Bu idmanla məşğul olmaq üçün 3000 manat lazımdır - REPORTAJ

Bu idmanla məşğul olmaq üçün 3000 manat lazımdır - <span style="color:red;">REPORTAJ
19 yanvar 2015
# 16:12

Bu Mirmehdi Ağaoğlu və fotoqraf Ramil Zeynalovun Kamanda Oxatma Federasiyasından reportajıdır. Çoxunuz uşaq vaxtı heç olmaya bir dəfə “əldəqayırma” kamandan ox atsanız da belə bir federasiya adını ilk dəfə eşidirsiz, eləmi? Heç inanmazsız ki, ölkədə belə bir idman növü var.

Bəli var. Özü də 1993-cü ildə yaradılıb. Federasiyanı rəhbəri isə Şahin Möhsümovdur. Bizim qəhrəmanlar da jurnalist “sursatlarını” götürüb yollanıblar Hövsanda yerləşən olimpiya kompleksinə.

Natiq Fazilov. Mənim bu reportaja qəfildən girdiyimi görüb təəccüblənməyin. Əvvəl gəlin tanış olaq: Federasiyanın əməkdaşıyam, baş məşqçi kimi çalışıram. Jurnalist dostlar idmançılarımızdan reportaj hazırlamaq üçün mənimlə əlaqə qurublar. Gəlin reportaja niyə bu formatda əks olunmağımın sirrini açım. Bunun sadə bir səbəbi var: Bu cavan oğlan yaxınlarda Orhan Pamukun “Kafamda bir tuhaflıq” romanını oxuyub deyə həmin əsərin strukturunu bura tətbiq etmək istəyir. Ona uğur arzulayaraq bu idman növü haqda məlumatlanmaq istəyənlərə deyim ki, kamandan oxatma hər şeydən əvvəl aristokrat idman növüdür.

Natiq müəllim doğru deyir. Kamandan oxatma əsl aristokrat idmanıdır. Ən azı ona görə ki, bir adamın bu idmanla məşğul olmağı üçün ən azı 3000 Avro lazımdır. Çünki lazım olan idman ləvazimatlarını almağa bu qədər vəsait xərclənir. Ona görə də kamandan oxatma hər kəs üçün əlçatan hesab edilmir. Amma bu ilk baxışda belədir. Federasiya bu idman növünü əlçatan edib, kim istəsə məşğul ola bilər. 30 yaşına qədər olanların oxatanlıqla məşğul olmaları üçün lazım olan xərci federasiya özü çəkir, ləvazimatları öz hesabına alır.

Həsən. Gördüyünüz kimi mən burda məşq edənlərin ən kiçiyiyəm. Gəlin sizə oxatan olmağımın tarixçəsini danışım. Bizim evimiz idman meydançasının yanında yerləşir. Mən də orda məşq edən oxatanları görüb həvəslənirdim. Natiq müəllimdən xahiş elədim ki, məni də bu idmana qəbul eləsin. Düzdür əvvəl-əvvəl mənə kaman tapmaq çox çətin idi. Çünki kamanın çəkisi çox ağır olur, mənimsə gücüm ona çatmırdı. Amma artıq mənim də kamanım var. Üstəlik beynəlxalq yarışlarda da iştirak etmişəm.

Natiq Fazilov. Yadıma gəlir, Həsən təzə-təzə məşqə başlayanda kamanı qaldıra bilmirdi. İndi maşallah, onluqdan nişan alır. Kaman dedik, gəlin sizə kaman haqqında məlumat verim. Çəkisi 3 kiloqram olan kaman uşaq vaxtı düzəltdikləriniz kimi sadə deyil. Kamanın qolunun üzərində nişangah, kriker, tənzimləyici olur. Tənzimləyici kamanın qollarına düşən ağırlıq qüvvəsini paylamaq üçündür. Kriker də hər bir atıcının oxu hara qədər dartmasını göstərir. Kiriş elastik materialdan, ox isə alüminiumdan hazırlanır, üzəri karbonatla örtülür. Bundan başqa kirişi dartmaq üçün barmaqcıq, yay buraxıldıqda biləyi və döşü əzməmək üçün qoruyucular var.

Hazırda beynəlxalq yarışlarda atış 70 metr məsafədən keçirilir. Bu ötən il keçirilmiş konqres nəticəsində bəlli olub. Əvvəllər bu ölçü 90 metr idi. Amma kirişin dartı qüvvəsindən asılı olaraq ox 300-400 metr məsafəyə qədər uça bilir. Kirişin dartqı qüvvəsi qadınlarda 18, kişilərdə isə 21-22 kiloqram olur.

Natiq Fazilov. İdmanla yeni məşğul olanlara o dəqiqə kamandan atmağı öyrətmirik. Əvvəlcə idmançını kamana alışdırırıq. Çünki kamanı əldə saxlamaq asan deyil. Ağırdır. Bəzi vərdişləri öyrənmək lazımdır. Bundan başqa hər bir kaman fərdi qaydada yığılıb tənzimlənir. Bir atıcının kamanı ilə digərinin kamanının tənzimlənməsində fərqlər olur. Bütün bu aşılanma tədbirləri görüldükdən sonra idmançı ox ata bilər. Yaylagül adlı qızımız hazırda yarışa hazırlaşır. İki-üç həftədir onun kamanının tənzimlənməsi ilə məşğuluq.

Məşq zallarında atışlar adətən 18 metr məsafədən həyata keçirilir. 70 metrlik məsafədən atış məşqləri isə açıq havada aparılır.

Yaylagül. Beş ilə yaxındır ki, bu idmanla məşğulam. Son aylar məşqləri daha da intensivləşdirmişəm. Birinci Avropa oyunlarına hazırlaşdığım üçün hər gün məşqə gəlirəm. Buna görə də açıq havada məşq etməyə üstünlük verirəm. Qəribədir, heç vaxt inanmazdım ki, nə vaxtsa bu idmanla məşğul olaram. Rəfiqəm oxatan idi deyə onun həvəsinə bu idmanı seçdim. O, oxatanlığı lap çoxdan atıb. Mən hələ də davam etdirirəm. Rəssamlıq Akademiyasında qrafika fakültəsində oxuyuram. Tələbə yoldaşlarım bu idmanla məşğul olduğumu biləndə heyrətlənirlər, qəribə zarafatlar edirlər. Buna görə də çox vaxt bu idmanla məşğul olduğumu gizlədirəm.

Ramil Zeynalov. Qarşı tərəfdə dayanıb oxatan qızı çəkirəm. Oxun kamandan çıxdığı anı tutmaq istəyirəm. Çox çətindi. Natiq müəllim israr edir ki, oxatanın arxa tərəfində dayanaraq çəkim, özləri də ancaq bu rakursdan çəkirlər. Ancaq mən inadımdan əl çəkmirəm. Görüm, alındıra biləcəmmi?

Federasiyada qadın üzvlər də çoxluq təşkil edir. Ümumilikdə Azərbaycanda bu idmanla 60-a yaxın idmançı məşğul olur. Üzvlərin əksəriyyəti Bakıdadır. Sumqayıt şəhərində isə parolimpiyaçıların məşq zalları yerləşir.

Əvvəllər bu idmanla daha çox ruslar, Bakıda yaşayan digər millətlərin nümayəndələri məşğul olurdusa artıq son illər federasiyada azərbaycanlıların sayı artıb. Təbii ki, o vaxt oxatanların arasında ermənilər də olub. İnanmayacaqsız, ermənilər bu sahədə də azərbaycanlılara qarşı fitnəkarlıq ediblər.

Natiq Fazilov. 1986-cı ildə SSRİ Spartakiadası keçirilirdi. Yarışda mən də iştirak etməli idim, lakin əsgərliyə çağırdılar. Baş məşqçi erməni idi. Mənə dedi ki, get əsgərliyə andiçmən olan kimi səni geriyə çağıracağıq. Onun vədinə allanıb əsgərliyə getsəm də sonradan müxtəlif bəhanələrlə məni geri çağırtdırıb yarışa salmadı. Mən də iki il xidmət etdim. Qayıdandan sonra daha yarışda iştirak etməyə həvəsim qalmamışdı.

Hacı. Gördüyünüz kimi kirişin üzərinə nazik sapla dolaq vururam. Bunu ona görə edirəm ki, hər dəfə oxu kirişə taxanda yerini müəyyənləşdirmək asan olsun. Açığı mən güllə atıcılığı ilə məşğul olmaq istəyirdim. Amma orda yer olmadığı üçün kamandan oxatma idmanını seçəsi oldum. Peşman deyiləm. Çox gözəl idman növüdür. Özüm də İdman Akademiyasında oxuyuram.

Zaur. Mən də İdman Akademiyasında, üçüncü kursda oxuyuram. Beş ilə yaxındır ki, bu idmanla məşğulam. Anam Zemfira Qəhrəmanova da oxatan olduğu üçün bu idmanı seçməyim təsadüfi olmayıb. Elədir, arada dostlarım bu idmanı seçdiyimə görə mənimlə zarafat edirlər, bəziləri Robin Qud deyir. Biz idmançılar belə şeylərə fikir vermirik. Adi həyatımızda biz də başqaları kimiyik, bizim də həvəslərimiz var. Zala girdikmi başqa adam oluruq.

Davud. İcazə verin, Zaurun sözünü kəsib bir əlavə edim. Məsələn, mən, Aleksey, Zaur adi həyatda dost deyilik. Hər birimizin özünəməxsus çevrəsi var. Zaldan kənarda ayrı adamlarıq, amma zala girdikmi, min ilin doğması oluruq, lazım gələndə bir-birimizə kömək edirik, bir-birimizin əlindən tuturuq.

Zaur. Sözümə davam edim. Hər bir idmançı müntəzəm şəkildə məşq edib nəticələr əldə etməyə çalışır. Lazım gəldikdə isə yarışlarda, olimpiadalarda iştirak edir. Olimpiya çempionu olanda isə sən də Namiq Abdullayev, Elnur Məmmədli (əlimlə zalın divarlarındakı şəkilləri göstərirəm) kimi məşhurlaşırsan. Dövlət sənə də ev, maşın, mükafat verir.

Aleksey. Hörmətli oxucu elə biləcək mən heç nə danışmamışam. Əslində ən çox özüm danışıb beynəlxalq yarışlar və onların qaydaları haqqında məlumat vermişəm. Amma Mirmehdi deyəsən idman adamı olmadığına görə düşünürəm ki, dediklərimi unudub. Amma mən incimirəm, əsas odur komandamız beynəlxalq yarışlarda qalib olsun.

Natiq Fazilov. Artıq əvvəlki kimi ox atmıram. Yalnız şagirdlərimə nəyisə göstərmək lazım olanda kamanı əlimə götürürəm. Yoxsa kefim istəyəndə zala gəlib bir neçə saat təkbaşına məşq etmək kimi adətim yoxdur. Hə, bir də görürsən uşaqlar komandalara bölünüb yarış keçirirlər. Uduzan komanda tort alır. Mən də hansı komandada adam az olursa ora keçirəm.

Zaur. Müəllim hansı komandada olursa həmişə o komanda qalib gəlir.

Mirmehdi Ağaoğlu. Həvəsə düşdüm, mən də ox atmaq istəyirəm. Amma bu açığı uşaq vaxtı nar budağından düzəltdiyim oxlara heç bənzəmir... Kamanı əlimdə saxlamağa çətinlik çəkirəm, zarafat deyil, ağırdır...

Natiq Fazilov. Başa düşürəm, Mirmehdi də, Ramil də həvələniblər. Xətirlərinə dəymək istəməsəm də əllərindən xata çıxacağından qorxuram. Buna görə tapşırdım ki, oxu 5 metrdən atsınlar.

Mirmehdi Ağaoğlu. Davud kamanı səhv tutduğumu görüb qolçağını çıxardı, mənim qoluma keçirdi. Natiq müəllim, Zaurla Aleksey də yanımda dayanıb, mənə kamanı tutmağı öyrədirlər.

Davud. Oxu atandan sonra kiriş qolu və döşü əzər deyə atıcılar adətən qoruyucu geyinirlər. Qoruyucu olmasa kiriş qolu əzə, dərini göyərdə, hətta qanada bilər. Ona görə Mirmehdiyə kömək edirəm ki, ehtiyatla davransın. İki dəfə qaydasında atır. Amma üçüncü cəhdində səsini çıxartmasa da deyəsən kiriş qolunu əzir.

Mirmehdi Ağaoğlu. Kiriş qolumu əzsə də səsimi çıxartmadım. Əvvəlcə fikir vermədim, dedim keçib gedər. Axşam qoluma toxunanda hiss etdim ki, ağrıyır. Deyəsən o qədər də ciddi zədəyə oxşamırdı. Buna da şükür elədim. Öz-özümə düşündüm: yaxşı ki, baş redaktor məni alpinistlərdən reportaj hazırlamağa yollamayıb. Yoxsa bu yazının yerinə nekroloq oxuyardız.

Fotolar: Ramil Zeynalov

# 8948 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #