Elvin Adıgözəl:“Rejissorlarımız dövlətin pulundan imtina etməlidir”

Elvin Adıgözəl:“Rejissorlarımız dövlətin pulundan imtina etməlidir”
19 dekabr 2016
# 09:00

Kulis.az rejissor Elvin Adıgözəlin müsahibəsini təqdim edir.

- Bu günlərdə premyerasını etdiyiniz “Yasaq cəh-cəhlər” tamaşasını əsərin müəllifi Yeşim Ağaoğlunun qadağasına görə daha oynamayacağınızı söylədiniz. Amma tamaşa oynanılmamışdan əvvəl də yalnız bir dəfə oynanılacağını deyirdiniz.

- Mən konkret teatrda işləmirəm, arabir tamaşa qururam. Əlbəttə, bu işi tək görmürəm, işlədiyim komanda var. Tək işlədiyim tamaşalar da olub. 2011-ci ildə “Bir dəlinin xatirə dəftəri”ni Yuğ teatrında oynamışdıq, o biletlə idi, 3 dəfə oynanıldı. Ondan sonra “Fraqmentlər” adlı tamaşada oynadım, o da biletlə idi. “Gələcəyin yuxusu” tamaşası da biletlə idi. Amma son iki ildə biletlə tamaşa etmirəm. Layihə verirəm, fondlardan kiçik bir vəsait alıram, onun hesabına tamaşa qurub oynayırıq. Ötən il Almaniya səfirliyinin dəstəyi ilə tamaşa hazırlamışdım. Baxmayaraq ki, ona da kiçik bir senzura qoyulmuşdu, amma Səbinə Şıxlinskayanın köməyi ilə göstərilə bildi. Biletsiz. “Yasaq cəh-cəhlər”i İsveçrənin Cənubi Qafqaz üzrə Təşkilatının dəstəyi ilə hazırladıq. Bu, bir dəfə oynanılmaq üçün nəzərdə tutulmuşdu. Növbəti dəfə oynamaq üçün yazıçının icazəsi lazımdır.

İş orasındadır ki, yazıçının yazdığı kitabda qalır. Vizuallaşdırılmış şey tamam başqadır. Mən ötən il Berlində TeatrTreffen Festivalında oldum. Orada gördüm ki, tamaşa çox zaman əsərin motivindən belə uzaqlaşır. Orada bir rejissorla tanış oldum- Suzanna Kennedi. O, deyirdi ki, kitabdakını heç cür səhnəyə gətirmək mümkün deyil.

- Hüquqi baxımdan yazarın hüququ varmı ki, tamaşanı qadağan etsin?

- Əsərin ideyası onundur. Bu mənada haqqı var. Mən qalmaqaldan qaçan adamam. İstəmirəm onunla məhkəmələrə çıxaq. Bu haqda özünə də yazmışam. Aramızda həll etmək istəyirəm.

- Yeşim xanım konkret nədən narazıdı?

- O, öz mətninin olmasını istəyir. İstəyir ki, əsəri olduğu kimi qalsın. Əslində mətnin azərbaycancaya adaptə olunmuş variantı elə bizim tamaşadakı kimidir. Amma o, dialoqların eynilə qalmasını istəyir. İkinci bir məsələ də var; səhnədə silahın olmağı, ananın isterik, oğulun inqilabçı olmağı onun fikrincə xoş deyil. Son ümid qalıb ki, onunla yenidən müzakirə aparaq və həll edək. “Yox” desə, tamaşa daha oynanılmayacaq.

- Yeni bir film işlədiyinizi dediniz...

- Yayda çəkilib. Bədii tammetrajlı filmdir. 70 dəqiqəlik. Səs və rəng korrektəsi işləri qalıb.

- Siz müstəqil kino mövzusunu həmişə gündəmdə saxlamağa çalışırsınız. Müstəqil teatr layihələri edirsiniz. Deyin, müstəqil şəkildə teatr, kino layihələri etmək istəyən bir yaradıcı adam ölkəmizdə hansı maneələrlə, problemlərlə rastlaşır?

- Azərbaycanda teatrlar dövlətindir, müstəqil olmaq istəyən bir-iki qeyri-peşəkar teatr var. Peşəkar müstəqil teatr yoxdursa, müstəqil olaraq teatrla məşğul olmaq hardansa pul tapıb tamaşa təşkil etmək anlamına gəlirsə, ölkədə də buna dəstək verəcək fond və təşkilatlar yoxdursa, nədən danışmaq olar? Özbəkistan kimi ölkədə İlxom teatrı var. Bu teatr müstəqil teatrlardan biridir. Dəstək aldığı mənbələr Hollandiyanın Prins Klaus fondudur, Almaniyanın Höte institutudur, Fransanın Lefrence institutudur. Onlar peşəkar teatr layihələrinə, müstəqil teatrlara dəstək olurlar. Qazaxıstanda, Almatada Arti Şok teatrı var - onlar da Höte institutundan, Almaniya, İngiltərə səfirliyindən dəstək alırlar.

Amma bizdə bu mümkün deyil. Niyə? Almaniyanın Höte İnstitutunun Azərbaycanda nümayəndəliyi yoxdur. Adı var, özü yoxdur. Guya Kapelhausda bu nümayəndəlik var. Bəs varsa, nə iş görür? Mən eşitdiyimə görə dil kursları ilə məşğul olan ər-arvaddan ibarətdir bu nümayəndəlik. Almaniya səfirliyi də bununla maraqlanmır.

Bəs Fransız İnstitutu - Institut Français? Onlar da dil kursları edir. Tamam etsinlər, amma əsas prinsip mədəniyyətə dəstək olmalıdır. Ola bilər bir-iki həvəskar teatra dəstək verilib bir-iki dəfə. Amma ümumi şəkildə və peşəkar insanlara belə dəstək yoxdur. Mən ötən il də Hollandiya səfirliyinə müraciət edəndə də dedilər ki büdcəmiz imkan vermir. Məncə bunun təməlində belə bir məsələ dayanır: Məsələn, siz tamaşa edirsiniz, tamaşada əsərin təməlində düşündürücü mesajlar varsa, ona dəstək olmurlar. Baş qatırsınızsa, olarlar. Ötən il “Kontrabas” tamaşasına baxan səfirlik nümayəndəsi dedi ki, “Biz elə bilirdik ki, bu eləcə adi kontrabasçıdır. Evin içində danışıb, söylənir…”. Bax belədir vəziyyət. Rəssamlara da dəstək verən ayrı-ayrı qurumlar, fondlar var, amma teatra yoxdur.

- Bəlkə heç bizdə belə təcrübə də yoxdur, yəni müraciət edən də olmayıb?

- Bunun üçün təcrübəyə nə ehtiyac var ki? Mən British Council-a dedim ki, xaricdən teatr nümayəndəsi çağırıb master klass, workshop edincə, layihə qəbulu elan edin, qoy rejissorlar layihə verib kiçik məbləğdə qrant alsınlar.

- Dediyiniz British Council nazirliklə bir neçə dəfə birgə teatr layihələri edib...

- British Councilun da nazirliklə layihə etməsi absurddur. Nazirliyin zatən özünün büdcəsi var, özü dövlət teatrlarına dəstək olur. Onunla layihə etməyə nə ehtiyac var ki? Mən məsələn, İsveçrə səfirliyinin Gənc Tamaşaçılarda bir layihə etdiyini öyrəndim. İsveçrə səfirliyi müstəqil rejissorlara dəstək verməlidir, heç mən özümü demirəm, mənim kimi müstəqil işləmək istəyən nə qədər rejissor var. Onun bunlar ola-ola dövlət teatrına dəstək olması gülməlidir. Axı bura Almaniya deyil ki, minlərlə fond ola. İmkanlar məhduddur. British Council, Fransız İnstitutu, Höte İnstitutu müstəqil teatr layihələrinə dəstək verməlidir. Kino iri büdcəli sahədir. Heç onu demirəm.

- Aydındır. Keçək kinoya. Müstəqil filmlər etdiniz. Hansı problemlərlə rastlaşdığınız?

- Bu lap ciddi məsələdir. Azərbaycanda Mədəniyyət Nazirliyinin nəzarətində olan büdcə var. Kinoya ayrılan vəsait heç bir fonda, təşkilata filana yox, məhz nazirliyə ötürülür, zatən Azərbaycanda kino fondu, kino institutu yoxdur. Ayrılan büdcə nazirliyin əlindədir, onlar da öz bildikləri kimi, öz istədikləri kimi xərcləyirlər.

Mənim nazirlikdən maliyyə almaq fikrim yoxdur. Sadəcə, kino sahəsinin inkişaf etməsini istəyirəm. Bunun üçün də başqa ölkələrdəki təcrübəyə nəzər salmaq lazımdır. Məsələn, cənab prezidentin sərəncamı ilə təsdiqlənmiş “2008-2018-ci illərdə kinonun inkişafı”na dair dövlət proqramı var. O proqramın bəndlərinə demək olar ki, əməl olunmayıb. Orada 40-a yaxın kinoteatrın tikilməsi var idi. Orada beynəlxalq kino təşkilatı olan Evromaja üzv olmaq var idi. Evromaja üzv olmaq o demək idi ki, Azərbaycanda təşkilatın ofisi olacaqdı, ora rəhbər təyin olunacaqdı, onlar layihə qəbul edəcəkdilər. Dünya təcrübəsində belə bir şey var. Tutalım, siz prodüsersiniz, mən rejissoram. Biz layihəmizi aparıb verdik Axundov adına Kino Fonduna. Onlar layihəni qəbul etdilər. 20 min köçürdülər. Amma onu bizə o saat vermirlər, o hesaba köçürülür, biz də gedib 10 min vəsaiti də başqa yerdən, tutalım beynəlxalq və ya xarici təşkilatlardan tapırıq. Amma mütləq ölkədən dəstək olmalıdır. Mən o prodakşn forumlarda çox olmuşam. Soruşurlar ki, başqa haradan dəstəyiniz var?

Bizdə isə Mədəniyyət Turizm Nazirliyi deyir ki, pul verim get çək. Mən buna qarşıyam. Mən düşünürəm ki, kinonun büdcəsi nazirliyin nəzarətindən çıxmalıdır.

2009-cu ildən müstəqil şəkildə film çəkmişəm. Biri də Rüfət Həsənov ilə birgə çəkdiyim “Buqələmun” filmidir ki, Lokarno və 10 başqa festivala gedib. Teymur Hacıyevin bir müstəqil filmi var, festivallara gedib. Mənim bu il daha bir filmim oldu. Prodüserlərindən biri İntiqam Hacılıdır. Yeni başlayan başqa rejissorların da bir müstəqil filmləri var. Amma məsələ nədir? Məsələ odur ki, bu filmlərin böyük uğur qazanması çətindir. Büdcə üzündən texniki keyfiyyətləri aşağıdır.

Sizin tənqidçi dostunuz Sevda xanım (Sevda Sultanova-A.) deyirdi ki, bu məsələlər ikinci dərəcəlidir, indi hərə əlinə bir kamera alıb, telefonla film çəkə bilər.

Düz demir, hətta telefonla çəkən insan belə o filmi çox ciddi şəkildə post-prodakşn etməlidir. Ən azı bunun DSP- yə yazılması var.

- Sevdanın dediyi başqa məsələdir. Sevda deyir ki, texniki məsələləri, büdcəni bəhanə etməsinlər. Texniki keyfiyyətdən əvvəl filmin bir ideyası, problematikası olmalıdır.

- Amma Sevda xanımın bunu deməyi nazirliyin əlinə bəhanə verir. Onlar da deyir ki, bizdən niyə pul alsınlar, yaxşı filmi büdcəsiz də çəkmək olar. Yəni, deyilənlər sonra istifadə olunur. Sizin Kulisdə etdiyiniz dəyirmi masada da əsas məsələ yox idi: niyə Azərbaycanda kinonun inkişafına aid dövlət proqramı icra olunmur?

- Bu daha çox nazirlikdən sorulmalıdır. Nəinki Hətəmovdan.

- Müşfiq Hətəmov hardasa elə nazirliyin nümayəndəsi sayılır. Yəni təbii ki, Müşfiq Hətəmov icra edicidir, onu qınamıram. Çünki, həlli barədə cavabdeh birbaşa Mədəniyyət Nazirliyidir. Onlar isə proqramdakılara əməl etməyib. Amma iş orasındadır ki bunlar deyilmir.

- Deyilir. Məsələn, “Fokus” jurnalının son saylarından birində hətta belə infoqrafika verilmişdi: müddətin yarıdan çoxu gedib, amma bu bəndlər yerinə yetirilməyib.

- Başqa ölkələrin təcrübəsini götürmək lazımdır. Mən sizə ən real misallardan birini deyim. Türkiyədə İstanbul Film Festivalı daxilində “Köprüdə buluşmalar” adında layihə qəbul edən fond var. Başqa ölkədən olan rejissorlar müraciət edir, ortaq prodüser tapılır, hətta sonda ən yaxşı layihəyə qrant da olur. Oranın rəhbəri ilə iki dəfə rastlaşdıq, birində o, mənə dedi ki, sizin nazirliyə 5 dəfə məktub yazmışam, birinə də cavab verməyiblər. Soruşuram ki, niyə müstəqil rejissorlara müraciət etmirsiniz? Deyir ki, biz tanımırıq, bilmirik. Bax, vəziyyət belədir. Hələ mənim filmim Lokarnoya düşüb. Bəs o birilər neyləsin? Gözləyək ki, möcüzə ola, Kanna düşək, sonra bizə bir qapı açılsın?

- Dediniz ki, müstəqil şəkildə teatr və kino layihələri edən rejissorlar var. Bəlkə birləşib bir qurum yarada, onun adından tələblər qoya, birgə hərəkət edəsiniz?

- Mən elə bu müsahibə vasitəsilə birləşməyi təklif edirəm. Amma bunun üçün hamının istəyi olmalıdır. Başqa bir məsələ də var. Onlar gözləyir ki, əllərində bir ciddi əsas olsun. Ya bir filmləri haradasa uğur qazansın və s.

- Yerli biznes qurumları, müəssisə və təşkilatlara müraciətlər bəs necə qarşılanır? Axı çox yerli müəssisələrin dəstəyi ilə kommersiya filmləri çəkənlər var?

- Mən az büdcəli tamaşa üçün 3 müəssisəyə müraciət etdim, ikisi cavab vermədi, biri də dedi ki, büdcə imkan vermir. Azərbaycanda hansı bankdan, hansı biznesmendən danışa bilərik ki, kinoya dəstək versin?

Bir də mən bunun düzgün olmadığını düşünürəm. Hansısa bankdan, biznesmendən kino üçün pul almaq etik deyil. Bu Vahidin əlindən çıxıb, Zahidin əlinə baxmaq kimidir. Ən yaxşısı fondlardan dəstək almaqdır. Əslində bunlar kino haqqında qanunda, dövlət proqramında var.

Lap hər şeyi qoyduq bir yana, niyə Azərbaycana xarici prodüserlər dəvət edib, azərbaycanlı rejissorlarla görüş təşkil etmir? Axı Qazaxıstan bunu edir, Türkiyə edir. Festival, ya başqa tədbir daxilində də olsa edir. Amma bunlar etmir. Çünki bunun nəticəsində ortaq layihələr yaranar, filmlər çəkilər, müstəqil kino inkişaf edər. Bax elə pul qoymadan müstəqil kinoya dəstək olmaq həm də budur.

- Elvin, sizin fikrinizcə, köklü dəyişiklik üçün, böyük tələblərin qoyulması üçün nə lazımdır?

- Nazirliklə işləyən rejissorlar onların verdiyi büdcədən imtina etməli, ölkədə müstəqil kino fondların olması tələbi qoymalıdırlar. Amma əlbəttə, birinci növbədə o büdcədən, onlarla işləməkdən imtina etməlidirlər. İmtina etməyə-etməyə tələb etmək absurddur.

- Axı hamı imtina etməyəcək. Onsuz da kimlərsə o şərtlərlə işləyəcək.

- Ən azından əsas adamlar imtina etsin. Beynəlxalq müstəviyə çıxanlar imtina etsin. Asif Rüstəmov etsin, İlqar Nəcəf etsin, Elçin Musaoğlu etsin. İmtina etsin və rəhbərliyə müraciət edək. Qalanlarının imtinası da heç nəyə yaramaz. Məni düz başa düşün, heç kimlə düşmən deyiləm. Amma bunsuz mümkün olmayacaq...

# 2106 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #