Çarli Çaplin, Çe Gevara, Merlin Manro – Onları belə görməmisiniz

Çarli Çaplin, Çe Gevara, Merlin Manro – <span style="color:red;">Onları belə görməmisiniz
4 aprel 2018
# 12:10

Kulis.az Mirmehdi Ağaoğlunun “Gənc rəssamların sərgisi” yazısını təqdim edir.

Dünən İçərişəhərdə yeni açılmış “Caharşah” adlı yaradıcılıq mərkəzində olduq. Mərkəzin açılması münasibəti ilə sərgi də vardı. Yeni açılan yaradıcılıq mərkəzindən xəbər tutmağımızın və oranı ziyarət etməyimizin səbəbi sadədən sadə idi. Dostumuz Ayxan Ayvazın bacısı, gənc rəssam Gülbəs Ayvazın da işləri sərgilənəcəkdi. Elə bu niyyətlə də dedik ki, ora bir baş çəkək.

Əvvəlcə “Caharaşah” yaradıcılıq mərkəzi haqqında: İçərişəhərdə, Müslüm Maqomayev 101/103 ünvanında yerləşən bu məkan Rəssamlıq Akademiyasını yeni bitirmiş rəssamlar tərəfindən açılıb. Gənc rəssamlar qərara alıblar ki, pərakəndə şəkildə çalışmaqdansa bir emalatxana götürsünlər, həm emalatxanası olmayan rəssamlar üçün çalışmağa yer olsun, həm də yaradılan əsərlər elə ordaca təşkil olunan sərgidə nümayiş olunsun.

Aprelin 7-ə qədər davam edəcək sərgidə gənc rəssamlar Kəmalə Məmmədova, Cahid Cavadov, Leyla İbrahimova, Dilbər Zakirli, Vəfa Şükürova və Gülbəs Ayvazın işləri sərgilənirdi. Siz burada güzgü üzərində işlənmiş rəsmlərlə yanaşı, ağac parçası üzərində işləmələr, taxtadan hazırlanmış mücrü və müxtəlif qablar, qobelenlər, fırça və butulkadan hazırlanmış eksperimental eksponatlar da görə bilərsiniz.

Gənc rəssamların ilk addımdaca ənənəvi üslubdan qaçıb eksperimentlərə can atmaları alqışlanası haldır. Xüsusən güzgü üzərində yağlı boya ilə Qustav Klimtin “Öpüş” əsərinin, Van Qoqun avtoportretinin, Çarli Çaplin, Çe Gevara, Merlin Manro, Salvador Dali və başqa populyar simaların əksi, fırçadan (kukla obrazına bürünmüş fırçalar dil açıb danışmaq istəyirlər) hazırlanmış müxtəlif kompozisiyalar özlərinin qeyri-adiliyi ilə dərhal diqqəti cəlb edirlər.

Sərgi vaxtı hələ püxtələşməmiş, bir az naşı işlər də qabağınıza çıxa bilər. Xüsusən ağac üzərində işlərdə gənc rəssamın ürkəkliyinin izlərini hiss etmək olar. Ancaq tamaşaçıları bu soyutmasın. Bütövlükdə belə bir sənət mərkəzinin yaradılması və bu cür çətin yükü yenicə məzun olmuş gənc rəssamların öz çiyinlərinə götürmələri alqışlanası haldır. Elə hesab edirəm ki, hər bir sənətsevər gənc rəssamların bu cəsarətinə dəstək olmaq üçün “Caharşah” yaradıcılıq mərkəzinə baş çəkməlidir.

Kim istəyirsə sərgidə nümayiş olunan işlərdən əldə edə bilər. Qiymətlər? Hə, bax bu barədə “Caharşahın”ın təşkilatçılarına iradımı gərək bildirəm.

Sənət adamı öz işini nə qədər ideallaşdırsa da onu istifadəçiyə təqdim edən zaman gərək öz sayıqlığını itirməsin. Dramaturqun pyesi səhnəyə qoyulanda, rəssamın çəkdiyi əsəri sərgidə nümayiş etdiriləndə, yazıçının yazdığı kitab vitrinə düzüləndə artıq sənət əsəri olmaqdan əlavə həm də bir əmtəə statusu qazanır. Bu zaman biletin də, tablonun da, kitabın da qiyməti mövcud iqtisadi şərtlərə cavab verməlidir. Bəli, sən bir sənət adamı kimi öz məhsulunu ortaya çıxarmaq üçün yuxusuz gecələr keçirə bilərsən, müəyyən məhrumiyyətlər yaşaya bilərsən, ancaq bu sənə əsas vermir ki, həmin yuxusuz gecələrin, məhrumiyyətlərin, ağır zəhmətin faturasını da alıcıya kəsəsən.

Sənət məhsullarına qoyulan qiymət münasib olmalıdır ki, aktyorun tamaşasına getsinlər, rəssamın tablosunu alsınlar, yazarın kitabını oxusunlar. Təəssüf ki, bizdə çox vaxt bu prinsiplər pozulur, yəqin sənət marketinqi sahəsində təcrübəmizin olmaması ilə əlaqədardır, zamanla öyrənərik.

Bu baxımdan düşünürəm ki, rəssam dostlarımız qiymət məsələsində reallıqdan bir qədər uzaq davranıblar. Yəqin gələn sərgilərdə bu qüsur da aradan qalxar. Davamlı olsun!

# 2593 dəfə oxunub

Oxşar xəbərlər

Cüzeppe Verdi  hansı operasından sonra İtaliyanın Milli Qəhrəmanı  kimi tanınıb?

Cüzeppe Verdi hansı operasından sonra İtaliyanın Milli Qəhrəmanı kimi tanınıb?

15:38 10 oktyabr 2025
Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto

Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto

10:25 10 oktyabr 2025
Dünya şöhrətli unikal ziyalı - İlahə Səfərzadənin hekayəsi

Dünya şöhrətli unikal ziyalı - İlahə Səfərzadənin hekayəsi

10:00 10 oktyabr 2025
Bu gün Nobel mükafatına layiq görülən  Laszlo Krasznahorkai kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən Laszlo Krasznahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

11:00 9 oktyabr 2025
"Bulağın başını Süleyman Rüstəm kəsib!" - Xəlil Rzanın tərcümələrinə niyə laqeyd yanaşırdılar?

"Bulağın başını Süleyman Rüstəm kəsib!" - Xəlil Rzanın tərcümələrinə niyə laqeyd yanaşırdılar?

10:00 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər