"Yazıçı məhkəmə qarşısında. Divar" - Sənan İsmayılovun hekayəsi

"Yazıçı məhkəmə qarşısında. Divar" - Sənan İsmayılovun hekayəsi
23 oktyabr 2023
# 09:00

Kulis.az Sənan İsmayılovun "Yazıçı məhkəmə qarşısında. Divar" adlı hekayəsini təqdim edir.

Cavan sayılmayan yazıçı Yazmak çaşqınlığa qapılmışdı. Özünə qarşı irəli sürülən iddiaların məğzini anlamaqda çətinlik çəkirdi. Artıq XXV əsrdə yaşayırdı və əmin idi ki, qələm adamının mövzu seçimini yasaqlayacaq heç bir qadağa qalmayıbdır. Hələ ilk gənclik dövründən bəri könül verdiyi yazıçılıq peşəsi ona görünməmiş qazanc gətirməsə də, ən azından ailəsinin babat güzəranını təmin edirdi. O, bu məşğuliyyəti sevir və oturub-durub təkrarlayırdı: “İnsanoğlu ömrünü həsr etdiyi işi sevməyə bilməz. Əgər o işə duyduğu həvəs sönübsə, onda əlüstü həmin peşədən əl-ətək çəkməlidir”.

– Bu il işıq üzü görən romanınıza siz cənab Yazmakın hələ 2346-cı ildə, yəni yetmiş beş il bundan əvvəl, yazdığı “Alçaq çəpər” adlı qısa hekayəsini daxil edibsiniz. Bu faktı təsdiqləyirsinizmi?

Bu sual Yazmaka gülünc görünsə də, məhkəmə zalında olduğu üçün hiss elədiyi təlaş ona hələ də rahatlıq vermirdi:

– Ailəmin elə bütün üzvləri Yazmak soyadını daşıyır və aralarında yazarlıqla məşğul olan yeganə şəxs mənəm. Buna görə də indicə adını çəkdiyiniz hekayənin müəllifliyinə onlardan kiminsə iddia edəcəyini düşünmürəm.

– Cənab Yazmak, deyəsən axı ya siz verilən sualın məğzini anlamadınız, ya da cavabdan yayınmağa çalışırsınız. Birmənalı şəkildə deyin: onillər öncə cənab Yazmakın qələmə aldığı hekayəni siz öz romanınıza daxil edibsiniz, ya yox?

– Sizin nəzərdə tutduğunuz o cənab Yazmak hazırda qarşınızdadır. Və o – mənəm, – deyən Yazmak daha təfərrüatlı açıqlamaya keçmək istəsə də, buna imkan verilmədi.

İttihamçı israr elədi:

– Hə, ya yox?

Köksünü ötürən Yazmak qısaca: ”Hə” – cavabı ilə kifayətləndi. Ardı-arası kəsilənə bənzəməyən bu mənasız suallardan bir hovur qurtulduğu üçün içində yüngüllük hiss elədi.

– Tamam. Səlis cavab verdiyinizə görə təşəkkürlər, cənab Yazmak. Deməli, siz Yazmak soyadlı hansısa cənabın uzun illər öncə öz əqli əməyinin nəticəsi kimi ortaya qoyduğu mətndən öz romanınızda yararlanıbsınız, – deyən ittihamçı çıxışına davam eləmək istədi, amma Yazmak onun sözünü ağzında qoydu:

– İzninizlə! “Hansısa cənab Yazmak” deyərkən siz kimi qəsd edirsiniz axı? Yetmiş beş il bundan əvvəl “Alçaq çəpər” adlı o qısa hekayəni qələmə alan yazıçı Yazmak elə mənəm də.

Zalda xəfif bir gülüşmə dolaşdı. Qalib görkəmlə yan-yörəsini süzən Yazmakın bu özündənrazılığı elə də uzun sürmədi. İttihamçı eyhamlı şəkildə sözünə davam elədi:

– Anladığım qədəriylə, siz bu zalda dolaşan gülüşü də yanlış yerə yozdunuz. Sözügedən qısa hekayəni yetmiş beş il öncə yazan cavan oğlanın məhz siz olduğunuzu iddia eləmənizə gülüşdü bu zalda əyləşənlər.

Yazıçı bundan özünü naqolay hiss elədi:

– Razıyam ki, mən indi cavan biri deyiləm, artıq doxsan üç yaşım var. Həm dünyagörüşüm xeyli dərəcədə dəyişibdir, həm də fiziki baxımdan taqətdən düşmüşəm. Hər iki böyrəyim süni implantlarla əvəz olunub. Onları vaxtaşırı təmizləyir və ya yeniləyirlər. Hələ süni oynaqlarım da var. Ancaq düşünürəm ki, mən – hələ də o adını çəkdiyiniz hekayəni yazan şəxsəm.

– Cənab Yazmak, az əvvəl həm fiziki sağlamlıq, həm də dünyagörüşü baxımından özünüzün qabaqkı adam olmadığınızı etiraf elədiyiniz halda, necə deyə bilərsiniz ki, siz o şəxssiniz?! Böyrəklərinizin dəyişdirilməsi əməliyyatının keçirildiyi klinikadan çıxarkən çəkilən kadrlarda siz başınıza toplaşanlara sevinc içində demişdiniz ki, sanki yenidən doğulubsunuz. Başqa sözlə desək, yeni bir mərhələyə qədəm qoyubsunuz. Yəni başqa bir insana çevrilibsiniz, – deyə ittihamçı sözünün ardını gətirdi.

Yazıçı ona əlüstü cavab qaytardı:

– Dünyanı başlarına dar edən məqamlardan qurtulanlar adətən belə deyirlər də.

– Təkcə dünyanı başlarına dar edən məqamlarda yox. Axı cəngindən qurtulduğunuz o məqamlar qəfil ölümə də səbəb ola bilərdi, halbuki onlardan qurtuluş yeni bir həyatın qapılarını sizin üzünüzə açmışdı. Ancaq, gəlin, böyrəklərinizi rahat buraxaq, qoy onlar elə olduqları yerdə, yəni keçmişdə də qalsınlar. Cəmiyyətimizdə ortalama ömür uzunluğunun nə qədər olduğundan necə, sizin xəbəriniz var?

Müttəhimin cavabı ləngimədi:

– Bildiyimə görə, yüz iyirmi, yüz otuz civarındadır.
İttihamçı soruşdu:

– Digər cəmiyyətlərlə müqayisədə bu, yetərincə aşağı göstəricidir. Ancaq statistikanı bir kənara qoyaq. Bu sualıma cavab vermənizi rica edəcəyəm: yüz iyirmi yaşına gəlmiş bir insanın özünün on səkkiz yaş dövründəki şəxslə eyni biri olduğunu isbat eləməsi mümkündürmü?

Yazıçı dedi:

– Məncə, hə. Çünki yüz iyirmi yaş həddinə gəlməkdən ötrü bir insan əvvəlcə on səkkiz yaşına dolmalıdır.

– Sizin kimi böyük təcrübəyə malik bir yazarın bu cür qənaətə gəlməsi, doğrusu, təəccüblüdür. Yürütdüyünüz məntiqə əsasən sübut eləmək olar ki, indiki nəsillərin mövcudluğundan ötrü və bəşəriyyətin indiyədək qət elədiyi inkişafa da uyğun olaraq, əvvəlki nəsillərin varlığı bir zərurət imiş. Halbuki sözügedən nəsillər bir-birindən fərqlənirlər və onlar eyni insanlar deyillər. Eyni şəkildə də hazırda yüz iyirmi yaşında olan insan özünün on səkkiz yaşındakı səviyyəsindən köklü şəkildə fərqlənir. Buna görə də indiki doxsan üç yaşlı Yazmak on səkkiz yaşlı Yazmakdan fərqli biridir. Siz bununla razısınız?

Yazıçı karıxmış halda dilləndi:

– Deyəsən, axı mən bu müzakirənin kələfini itirməyə başlayıram.
Hakim məsələyə qarışmağa məcbur qaldı:

– Biz universitet auditoriyasında yox, məhkəmə zalındayıq. Həm də burada müzakirə yox, məhkəmə dinləməsi keçirilir. Odur ki, sizdən səslənən suallara cavab verməyi tələb edirəm.

Məhkəmə prosesi başlayandan bəri yazıçı onun səsini ilk dəfə indi eşitdi.

İttihamçı öz sualını təkrarladı:

– Elə isə deyin: özünüzün yetmiş beş il bundan əvvəl “Alçaq çəpər” adlı qısa hekayəni qələmə alan cənab Yazmak olmadığınız fikri ilə artıq barışdınız?

Bir qədər fərəhlənən yazıçı dedi:

– Gözgörəsi bir basqı altında olduğum üçün mən özümün vaxtilə “Alçaq çəpər” hekayəsini qələmə alan Yazmak olmadığımı etiraf eləməyə məcburam.

Dinləməni daha da sərtləşdirməyə çalışan hakim dedi:

– Cənab Yazmak, burada heç kim sizə basqı-filan göstərmir. Deyəsən, siz həyatınızda ilk dəfə məhkəmə prosesinə qatılıbsınız. İttihamçının sizə ünvanladığı suala dəqiq cavab verməyə çalışın.

Yazıçı dedi:

– Cənab ittihamçının gəldiyi qənaətə uyğun olaraq, mən, yəni doxsan üç yaşlı bir yazıçı, etiraf edirəm ki, yetmiş beş il qabaq “Alçaq çəpər” adlı qısa hekayəni yazan o adam mən deyilmişəm.

İttihamçı cəld dilləndi:

– Müttəhimin etirafının protokola salınmasını xahiş edirəm.
Onun katibə müraciətlə dediyi bu sözlərdən sonra yazıçı özünün hansı sifətlə bu məhkəmədə iştirak elədiyini anlaya bildi.

– Bəyəm mən müttəhiməm ki?! Axı nədə ittiham olunuram? – dediyi zaman onun bayaqdan bəri qeybə çəkilən təlaşı təkrar özünü büruzə verdi.

İttihamçı öz çıxışına davam elədi:

– Rica edirəm ekrana baxın. Orada siz “Müəyyən olunmuş kritik yaş həddinə çatan şəxslərin öz əqli mülkiyyətlərinin mirasçısı sayılması barədə” qanunun mətnini görürsünüz. Bir yazıçı kimi siz xeyli məşhursunuz və əksəriyyət sizi böyük yaradıcı təxəyyülə malik bir insan sayır. Öz tərəfimdən isə mən bunu deyərdim: siz – çağdaş dünyamızda mərhəmət hissinə malik ən nadir insanlardan birisiniz. Siz həmişə gələcəyi görməyə can ataraq, bəşəriyyəti onu gözləyən təhlükələrdən əvvəlcədən xəbərdar etməyə çalışıbsınız. Ancaq bu özəllikləriniz sonradan sizin başınıza cəncəl açıb, çünki cəmiyyət həyatımıza yön verən formal məqamlara qarşı sizdə bir biganəlik hissi yaranıb. Görün, özünüzdən necə arxayınsınızsa, heç vəkil tutmağa da bir gərək duymayıbsınız. Halbuki ən təcrübəli müdafiəçi də sizin qanunazidd hərəkətinizə heç cür haqq qazandıra bilməzdi. Çünki hər şey ortadadır.

Görünməmiş təlaşa qapılan yazıçı soruşdu:

– Barı o qanunazidd hərəkətimi mənə açıqlayaydınız da.

– Ekranda siz qanunun mətnini görürsünüz. İndi isə mən təfərrüatları sizə izah edəcəyəm. Məsələ də ondadır ki, çoxsaylı elmi-texnoloji nailiyyətlər sayəsində son onilliklər ərzində bəşəriyyət necə görünməmiş sürətlə inkişaf edirsə, istənilən insan müəyyən yaş həddinə çatandan və fiziki təkmilləşdirmələrdən sonra artıq əvvəlki insan olmaqdan çıxır. Buna görə də işlənib-hazırlanan qanunda deyilir ki, qırx yaşına çatan insan dəqiq bir qərara gəlməlidir – öz əvvəlki nailiyyətlərinin mirasçısı sayılsın, ya yox…

Bu yerdə ittihamçı sözünə ara verdi və pərt halda əlavə elədi:

– Üzr istəyirəm, cənab Yazmak, bir hüquqşünas kimi gərək mən o son cümlədə “öz” sözünü işlətməyəydim, çünki yuxarıda adıçəkilən qanuna əsasən, qırx yaşına çatan insan ona qədərki şəxs olmaqdan çıxır artıq. Sırf qanunun məğzini sizə anlatmaqdan ötrü mən o sözü dilimə gətirdim. Deməli belə, sözügedən qanuna əsasən, qırx yaşı tamam olan insan sonrakı bir il ərzində öz kimliyini qorumaq haqqına hələ də sahib olur. Hər hansı əqli mülkiyyətə – bu, elmi ixtira da ola bilər, musiqi əsəri və ya ədəbi mətn də – malik hər insan həmin müddət ərzində sözügedən mülkiyyətin gələcək taleyi barədə bir qərara gəlməlidir. Daha dəqiq desək, o, bu mülkiyyətdən gələcəkdə də bəhrələnməyi umursa, onda müəlliflik hüququnu öz adına təkrar qeydiyyatdan keçirməlidir. Əks halda, ona dair mülkiyyət hüququnun qırx yaşına qədər təmsil etdiyi insanın adına sənədləşməsi faktı ilə barışmalı olur. Qavranış baxımından hüquqi dilin qəliz ola biləcəyi ehtimalını mən də etiraf edirəm, ancaq yazıçı olduğunuz üçün bu yanaşmanın məğzini yaxaladığınızdan da əminəm. Bundan başqa, hüquqların təhvil-təslimi də notarial qaydada tərtib olunmalıdır. Formal prosedurlar həyata keçirilmədiyi təqdirdə isə, əqli mülkiyyət hüquqları sorğu-sualsız həmin insanın qırx yaşına qədərki timsalına aid edilir.

Tərəddüd keçirən yazıçı soruşdu:

– Belə çıxır ki, istənilən yaradıcı insan öz əməyinin barından gələcəkdə yararlana bilsin deyə, ömründə bir kərə öz-özündən izn almalıdır, eləmi?

– Siz nə deyirsiniz, cənab Yazmak? Ömründə bir kərə yox. Bayaq adını çəkdiyimiz qanuna əsasən, qırx yaşdan sonra istənilən insan həmin proseduru hər on ildən bir, yəni əlli, altmış və sair yaşlarında keçməlidir. Doxsan yaşına çatandan sonra isə, eyni proseduru o, hər beş ildən bir təkrarlamağa məcburdur. Siz də fərqindəsiniz ki, insan yaşlandıqca, onda öz ilkinliyindən daha az şey qalır. Özünü qismən və ya tamamən itirdiyi üçün o, tədricən qarşımızda daha fərqli bir insan şəklində zühur edir. Əlbəttə, həmin fərd mövcud qanunları saya salmaya bilər, ancaq belədə də mülkiyyət hüquqlarından məhrum olar. Hərçənd bəzi hallarda bunun yararlı ola biləcəyini də düşünürəm – adətən cavanlıq dövründə əksər insanlar nisbətən zəif əsərlər yaratdıqları üçün yetkin yaşlarında onlardan əlüstü imtinanı daha uyğun sayırlar.

Hakim də prosesə qoşuldu:

– Haqlısınız, cənab ittihamçı. Mən özüm də cavanlıqda şeir və hekayələr yazmışam, onu deməliyəm ki, bu cür yanaşmaya görə sözügedən qanuna dərindən minnətdaram.
Onun bu sözlərindən sonra zalda dolaşan gülüşməni yazıçının sözləri kəsdi:

– Bu da divardır, daha bir divar.
İttihamçı soruşdu:

– Bununla nəyi qəsd edirsiniz?

Yazıçı çılğın şəkildə dedi:

– Bu qanunun ucaltdığı divarı. Həm də bu divar ölkələri və insanları ayıran divarlardan daha betərdir. O – istənilən insanın daxili aləmini, onun ömrünü cavanlıq və yetkinlik, uşaqlıq və qocalıq deyə iki yerə ayıran divardır. Mən həmişə belə divarlardan qorxub-çəkinmişəm, bütün həyatım boyu öz yaradıcılığım vasitəsilə bu cür divarlara qarşı çıxmışam.

Hakim də söhbətə qarışdı:

– Sırf yazıçı olduğunuzu diqqətə alaraq, mən bu zaldakılar üçün qısa ədəbi icmal aparmanıza icazə verirəm. Yetmiş beş il əvvəl yazdığınız “Alçaq çəpər” hekayənizin qısa məzmununu bizə danışın. Daha sonra isə bu ilin əvvəlində işıq üzü görən romanın nədən bəhs etdiyini çox müxtəsər şəkildə bizə danışa bilərsiniz. Məncə, bu, daha maraqlı olar, yoxsa sizin işin araşdırılması yavaş-yavaş hamımızın canını sıxmağa başlayır.

– Hekayədəki hadisələr elə köhnə əyyamlarda cərəyan edir ki, o vaxtlar ata ayağını evin kandarına qoyan kimi onun oğlu ehtiram əlaməti olaraq ayağa qalxardı, – deyə, Yazmak sözə başlasa da, hakim onun sözünü kəsdi:

– Əgər mənim də atam indicə bu zala qədəm qoysaydı, hər şey bir yana, onun sırf dirilməsinə duyacağım heyrət ucbatından elə mən də ayağa durardım.

Zalda xəfif bir gülüşmə oldu, ancaq öz çəkicini taqqıldatmaqla hakim buna ara verdi və pərt olan yazıçıya öz hekayətinə davam etməsi üçün işarət elədi.

– Deməli belə, “Alçaq çəpər” hekayəsində nəcib və mehriban qonşular arasında xeyli alçaq, ilk baxışda nəzərə çarpmayacaq çəpərlərin çəkilməsindən bəhs olunur. Bugünkü ölkələr və cəmiyyətlər arasında, hətta onların öz içlərində də iri, aşılmaz sədlərin çəkilməsi yolunda bu, ilk cəhd sayılmalıdır. Vaxtilə bir-birini görəndə ürəkdən gülümsəyən qonşular sonradan öz evlərinin ətrafında yüksək hasarlar tikməyə başladılar. Özlərini köçkün axınından qorumağa çalışan dövlətlər isə sərhəd boyunca hördükləri divarların üstünə tikanlı məftillər çəkməklə, ona elə gərginlikdə cərəyan buraxdılar ki, toxunanları yaxıb, külə döndərsin. Həmin divarları ucaldarkən dövlətlər daha hansı hiylələrə əl atmadılar ki?! Onlardan bəziləri özlərini heyvanların dostu kimi qələmə verərək, tələb etdilər ki, məftillərə buraxılan cərəyan sadəcə insanları öldürsün, heyvanat aləminin nümayəndələri isə bundan zərər görməsin.

Əhali artımının durmadan azaldığı bəzi ölkələr sərhəd divarlarında böyüklərin və yeniyetmələrin deyil, məhz uşaqların keçəcəyi ölçüdə çoxsaylı dəliklər açdırdılar. Həmin hasarların yanına gələn valideynlər öz övladlarını dəliklərin köməyi ilə yad ölkələrə ötürdülər ki, bəlkə bu sayədə onları doğma yurdlarında başlarına gələ biləcək müsibətlərdən qoruyalar. Uşaqları qəbul edən ölkə bu sayədə həm öz demoqrafik durumunu yaxşılaşdırdı, həm də parlaq gələcəyini təmin elədi, ancaq bütün bunlar hansısa ailənin pərən-pərən düşməsi hesabına baş verdi. Bəs indi biz nə ilə qarşı-qarşıyayıq? Yüksək daş hasarlar ortadan qalxıb, ancaq aramızdakı gözəgörünməz divarlar hələ də qalır.

Ən əsası da odur ki, onlara yaxın düşmək imkansızdır. Onlara, yəni ölkələr arasındakı və ya hansısa ölkə daxilindəki, iş yoldaşları və eyni ailənin fərdləri arasındakı divarlara, hər yerdə rast gəlinir və onlar əvvəlki dövrlərlə müqayisədə daha da artıblar. Hazırda onlar daşdan hörülməyiblər, heç tikanlı məftillə də əhatələnməyiblər, onlar sırf qanun və təlimatlardan qurulublar, elektron dalğalara və siqnalizasiya sisteminə əsaslanırlar. İnsanoğlu hər tərəfdən divarların məngənəsindədir. O, başqa birisini görsə də, onu öz yanında olan biri kimi qavramaqdan məhrumdur artıq və əgər günlərin bir günü həmin adam qəfil yoxa çıxsa, bu, heçcə nəyi dəyişən deyil. Bütün həyatım boyu mən məhz elə bununla mübarizə aparmışam, öz əsərlərimdə insanları bundan agah eləməyə can atmışam. Yetmiş beş il əvvəl cənab Yazmak da özünün “Alçaq çəpər” başlıqlı hekayəsində bu məqama toxunmuşdu. Öz romanımda da mən bu məsələdən bəhs eləmişəm, – deyən yazıçı çıxışını tamamladı.

– Əsasən, nə yazırsınız? Hekayələr, ya roman? – Hakim soruşdu.

Bu sual yazıçını bir az çaşdırdı. Bir qədər fikirləşib cavab verdi:

– Cavanlığımda hekayələr yazırdım. Daha bacarmıram. Indi daha çox roman yazıram.

– Roman yazırsınızsa, necə olur ki, hekayə yaza bilmirsiniz? Nəsə başa düşmədim, – hakim yenə sual verdi.

Onun təəccübü və bir qədər qəzəbli səs tonu yazıçını daha da çaşdırdı.

Özünü ələ alıb niyə artıq hekayə yazmadığını, amma romanlarda köhnə hekayələrindən istifadə etdiyini əsaslandırmaq üçün bir bənzətmə etdi:

– Bu, gənc adamın balaca şəhərdən böyük bir şəhərə köçüb bir daha geri qayıtmamağına bənzəyir.

– Həəəə. Sizi anladıq. Hər necə olsa da, nə yaxşı, mən o vaxt şair və ya yazıçı olmamışam, – dediyi zaman zalda təkrar gülüşmə qopdu.

Hakim ciddi baxışla zaldakılara göz gəzdirdi. Sakitlik bərpa olunduqdan sonra o yekun sözünə keçdi:

– İndi isə mən məhkəmənin hökmünü səsləndirəcəyəm. Digər cənab Yazmakın yetmiş beş il bundan əvvəl yazdığı hekayəni öz romanınıza daxil etməklə, siz, cənab Yazmak, əqli mülkiyyət hüquqlarının qorunması barədə qanunun tələblərini pozmusunuz. Qanuna qarşı bu sizin ilk səhlənkarlığınız sayıldığından məhkəmə sizə xəbərdarlıq edir ki, əvvəla, bundan belə başqa şəxsə aid mülkiyyətdən onun xüsusi razılığını almadan yararlanmayasınız…

Bu yerdə yazıçı onun sözünü kəsdi:

– Əgər “Alçaq çəpər” hekayəsini yetmiş beş il bundan əvvəl qələmə alan şəxs həmin mətnin bu ilin əvvəlində dərc olunan romanıma salınması barədə mənə izn versəydi, görəsən onda necə olardı?

Bunun ardınca hakim sərt şəkildə ona təpindi:
– Xahiş edirəm hökmün oxunmasına mane olmayasınız! “Alçaq çəpər” hekayəsini qələmə alan cənab Yazmakın bu canlı aləmdə artıq mövcud olmadığını cənab ittihamçı az əvvəl aydın və anlaşılan bir şəkildə sizə izah elədi. Bu səbəbdən sizin ondan izn almanız da imkansızdır. Davam edək: ikincisi, cənab Yazmakın müəllif hüquqlarına qəsd etdiyiniz üçün məhkəmə bu ilin əvvəlində işıq üzü görən romanınızla bağlı sizi öz müəllif hüquqlarınızdan da məhrum edir. Romanın nüsxələri satışdan yığışdırılacaq, satın alınan nüsxələri isə alıcılar müvafiq qurumlara təhvil verəcəklər. Məhkəmənin bu hökmündən siz yüksək instansiyalara şikayət ərizəsi verə bilərsiniz.

Yazıçı da söz altda qalmadı:

– Yəqin elə belə də edəcəyəm.

– Yerinizdə olsaydım, buna çox da tələsməzdim. Çünki yüksək instansiyada bu işə yenə də şəxsən özüm baxacağam, – deyən hakimin səsində bir ötkəmlik sezildi.

Yazıçı qısıq səslə:

– Onda belə çıxır ki, mən vaxtilə mövcud olan bir insan kimi öz-özümü təmsil edə bilmərəm və həyatımın ayrı-ayrı mərhələləri arasında aşılmaz sədlər mövcud imiş. Halbuki siz eyni vaxtda bir neçə rolda qarşımızda zühur eləyə bilirsiniz, – desə də, bu sözlərə artıq heç kəs qulaq vermədi.

Məhkəmə zalından çıxdığı zaman o, özünü hədsiz əzgin hiss edirdi, evə qədərki məsafənin onu yora biləcəyinə hər hansı məhəl qoymadan payi-piyada evinə tərəf üz tutdu. Yolboyu isə nə rastına çıxan tək-tük piyadalara, nə də havada ora-bura uçuşan pilotsuz taksilərə fikir verdi. Yol onun düz dörd saat vaxtını aldı.

Mənzil kimsəsiz idi: həyat yoldaşı övladlarına və onların ailələrinə baş çəkməkdən ötrü bir neçə günlüyə ərini tək qoymuşdu. Əslində xanımı da bu məhkəmədə onun yanında olmağı çox arzulamışdı, ancaq məhkəmə prosesinin çətin keçməyəcəyindən arxayın olan kişi həyat yoldaşının yola çıxmasında israr eləmişdi.

Öz otağına keçib, əynini soyunaraq, yatağa uzandı – nə isə yeyib-içməyə heç həvəsi qalmamışdı. Ona elə gəlirdi ki, bütün ömrü boyu sadiq olduğu ideya və dəyərlərdən məhrum olubdur. Tezliklə yuxuya getdiyi zaman o, qorxunc bir röya gördü.

* * *
Yuxuda gördü ki, bugünədək yaşadığı hər şey yaddaşından yerli-dibli silinib, gedib. Hafizəsindəkilərin qorunması və yaddaş həcminin daha da artırılması məqsədilə o, otuz il öncə beyninin gicgah nahiyəsinə çipin quraşdırıldığı klinikaya üz tutur. Orada çipi çıxarıb, araşdırırlar. Sonra ona yanaşan tibb texniki quru tərzdə etiraf eləyir:

– Təəssüf ki, yaddaşınızdakı bütün bilgilər silinibdir və biz onları bərpa eləmək iqtidarında deyilik.
Bundan büzükən yazıçı ürkək tərzdə soruşur:

– Bəs həyatımın o çip taxılana qədərki mərhələsi ilə bağlı bilgilər necə? Axı onlar yaddaşımda qorunub-saxlanmalıydı.

Texnik qətiyyətlə cavab verir:

– Sizə çip taxılanda əvvəlki dövrlə bağlı həyat hekayətiniz ora köçürülmüşdü. Çox yəqin indi xatırlamazsınız, o vaxt siz çipə qədərki ömür yolunuzu bir miras şəklində daşımağa gərək duyduğunuzu bildirmədiniz, həmin həyat tarixçəsi beyninizdən tamamən silindi. Buna görə də çip taxılandan sonra siz tamamilə başqa bir insana çevrildiniz. Biz isə, xoş niyyət sərgiləyərək, sizin əvvəlki həyat tarixçənizi çipə köçürdük, ancaq, təəssüf ki, həmin çip də yararsız hala düşdü. Belə hallara, az da olsa, rast gəlinir.

Yazıçı ürkəkcəsinə xəbər alır:

– Bəs indi mən neyləyəcəm?

Texnik çiyinlərini çəkir və həmin an palatanın qapısı açılır. İçəri girən həkim həlim səslə ona üz tutur:

– Başınıza gələnlərdən mən də xəbərdaram. Bənzər halların mümkünlüyünü nəzərə alaraq, biz öz pasiyentlərimizə ilk növbədə aşılmaz bir baryer təklif edirik: bu üzündə heç nə olmayan o baryerin digər üzündə adətən onların yeni həyatı başlanır…

Çarəsizliyə qapılan yazıçı:

– Divar! Yenə də divar! – deyə bağırır və yataqdan qalxıb, az qala qaçaraq, öz evinə tərəf götürülür.

Evdə o, öz əlyazmalarını və qeydlərini ələk-vələk eləməyə girişir. Dəfələrlə oxunduğu üçün əzik-üzük hala düşən həmin kağıızların bomboş vərəqlər olduğunu görüncə isə heyrətə qapılır.

Şüşəli çərçivəyə saldıraraq, divardan asdığı öz sonuncu məktubuna tərəf gedir: öz dəsti-xətti ilə yazdığı bu mətni o, öz övladlarına ünvanlamışdı. Həmin məktubda ölüb-gedən valideynlərindən ötrü necə qəribsədiyindən bəhs edirdi o. Yazırdı ki, dünyaya göz açdığı, dağlar qoynunda yerləşən o kiçik şəhərdən ötrü lap burnunun ucu göynəyir, onun qədim küçələrini və alçaq daş kürsülər üzərində çağlayan bulaqlarından məhəllədə oynayan uşaqların necə su içdiyini yaxşı xatırlayır. Əllə yazılan bu məktub heç bir ünvana göndərilməmişdi, çünki fəaliyyətdə olan poçt sistemi möhürlü zərflərdə yola salınan məktubları qəbul eləmirdi. Hər dəfə övladları öz ata ocaqlarına baş çəkəndə bu məktubu süzür və ataları eşidib inciməsin deyə, onun bu əməlinə xısın-xısın gülürdülər.
Həmin məktuba yanaşdığı zaman yazıçı görür ki, mətndən geriyə qalan yeganə qism sadəcə öz imzasıdır. Bundan qəlbi necə sıxılırsa, kişi hönkürür…

Elə bu yerdə o, qəfil yuxudan ayıldı.

Özünün gerçəkdən ağlayıb-ağlamadığını heç cür kəsdirə bilmirdi. Odur ki, cəld yataqdan qalxıb, həmin məktubun asıldığı divara yaxınlaşdı. Məktub ilkin şəklini hələ də qoruyurdu – həm xətti qarmaqarışıq idi, həm də mətndə xeyli düzəlişlər vardı. Ürəyi yerinə gələn yazıçı pıçıltıyla şükür elədi: “Bu, xeyir əlamətdir. İlahi bir əlamətdir”.

* * *
Əynini geyinib, küçəyə çıxdı ki, nəsə yeyib, qarnını doyursun. Hər şeyə rəğmən, ağlın-məntiqin zəfər çalacağına dair inam hissi tədricən qəlbində bərqərar olmaqda idi. Məntiq həmişə qalib gəlmişdi, əks halda, bəşəriyyət XXV əsrə qədər öz varlığını sürdürə bilməzdi axı.

Sevimli kafesində bir masa arxasında əyləşən yazıçı: “Hədsiz rasionalizmin məhz irrasionalizm olduğunu insan övladları gec-tez dərk edəcəklər” – düşüncəsi ilə səhər xəbərləri ilə tanış olmaqdan ötrü monitoru açdı. Ancaq elə həmin dəm poçtuna məktub daxil olduğuna dair siqnal səsləndi. Xəbərlər əvəzinə poçtuna baxanda gördü ki, məktub Ədliyyə nazirliyindən göndərilib.

Məktubu böyük təlaşla açdı. Ancaq…

“Hörmətli cənab Yazmak, məhkəmədə işinizə baxılarkən “Müəyyən olunmuş kritik yaş həddinə çatan şəxslərin öz əqli mülkiyyətlərinin mirasçısı sayılması barədə” qanunun müddəaları əsas götürülmüşdür. Həmin qanun belə bir yetərincə məntiqli təmələ əsaslanır ki, bəlli yaş həddinə çatan istənilən insan çağdaş texnologiyaların inqilabi xarakterli yenilikləri hesabına keyfiyyətcə tamamilə fərqli bir insana çevrilir.

Diqqətinizə çatdırırıq ki, texnologiyaların təkcə ayrı-ayrı fərdlərin deyil, həm də qanunvericilik bazasının özünə də güclü təsiri ölkəmizin qanunverici orqanına da yetərincə məlumdur. Bu səbəbdən hazırda “Sürətlə inkişaf edən texnologiyalar və onların qanunvericilik sistemində öz əksini tapması” adlı xüsusi bir prosedurun tətbiqinə başlanmışdır. Adıçəkilən sənədə əsasən, ölkənin mövcud qanunvericilik bazası hər üç ildən bir yenilənməlidir.

Qanunvericilərimiz dərin təəssüf hissiylə bildirirlər ki, uzun illər boyu sözügedən sistemdə aparılan yenilənmələr zamanı bir sıra normativ-hüquqi sənədlər, o cümlədən “Müəyyən olunmuş kritik yaş həddinə çatan şəxslərin öz əqli mülkiyyətlərinin mirasçısı sayılması barədə” qanun da, yenilənmiş qanunvericilik sisteminə lazımi səviyyədə daxil edilməmişdir və ona görə də öz qüvvəsini itirmiş hesab olunur. Bu səbəbdən həmin qanunun müddəaları sizə tətbiq oluna bilməz. Həm “Alçaq çəpər” hekayəsi, həm də bu ilin əvvəlində işıq üzü görən romanınız üzrə sizin müəlliflik hüquqlarınız qüvvədə sayılır. Ədliyyə nazirliyi sizə öz üzrxahlığını bildirir”.
Məktubu oxuyub bitirən yazıçının səsi bütün kafeni başına götürdü:

– Bax, belə ha. Mən də məhz buna bənzər bir nəticə gözləyirdim. Onlar sistemin daxilində bir divar ucaldıblar və həmin divar bir başqasıyla toqquşmaqla, bütün sistemi vurub, sıradan çıxarıb.

Gülər üzlə özünə yanaşan ofisiant qıza yazıçı ürəkaçıqlığı ilə dedi:

– Mənim üçün öz menyunuzdan nə isə özəl bir təam gətirin. Əvvəla, mən möhkəm acımışam, ikincisi də, qeyd etməkdən ötrü xüsusi bir səbəbim var.

Rus dilindən tərcümə etdi: Azad Yaşar

# 1590 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #