Azərbaycanlı rəssam: “Konseptual ideya olsa bəlkə soyunaram” - MÜSAHİBƏ

Azərbaycanlı rəssam: “Konseptual ideya olsa bəlkə soyunaram” -  <span style="color:red;">MÜSAHİBƏ
16 iyun 2016
# 12:03

Kulis.az rəssam Vüsalə Ağarazıyeva ilə müsahibəni təqdim edir.

- Vüsalə xanım, zəhmət olmasa özünüz haqqında məlumat verərdiz.

- 1990-cı ildə anadan olmuşam, 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının keramika fakültəsinə daxil olmuşam. Emalatxanamda çalışır, dərs deyirəm.

- Tələbələriniz var?

- Bəli. Bir də məktəbdə dərs deyirəm.

- Tələbələrinizə rəsm öyrədirsiz, yoxsa keramikanı?

- Hər ikisini öyrədirəm. Mən rəsmlə də, keramika ilə də məşğulam. Eyni zamanda instalyasiyalar hazırlayıram.

- Sərgilərdə iştirak edirsiz?

- Bəli. Bir çox sərgilərdə iştirak etmişəm. Mənim həyatımdakı ən vacib sərgilərdən biri “Seçim” sərgisi olub. Bir rəssam həyatı göstərirdi, mən isə ölümü. Orda yağlı boya ilə işlərimlə yanaşı instalyasiyalar da vardı. Mən göstərmək istəyirdim ki, intiharından sonra yeganə qalan şey ipdir. 2015-ci ildə də “Düymə” adlı sərgimiz olmuşdu. O sərgidə keramikadan nəhəng düymə işləmişdim. Həmən işim çox maraq doğurdu, bir neçə xarici böyük məbləğə əldə etmək istəmişdir, amma həmin işi öz vətəndaşımıza satdım.

- Sirr deyilsə neçəyə satdınız?

- 1500 manata. O əsər “Kristall Hall”ın rəhbərinə hədiyyə olacaqdı. Mən də bilirdim ki, o adam incəsənətə önəm verən insandır. Buna görə əsərimin ona hədiyyə olunmasına sevindim.

- Belə çıxır rəssamlıqla dolana bilirsiz?

- Mən rəssamlığa qazanc mənbəyi kimi baxmıram. Amma bununla belə dolanmaq olur, əsərlərimi alırlar, miqyaslı fərdi sifarişlər işləyirəm.

- İnstalyasiya nədir, daha anlaşılır şəkildə izah etmək olarmı?

- İnstalyasiya sərbəst forma, obyektdir. İnstalyasiyanın konseptual növləri də var. Yəni hər hansı bir fikrə, konsepsiyaya əsaslanan instalyasiya. Ümumiyyətlə sizə deyim ki, hər bir sənət adamı əvvəlcə rəsm çəkməyin əsaslarını öyrənir, ondan sonra ayrı-ayrı ixtisaslara yiyələnir: rəssam-keramist, rəssam-arxitektor və s. Amma bəzi rəssamlar var ki, hansısa obyekti sərgiləyib deyir bu mənim düşüncəmdir, baxıb görürsən ki, bu işdə heç bir sənət kriteriyası yoxdur. Mənə görə bu sənət deyil.

- İlk dəfə instalyasiya quran rəssam səhv etmirəmsə Marsel Düşamdır, özünün məşhur “pissuar” əsəri ilə.

- Bəli, odur. Sizə deyim ki, “Mühit” sərgisində mən də unitaz nümayiş etmişdim. Ziyadxan Əliyev, bunu görüb dedi ki, Düşamdan sonra unitazı belə təqdim edən sənsən. Mənim sərgimdə unitaz ömrün yuyulmasının rəmzi idi.

- Elə rəssamlar da var ki, epotaj xətrinə öz nəcisini, qanını dondurub satışa çıxarır.

- Doğrudur, var. Amma mən başqa rəssamların yaradıcılığından danışmağı xoşlamıram (gülür).

- Bu işləri də rəssamlıq adlandırmaq olarmı?

- Bu rəssamlıq deyil.

- Ən çox hansı mövzularda işləyirsiz?

- Hiss etdiklərim.

- Nəyi hiss edirsiz?

- Həyatı, anları, insanları. Bir neçə il əvvəl peyzaj, natürmort janrında daha çox işləyirdim. Şəhər mühitindən kənara çıxanda həmin janrda işləməyi daha çox sevirəm.

- Axırıncı işiniz nədir?

- Bir ildir üzərində işlədiyim tablom var: fahişəliklə məşğul olan hamilə qadındır, bətnində isə uşaq yox, həyat təsvir olunub.

- Sürreal əsərdir?

- Xeyr. Avanqard deyərdim. Həm də işlərimi əvvəldən hansısa cərəyana aid etmirəm. Məndə mövzu özü cərəyanı diktə edir.

- Mütaliə edirsiz?

- Əlbəttə. Həyatda məni incəsənətlə bərabər maraqlandıran sahələr çoxdur.

- Bilirsiz niyə soruşdum, instalyasiyalar fəlsəfə, ədəbiyyatla çox bağlıdır. Adicə onu deyim ki, bəzən instalyasiyaların annotasiyalarında-mətnlərdə - nə qədər qüsur görürük. Bəzən bu annotasiyların əsərin məğzini tapıb əks etdirə bilmir.

- Bəli, belə hallar olur. Bu da instalyasiyanın müəllifinin həmin ideyanın əsasına səthi baxmasından əmələ gəlir. Bu da izləyicini düzgün ideyadan yayındırır.

- Vüsalə xanım, Mark Rotkonun rəng zolaqlarından ibarət məşhur əsərləri hərraclarda həmişə milyon dollarlara alınıb. Hətta sosial şəbəkələrdə də dəfələrlə müzakirə olunub ki, axı bu əsərlərin nəyi belə qiymətlidir, bayrağa oxşayır.

- Bizə o əsərlər indi bəsit gələ bilər, amma öz dövrləri üçün çox qiymətli və möhtəşəmdirlər. Həm də belə üslubda birinci iş idilər.

- Belə çıxır Rotkonun tablosu 80 milyona dəyər.

- Çünki o Rotkodur. Bilirsiz, rəssamlarda hərdən necə olur? Onlar fərqlənmək istəyirlər. Mənim fikrimcə Rotko yenilik etmək istəyib. Üstəlik bu üslub onun ruhuna yaxın olub və öz ruhunu bu rənglərlə ifadə edib. İndi kim onun kimi çəkmək istəsə belə möhtəşəm alınmayacaq. Sözsüz ki, biz müasir rəssamlar öz yaradıcılığımızda incəsənət tarixində artıq mövcud olan çoxsaylı cərəyanlara müraciət edirik. Buna baxış təbii ki, birmənalı olmur – hansısa bir məşhur rəssama özünü oxşatmaq kimi qəbul edirlər. Əlbəttə belə hallar çoxdur. Amma idealda cavan rəssamların dahilərin dəsti-xəttini öyrənmək, özünə daha yaxın olan müxtəlif üslublarda sınamaq və nəticədə öz dəsti-xəttini tapmaq vacibdir.

- Emalatxananız harada yerləşir?

- İçəri şəhərdə.

- Niyə İçəri şəhər?

- Mən üç ildir ordayam. İçəri şəhəri, onun qədim aurasını çox sevirəm.

- Vüsalə xanım, “Jelatin” qrupu var, çılpaq instalyasiya edirdilər. Sonra bir rəssam qadın vardı, Muzeydə Kurbenin “Dünyanın yaradılışı” əsərinin qarşısında çılpaq poz vermişdi. Bu cür performanslara münasibətiniz necədi, rəssam üçün qəbul olunandırmı?

- Əslində bu cür mövzular da olmalıdır. Bu performanslar nəyəsə təkan verir.

- Özünüz belə performans edərdiz?

- Əgər ağlımda hansısa konseptual ideya olsa bəlkə soyunaram.

- Rəssam Marina Abramoviçin performanslarını qəbul edirsiz?

- Onun ideyaları və onları təqdim etmək üslubu mənin üçün çox maraqlıdır. O perfomans sahəsində dahi sayıla bilər. Özünün məşhur performansları ilə insanın əsl təbiətini göstərir.

- Marinanı da rəssam hesab etmək olar?

- O konseptualistdir və sözün geniş mənasında rəssamdır.

- Yəqin qəbul edirsiz ki, bu işlərin bir çoxu bir az da epaotaj xarakteri daşıyır.

- Əlbəttə, bu da var. Yaradıcı insanlar da məşhur olmaq istəyirlər.

- Endi Uorholun sözüdür: “Hər kəsin on beş dəqiqə məşhur olmaq haqqı var.”

- Sevdiyim rəssamdır. Onun sözlərindən biridə belədir:

“Hər dəfə güzgüyə baxanda mən anlayıram ki, mən özümü məni ətrafdakıların gördüyü kimi görmürəm...çünki mən özümə özüm istədiyim kimi baxıram. Dəqiq bilirəm, bir gün ora baxacam və artıq heç nə görməyəcəyəm...” (gülümsəyir)

- Vüsalə xanım, müsahibə üçün təşəkkür edirəm...

- Mən də. Çox sağ olun.

# 3321 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #