də modernizm, postmodernizm ilə tanış olacaq, əllərinə qərb mədəniyyəti toxunacaq...

Nəhəng Şərq mədəniyyətini Qərb sivilizasiyası ilə birgə həzm-rabedən keçirəcək, intellektualların meyxana ilə bağlı gəldikləri xoşagəlməz qənaətləri darmadağın edəcək.

# 5216 dəfə oxunub

Müəllifin son yazıları

# # #