Xalq artisti: “Qadın xanəndələrin çoxu ailəsini qoruya bilmir” – Müsahibə

<span style="color:red;">Xalq artisti:  “Qadın xanəndələrin çoxu ailəsini qoruya bilmir” – <span style="color:red;">Müsahibə
29 may 2019
# 09:03

Kulis.az Xalq artisti, muğam ustası Səkinə İsmayılova ilə müsahibəni təqdim edir.

- Səkinə xanım, iyirmi bir yaşında Opera və Balet Teatrında ilk dəfə Leyli rolu ilə çıxış etmisiniz. O yaşda bu cür məsuliyyətin altına girmək yəqin ki, asan olmayıb...

- Hər kəsin bir sənət taleyi olur. Mənim xoşbəxtliyim onda oldu ki, Asəf Zeynallı adına musiqi kollecini bitirəndən sonra opera xanəndəliyinə Opera və Balet Teatrında başladım. Ordakı sənət atmosferi, tərəf-müqabillərim, teatr səhnəsi mənə çox şeylər öyrətdi. Əsl sənətin və sənətkarın necə olmasını mən orda öyrəndim. Ətrafımda Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov kimi sənətkarlar vardı. Leyli və Məcnunun görüş səhnəsində Bəhram Mansurovun bircə dəfə tarın siminə toxunması kifayət edirdi ki, obrazların nə demək istədiyini, keçirdikləri hissləri tamaşaçı öz təsəvvüründə canlandırsın. O tarın müşayiətində hər şey vardı. Mən Gülxar Həsənova kimi böyük opera xanəndəsini görmüşəm. Xanəndələrin də bir-birlərindən fərqi var. Biri var konsert salonlarında yetişən xanəndə, biri də var opera səhnəsində. Operada tək xanəndəlik kimi fəaliyyət göstərmək olmur. Orda orkestr, musiqi, obraz, mizan olur. Opera xanəndəsi bütün bunların öhdəsindən gəlməyi bacarmalıdır. Yəni bu sadaladıqlarım mənim sonrakı yaradıcılığıma işıq tutdu, məni daha da mükəmməlləşdirdi, kamil sənətkar kimi yetişməyimdə çox böyük köməklik etdi. Opera səhnəsindən sonra mənim üçün bütün dünya səhnələri adiləşdi.

- Səhnədə rahatsınız...

- Bilirsiniz, mən elə gənclikdə də səhnədə rahat olmuşam. İndi bizim muğam müsabiqələrimizdə iştirak edən gənclərin gərginləşdiyini görəndə, onlardakı gərginlik mənə də sirayət edir. Xanəndə səhnədə rahat olmalıdır ki, bu rahatlıq tamaşaçıya da təsir etsin. Tamaşaçı xanəndənin səsinin hardasa qırılacağını, yaxşı çıxmayacağını düşünüb həyəcan keçirməməlidir.

- Sizcə indiki ifaçılar niyə siz deyən kimi gərgin və həyəcanlıdırlar?

- Çünki rahat deyillər. Səsdən, potensialdan arxayın olanda gərginlik də olmur. Xanəndənin səsi dinc olmalıdır. O, birinci növbədə səsini qorumağı bacarmalıdır. Bundan sonra artıq oxuduqlarının nə olduğunu, ifa etdiyi qəzəllərin, şeiriyyatın nədən ibarət olmasını yaxşı bilməlidir. İfaçı səhnədə çaşmamalı, hansı bəndi, beyti deməliyəm deyə düşünməməlidir. O, hər şeyi əvvəlcədən öyrənməlidir. Çünki xanəndə səhnəyə çıxanda oxuduğu musiqi haqqında tamaşaçıya hesabat verir. Bugünkü gənc ifaçılarda bunlar çatışmır.

- Sizin dövrdə Leyli obrazlarını ifa edən xanəndələrin bir çoxu tamaşaçıların yaddaşında qalıb. Amma bugünkü Leylilər o qədər də yadda qalan olmadılar. Sanki o dövrün Leyliləri daha cəsarətli idilər.

- Mən həm Nizami Gəncəvinin, həm də Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemalarını mütaliə etmişdim. Və onlar arasındakı fərqi özüm üçün müəyyənləşdirməyə çalışmışdım. Füzulinin Leylisi öz dövrünə görə daha cəsarətli və mərd idi. Leylinin İbn Salama Məcnunu sevməsini deməsi o dövrün qadınından çox böyük cəsarət tələb edirdi. Nizaminin yaratdığı Leyli isə belə deyildi. O, mühitin basqıları altında öz sevgisini ifadə edə bilmirdi. Mənə görə hər iki poema arasındakı ən böyük fərq bundan ibarət idi. Bəlkə də bizim dövrün xanəndələri məhz həmin cəsarəti çatdıra bildikləri üçün də onların yaratdıqları Leylilər yaşadı.

Image result for səkinə ismayılova

- Bu günün Leylisi niyəsə əzik, incidilmiş təsir bağışlayır...

- Bizim tamaşaçılar elə Leylilər görüblər ki, bu gün onları təəccübləndirmək, inandırmaq çətindir. Amma mən buna təbii baxıram. Bu gün bizim incəsənət ocaqlarımızdan hər il istənilən qədər tələbə məzun olur. Amma onların içərisindən həqiqi sənətdə kimlər və neçə nəfər qalır? Bax, onlara nəzər yetirmək lazımdır. Elə mənim nəslimdən, məndən sonra gələn nəsildə də nə qədər xanəndələr vardı. Amma onların içərisindən biz qaldıq. Leyli obrazı da belədir. Özünün Leyli obrazında sınayan hər xanəndə də Leyli kimi yadda qalmır. Bugünkü gənc ifaçılar bircə tamaşada çıxış edən kimi dilə gəlib deyirlər ki, çox çətindir.

- Siz teatra gələn illərdə Zeynəb Xanlarova da teatrın ən yaxşı Leylilərindən idi. Zeynəb xanım qastrollarda olanda isə onu davamlı olaraq siz əvəz etmisiniz...

- İki il teatrın tamaşaları mənim çiyinlərim üzərində olub. Ona görə ki, o vaxtı Zeynəb Xanlarovanın yaradıcılığının çox parlaq və aktiv dövrü idi. Bu səbəbdən də daim səfərlərdə olurdu. Həm də birdən-birə Rübabə xanımla Nəzakət xanımın səhnədən getməsi məni həmin ağırlığın altına girməyə məcbur etdi. Mən indi fikirləşirəm ki, ayda iyirmi, iyirmi beş tamaşada iştirak etməyi necə bacarmışam. Ancaq bir məsələ də var ki, xanəndənin də bu yükün altına girmək üçün potensialı və öyrənmək istəyi olmalıdır. Bunlar olmasa ayda iyirimi yox, əlli tamaşa da olsa xeyri yoxdur.

- Sizi “Nizami” filmində Afaq roluna dəvət etsələr də filmə çəkilməkdən imtina etmisiniz. İmtinaya səbəb nə olmuşdu?

- O vaxtı təzə ailə qurmuşdum. Yoldaşım icazə vermədi. Amma indi özü etiraf edib deyir ki, əslində mən səhv etmişəm, gərək çəkilməyinə razılıq verəydim. Mən ailəmi qorumaq naminə o zaman ona qarşı çıxmadım. Həm də mənim opera səhnəsinə çıxmağıma yenə də yoldaşım icazə vermişdi. Və bu mənə kifayət edirdi ki, orda öz ifaçılığımı, sənətimi göstərə bilim. Ona görə də fikirləşdim ki, filmə çəkilməsəm də olar. Qadın xanəndələrin bir çoxu sənətə gələndən sonra ailəni qoruya bilmirlər. Ailə dağılır. Həm ailəni qorumaq, həm də sənəti davam etdirə bilmək mənim üçün də asan başa gəlməyib. Mənə çox sual verirlər ki, necə oldu hər ikisini qorumağı bacardınız. Amma vallah bunun üçün xüsusi bir düstur olmadı. Sadəcə olaraq mən qadın kimi ağlımdan istifadə etməyi bacardım.

- Bəlkə bu xanəndəliyə məşhurlaşmaq nöqteyi-nəzərdən yox, sırf iş prosesi kimi yanaşmağınızdan irəli gəlirdi?

- Haqlısınız. Xanəndəlik həm də mənim işim idi. Mən sonradan səhnəyə gələnlərdən deyiləm. Gənc yaşlarımdan əziyyət çəkdim. Ailə qurduğum insan da gözünü açıb məni səhnədə, işdə görmüşdü. Biz yoldaşımla həm də qohum idik. Bir-birimizin gözü qarşısında böyümüşdük. O, nələrəsə etiraz edəndə mən problem yaratmadım. Çünki yenə də deyirəm ən azından xanəndə kimi yetişməyimdə mənə kömək oldu. Bu gün də mənim arxamdadır. Bəzən saatlarla mənim hansısa tədbirdən və ya konsertdən çıxacağımı gözləyir. Və yaxud da bir zamanlar mənə getməyə icazə vermədiyi tədbirlərə indi özü yola salır. Təklif edir ki, səni sayıb dəvət ediblərsə, ora getməlisən. Xanım xanəndə üçün ailənin dəstəyi çox vacibdir. Bu gün mən onların sevgisi ilə evdən çıxıram. Evə qayıdanda da eyni sevgi və qayğı ilə qarşılaşıram. Sənət adamı üçün bu kiçik məsələ deyil. Amma bütün bunlar olmasaydı nə qədər səhnə müvəffəqiyyəti qazansam da həyatımda dərin boşluq olardı.

- Səkinə xanım, sənətlə bağlı həyat yoldaşınız tərəfindən konkret və sərt qadağa nə olmuşdu?

- Ən sərt qadağa bu olmuşdu ki, səhnəyə çıxmayım. Yəni xanəndəliklə vidalaşım. Onda mənim rəhmətlik qayınatam mənə dəstək oldu. Yoldaşıma dedi ki, istəsən sən öz sənətini dəyiş, amma onun sənətinə qadağa qoya bilməzsən. Yoldaşım da ailəsinin, böyüyün sözünə qarşı çıxa bilmədi. Bilirsiniz, o dövrdə yoldaşım da mən də cavan idik. Həm də o vaxtı xanəndə olmaq, efirə, səhnəyə çıxmaq çətin idi. Onda xanəndəlik indiki qədər asan və çox arzu olunan sənət deyildi. İndi səsi olmasa belə kişilər öz həyat yoldaşlarını gətirirlər ki, yoldaşım müğənni olmaq istəyir, səsinə qulaq asın. Bizim dövrdə belə deyildi. Qısqanclıq, ehtiyat hissi vardı. Yoldaşım düz səkkiz il hara getdimsə, mənimlə bərabər gedib gəldi. Dünyanın harasında oldumsa, o, da mənimlə oldu. Amma sonralar bir az rahatlaşdı (gülür).

- Muğam müsabiqələri təşkil olunur. Muğama xüsusi diqqət də hiss olunur, amma bu gün Alim Qasımov, Səkinə İsmayılova kimi sənətkarlar yetişmir. Sizcə, səbəb nədir?

- Təkcə 2015-ci ildən bu yana təxminən yüz nəfər ifaçı təhvil vermişik. Həmin yüzlüyün içərisində təbii ki, on nəfər yaxşı ifaçılarımız var. Lap lazım gəlsə, onların adlarını da çəkə bilərik. Əslində bizə də elə həmin on nəfər lazımdır. Bizim dövrümüzdə də belə idi.

- Həmin on nəfərin içərisində Səkinə İsmayılova var?

- Onu deyə bilmərəm. Bizi əvəz edənlər olmayacaq. Hərə öz yolu ilə bu sənətə gələcək.

- Yəni bu gün sizin masştabda xanəndənin yetişməsi faktı yoxdur?

- Yenə də bu suala tam cavab verə bilmərəm. Bunu zaman göstərəcək. Məni də zaman təqdim elədi. Mən birinci dəfə Leylini ifa edəndə rəhmətlik Əbülfət Əliyevlə Əlibaba Məmmədov gəlib tamaşanı izləmişdilər. Əlibaba müəllim sonralar onların arasında olan söhbəti mənə danışanda dedi ki, sənə ilk dəfə səhnədə qulaq asanda səhnəyə birinci dəfə çıxmağına inanmadıq. Bu artıq tamaşaçıdan əlavə həm də o boyda sənətkarların mənim haqqımda olan fikri idi. Bəlkə də bizim dövrün xanəndələri daha məsuliyyətli, zəhmətkeş idilər. Biz kimlərin qarşısında çıxıb oxumağımızın fərqinə idik. İndiki gənclərdə bir balaca məsuliyyət hissi çatışmır. Halbuki bu hissi ilk gündən özlərinə aşılamalıdırlar. Məsuliyyət hissi olsa, onlar günbəgün inkişaf edəcəklər. Amma bu gün Təyyar Bayramov, İlkin Əhmədov, Mirələm Mirələmov kimi ümid verən gənclərimiz var. Qızlarımızdan da vardı. Lakin onların bəziləri sonradan xanəndəlikdən uzaqlaşdılar. Bilirsiniz, bu günün uğuru bu günə aiddir. Onunla sabahlara arxayınlaşmaq olmaz. Xanəndə hər gün inkişafda olmalıdır. Bəlkə də buna görədir ki, sənin adlarını saydığın xanəndələr bu gün yetişmir. Biz indinin özündə də otuz il əvvəlki məsuliyyətlə səhnəyə çıxırıq. Görünmək xatirinə yox, tamaşaçıya nəyisə təqdim etmək fikri ilə efirə çıxırıq.

- Səkinə xanım, muğam müsabiqələrində tapşırılmalar olur?

- Yox, bu mümkün olan iş deyil. Çünki bütün proses göz qabağında baş verir. Zalda biz münsiflərin arxasında tamaşaçılar əyləşirlər. Əgər ifaçı səhnədə xaric oxuyursa, xırıldayırsa onu kim tapşırırsa, tapşırsın mən ona müsbət bal verə bilmərəm. Xırıltı ilə oxuyan xanəndəyə səs vermək sənətkarın öz imicinə də zərər gətirər.

- Amma ifaçıların bəziləri də elə münsiflər heyətində əyləşən münsiflərin tələbələri olurlar...

- Olsunlar. Əgər mənim tələbəm yaxşı, başqasının tələbəsi pis oxuyubsa, onun nə ixtiyarı var ki, mənim tələbəmə aşağı bal versin. Ən azından mən sözümü deyirəm. Və tamaşaçı da bunu görür. Yəni belə bir şeyi ağla gətirmək lazım deyil. Ancaq bir məsələni də qeyd edim ki, biz bütün hallarda insanıq. Ola bilər ki, ifaçı təsadüfən səhnədə udquna, özünü yaxşı hiss etməyə bilər. Mən isə qadınam. Hamıdan tez bunu mən hiss edərəm. Əgər belə hallarda kimsə ona aşağı bal versə buna etirazımı bildirərəm. Çünki həmişə uğurlu ifa göstərib bir gün axsayanda güzəşt etməyi, bir dəfə şans verməyi də bacarmaq lazımdır. Axı xanəndə robot yox, insandır.

- Musiqi aləmində belə bir fikir də var ki, istər muğam, istərsə də aşıq sənətində qadın səsləri kişi səslərinə uduzur?

- Əksinə qadın səsində olan diapazon kişi səsindən güclü olur. Bizdə çox zil kişi səsləri yoxdur. Amma zil qadın səsləri çoxdur. Elə burdan müqayisə aparmaq olar. Biz müsabiqə üçün ifaçıları seçərkən həm zil, həm də bəm səslərin olmasına çox önəm veririk. Dörd yüz ifaçının içərisindən iyirmiliyi seçmək asan gəlməsin. Xüsusən oğlan ifaçıların arasında zil səslər çox azdır. Həm də oğlanlarda on bir, on altı yaş arasında səs dəyişir, amma qızlarda belə problem olmur.

- Müsabiqə seçimlərində qarşılaşdığınız ən böyük çətinliklər nələrdi?

- Biz əsasən bəmi, ortası, zili olan səslər axtarırıq. Bu üçünü bir arada tapmaq əlbəttə ki, çətindir. Bəzən çox yaxşı orta səsi olan ifaçı gəlib gözəl bir segah ifa edir. Amma biz onun səsini bir balaca qaldırmaq istədikdə o, əraq pərdəsini belə tuta bilmir. Müsabiqənin də şərtlərinə əsasən biz hərtərəfli ifa etməyi bacaran xanəndə seçməliyik. Onları bu gün üçün yox, gələcək üçün seçirik ki, gələcəkdə “Şur”, “Bayatı-Şiraz”, “Heyratı” muğamlarını, “Çahargah” muğamının “Mənsuriyə”sini oxusunlar.

- Rəşid Behbudov estrada ifaçısı olduğu halda sizin ifanıza xüsusi marağı olub. Sizi getdiyi bir çox qastrol səfərlərinə dəvət edib.

- Rəşid Behbudov Qarabağda doğulub boya-başa çatmışdı. Onun atası da gözəl xanəndə olub. O da atasından doğulduğu mühitdən bəhrələnib. Məndə isə Rəşid müəllim Azərbaycan qadının simasını görürdü. O, hər dəfə məni görəndə deyirdi ki, nəbadə saçını kəsəsən. Mən də deyirdim ki, Rəşid Məcidoviç saç uzatmaq bir az çətindir. O, isə razılaşmırdı. Rəşid müəllim xoşlayırdı ki, səhnəyə çıxan müğənni həm də milliliyi özündə əks etdirsin. O, həmişə deyirdi ki, ifaçı səhnəyə gələnə qədər öz sözünü deməli, gəlişi ilə özünü təqdim etməlidir. Tam səmimi deyirəm: xoşbəxt insanam ki, Rəşid müəllimlə, Niyazi ilə, Rafiq Babayevlə işləmişəm.

- Kişi həmkarlarınızdan özünüzə qarşı sənət baxımından hansısa qısqanclıq hiss etmisiniz?

- İçlərində nə olub allahları bilər, özləri bilər. Dəqiq deyə bilmərəm. Amma bütün hallarda hamımız canlı insanıq. Ola bilsin ki, kimsə ürəyində məni qısqansın, mənə qarşı paxıllıq hissi yaşasın. Əslində mən qadınların da, kişilərin də bu kimi hisslərinə normal yanaşıram. Bəzən belə şeylər insanın özündən də asılı olmur.

- İstedad olan yerdə bəzən yaş həddi də ardan qalxır. Yaşlı nəsil belə istedadlı gənci qəbul edir, hətta onunla dostluq da edirlər. Bayaq adlarını çəkdiyiniz sənətkarlardan sizi dost kimi qəbul edənlər kimlər olmuşdu?

- Nəzakət Məmmədova. Onunla dost olmamışıq. Amma mən teatra gələndə üç qadın xanəndə vardı. Onlardan ən gənci Nəzakət xanım idi. Mənim iyirmi bir, onun isə otuz yeddi yaşı vardı. Teatrın içərisində o, mənimlə daha mehriban idi. Bunu danmıram. Mən ilk dəfə səhnəyə çıxanda o, mənim qrimimə qədər gəlib baxmışdı. Bir böyük gül dəstəsi də alıb gətirmişdi. Hətta o, nəsə ağrıyırdı, mən ona dedim ki, Nəzakət xanım, mən sizə görə narahat oluram. Gedin evə. Amma o, dedi ki, yox, mən getməyəcəm. Çünki özüm ilk dəfə Leylini ifa edəndə heç bir Leyli rolunu ifa edən xanəndəmiz gəlib məni təbrik etmədi. Mən istəyirəm ki, mənim sənin ilk tamaşana gəlişim, səni təbrik etməyim yaddaşına yazılsın. Mən bunu necə dana bilərəm? Bəzən teatrın dəhlizində onunla rastlaşırdıq. Məndən soruşurdu ki, qaragöz işlər necə gedir? Bax, nə kömək lazım olsa, de. Çəkinmə. Mənə qarşı o, həmişə diqqətli oldu. Çox mehriban qadın idi. Onun qəfil və vaxtsız rəhmətə getməsi mənə o qədər pis təsir etdi ki, onda da sonralar da elə indinin özündə də Nəzakət xanımın ölümünə inana bilmədim.

- Amerika müğənnisi Bob Dilan 2016-cı ildə Nobel mükafatına layiq görüldü. Amma mükafatın təqdim olunma mərasiminə qatılmadı. Səbəb isə çox sadə idi. Həmin gün onun tamaşaçılar qarşısında konserti olacaqdı. Və o, tamaşaçılarını gözlətmək istəməmişdi. Bəs sizcə bizim xanəndələrimiz mükafat naminə tamaşaçını gözlədərlər, ya yox?

- Mən də elə Bob Dilan kimi addım atardım. Əgər mənim afişam vurulubsa, mənim tamaşaçım məni orda gözləyirsə, təbii ki, tamaşaçının qarşısına çıxmağı seçərdim. Mükafat onsuz da mənə verilib. Mən onu rəsmi də, qeyri-rəsmi də ala bilərəm. Amma tamaşaçını heç vaxt gözlətmərəm.

- Konkret kimlərin səsindən öyrənmisiniz?

- Qadın xanəndələrimizə çox qulaq asmışam. Rübabə Muradovanı dinləmişəm. Onun Leylisini izləyən tamaşaçı hökmən ağlayırdı. Çünki Rübabə xanım nə ifa etsəydi yanıqlı alınırdı. Səsinin xüsusi tembiri vardı ki, birinci pərdədən axırıncı pərdəyə qədər həzin olurdu. Yavər Kələntərlinin səsindəki əzəmət məni həmişə cəlb edib. Cəsarətli ifanı isə Sara Qədimovadan mənimsəmişəm. Onun səsində Rübabə xanımdan fərli olaraq bir ötkəmlik, mərdlik vardı. Əslində Sara xanım doğrudan da çox cəsarətli xanəndə olub. Sara xanıma qədər “Mahur-Hindi” “Şur” muğamlarını ifa edən olmayıb. Amma o, edib. Yəni çox sənətkarlardan bəhrələnmişəm. Bunu dana bilmərəm. Amma muğamda müasirlik, novatorluq, fərdi yanaşma öz canımdan gəlib.

# 6979 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #