Raquf Orucovun 25 illik Qarabağ mücadiləsi necə başladı? – Mətn

Raquf Orucovun 25 illik Qarabağ mücadiləsi necə başladı? – Mətn
12 iyul 2019
# 11:33

Bu gün əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Onun anadan olmasından 47 il ötür. Kulis.az bu münasibətlə Şərif Ağayarın R.Orucovun həyat və fəaliyyətindən bəhs edən “Komandir” romanından bir parçanı təqdim edir.

Anamın itkin düşdüyünü eşidəndə səngərin yüz addımlığındakı uçurumun kənarından başımı çıxarıb bizi dayanmadan atəşə tutan düşmənin hərəkət istiqamətini izləyirdim. Xəbəri gətirən əsgəri tanımadım. Görünür, təzələrdən idi. Ön xəttə yeni gəldiyi hər hərəkətindən bəlli olurdu. Sürünə-sürünə yaxınlaşanda xeyrə gəlmədiyini anladım. Ağzını qulağıma yaxınlaşdırdı:

“Cinlini alıblar!”

Düşmənə görünməsindən qorxub başını aşağı basdım, mənə qısılıb sözlərinin qalanını asta səslə sanki torpağın qulağına pıçıldadı:

“Hamı Çulluya qaçıb, ananla qardaşın yoxdur!”

Başımdan küt ağrı tutdu, nəfəsim tıncıxdı, ayağa qalxıb qışqırmaq istədim, bacarmadım.

Düşmən bütün istiqamətlərdən üstümüzə gəlirdi. Cəbhə boyu qanlı döyüşlər getdiyi vaxt hər cür xəbərə hazır idim, buna yox. Axı anam kənddə deyildi. Təhlükədən uzaq olsun deyə onu Qənbərlidə qohum evinə qoymuşduq. Döyüş gedən yerdə nə işi vardı? Qohumlar hardaydı? Bəlkə, Qənbərlini də dağıtmışdılar? Ətrafdakı daşları sərçə civiltisiylə yalayıb keçən güllələrə məhəl qoymadan ayağa qalxıb piyada bölüyünün qərar tutduğu səngərə qaçdım. Əsgərin söylədiklərini burda da təsdiq etdilər: Düşmən Cinliyə qəfil hücuma keçib, kənddəkilər Qənbərliyə qaçıb, anamla kiçik qardaşım Zabil yoxdur!

Bölüyün “Niva”sına minib Çulluya yola düşdüm. Bədənimin bütün əzaları sızıldayırdı. İçimdə mərmi partlamışdı elə bil. Ayağımdakı qəlpələrin giziltisi artmışdı. Zabil evimizin balacasıydı. Civə kimi qaynayan şirin, diribaş uşağıydı. Ona qoşulanda mən də nadinclik edirdim. Atam bəzən soyuğa-sazağa baxmadan bizi bayıra qovurdu. Qaçırdıq zirzəmiyə. Di gəl, orda da dinc dayanmırdıq. Gah küncə yığılan yeşikləri qurdalayır, gah pəncərəyə dırmaşır, gah qış üçün tədarük görülən banka bağlamalarını aşırırdıq. Atamın zabitəli səsi bizi zirzəmidə də haqlayır, ordan da perik salırdı. Tövlənin çardağına, ot bağlarının arasına - atamın səsi gəlib çatmayan yerə qaçırdıq. Anam haraylayırdı bizi, “soyuqlayacaqsınız” deyirdi. Onu eşitmirdik. Atamın üstünə qayıdırdı. Bizi evə çağırması üçün ona yalvarırdı. Biz öz kefimizdəydik! Atamın hirslənməyinə də, anamın hay-harayına da, soyuqdan titrətməyimizə də gülür, nəyi var əylənirdik. Üşüməyək deyə tövlənin çardağındakı ot bağlarından evcik düzəldib altına soxulurduq. Zabil qucağıma girib pişik kimi büzüşürdü. Ona bir şey olmasın…

Anam hardadırsa, gəlib çıxar. Zabil balacadır. Bəlkə, heç Qənbərlinin yolunu tanımır. Axı atam, qardaşım, kəndin döyüşçüləri onu necə qoyub gəliblər?! Bircə maşın tez çatsaydı, qohumları Çulluda sağ-salamat görsəydim! Qalardı kəndimizi saxlamaq. Biz bunu bacarardıq! Lazım olsa, Abdal tərəfdə vuruşan batalyonumuzdan kömək istəyərdik.

Atam cəbhənin kənddəki dayaq dəstəsinə rəhbərlik edirdi. Lap əvvəldən hər cür silahı vardı; beşatılan, tapança, cürbəcür ov tüfəngləri. Döyüşlər başlayanda hardansa on-on beş avtomat da tapıb gətirmişdi. Onun başı əldə olsa kəndimiz, ailəmiz pərən-pərən düşməzdi. Bəs dayaq dəstəsi hardaydı? Onlar dura-dura niyə qadınlar, uşaqlar təhlükədə qalmışdı? Yəqin, Cinliyə hücum olacağını gözləmirlərmiş. Mən özüm də gözləmirdim. İki il əvvəl başımızın üstündəki Fərrux dağını da, dağın dibindəki Fərrux kəndini də almışdıq. Cinli təhlükədə deyildi. Düşmən mərmisi də tutmurdu kəndi. Fərruxda ağır döyüşlər getmişdi, ayağımdan yaralanmışdım.

Maşın yubanırdı. Sürücünü tələsdirdim. Şirin ləhcəsiylə “Çatırıq, qaqa!” deyəndə canımdakı qəzəbli narahatlıq həzin bir kövrəkliyin içində əridi. Fərrux dağına, Yeddixırmana tərəf boylandım. Hər yan qaranlığa gömülsə də mən oraları görürdüm. O yerlərdən ötrü canımdan-qanımdan keçmişdim. Vaxtıyla quzu otarıb, bənövşə dərdiyim torpağa güllələrim sancılmış, qanım tökülmüşdü. Yadımdadır, mən hələ orta məktəbdə oxuyanda atımızı örüşdə vurmuşdular, balası yanında qalmışdı. O vaxt müharibə başlamasa da, gediş-gəliş kəsilmişdi. Bizimkilər Fərruxa, ermənilər bizim kəndə rus əsgərlərinin müşayiəti ilə gedirdilər. Atımız Fərrux dağının ayağında yıxılıb qalmışdı. Ora yaxınlaşmaq qorxuluydu. Bir yandan da Zabil dayçadan ötrü zülüm-zülüm ağlayırdı. Atam nə qədər sakitləşdirməyə çalışsa da, başına heç nə girmirdi. Axırda hövsələsi tükəndi, ona acıqlandı, Zabil daha bərkdən ağlaya-ağlaya həyətin bir küncünə çəkildi. Onun belə çarəsiz ağlaması məni qəhərləndirdi, yaxınlaşıb gözünün yaşını sildim, saçlarından öpdüm, dedim, narahat olma, gecə düşsün, gedib dayçanı gətirəcəm. Zabil kiriyib gülümsündü. Gecə atamın beşatılanını götürüb getdim. Qorxmurdum, lakin ehtiyatı da əldən vermirdim. Ata görə gecə kiminsə gələcəyini təxmin edib pusqu qurardılar.

Ətrafda xeyli müşahidə apardım. Bura bizim qoruq sahəmiz olduğu üçün yaxşı tanıyırdım. Kim harda gizlənə, atın yanına yaxınlaşan adamı necə vura, necə tuta bilər, mənə aydın idi. Qaranlığın dibinə yata-yata tünd-maviyə çalan üfüqü yoxlayır, yiyəsizliyə əmin olanda sürünürdüm. Bir müddət gedir, dayanıb bir də baxırdım. Çəmənliyə uzanıb inildəyən atımız yorğun-yorğun nəfəs aldıqca qarnı dağ kimi qalxıb-enirdi. Balası onun başına dolanır, ayağa qalxması üçün burnuyla yavaşca itələyir, heç nə çıxmayanda boynunu uzadıb qan sızan yarasını qoxlayırdı. Arada balaca qulaqlarını şəkləyib kənddən gələn yola baxaraq hüznlə kişnəyirdi. Anası uzun boynunu yerdən ağır-ağır qaldırır, o da kişnəyib balasına hay vermək istəyir, lakin səsini çıxarmağa gücü çatmır, boğazında qaynadıb udurdu. Başqa vaxt yal-yalmanına toxuna bilmədiyim ürkəyən dayça onları xilas etməyə gəldiyimi anlayıb qarşımda dimdik dayandı. Təzə-təzə tellənən yalmanını oxşadım, yumşaq burnunu sevgiylə sıxdım. Əlimdəki ipi boynuna keçirib, nə qədər çəkdimsə, anasından aralanmadı. O zaman mən həyatımın ilk qəddar addımını atdım; ağrılar içində qıvrılan, başını heysiz-heysiz qaldırıb təzədən otların üstünə uzadan atın alnının ortasına bir güllə vurdum. Atın sinəsindən qopan inilti boğazına tıxanıb qaldı, dayça dik atıldı, həyəcanla kişnəyib güllə səsini batırmağa çalışdı. Güllənin səsi dayçanın səsinə qarışıb Fərruxun yaxasında əks-səda verdi.

Anası ölən kimi dayça quzuya döndü, onu yedəkləyib, sürətlə aralandım.

...Atam təhlükəli əraziyə getdiyimə görə məni möhkəm danladı. Oralar, doğrudan da, təhlükəli idi. Ancaq mən yenə getdim. Fərrux kəndinin ayağındakı evlərin çəpərlərinə, odun yığınlarına, ot tayalarına od vurdum. Səhər rus hərbçiləri gəldi. Məktəbimizin direktoru qabağa çıxıb onlara cavab verdi. Dedi, çəpərləri və ot tayalarını yandıran Fərruxdakı saqqallılardır. Məqsədləri iki qonşu kənd arasına nifaq salmaqdır. Siz cinayətkarı, qulduru orda qoyub, bizim üstümüzə gəlirsiniz. And da içdi. Çəpərləri atımıza görə mənim yandırdığımı heç kim bilmirdi. Bircə atam şübhələnmişdi. Ona görə, beşatılanı əlimdən aldı, əsgərliyə gedənəcən qaytarmadı. Vaysına-vaysına dediyi sözlər hələ də qulağımdadı:

“Qorxduğum başıma gəldi!”

“Nə olub ki?” - soruşdum.

“Sən toçnı dədəm Cavada oxşadın. O da belə dəcəlxəta olub! Heç kimin ağlına gəlməyən işlər eləyib.”

Atam mənə atası Cavaddan çox danışmışdı. Böyük Vətən müharibəsində kəşfiyyatçıymış. Bədənində çoxlu qəlpə varmış. Bir neçəsini əməliyyatla çıxarıblar, biri ürəyinə lap yaxın olduğundan toxuna bilməyiblər. Sol qabırğasının ucunu isə mərmi aparıbmış.

Babamın orden-medalları evdə dururdu. Hərdən köhnə çamadanı eşələyib çıxarır, yaxamdan asıb güzgünün qarşısında şəstlə dayanırdım.

Ömrümdə atamın üstünə yalınız bircə dəfə inadla getmişəm; hərbi səhra paltarına görə!

Kənd könüllülərinə hardansa beş-altı dəst vermişdilər, ağlayıb birindən yapışdım. Anam sözümü dedi:

“Uşaq candan olur, incitmə.”

Atam səsini çıxarmadı, birini götürüb geyindim. Əynimə yekə idi. Şalvarın ayaqlarını kəsdirdim, yanından aldırdım, pencəyi də birtəhər balacalaşdırdım. Hərbi formanı geyinəndə özümü yenilməz hiss edirdim. Əlimdə avtomat da olsaydı...

Kəndimizin işğal olunması və anamla Zabilin itkin düşməsi xəbərini aldığım dar macalda bu əhvalatları belə təfərrüatı ilə xatırlamağım özümə qəribə gəldi. Deyəsən, həyatım alt-üst olmuşdu və mən yavaş-yavaş bunun fərqinə varmağa başlamışdım.

# 2551 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #