“Bu böyüklükdə ölkədə 1600 Birlik üzvünü bir yerə yığan zal yoxdur? Niyə yazıçıları seçmək və seçilmək hüququndan məhrum edirlər?”
Bu fikirləri Cəlilabadda yaşayan şair Bilar Alarlı öz Facebook səhifəsində yazıb.
Bilar Alarlı hesab edir ki, qurultaya nümayəndələrin seçilməsi yazıçıların hüquqlarının bəri başdan tapdanmasıdır:
“Mən heç vaxt bir şair kimi təmsil olunduğum Yazıçılar Birliyinə xəyanət etməmişəm. Bu vaxtadək təmsil olunduğum təşkilatı gözdən salan əməllərə yol verməmişəm. Əksinə, həmişə Azərbaycan Yazıçılar Birliyinin mənafeyini qorumuşam və fəxr etmişəm ki, ədəbiyyat korifeylərinin təmsil olunduğu yaradıcılıq təşkilatının üzvüyəm.
Mənə AYB üzvlüyü biletini 1998-ci ilin dekabrında Lənkəran şəhərində Xəlil Rzaya həsr olunmuş tədbirdə Anar şəxsən təqdim edib. Ötən yüzilliyin doxsanıncı illərində yaşadığım bölgədə yaratdığım "Nöqtələr" ədəbi qrupunun 12 üzvünün sənədlərini hazırlayıb AYB-yə təqdim etmişəm və onların üzvlük biletini təqdim etmək də ədəbi qrup rəhbəri kimi mənə həvalə olunub. İndi ədəbi qrupumuzun 11 üzvü bölgədə yaşayır və yaradır. Şəxsi vəsaitimlə ədəbi qrupun "Nöqtələr" adlı 8 almanaxını buraxmışam. Yüzə yaxın şeir və hekayə kitabı "NÖQTƏLƏR" ƏDƏBİ QRUPU" seriyası ilə işıq üzü görüb. "Azərbaycan" və "Ulduz jurnalları ayrı-ayrı vaxtlarda "Nöqtələr" ədəbi qrupunu öz oxucularına təqdim etmiş, ona 15-20 səhifə yer ayırmışdır. Özümün 25 elmi, ədəbi və bədii kitabım çap olunub. Filologiya üzrə fəlsəfə doktoruyam. Ədəbi qrupumuz və onun üzvlərinin yaradıcılığı haqqında Vaqif Yusifli, Tehran Əlişanoğlu, Nəzif Ələkbərli və digər görkəmli tənqidçilər müsbət fikir söyləmişlər. Hətta Tehran Əlişanoğlu ədəbi qrupumuz haqqında yazdığı və "Ədəbiyyat qəzeti"ndə qoşa səhifədə çap etdirdiyi məqaləsini "NÖQTƏLƏR - ƏDƏBİ PROSES RƏMZİDİR" adlandırmışdır. Yazıçılar Birliyi və onun ədəbi orqanları ilə müntəzəm əlaqə saxlamışam. Çox təəssüf ki, indiyədək ədəbi qrup üzvlərimizdən yalnız bir nəfər - Faiq Hüseynbəyli (Faiq Hüseynbəyli Bilar Alarlının oğludur-red) Prezident təqaüdünə layiq görülüb. Açığını deyim ki, o da Ədalət Əsgəroğlunun kürəkəni olduğu üçün bu imtiyazı qazanıb. Lakin ədəbi qrupumuzda təmsil olunmuş 11 AYB üzvünün heç biri nə Prezident təqaüdü alıb, nə də ədəbi qrup fəaliyyət göstərdiyi dövrdə keçirilən iki qurultaya nümayəndə seçilib. Bu barədə Yazıçılar Birliyinə bildirəndə məni çox soyuq qarşıladılar. Gördüm ki, Yazıçılar Birliyində əsas məsələləri əsas adamlar deyil, ikinci və üçüncü dərəcəli şəxslər həll edirlər.
Nəhayət, belə qərara gəlmişəm ki, Yazıçılar Birliyi son bir neçə ildə ədalət ölçülərini itirib. Deyirlər, bundan Anarın xəbəri yoxdur, bunu balacalar edirlər. Əgər ailə başçısı ailənin məsuliyyətini çəkə bilmirsə, demək, günahkardır. AYB üzvü kimi Nizamnamənin verdiyi hüquqlara uyğun olaraq tələb edirəm: Prezident təqaüdünü əvvəldən-axıra alanların siyahısı açıqlansın, görək, orda kimlərin qəyyumluq etdikləri yer alıb, ümumiyyətlə, bu siyahıda təmsil olunanların hamısı buna layiqdirmi?! Gestapo sənədidir, məxfi dövlət sirridir? Qoy Anar cavab versin də! Atasını, anasını söyənlərə də təqaüd verdi. Buna, bilirsiniz, nə ad qoyurlar?! Doqquz - on ildən bir qurultay keçirilir, buraya da, elə labirint qururlar ki, 30 nəfərdən biri düşür, nümayəndə təyin edilənlər də çoxdan etiraz qabiliyyətini itirmiş, AYB-dən bizim haqqımızı yeyib kökələnlərdir. Bu cür qurum yazıçıların nəyinə gərəkdir? Qoy bunu Anarın yazıçılar təşkilatı, yaxud Rəşadın gənc ədibləri, ya da Fikrət Qocanın təəssübkeşləri təşkilatı adlandırsınlar! İndi Birlikdən təqaüd alanların çoxu vaxtilə AYB-ni AYIB kimi yazır, Birlik üzvlərini "ədəbi fahişələr" adlandırırdılar. Onda mən canfəşanlıqla bu təşkilatın təəssübünü çəkir, Yazıçılar Birliyini söyənləri mətbuatda qınayırdım. Görün, nə yazmışdım: Yazıçılar Birliyi ədəbi məbədgah, Anar da onun tanrısıdır! İndi bu sözləri oxuyanda özüm utanıram. Rəsul Rza haqqında elmi məqalə yazıb sübut etməyə çalışırdım ki, semantik şeirin əsasını bu kişi qoyub. Bu elmi məqaləni "Ulduz" jurnalı və "525-ci qəzet" həvəslə çap etdi. Öz şəxsi vəsaitimlə Anarın atası haqqında yazdığım məqaləni ayrıca kitab halında buraxdırdım. AYB-də mənə dedilər, sənə beynəlxalq Rəsul Rza mükafatı veriləcək. Sonra öyrəndim ki, mənim məqaləm heç gedib oralara çatmayıb. Həmin il Rəsul Rza mükafatını irəli çəkilməsi MƏSLƏHƏT GÖRÜLƏN bir adama verdilər. Yenə də bu məsələni AYB rəhbərliyinin ikinci və üçüncü dərəcəli şəxsləri həll etdilər. Sən demə, Anarı söyənlər haqlıymışlar: AYİB-dı e, vallah, AYIB-dı!
Bu böyüklükdə ölkədə 1600 Birlik üzvünü (əslində bu rəqəm şişirtmədir) bir yerə yığan zal yoxdur? Niyə yazıçıları seçmək və seçilmək hüququndan məhrum edirlər? 200-300 nəfərlə qurultay olar? Sovet vaxtı bu sayla konfrans keçirirdilər. Qurultayın bu şəkildə keçirilməsinin layihəsini kim verib, təşkilatçısı kimdir?! Aşıqlar Birliyi hətta ifaçı aşıqları da qurultaya dəvət edir, yazıçılar isə halal Nizamnamə hüququndan məhrum olunurlar. Bu, yazıçıların hüquqlarının bəri başdan tapdanmasıdır. Yazıçı hüquqlarına məhəl qoymadan keçirilən qurultay həmin yazıçılara nə verəcək? Doğrudanmı, Azərbaycan yazıçısı mübarizlik keyfiyyətlərini itirib? Belə yazıçının yazdığı bu millətə nə verəcək?
Müqəddəs kitabımız Quran zülmə dözənin günahını zülm edənin günahına bərabər tutur. Haqqı tapdanan şair və yazıçı haqqını tapdayanlara etiraz etmirsə, demək, mənlik hissini itirmişdir, onun bu millətə ədəbi ağıl vermək hüququ yoxdur!”