Yazıq Əhməd, yazıq Əhməd... - Nadir Yalçının yeni şeirləri

Nadir Yalçın

Nadir Yalçın

9 iyul 2024
# 12:00

Kulis.az Nadir Yalçının yeni şeirlərini təqdim edir.

Bir bürkülü iyul axşamı

Qonşumuz Əhməd atası ölən gün
qızdırmadan yananda,
başının üstündə
nənəsi ağlayanda,
Qonşumuz Əhməd yerindən dikəlib
məzlum-məzlum baxanda
baxıb-baxıb
qara yaylıqlara axıb-axıb:
“Məktəbə gedəndə,
uşaqlar atamı soruşanda,
xar tut dəyəndə,
köynəyim bulaşanda,
Alagöz itəndə,
yonca bitəndə
bu qədər camaata nə deyəcəm?”
-Qonşumuz Əhməd hönkürəndə
bayatıların səsi batanda
bir bürkülü iyul axşamıydı.

Bir bürkülü iyul axşamıydı,
iyul axşamıydı lap bürkülü.
Qonşumuz Əhmədin istidən öldüyü,
atasının eləcə öldüyü iyul axşamıydı.
Elə axşamıydı, elə…
Bağda meyvənin yaxşı vaxtı,
ən yaxşı vaxtı,
lap yaxşı vaxtı öldü qonşumuz Əhmədin atası.
Qonşumuz Əhməd sübh çağı —
atasının vida vaxtı
Bağa tərəf boylanıb:
“Meyvənin bu vaxtı adam da ölər?”
-dedi ağzında şirəni tamsınıb,
əriyi tamsınıb,
gilası tamsınıb,
ağzının dadının son axşamıydı.
Qonşumuz Əhməd qızdırmadan yananda
Əriyin yanağı qızaranda
sübh çağı qara rəngdə açılanda
Bir bürkülü iyul axşamıydı.

Küknar meşəsindən düşmüşdü axşam,
düşməmişdi,
hardansa gətirib salmışdılar
qonşumuz Əhmədin atası ölən axşamı.
Hava dayanmışdı,
su dayanmışdı,
Allah da dayanmışdı.
Ayaq saxlamışdı küçədən keçənlər.
Əlini əlinə vurub elə hey deyirdilər:
“Yazıq Əhməd, yazıq Əhməd…”
Yetim qaldı qonşumuz Əhməd
Bir bürkülü iyul axşamı.

***

Sərçələrin iyunu

Günəş pərdəni ram edib
şığıdı yazı masasına.
Hardasa bir qoca
baxarkən əsasına
hovuza tullanan uşaqlar
əl elədi səmaya.
Yuxarı mərtəbədəki qonşu
eyvana çıxıb palaz çırpanda
radiodakı nəğməyə səs verdi.
Gurultuyla gələn leysan
tez səngidi.
Kim isə çağırır kimsəni
Kim isə salam verir
əvvəlkindən daha tez.
İndi səhər tələsir,
yubanır gecə.
Xəzri əsir…
İyundu.

Qaldırımlar rəngini dəyişir,
Tut boyayır səkini.
Küçələr məst,
insanlar sərməst,
günlər, saatlar xoş.
Payıza qalmayan toyların səsi
təzə ayın bağrından qopur.
Açıq havadakı çayxanalar
söhbətgaha çevrilir.
Fatmayi bağlarında sayrışır meynələr.
Gözləyir qonağını dənizkənarı restoranın
gənc
yaraşıqlı
universitetin qiyabisində oxuyan ofisiantı.
Fəvvarələrin ecazkar fantanı
çiləyir damcılarını öz kölgəsinə.
İyundu.

Sərçələr tut ruzisini dadıb cikkildəşir,
Boğazlarını qamaşdırır şirə.
Sərçələr gölməçələrdə çimişir,
elə yaraşırlar şəhərə…
Sərçələr yad ölkələrdən qayıdan quşları
doğma nəvazişlə qarşılayır;
daimi sakin kimi…
Bu tut ağacları Allahın sərçələrə ehsanıdı.
İyun sərçələrin iyunudu,
hər yer sərçələrin…

***

Salam Sarvana məktub

Ey qoca şeirimizin salam-məleyk qapısı,
Nə oldu birdən-birə əcəl buludlarına?!

Yağış yağandan sonra ətri gələn torpağın
Hər qarışı səsləyər təbib nəvazişini
Çağırmaq istəyəndə ölülərin ruhunu,
Köməyə çata bilər Füzulinin nəfəsi?

Qapını örtənlərin yox idimi insafı?

Törəyə bilmədilər min budağ cücərdənlər
Cücərtdilər baharın ilkin pöhrələrini
Xatırlamaq ağırdı… hökmü qəti zamanın
Sərəncamı qurutmaz güllərin şirəsini.

Seyr elə, zülmə axan yaşların saflığını
inci dənəsi kimi düzümmü çal zülfünə?

ey nəzm mülkümüzün biyaban sərgərdanı
Hanı yüyəng yiyəsi, boz köhlənin cilovu?

Məhəbbət umanların ahı ərşə ucaldı
Bu dünya vaxtla deyil, sözlə birgə qocaldı
Bu vəfadan iraqlar hansımızdan öc aldı?
Belə olur görəsən yaşamağın hesabı?
Bəlkə ümid saxlayaq durnalar qayıdana?

Ki alnımız açılıb qələmin hökmü sarı,
Əzəl-əcəl oynunun kimdi astanasında?

Bəs soruşan olmadı könlümüzün fərəhin —
Uçdu qanadlarında kəmfürsət arzuların.
Vida saatımıza inansaydıq əzəldən
Nə mənası olardı açılan sabahların?

Nə oldu ki, inandıq ölümün gəlməyinə?

O həmin nəfəs idi - həyatın kandarından
bu qoca kainatı pıçıltısı bürüyən
O həmin qələm idi - öz sivri ucu ilə
kədəri kölgəsində sonsuzluğa sürüyən.

Bir şairin ağrısız yoxmu yaşamaq haqqı?


***

Adaşım daş

Təkcə adımı həkk etdiyim daş qalıb —
Qalib daş...
Rəngini, duruşunu dəyişməyən
Anam mənə süd verəndə necə var elə,
Qoca nənəm can verəndə necə var elə,
Atamız qışqıranda tək yerini dəyişməyən —
Qəlib daş... Dözümlü daş...

Gedib çıxanda məni salamladı
Məndən sadiq, məndən vəfalı daş.
Hanı biz evimizdən çıxanda
Göydən yerə yağan daş?
Hanı ölənlərim, olanlarım?
Elə bircə daş sağ qaldı?
Dərd daşım
Sirr daşım
Qardaşım daş, atam daş,
Məni sinəsində yaşadanım,
Adımı yadında saxlayan daş.

Gördüyüm ən qonaqpərvər,
ən canıyanan, ən qoçaq.
Vətənə məndən yaxın,
Vətəni məndən çox sevən
Soy daşım,
Ad daşım
Məndən vəfalı adaşım.


***

Məni unudun
Unutmaq istəməyəndə
Məni unudun
Guya, heç tanımamısınız.
Unudun solmuş çiçəklər kimi
Sonuncu namaz qılan müəzzin kimi
unudun məni.

Məni unudun
guya kim imişəm bu hamının içində
Məni unudun
hamı olmayanda, bir mən qalanda
Unudun kimsəsiz daxmalar kimi
dükanı bağlayıb səhərə çıxmayan baqqal kimi unudun məni

Məni unudun,
səsimi də siləsiniz gərək,
Məni unudun,
barmaqlarım gəzən hərflərin hamısını da
Unudun sonsuz adamlar necə udulursa
Unudun bir də qayıtmayan gedənlər kimi

Məni unudun elə bu saat, bu dəm,
unudun məni bütün quruyan nəmlər kimi
bütün köhnəlməyənlər kimi unudun məni…

***

Əlisəmid Kürə…

Alnının qırışından,
taleyin qarğışından,
şikəstə oxuyan aşığa
ağlamağından tanıyıram mən səni…
ağla, Kürüm, ağla, mən ölüm.

Saçının ağlığı taleyin qara oyunu,
dara atların telini,
ara bu ömrün toyunu —
Bir qol qaldır,
çağla, Kürüm, çağla, mən ölüm.

Torpağımı cadar-cadar
gördüm, böyüdüm,
qarğadım Günəşə,
sonra tez yalvardım Aya
məni bağışlasın deyə…
Əllərini cadar-cadar görəndə
əlimi əlimə vurub
bir şaqqanaq çəkdim
bu nainsaf dünyaya,
bu naqolay gərdişə.
Açdın qollarını əzaba sarı,
bağla, Kürüm, bağla, mən ölüm.

***

Evlər var içində ağaclar bitir,
Evlər var tənhadı qovağlar kimi.
Evlər var içində adamlar itir,
İtir birdən sönən çırağlar kimi.

Evlər var qapısı kiliddən qaçır,
Evlər var kilidi pasın içində.
İlahi, bu adam özündən qaçır,
Min ildi toy qurur yasın içində.

Evlər var min yerdən pəncərəsi var,
Evlər var sirri bir, otağı birdi.
Evlər var damının rəngi min cürə,
Soruşsan, dərdinin ortağı birdi.

Evlər var içində ağaclar bitir,
Evlər var dağılır yeri yağışdan.
Evlər var səs salır ulduza, aya,
Evlər var sağ çıxıb qanlı savaşdan.

Bir doğma hənirti evi isitdi,
Pərdə pəncərəni bağrına basdı.
Bir işıq min evə şölə saçardı
Xoşbəxtlik körpüsün qurmaq olsaydı.

Laçın, 2023

***

Məmməd İsmayıla

Ömrün günün bu qovhaqov çağında
bir həkimin bıçağında qan,
kiminsə isti ocağında
soyuq hənirti olmasın…
şairə deyin, ölməsin…

Əgər sıxsa onu şəhər havası,
ruhunu incitsə ambulans səsi,
neçə dəfə qucaq açsa
xəstəxana dəhlizi
o həmin adamdı, qorxu olmasın…
şairə deyin, ölməsin…

özü kəndin yadındadı,
adı kəndin yadında,
misrası dilimin altında…
neçə ürək döyünür
ürəyinin səsiylə,
bir böyük ocaq isinir
şairin nəfəsiylə…
hicran pəncərəsini örtün, soyuq olmasın…
şairə deyin, ölməsin…

məni gözləyənlərdən biri də sən ol,
mən oldum, olmadım,
bəlkə, öldüm, ölmədim
gözlə,
gözünə ehtiyac,
sözünə möhtac,
misrana ac olanlar var…
gözlə, kimsə naəlac olmasın…
şairə deyin, ölməsin…

Gəncə, 2023

***

sağ olun, asta gedin, doymadım,
gedən ayağınıza qurban olardım,
mən siz deyən olmadım, olmadım,
siz də mən deyən olmayın...

sağ olun, arxaya dönməyin, görməyim,
görsəm, ürəyim yumşalar, naçaram,
üzünüzə bağlı qapı açaram, dinməyin
hardasız bilməyim, bilməyim.

yuxalmışam, dolmuşam, sərgərdan...
məni yumşaq bilib yeməyin, ölməyim
axı ürəyimdə sözüm çox qalıb,
sizə necə deməyim, ölməyin…

# 1853 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
# # #