Kulis.Az hazırda tamadalıqla məşğul olan tanınmış jurnalist Süleyman Qaradağlı ilə müsahibəni təqdim edir.
- Başlayaq?
- Başlamaq deyəndə ürəyim əsir (gülür). Başlamaq hər sahədə çətindir. Yazıda da! Hansısa şeirdən oxuduğum misralar yadıma düşür:
İlk addım çətin olur,
Zirvəyə çıxmaq kimi.
İlk addım çətin olur -
Qayalar yıxmaq kimi.
Jurnalistikada məşhur “birinci cümlə sindromu” ifadəsi var. Birinci cümlə, uğurlu başlanğıc çox vaxt yazının sonrakı taleyini də müəyyən edir.
- Markes də deyirdi ki, mənimçün ən çətini birinci cümləni yazmaqdı.
- Məncə bu, hər sahədə belədir. Hətta futbolda da! Əbəs deyil ki, futbolda topa ilk zərbəni vurmağı komandanın ən yaxşı oyunçularına həvalə edirlər. İlk zərbədən, ilk addımdan, ilk həmlədən çox şey asılıdır.
- Biz də ilk həmləni ədəbiyyatla edək: mən bilən əvvəllər şeir yazmısınız...
- Bəli, mən yaradıcılığa şeirlə başlamışam və ilk şeirlərim də Füzuli rayonunda dərc olunan “Araz” qəzetində çıxıb. Sonralar “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “İnşaatçı” qəzetlərində, “Ulduz” jurnalında çap olunmuşam. Mərhum şair Tofiq Mütəllimov şeirlərimə “Uğurlu yol” yazmışdı. Şeirlərim dünyadan erkən getmiş istedadlı şair Vaqif İbrahimin da diqqətini çəkmişdi. Mirvarid Dilbazi bir dəfə respublika radiosunda şerilərimi dinləmişdi və gənc ədəbi qüvvələrdən danışarkən adımı unutsa da, bir bənd şeirimi əzbər söyləmişdi:
Şimşək göyə çəkdi qamçı,
Buludları tutdu sancı...
Yağış yağdı damcı-damcı-
Çiçəkləri sırğaladı.
Sonra “Gənclik” nəşriyyatında bir neçə gənc şairin şeirlərindən ibarət buraxılan almanaxda çap etmək istədilər, razı olmadım. Kiçik də olsa, ayrıca öz kitabımın çıxmağını istəyirdim. Alınmadı...
Sonra Qarabağ hadisələri başladı, zaman dəyişdi. Arzularım da həmin hadisələrin burulğanına qarışıb getdi... İndi üzə çıxarmasam da, düşəndən-düşənə yazıram...
- Jurnalistikaya da yəqin elə o həvəslə gəlmisiniz...
- Babam 1934-cü ildə Zəngilanda çıxan “Şərq qapısı” qəzetinin ilk redaktoru olub. Bunu çox sonralar – özüm jurnalist olandan sonra bilmişəm. Görünür, jurnalistikaya həvəsim də elə ondan gəlib. Babam çox böyük qəzet-jurnal həvəskarı idi. Bizim evdə əksər qəzetlərin podşivkası vardı. Hələ orta məktəbin aşağı siniflərində oxuyarkən ixtisasca müəllim olan atamın ovaxtkı “Kommunist” qəzetində dərc olunan məhkəmə oçerklərini uca səslə isti sobanın ətrafında oxuduğunu indi də xatırlayıram. Valideynlərimin ikisi də müəllim olub. Atam tarix, anam ədəbiyyat müəllimi... Amma mən jurnalistikanı seçdim
- Sizin nəsildə peşəkar jurnalistlərin sayı çoxdur...
- Bircə faktı demək istəyirəm ki, biz oxuyan vaxt fakültədə “Jurnalist” adlı divar qəzeti çıxırdı. Onu tələbələr o qədər oxunaqlı, səliqəli, rəngarəng və maraqlı buraxırdılar ki, qarşısında durub oxumaqdan doymaq olmurdu. Sizi inandırıram ki, həmin o divar qəzeti indiki qəzetlərin çoxundan yaxşı çıxırdı. Hələ fakültədə çıxan “Jurnalist” tədris qəzeti... Yeri gəlmişkən, həmin qəzetin bir nömrəsini də bizim qrupun tələbələri buraxmışdı - Elşən Əliyev, Tapdıq Yolçu və mən...
İndiki kimi yadımdadır, yuxarı kursun tələbələrinə, o dövrün mətbu orqanlarından imzası tanış olanlara elə qibtə hissi ilə baxırdıq ki... Belələri isə kifayət qədər çox idi: Müsəllim Həsənov, Xudayət Həsənli, Qərənfil Xəlilova, Əlisəftər Hüseynov, Zöhrab Əmirxanlı, Mirşahin Ağayev, Gülcahan Mirməmməd...
Yeri gəlmişkən, bir məsələni də xatırladım: diplom müdafiəsində olarkən “Sovet kəndi” qəzetində “Su dəyirmanlarının yeni həyatı” adlı yazım dərc olunmuşdu. Həmin yazı düz altı ay həmin qəzetin səhifələrində müzakirə olundu. Böyük çıxmasın, həmin yazının təsiri ilə müxtəlif rayon və kəndlərdə onlarca köhnə su dəyirmanları işlək vəziyyətə gətirildi və qəzetdə müntəzəm olaraq bu barədə məlumatlar verilirdi. Diplom rəhbərlərimdən biri olan Mahmud Mahmudov yazını o qədər bəyənmişdi ki, indiyədək mənə zarafatla “Dəyirman Süleyman” deyir...
- Biz sizi “Panorama” qəzetindən tanıyırıq...
- 1991-ci ilə kimi rayon qəzetində işləmişəm. Həmin ilin əvvəllərində məni “Qarabağ” qəzetinə məsul katib dəvət etdilər. O vaxt bu, çox şərəfli və məsul bir iş sayılırdı. Qəzet tərtibindən baş çıxaran jurnalistlər barmaqla sayılırdı. Təəssüf ki, müasir texnologiyaların geniş yayıldığı dövrdə indiki qəzetçilərin çoxu bu işin nədən ibarət olduğunu belə təsəvvür etmirlər. Altı ay “Qarabağ” qəzetində məsul katib işləyəndən sonra “Səhər” gündəlik-informasiya qəzetində işləməyə başladım. 1997-ci ilin axırlarında “Panorama” qəzetinə dəvət aldım və iki il də həmin qəzetdə işlədim.
- “Panorama” çox böyük kollektivi olan qəzet idi. Ayrıca universitet saymaq olardı o redaksiyanı... Elə bil ki, “Panorama”dan sonra jurnalistikadan küsdünüz...
- Bəlkə də əksinə jurnalistika məndən küsdü. O illərdən sonra ciddi bir qəzetdən dəvət almadım. Heç elə bil sayılıb-seçilən qəzet də qalmamışdı. Yadıma gəlir ki, vaxtilə qəzeti açıb oxuyanda “Kommunist”də Rəfail Nağıyevin, Əhməd İsayevin, Əli İldırımoğlunun, “Bakı”da Şamil Şahməmmədovun, “Sovet kəndi”ndə Vaqif Bəhmənlinin, Loğman Rəşidzadənin, Sədaqət Kərimovanın, “Azərbaycan gəncləri”ndə Şakir Yaqubovun, Adil Qaçayoğlunun, Hidayət Elvüsalın imzalarını axtarırdıq. Sovet dövrünün jurnalistikası başqa idi. İndi saytın biri xəbəri qoyur, o biriləri də eyni xəbərin üzünü çıxarırlar. Sonra da məlum olur ki, həqiqəti əks etdirmir. Başlayırlar təkzib verməyə. Əgər informasiyanın birində hansısa yanlışlıq və ya səhv gedibsə, Seymur Baycan demişkən, inanma ki, onu dərc edənlərdən hansısa biri onu düzəltsin.
- Seymur Baycanı oxuyursunuz?
- Təkcə Seymuru yox, Günel Mövludu, Elnur Astanbəylini, digər cavan jurnalistlərin yazdıqlarını da oxuyuram. Əlbəttə, gənclərin içərisində istedadına qibtə etdiklərim də, yazdıqlarına təəssüf hissi ilə oxuduqlarım da var.
Tez-tez belə ifadə işlədirlər: filan teleşirkətin və ya qəzetin jurnalisti. Belə ifadə olar? Teleşirkətin və ya qəzetin “jurnalisti” necə olmaq olar? Qəzetin əməkdaşı, müxbiri, şöbə müdiri və s. olmaq olar, amma jurnalisti yox. Təkcə elə bu elementar ifadə jurnalist peşəkarlığının səviyyəsindən soraq verir. Əvvəllər müxtəlif yaradıcılıq müsabiqələrindən, qabiliyyət imtahanlarından keçəndən sonra jurnalistika 25 tələbə qəbul edirdilər, onların da içərisindən xeyli istedadlı mətbuat işçisi yetişirdi. İndi heç bir müsabiqəsiz, ələksiz-şadarasız 300 tələbə qəbul edirlər, axırı da belə olur. Qəzetləri, saytları açıb oxuyursan, kim ağlına nə gəldi, necə gəldi, yazır. Ən çox ona təəssüflənirəm ki, yazıların üzərində ya redaktor qələmi gəzmir, ya da çox səriştəsiz şəkildə gəzir.
- Bəlkə bu, klaviaturaya keçidlə bağlıdır? Qələm yoxdu indi...
- Bəlkə də... Xəbərə yaradıcı yanaşma çatışmır. Forma əlvanlığı, rəngarənglik yoxdur. Əsasən şablonlardan istifadə olunur. Həvəskar bəstəkar yalnız mahnı yazmaqdan uzağa gedə bilmədiyi kimi, indiki yazarlar da əsasən xəbər və müsahibə yazırlar. Elə janrlar var ki, ümumiyyətlə müraciət olunmur.
- Süleyman müəllim, sizin jurnalistikanı tamadalığa dəyişməyiniz də qəribə təsir bağışladı...
- Əslində mən jurnalistikanı dəyişməmişəm. Altı ildir ki, ayda bir dəfə çıxan “Herba Flora” jurnalınını redaktoruyam. Kitablar, məqalələr, hətta köşələr də yazıram. Ancaq indiki vaxtda yalnız bir sahədə, bir işlə dolanmağın mümkün olmadığı kimə məlum deyil? Məgər vaxtilə yazıçılardan Hüseyn Cavid, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Sani Axundov, aktyorlardan Ələsgər Ələkbərov, Möhsün Sənani və başqaları məclislər idarə etməyiblər? Burda nə qəbahət var?
Məsələ burasındadır ki, bir sıra naşı, peşəkarlıqdan uzaq ararıcılar bu işi gözdən salıblar. Biri şeir deyir, biri lətifə danışır, biri parodiya edir, biri müğənniyə qoşulub oxuyur... Axı tamadalıq bu deyil. Tamada ilk növbədə idarəedici, məclisdə qonaqlarla toy sahibi, musiqiçilər arasında bir vasitəçidir. İndi əksər məclislərdə aparıcıya ehtiyac duymurlar. Aləm qarışır bir-birinə... Həmin toyların kasetinə baxanda zövq almaq əvəzinə xəcalət çəkirsən. Bir dəstə adam meydana düşüb nə qədər, neçə saat oynaya bilər? Biz bununla nəyi nümayiş etdiririk, hansı milli-mənəvi dəyərləri yaşadırıq? Rəhmətlik Bəxtiyar müəllim deyirdi ki, Qarabağı itirəndən sonra camaatımız yaman oynamağa başlayıb. Əlbəttə, toyun yaraşığı oynamaq, rəqs etməkdir. Amma bir qrup adam bir məclisdə nə qədər oynayar? Məgər oynamaq özü asandır? İbn Sina deyirdi ki, mən öz həyatım boyu 29 elm öyrəndim, amma rəqs etməyi öyrənə bilmədim...
- Belə baxıram, siz tamadalığı ciddi sənət hesab edirsiniz...
- Söhbət təkcə tamadalıqdan getmir. İndiki toyların səviyyəsi, gedişi kimi razı salır? Mən həmişə deyirəm: əslində biz toyu övladımıza yox, şadlıq evinin müdirinə edirik. Çünki orda bəzən son qəpiyinə qədər soyulan, illərdən bəri qəlbində gəzdirdiyi övlad toyu görmək arzusunun iflasa uğradığı valideynlər görmüşəm. Şadlıq evlərinin bərbad, ağız deyəni qulaq eşitməyən akustikasında hansı normal toydan danışmaq olar? Valideyn xeyli xərc çəkir, dost-tanış, qohum-əqrəba gənclərin sevincinə qoşulmaq üçün məclisə gəlir, axırda hamı başını götürüb qaçmağı qənimət bilir. O boyda vurhavurda, səs-küyün içində necə oturasan?
Elə bil camaatın təbiəti də dəyişib. Əvvəllər övlad valideyndən qorxub-çəkinər, ehtiyat edərdi. İndi elə bil valideynlər övladlardan qorxurlar. Ata-ana qalır bir tərəfdə, şadlıq sarayını uşaqlar seçir, menyunu özləri sifariş verir, musiqiçini özləri dəvət edir, məclisin ssenarisini onlar müəyyən edir.
Əlbəttə, fürsət düşdükcə imkan daxilində mən bunları məclis əhlinə, orda iştirak edənlərə çatdırmağa çalışıram. Şübhsiz ki, auditoriyadan da çox şey asılıdır. Çarli Çaplin deyirdi ki, məni hər kəs öz səviyyəsi qədərində başa düşür.
- Tamada bir növ məclisi ssenariləşdirir...
- Bilirsiz, necədir? Bir sıra şadlıq saraylarının proqramları o qədər zəngindir ki, orda sənin ssenarinə yer olmur. Rəqqasələr, rəqs qrupları, qrup formasında oxuyanlar, məzhəkəçilər, müğənnilər, ifaçılar... İndi son toylarda xınayaxdı mərasimləri də aparılır. Sonra aş mərasimi, şirniyyat süfrəsi, şar yağışı... Rəhmətlik Telman Adıgözəlovun sözü olmasın, təsəvvür elə ki, Bakı-Yevlax qatarındakı basabas... Toyda hərənin ürəyindən bir arzu keçir. Biri xeyir-dua vermək, biri yallı getmək, biri dincəlmək, biri xoş bir söz eşitmək istəyir. Həmin çoxsaylı arzuların hamısının mərkəzləşdiyi nöqtə tamadadır. Uşaq da, böyük də, toy sahibi də, qonaq da – bir sözlə hamı ondan umur.
- Bir qrup yazar toya getməməyə qərar verib. Buna necə baxırsınız?
- İndiki toyların səviyyəsindən mən də razı deyiləm. Normal keçən məclisləri demirəm, amma indiki toylardan razı qalmaq üçün gərək ağlını itirəsən. İntəhası, zəncirvari reaksiya yaranıb, vaxtilə sən getmisən, indi sən toy çaldıranda da onlar gəlməlidir və s. Əslində hamımız giley-güzar edirik, vəziyyəti hamı başa düşür, di gəl, bu labirintdən çıxış yolu tapa bilmirik.
- Təəssüf ki, elədir...
- Bizim ustad aparıcılardan birinin gözəl sözü var: Hər toy öz sahibinə oxşayır. Gəlin sizli-bizli toylarımızdakı narazılıq doğuran məqamlardan gileylənməkdənsə daha müasir və milli-mənəvi dəyərlərə söykənən model axtarıb tapaq. Çinlilərin yaxşı bir sözü var: “Qaranlığı söyməkdənsə özün bir şam yandır!”
Şərif Ağayar,
Cəlil Cavanşir