"İblis" istək olaraq qalır - Rövşən Almuradlı ilə SÖHBƏT

"İblis" istək olaraq qalır - Rövşən Almuradlı ilə SÖHBƏT
1 noyabr 2016
# 12:36

Sumqayıt Dram Teatrının divarları doğma səslə isinməyə başlayıb. Ən çox da səhnə sevinir. Çünki 62 yaşlı səhnə aşiqi işinin başına qayıdıb.

Görkəmli kino və teatr rejissoru Rövşən Almuradlını şəxsən tanıyana qədər şəkillərindəki zəhmi adamı çəkindirirdi. Onunla söhbət “insan dilindən tanınır” kəlamını doğruladı. Mehriban, canayaxın davranışı yaradıcı insan haqqında eşitdiyim fikirləri tamamilə dəyişdi.

O, hazırda teatrda Sumqayıtın “Oğru”sunu hazırlayır. “Oğru” adlı tamaşa dörd illik fasilədən sonra ilk işidir. Başqa sözlə, bu oğurlanmış yaradıcı illərin cavabı olacaq. Çoxu şöhrət, ad, haqqında fərman istədiyi halda, o həmişə azad səhnəsinin, işinin davasını edib. Rövşən müəllimlə teatrın məşqləri zamanı görüşmək imkanını yaxalayınca, fürsəti əldən vermədim. Teatrın, kinonun dərdlərindən danışdıq. Gənc aktyorlarla səbirlə davranan, onların istedadı ilə fəxr edən sənətkarla söhbətmiz pis alınmadı.

Səlahiyyətsiz rejissor yarada bilməz

Dövlət Akademik Milli Dram Teatrında baş verən sonuncu hadisə, xalq artisti Fuad Poladovun teatrdan istefası sumqayıtlı rejissorun da kefini pozub. Onun fikrincə, belə problemlər teatrın strukturu ilə bağlıdır.


“Azərbaycan teatrında rejissorla teatr direktorunun vəzifələri konkretləşməlidir. Rejissorun vəzifəsi- yaradıcı sistemi qurmaq, repertuarı, truppanı formalaşdırmaqdır. Bu səlahiyyətləri onun əlindən alanda onun planları yerlə-yeksan olur, işinə köklənə bilmir.

Sözsüz, teatra yaradıcı, sənətdən, sənətkardan anlayan biri rəhbərlik etməlidir. Direktorun vəzifəsi inzabati və maliyyə işlərindən ibarətdir. Teatr mənzil-istismar idarəsi, zavod deyil axı. Burada sənət doğulur, yaradılır. Bu mənada məsələ həllini tapsa, bəzi çəkişmələr, mübahisələr də arxa planda qalar, yaxud heç olmaz.

AzDrama-da 2012-cü ildə son fəaliyyətim müddədində F. Dürrenmanttının eyniadlı əsəri üzərində “Yaşlı xanımın gəlişi” tamaşasını hazırlamışam. Bu yeddi illik fasilədən sonra olmuşdu. Ona qədər 2005-ci ildə İ. Şıxlının “Ölüləri qəbirstanlıqda başdırın” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermişdim”.

“İstiqlal”ım bircə il sürdü

Rövşən Almuradlı deyir ki, sevdiyi işinə aktyor kimi gəlib. Bu günə qədər AzTV-də, Bələdiyyə, Mingəçevir , Gəncə teatrlarında fəaliyyət göstərib. 20-dən çox teatr tamaşasının, 12 sənədli film, 4 televiziya filminin, 3 bədii filmin quruluşunu verib. Ona ən rahatlıq verən məkan isə yaratdığı “İstiqlal” teatrı olub.

Həmsöhbətim bunu belə əsaslandırıb. “Ona görə ki, özüm yaratmışdım, arzularım, səhnələşdirmək istədiyim əsərlərim vardı. Təəssüf ki, 1991-ci ildə müstəqil Azərbaycanın ilk özəl teatrı kimi yaratdım, çətin zaman kəsiyinə düşdüyünə görə bir ilə yaxın yaşadı. Teatr sənəti, səhnə o zaman yaşayar ki, onun işinə əsassız əngəllər olmasın, süni maneələr yaradılmasın.

Ümumiyyətlə, dünyada teatrlar- dövlət, özəl, bələdiyyə, müzey teatrı formasında bölünür. Teatr cəmiyyətin yükünü daşıdığından müxalif olmalıdır. Bizdə bu fikri doğru başa düşmürlər bir az. Bu cəmiyyətə qarşı müxalif orta mövqe, vətəndaş mövqeyi deməkdir . Teatr, kino dövlət dəstəyi almalıdır. Amma kino və teatr özü də özünü saxlamalıdır. Bu dunya təcrübəsində belədir. Teatr sponsor, kino isə reklam hesabına qazanır. Reklam bazarı olanda yaradıcılıq sahələri də inkişaf edir, rəqabət güclənir. Hamı hər işin ən yaxşısını təqdim etmək istəyir ki, yaxşı da reklam alsın. Özəl teatrların çoxalması teatrın uçurumdan xilas olma yolundan biri ola bilər”.

Komediya “hır-hır” demək deyil

“Bu gün saysız teleseriallar çəkilir. Çox serialın vəziyyəti bərbaddır. Baxanda adama elə gəlir ki, ölkədə ailələrin hamısı bahalı maşında gəzir, villada yaşayır. Kriminal mövzu üstünlük təşkil edir. Axı niyə ssenaristlər qondarma mövzu və qəhrəmalarla bizi təbliğ etməyə çalışırlar. Biz bu deyilik axı.

İncəsənətin əsl vəzifəsi indi görülməlidir. Elə teatr, kinonun də bu gün üçün vacib missiyası dərdlərimizi, işğal olunuş torpağımız, dəyərlərimizin təbliğidir. Heç olmazsa, görkəmli yazıçılarımızın əsərlərini götürüb onun üzərində ssenarilər hazırlamaq da olar. Seyfəddin Dağlı, Salam Qədirzadə, Xalidə Hasilova, Əzizə Cəfərzadə kimi görkəmli yazıçıların əsərlərindən serial hazırlamaq olar.

Ssenari hazırlamaq spesifik işdi, amma imkan yaradılsa belə insanlar var. Kinodan iki cür pul qazanmaq olar: yaxşı film çəkib onu satmaqla ya da film çəkilişinə ayrılan pulu oğurlamaqla. Yaxşı teatr qurmaq, film ortaya qoymaq üçün yaradıcı heyətin maaşı yüksək olmalıdır. Uzağa getmirəm, qonşumuz Gürcüstanda rejissor, aktyorlar bizdən 10 qat çox maaş alırlar. Buna görə də, bu adamların çəkişməyə, aqressiya sərgiləməyə zamanı olmur, yaradıcılıq işlərinə köklənirlər. Tək Tiflisdə olan teatrların sayı Azərbaycanda olan teatrdan çoxdur.

Bizdə bir məsələ də var. Bəziləri komediya janrını asan janr bilirlər. Hır-hır, tamaşaçı qəşş edirsə bu hələ komediya deyil. Komediyanın cəmiyyət üçün yükü böyükdür. Orada dərs götürüləcək vəziyyətlər olmalıdır. Bizdə isə yüngüllük etməklə gülüş yaradırlar. Faciə janrında ölümdən çıxış yolu yoxdur, komediyada isə sənin nə ölməyə, nə də yaşamağa haqqın var”.



“Cavad xan” bizə də lazımdır, özgəyə də

“Mən 90-cı illərdə azadlıq hərəkatının, 20 Yanvar faciəsinin içində olmuşam. “Azadlığa gedən yollar” filminin 3 rejissorundan biriyəm. Filmi çox çətin şərtlərlə, mənəvi ağrılarla çəkmişik. Bu gün o günləri görən insan kimi bəzi məsələlərdə vətəndaş mövqeyimi bildirməyə daha çox haqqım var. Tərif sənət adamına yaraşmaz. Amma hər sahənin adamı ölkəsi üçün nə isə bir işin qulpundan tutmalıdır.

Mənim quruluş verdiyim “Yük” (1995, Bakı milyonçusu Musa Nağıyevlə bağlıdır) filmim Berlin kinofestivalında böyük rəğbət qazanıb. Sonralar başqa beynəlxalq festivallardan dəvət gəlsə də, gedə bilmədik. Ekran əsəri festival üçün yox, xalq üçün çəkilməlidir. Əgər kənarda qiymət alırsa deməli, dünyəvi nə isə etmişik.

“Cavad xan”(2009) filminin də çəkilişləri asan başa gəlməyib. Bu gün bir qrup teatr, kinoya heç bir töhvəsi olmayan filmi tənqid etməyə qalxır. Tarixi ekran əsərində məqsəd Azərbaycanın dərdini göstərməkdi. Biri deyir, filmdə pafos var, biri deyir tarix sənədli şəkildə göstərilib, o biri deyir, bizə belə qəhrəman lazım deyil. “Cavad xan” (Sabir Rüstəmxanlınin “Ölüm zirvəsi” əsərinin motivləri əsasında çəkilib) üçün yaradıcı heyət zəhmət çəkib, dövlət sifarişi əsasında çəkilib. Mövcud imkanlarla çəkilən filmdən Hollivud effekti gözləmək olmaz axı.”

Adil İsgəndərov bunu etmədisə…

Bu gün bəyəndiyim gənc və təcrübəli rejissorlar, İradə Gözələva, Mikayıl Mikayılov, Mehriban Ələkbərzadə və digərlərinin maraqlı işləri var. Rejissorun işi aktyorun işindən qat-qat çətindir. Azca qabiliyyəti olanı cilalamaqla aktyor etmək olar. Amma rejissor üçün vacib olan kriteriyalar var: mədəni baqaj, peşənin sirrləri, nəzəriyyə, obrazlı düşüncə tərzi və ümumiləşdirmə bacarığı. Hər

Müəllimim Adil İsgəndərov kimi nəhəng sənətkara dedim ki, niyə rejissorluqdan dərs demirsiz. Qayıtdı ki, mən bunu edə bilmərəm. Bu böyük əxlaqdır, o insan aktyorluqdan dərs verirdi, amma rejissor sənətinin çətinliyini belə ifadə etmişdi. 25 yaşdan aşağı şəxsləri ali rejissor kurslarına qəbul etmirlər. Özüm Moskva Dövlət Akedimik Satira Teatrında SSRİ xalq artisti Valentin Plucekdən dərs alan yeganə şəxsəm. Onun ustad dərsində tək olmuşam, bu gün isə onlarla tələbə yığıb rejissorluqdan təlim keçmək istəyirlər.”

“İblis”i yaratmaq arzum…

“Bu günə qədər onlarla tamaşa və film barədə düşüncələrim olub. Çoxunu reallaşdırmaq arzusunda olmuşam. U.Şeksprin “Kral Lir”, Hüseyn Cavidin “İblis”i kimi əsərləri səhnələşdirmək, həm də ekranlarşdırmaq planlarım alınmayıb.

“İblis”lə bağlı nazirlik səviyyəsində görüşlərim olub. Təəssüf ki, hələ də bu istək olaraq qalır. Yaxşı bilirəm ki, gözəl ekran əsəri üçün böyük büdcə gərəkdir. Bu əzəli problemi dəf etsək, yaradıcı şəxslərin də qapısı açılmış olar. Çoxu kimi mənim də ildə bir necə tamaşa hazırlamaq, bir ekran əsəri üzərində işləmək gücüm var.

İndi dövlət sifarişi ilə Marsel Bertie Marinyenin “Oğru”əsərinin eyniadlı tamaşasının məşqləri gedir. Tamaşa satira qurama janrındadır. Əsas rolları əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Vəfa Qurbanova, İlahə Səfərova oynayırlar. Lotereya oğrusu üzərində qurulan səhnə işində maraqlı məqamlar var. Tamaşa noyabr üçün təhvil veriləcək”.

Qafqazinfo.az

# 1541 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #