“Kazbek” tüstülədən xumar gözlülər...” – Yazıçılar meyxanadan danışdılar

“Kazbek” tüstülədən xumar gözlülər...” – Yazıçılar meyxanadan danışdılar
14 noyabr 2019
# 17:30

Son günlər televiziyalarda, sosial şəbəkələrdə aparılan müzakirələrlə meyxana mövzusu yenidən gündəmə gəlib. Kimi meyxananı lazımsız, qeyri-ciddi bir sənət, kimisi isə meyxananı sənət hesab edib.

Kulis.az mövzunun ciddiliyini nəzərə alaraq qələm adamlarından münasibət öyrənib. Cavabları təqdim edirik.

Nəriman Həsənzadə:

Image result for Nəriman Həsənzadə

- Meyxana şifahi xalq ədəbiyyatımızın qollarından biridir. Əliağa Vahiddən tutmuş bu günə kimi də meyxanaya qulaq asılır. Televiziyalarda çox yer verilməsinə qalsa, bu da tamaşaçının zövqünə uyğundur. Deməli, camaat istəyir, baxır. Zövqlər müzakirə edilə bilməz. Meyxananı lağlağıya çevirmək cinayətdir. Meyxananı sənət hesab edirəm.

Səfər Alışarlı:

Image result for Səfər Alışarlı

- Meyxananı ciddi sənət saymıram. Çünki bu, söz sənətidir. Söz sənətində mənadan və orijinal ifadə tərzindən başqa qiymətli heç nə ola bilməz. Onları isə sözə yükləmək çox çətin işdir, bunun üçün düşünmək, yazmaq-pozmaq, mətnə müvafiq düzəlişlər etmək zəruridir. Meyxananın bədahətliyi buna imkan vermir. Meyxana əsasən qafiyə şaqqıldatması üzərində qurulur. Təsəvvür edin, Nizami, Füzuli, Nəsimi, Əli Kərim kimi ustad şairlərə, sən demə, oturub düşünmək, mütaliə etmək, dini-fəlsəfi cərəyanları öyrənmək, divanlar yazmaq lazım deyilmiş, eləcə qafiyəni tutmaq kifayət edərmiş. Əgər hər hansı bir müasir meyxanada məna görünərsə, dəqiq demək olar ki, bu, "ev hazırlığının" məhsuludur. Ona görə də meyxanaya ictimai tribuna verilməsinin əleyhinəyəm. Ürəyi istəyənlər getsin çadır toylarında deyişsin.

Həmid Herisçi:

Image result for həmid herisçi

- Məşədi Baba kimi xalq şairləri, mistikləri bir başqa cür nəfəs alıb, möcüzələr yarada bilərlər. Şərq şeirində buna “əruz bəhrləri” deyilir. Klassik şeirimizdə əruz vasitəsiylə 21 cür xüsusi nəfəs almaq üsulu mövcuddur. Bu cür əruz ölçülərində nəfəs almağı, şeir deməyi bacardınsa, vəssalam, yaradıcılığında qeyb aləminə gedib gəlməyi bacaracaqsan. Dürlü-dürlü, fərqli xəbərlər, şeirlər, qəzəllər, sirlər gətirəcəksən ordan.

Hind fəlsəfəsində bu cür nəfəs almağa “Pranayama” deyirlər. Avropada oxşar təcrübələr yalnız 1970-ci illərdən meydana çıxıb. “Holotrop nəfəs” adlanan bu parapsixoloji elm sahəsi vasitəsiylə müxtəlif xəstəliklərdən qurtarmaq, şəfa tapmaq, fərqli mistik təfəkkürə yiyələnmək mümkündür.

Azərbaycanda isə bütün bunlar minillərdir ki, şairlərə, ədəbiyyata xidmət edir. Biz əruzun 14 bəhrindən istifadə edirik. 14 cür fərqli nəfəs alma üsulu ilə qeyb aləminə daxil oluruq.

Bu da sizə əruzun həqiqi sirri. Bu da sizə Məşədi Baba alovunun həqiqi izahı…

Meyxanaçı Bayram Kürdəxanılı, bakılılar demiş, “dəmyə meyxana” demək işində çoxlarını kölgədə qoymuşdu. Uzun, nataraz kölgəsi hərdən şair-yazıçı tayfasını da təqib edirdi. Deyirdi, bəs “şair-yazıçı mənəm, siz deyilsiz”.

Azərbaycan yazıçı-şairləri çoxdan təhlükəli deyillər. Şair həyatının gərgin dramaturgiyasından, sadə dillə desək, şair taleyindən bizim ştatlı şairlər çoxdan-hələ 1937-ci ildən üzübəri əllərini üzüblər. Şair taleyini bizdə sonuncu dəfə Müşfiq yaşayıb, sonra Əliağa Vahid. Sonra bir nəfər də qələt edib bu talenin böyründən yel olub keçə bilməyib.

Şair taleyinə o vaxtdan bəri bizdə meyxanaçılar yiyələnib. Xalqla öz aralarındakı məsafəni xeyli qısaldıblar. İndi xalq, “şair” deyəndə gözü qarşısına yalnız meyxanaçıları gətirir. “Kulis” kimi ədəbi saytların təbliğ etdiyi imzaları əsla tanımır. Sərbəst vəzndə, qafiyədə yazan şairləri indi nə dövlət maliyyələşdirir, nə də sadə xalq. Xalqın sevgi hədəfi, bəli, bu həqiqətdir-meyxanaçılardı.

Məncə, günümüzün şairləri məhz meyxanaçılardı. Digərləri şair deyillər, yalnız ziyalıdırlar, ancaq şair deyillər.

Zahid Sarıtorpaq:

Image result for Zahid Sarıtorpaq:

- Doğulub böyüdüyüm mühitdə meyxana heç vaxt dəbdə olmayıb. Mən onu sənət kimi qəbul etmirəm. Meyxana bu gün televiziyalar vasitəsilə hər bir evə "təcavüz" edib kütləvi şəkildə insanların şüurunu korlayan, səviyyəsiz, düşük şouların bir taydır. Televiziyalarda güclü islahatlara ehtiyac var. Mənəvi dəyərləri ayaqlar altına atan gərəksiz şoular yığışdırılsa, meyxana öz "yerini" tapacaq... Yenə çəkiləcək bəzi kənd toyxanalarına, tinlərə, "Kazbek" tüstülədən xumar gözlülərin dil-dodağına və nə dərəcədə "sənətə" aid olub-olmadığını özü bildirəcək.

Etimad Başkeçid:

Related image

- Bir dəfə bir sənətkar məndən soruşdu ki, ciddi və “populyar”, elitar və kütləvi mədəniyyət arasında demarkasiya xəttinin çəkilməsinə ehtiyac hardan yaranıb? Axı zövqlər müxtəlifdir, filan. Onda bir az düşünüb, cavab verdim ki, kütləvi və ya populyar mədəniyyət təmsilçilərinin (mədəniyyətin özünün yox, necə olsa da mədəniyyətdir) azğınlığı, həyasızlığı insanları belə bir təsnifat aparmağa vadar edib. İndi bizdə televiziyaların qapısı açıq olanda nə olar? Bir az abır-həya etmək lazımdır, oturub-durub, ona-buna hücum çəkmək yox.

Aydındır ki, meyxana tipli pop-musiqi, yaxud trivial və ya paramusiqi yaxşıya-pisə baxmayan, tələbkar olmayan, zövqsüz, əsərə müstəqil qiymət verməyi bacarmayan insanlar üçün bəstələnir, oxunur. Bu tip musiqi əsasən hazır mədəni standartları asanca qəbul edən insan çoxluğunun reflekslərinə hesablanır. Zövqlü musiqi isə, xeyli mürəkkəb nəsnədir, insanlardan müəyyən intellektual, mədəni hazırlıq tələb edir.

Açığı, bu polemikanın aparılması faktının özü bizim ortalama, ümumi mədəni səviyyəmizin göstəricisidir. Axı, tutalım, indiki Rusiyada qaşıq çalıb “çastuşka” oxuyan bir sənətkar, yaxud Fransada xortdamış bir trubadur durub, camaatın gözü önündə “ciddi” musiqini müdafiə eləyən hər hansı intellektuala hücum çəkməyi özünə rəva bilməz.

Meyxana sənət olmağına sənətdir, amma ciddi sənət deyil.

Rasim Qaraca:

Image result for Rasim Qaraca:

- Adından da göründüyü kimi, bu ədəbi janr meyxana ilə, mey, şərab içilən məkanla bağlıdır. Sənətdirmi? Hə, sənətdir, özünə görə incəlikləri, ustalıq gərəkdirən yanları var. Lakin, bəşəri dəyərə malik bir sənət deyil. Lokal bir kütləyə aid ola bilər, daha çox əzilən, depressiv insanlar üçün təsəlli mənbəyi ola bilər, lakin bizi mədəni bir millət olaraq göstərməz, əksinə mədəniyyətə gəlib çatmamış millətlərin sırasında olduğumuzu təsdiq edər.

Rəbiqə Nazimqızı:

Image result for Rəbiqə Nazimqızı:

- Fikrimcə, meyxana bir az ibtidai sənət növüdür. Bu gün meyxana müasir tələblərə cavab verə bilirmi? Meyxanada nə kimi yeniliklər var? Bunun üzərində düşünmək lazımdır. Meyxana daha çox şifahi xalq ədəbiyyatı növüdü və bədahətən yaranır. Ona görə də yeniliklərə açıq deyil. Ancaq özünə xas tamaşaçıları var. Meyxananın çevikliyi, sözün yaxşı və ya pis mənasında meyxanaçıların bir-birlərinə sataşmaları insanların diqqətini çəkir.

Yaxşı meyxana olanda qulaq asıram. Məsələn, rəhmətlik Aydın Xırdalanlını dinləyirəm arada. Rəşad Dağlı, Mahir Cürət xoşuma gəlir. Bunlar daha maraqlı meyxana deyirlər. Mövzuları, yanaşmaları da maraqlı olur. Bu gün meyxana şou-biznesə çevrilib. Bu da ciddi ədəbiyyatı bir qədər kölgədə qoyur. Bu mənim xoşuma gəlmir.

# 8265 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #