Bakıda gəlin toyuna qara paltar geyindi - RESENZİYA

<b>Bakıda gəlin toyuna qara paltar geyindi</b> - <span style="color:red;">RESENZİYA
29 yanvar 2018
# 15:30

Aliyə

Hər şey adi toydakı kimidir. Musiqi, şirnilər, qonaqlar. Bircə bu toyda hər kəs, gəlin belə qara geyinib. Xonçaların üstünə qara lentlər vurulub.

Bəzən gənc yaşda nakam vəfat etmişlər üçün belə qara toylar edirlər. Yas məclisinin içində xonça ortaya çıxır, ya da mafə yerdən zurna balabanla qalxır. Bu faciənin böyüklüyündən başını itirmiş ailənin təsəllisi ola bilir.

Amma bu, düşündüyünüz kimi faciədən başını itirmiş ailənin düzənlədiyi toy deyil. Gəlin də, bəy də, sağ-salamatdır. Sadəcə, hamı qara geyinib. Qara varsa, deməli, faciə var. Bəs faciə haradadır?

Rəssam Vüsal Rəhimin “Qara toy” layihəsi tamaşaçını məhz bu çaşqınlıqda qoyur. Faciəni görə bilməyən tamaşaçı bu nöqtədə erkən nikahların qurulduğu toyda iştirak edənlərlə, bu faciəni fərq etməyən, ya da gözardı edən qonaqlarla eyniləşir.

Bu, Rəssam Vüsal Rəhimin erkən nikah faciəsinə həsr olunmuş “Nurcan” adlı fərdi sərgisidir. Müəllif yüzlərlə adamın iştirak etdiyi erkən nikahlıların toyunun əslində faciə olduğunu vizual qavrayış sisteminə yerləşdirmək istəyir. O, 1 günün gəlini olmayan 16 yaşlı qızın qətlindən təsirlənib.

“İki il öncə bir xəbər oxudum. Xəbər 16 yaşlı tanımadığım bir qızın faciəsi idi. Mənə çox təsir elədi. Adını bilmədiyim bu qızın (xəbərdə mərhumun sadəcə adının baş hərifləri yazılmışdı) faciəsini sərgiləməyə qərar verdim. İki ildir bu layihənin gercəkləşməsi üçün hər fürsətdən istifadə etdim. İki dəfə alınacaq dediyim anda, alınmadı. Bu gün isə bu layihə Nurcan adı ilə qarşınızdadır”.

Rəssamı təsirləndirən əhvalat faciənin ortaya, mətbuat səhifələrinə çıxdığı yüzlərlə haldan yalnız biridir. Qanunvericilikdə 18 yaşına çatmayan şəxsləri zorla evləndirilməsi və ya ərə verilməsinin qadağan olunmasına baxmayaraq, hər il, Azərbaycanda 15-17 yaşlarında qızlar orta hesabla 3,500 uşaq dünyaya gətirirlər. Erkən nikahların başlıca səbəbləri müxtəlifdir və bunlara əsasən yoxsulluq, ərə getməmək ("evdə qalmaq") qorxusu, sosial təzyiqlər və adət-ənənələr, müdafiəsizlik və maliyyə sıxıntıları daxildir. Yeniyetməlik illərində ərə gedən qızlar, hamiləlik dövrünün fəsadları, sosial izolyasiya, təhsil imkanlarının məhdudlaşdırılmasından əziyyət çəkməklə yanaşı, böyük ehtimalla, məişət zorakılığı və ər tərəfindən zorlanmalar kimi hallara da məruz qalırlar.

Rəssam Vüsal Rəhim öz layihəsində faciənin bünövrəsinin qoyulmasını, bu prosesdə hamının iştirak etdiyini göstərir. “Nurcan” sərgi-layihəsi 3 hissədən ibarətdir - Performans, videoart və fotoart. Paralel olaraq hadisələr də bu ardıcıllıqla baş verir: birinci hissədə toy elan edilir və toya hazırlıq işləri aparılır, ikinci hissədə toy mərasimi keçirilir, üçüncü hissədə isə toydan sonrakı proseslər əks olunur.

Layihə küçədən başlayır. Performans zamanı tamaşaçılar gəlinin evdən aparılmasına şahid olurlar. Hər şey real toydakı kimidir. Vağzalı, bəzənmiş maşınların siqnalı. Şok yaradan yalnız rəngdir.

Sənətşünas Mehparə Abbasovanın fikrincə, bu, Azərbaycanda ilk dəfə olan “non-spektakulyar” incəsənətdir: “Rəssam əvvəlcə incəsənətlə reallıq arasında sərhədi pozaraq, tamaşaçıları çaşqın salır və sosial şəbəkədəki paylaşımlardan bir çoxlarının inandığı real toyu qara rəngdə təqdim edərək, çox da məşhur olmayan, Azərbaycanda isə, ümumiyyətlə indiyədək rastlamadığım (?!) non-spektakulyar incəsənətin nümunəsini yaradır...”

Tamaşaçılar və sənət biliciləri arasında marağa səbəb olmuş performans, rəngarəng milli toy adət-ənənələrini, o cümlədən bəy evinin gəlin evinə gəlişini, milli rəqsləri, qonaqların qarşılanması, o cümlədən qohum-əqrəbalar tərəfindən keçirilən müxtəlif mərasimləri əks etdirir. Toydan bir gün sonra, YARAT sərgi məkanı yeni ailə quranların "evinə" çevrilir. Burada qonaqlar performans ərzində çəkilmiş toy videoları və şəkilləri ilə tanış olurlar.

Sərginin baş tutduğu məkanda divarlarda yazılmış şeirlərin müəllifi Aynur Caviddir.

Aynur Cavid özü gender fəalıdır və sərginin əsas qəhrəmanı, “gəlin” Nurcanın anasıdır.

Kulis.az-a açıqlamasında bu layihə üzərində çoxdan düşündüyünü deyən rəssam belə problemə yanaşmaq üçün tamaşaçıya fərqli baxış bucağı vermək lazım olduğunu söyləyir:

“İlkin reaksiyalar bu üsulun doğru olduğunu düşünməyə əsas verir.”

Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının teatr və dekorativ sənət fakültəsini bitirib. Onun əsərləri insan bədəni, gender və sosial strukturlar kimi mövzuları araşdırır və rəssamlıq, video, foto və heykəltəraşlıq kimi bir sıra vizual növlərini əhatə edir. Azərbaycandan savayı, onun əsərləri Rusiya, ABŞ, Gürcüstan və Fransada nümayiş etdirilib.

Xatırladaq ki, Vüsal Rəhimin bir müddət əvvəlin kuklalarla bağlı “My name is Sarah” sərgisi ciddi qalmaqal yaratmışdı.

25 yanvar, saat 19-da açılan sərgi ARTIM Layihə Məkanında fevralın 11-dək davam edir. Fevralın 2-də isə müzakirə təşkil olunacaq. Yeganə şərt dress-kodla bağlıdır. Bura qara geyimdə gəlmək lazımdır.

# 1418 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #