Rəşad Məcid: “Uduzuruq...”-YENİ OFİSDƏN REPORTAJ

Rəşad Məcid: “Uduzuruq...”-<span style="color:red;">YENİ OFİSDƏN REPORTAJ
12 sentyabr 2014
# 08:30

- “525-ci qəzet”in yeni ofisindən reportaj hazırlamaq lazımdır.

Bunu planlaşdırmada Qan Turalı dedi və hamı çönüb mənə baxdı. Qərara alındı ki, “525”-in keçmiş əməkdaşı, oradakı mühitə yaxşı bələd olan adam kimi ora mən və redaktorlardan biri getsin. Diktofonu, qələmi, qeyd kitabçasını götürüb, silahlanıb-yaraqlanıb yola düşdük.

“525”-in yeni ofisi Elmlər Akademiyası metrosunun yaxınlığındakı 6 mərtəbəli binanın üst qatında yerləşir (İstəyirdim, heç bir sətiraltı mənasız-filansız yazım ki, beşmərtəbəli evin altıncı mərtəbəsində yerləşir. Yanlış düşüncə yarada biləcəyindən çəkinib bu cümləni ora şamil etmirəm). Yeni ofis kompakt, səliqəli, müasir standartlara uyğun, işləmək üçün normal şərtlərin olduğu səliqəli məkandır.

Qapıda bizi qəzetin gülərüzlü əməkdaşı qarşılayır və Rəşad Məcidin otağına ötürür. Mən yalnız yarım saatdan sonra bilirəm ki, o xanım əməkdaş uzun illər birgə işlədiyim Cəmilədir. Tanıya bilmədiyimə, səhvimə görə özümü danlayıram.

Rəşad müəllim bizi mehriban, isti qarşılayır. Biz gəlmədən öncə depressiyaya düşmüş bir neçə insanla söhbətləşməsindən, onları durğun vəziyyətdən necə çıxarmasından danışdı.

Sonra masadakı meyvə dilimləri ilə dolu nimçəyə işarə elədi:

- Bu şaftalını, armudu, öz əllərimlə sizin üçün doğramışam, dükandan da özüm seçmişəm.

Rəşad Məcid həmişə belədir, onun nə vaxt zarafat etdiyini, nə vaxt ciddi danışdığını ayırd etmək olmur. Biz təşəkkür edib otururuq. Elə nəfəsimizi yenicə dərmişdik ki, Rəşad müəllim şeir deməyə başladı:

Tanrının yerdəki əziz bəndəsi,

Məni də mülkündə kirəkeş eylə.

Artır qüvvətimi, çoxalt gücümü,

Sıfırı bir eylə, biri beş eylə.

Qolla fərmanını, əmrini qolla,

Çıxaram sınaqdan testini yolla,

Üşüyən qəlbimə istini yolla,

Odlu baxışını gur atəş eylə.

Durulan gölünəm, daşan selinəm,

Kölən, cangüdənin, qulun, dəlinəm,

Ovcunda yupyumşaq plastilinəm,

Yay məni, yenidən bir günəş eylə.

Şeiri bitirəndən sonra isə dərhal başqa şey dedi:

- Siz indi niyə gəlmisiz ki?

Mən də zarafata salıram:

- Gəldik ki, bizi də payızın depressiyasından xilas edəsiz.

- Hə, lap yaxşı.

Baş redaktoru bir neçə dəqiqəliyə tərk edib digər otaqlara baxırıq. Köhnə kollektivdən burda yalnız rəhbərlik qalıb. Əməkdaşların çoxu yenidir.

“Qol. az” və “Axşam.az” saytları da burda yerləşib.

Yeni ofisdə məni ən çox tualet maraqlandırır. Çünki köhnə ofisdə tualet şəraitsiz idi, daim su problemi yaşanırdı. Amma burda hər şey qaydasındadır. Tualet təmirli, təmizdir. Mətbəx də xudmanidir. Hətta su da gəlir. Mətbəxdə yemək hazırlamaq, çay dəmləmək, yeyib-içmək üçün hər cür şərait var. Sevimli redaktorum Yusif Rzayevə deyirəm ki, mətbəxdə tyotya Ninanın yeri görünür. Yusif gülə-gülə: “Bizim qızlar daha dadlı bişirir” deyir. Tyotya Nina “525”-in köhnə ofisindəki mətbəxdə aşpaz idi. Ucaboylu, kök, xoş qadındır. Boş vaxtlarında həmişə belletristika oxuyurdu. Təklif elədiyi yeməklər də dəyişmirdi: Kartof püresi, düyü, qızardılmış kartof, kotlet, toyuq, cızbız, kələm turşusu və yayda ayran.... Lap tyotya Nina üçün darıxdım.

Dəhlizdə şair, çox illik qəzet reklamı təcrübəsi olan Nazim Əhmədli ilə qarşılaşırıq. Hal-əhval tuturuq. Nazim müəllim, iki daşın arasında nə zamansa mənə şeir həsr elədiyini xatırladır. Həmin şeir “525” də çap olunmuşdu. Bu şeiri lap unutmuşdum və heç cürə xatırlaya bilmirəm ki, onun yazılmasına nə səbəb olmuşdu.

Rəşad müəllimin isə yadına başqa əhvalat düşür:

“Nazim Azərbaycanda qəzet reklamının əsasını qoyanlardan biridir. Reklamda yeni işlədiyi vaxtlar idi. Bir şirkətdən reklam alıb, onlar da pul əvəzinə ərzaq təklif eləyiblər. İşə gəlib görürəm ki, otağım yağ, qənd, vermişel qutuları ilə doludur. İndiyə kimi də o vermişelləri yeyib qurtara bilmirik”.

Sonra Mirmehdiyə məndən şikayət edir:

“525” işləyəndə heç bir redaktorla yola getmirdi. Redaktorlar televiziya haqda yazılarını kəsib-doğrayırdılar. O da hamıya üsyan edirdi”.

Hə, belə şeylər olmuşdu. “525”-in redaktorları-Yusif Rzayev, Yaşar Əliyev, Qalib Toğrul, Seyfəddin Hüseynli ilə necə işlədiyimi xatırlayıram.

Yaşar Əliyevə on min işarəlik yazı verdinsə, redaktəsi nəticəsində beş min işarə qalacaq. Qalib Toğrul on minə daha iki min işarə də əlavə edəcək. Seyfəddin Hüseynli mətni epitetlərlə zənginləşdirəcək. Yusif Rzayev isə mətndəki cümləni elə redaktə edəcək ki, yazı mükəmməl səviyyədə olacaq.

Amma daha önəmlisi bu redaktorların hamısı peşəkardır, onlarla əməkdaşlıq hər bir jurnalist üçün əhəmiyyətli təcrübədir.

Rəşad müəllim içəri mavi gözlü, sarışın, klassik rus hekayələrində təsvir edilən dvoryan qızlarına bənzəyən, gənc rus dilli xanımı dəvət edir. O, Rusiyada Povoljye Dövlət Sosial-Humanitar Akademiyasının filologiya fakültəsini bitirib. Adı Firəngizdir.

Rəşad Məcid:

- Burda Azərbaycan dilində yazmağı öyrənir. Gələcəyin parlaq imzalarından biri olacaq.

Fürsət tapıb soruşuram.

- “525”-də həmişə parlaq imzalar olub. Gənc jurnalistlərin səviyyəsi necədir?

- Aşağıdır. O vaxt qəzetlərin sayı az idi. İndi saytlar da çoxalıb. Onda bizim seçim imkanımız da çox idi. İndi azalıb. Saytlar çoxalıb, təcrübəsiz adamları götürməyə məcbursan. Yeni saytlar, TV-lər babatlarını dərhal götürürlər. Bir jurnalistin yetişməsi üçün azı iki il vaxt lazımdır. Bunların da çoxu tənbəldir. Bəziləri ümumiyyətlə, maraq göstərmirlər öyrənməyə. Biz də həvəsdən düşürük. Bizim də indi o vaxtımız deyil. 30-35 yaşında düşünürdük ki, dünyanı dəyişəcəyik, amma indi bir az sakit baxırıq. Cavanlarla bağlı da inamım xeyli azalıb. Deyəndə ki, istedadlı gənc var, elə bil məni “tok” vurur. Çünki o qədər istedadlı gəncin mənasızlıqlarını görmüşəm. İndi o fikirdəyəm ki, istedad əsas deyil. Elif Şafak deyir ki, bir yazıçının uğur qazanması üçün 17 faiz istedad, 83 faiz zəhmət lazımdır. Çox haqlıdır. Mən deyirdim ki, əlli əlliyədir. Amma indi baxıram ki, nə qədər istedadlı adam özünü məhv edib. Öndə olmaq üçün daim çalışmalısan, dinamik olmalısan. Jurnalistlərin də çoxu passivdir. Dünyadan xəbərləri yoxdur, öyrənmək istəmirlər. Amma yenə də istedadlı cavan görəndə sevinirəm.

- Bəlkə “525”-i sayt edəsiz?

- Əlbəttə ki, saytlara uduzuruq. Yaxın illərdə qəzet formatı sıradan çıxacaq. Amma hələ ki, qəzet oxuyanlar, internetə alışmayanlar var. Şənbə nömrəsini alsınlar deyə bəzi materialları sayta qoymuruq. “525”-i sayt kimi düşünürəm, hər halda müəyyən səviyyəsi, dəyərləri gözləyən sayt olacaq. Çox oxunmaq üçün seksdən yazıların verilməsinin tərəfdarı deyiləm.

- Köhnə yerinizə qayıdacaqsız?

- Ola bilsin, təmirdən sonra biz də ora qayıtdıq. Oranı yəqin ki, genişləndirəcəklər.

Görüşdüyümüz gün, sentyabrın 10-a təsadüf edirdi. Bu, Rəşad müəllim üçün xüsusi bir gündür. Çünki onun yeganə məşhur hekayəsi “10 sentyabr” adlanır. Elə bununla bağlı sual verməyə hazırlaşırdım: “10 sentyabr” hekayəsi sizin yaradıcılığınızda xüsusi yer tutur, bunun üçün 11 sentyabra borclu hiss edirsiz özünüzü?”

Rəşad Məcid əvvəllər də bir-iki hekayə yazdığını dedi və qəfildən duyğusal notlara kökləndiyindən yarızarafat sualım da əhəmiyyətini itirdi.

Sonra Rəşad müəllim dedi ki, yeni hekayə ideyası var, adını “Holland posılkası” qoymaq istəyir, amma “posılka” sözünün dilimizdəki qarşılığını tapa bilmədiyindən yazmır. Dost-tanışlar da həmin sözün tərcüməsini tapmaq üçün çalışırlar.

Redaktorlar otağına nəzər salanda Yaşar Əliyevin yerini boş gördüm. Yaşar mənim təsəvvürümdə həmişə, Folkner və Tarkovski haqda söhbətləri ilə assosiasiya olunur. Öz aramızda Yaşarı “Folkner” adlandırırıq. Dünyagörüşümün formalaşmasında Yaşarın rolu Ramiz Rövşənin rolundan böyükdür.

- Yeri gəlmişkən, Yaşarsız necə keçinirsiz?

- Yaşar əslində jurnalistika işi üçün ləngdir. Jurnalistika daha çox operativlik tələb edir. Yaşar tərcüməçi və tərcümə ədəbiyyatının redaktoru kimi öz yerini tapıb.

“525”-dən ayrılırıq. Yolda yadıma düşür ki, bir-iki sualı vermədim. Məsələn, “525”-ə yenə də köhnə-kürüş, qoltuğunda qalın qovluq olan şairlər yenə gəlirmi?

# 4395 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #