“Blutus”u “mavi diş” kimi tərcümə edən telefonlarımız - MÜZAKİRƏ

“Blutus”u “mavi diş” kimi tərcümə edən telefonlarımız - MÜZAKİRƏ
26 yanvar 2015
# 15:00

“Tərcümə problemlərinin aktuallaşdırılması”-LAYİHƏ


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Üçüncü müzakirə mövzusu “Tərcümə mətinlərinin müqayisəli təhlili” adlanır. Mövzu üzrə məruzəçilər Qismət, Hamlet Qoca, Şahin Ələsgərov, Fərid Hüseyndir.

Müzakirəni təqdim edirik.

Qan Turalı (yazıçı, tərcüməçi): Azərbaycan dilinə bir çox ədəbiyyat nümunələri ikinci dildən tərcümə edilib. Ən tipik nümunələrdən biri də fransız ədəbiyyatının şah əsərlərindən biri “Səfillər”dir. Bu əsər də fransız dilindən yox, rus dilindən tərcümə edilib. Bu cür onlarla nümunə var. İkinci dildən tərcümə edənlərin öz arqumentləri var. Onlar düşünür ki, orijinaldan tərcümə çox çətindir.

Hamlet Qoca (fransız dilindən tərcüməçi): Əlbəttə çətindir. Orijinaldan tərcümə etmək üçün sən həmin dili bilməlisən. Dili bilməyən adamlar əsər tərcümə edirlər.

Q.T.: Məsələn siz, fransızca bilirsiniz, “Səfillər”i nə üçün tərcümə etmədiniz?

H.Q: Ona görə ki, o əsərin dili çox gözəldir. Oxumusunuz o əsəri?

Q.T: Təbii ki, Azərbaycan dilində oxumuşam.

H.Q: Əsərin özü elə əsərdir ki, dünyanın hansı dilinə tərcümə etsəniz sizi alıb aparacaq.

Q.T: Siz əsəri Azərbaycan dilində oxumusunuz?

H.Q: Bəli.

Q.T: Fransızca da oxumusunuz?

H.Q: Fransızca tam yox, amma bəzi hissələrini oxumuşam. Rusiyada bəzi nəşriyyatlar xarici dillərdə əsərlər çap edirdi. Bizim əlimiz çatan əsərlər bunlar idi. Sonradan xaricə yol açılandan sonra başladılar alıb gətirməyə. Mən Əlcəzairdən gələndə yeddi yeşik kitab gətirdim. Yaxşı ki, SSRİ Yazıçılar İttifaqının üzvlük bileti üzərimdə idi. Odessada saxladılar ki, heç bir ədəd kitaba da icazə yoxdur, siz isə yeddi yeşik kitab gətirmisiniz, hamısı da fransız nəşriyyatlarında çap olunmuş fransızca nəşrlər. Bizim üçün kitab tapmaq çətin idi.

Q.T: Flober kimi üslubçu bir müəllifi Azərbaycan dilinə tərcümə etməyin çətinliyi nə ola bilər?

H.Q: Bilirsiniz, Floberi də, Hüqonu da bizim klassik yazıçılarımız tərcümə edib, indiki kimi uşaq-muşaq yox. Onların dilinin xətası yoxdur. Oxuyanda həmin zövqü ala bilirsən. Mən tərcümələrin redaktoru olmuşam. Bir də görürdün ki, tərcümə gətiriblər, heç nə anlamaq olmur. Sonradan başa düşdüm ki, bunu tərcümə proqramları ilə tərcümə edirlər. Orda da elə bil vərəqin üzərinə bir ovuc noxud tökmüsən: Sözlər səpələnib vərəqin üstünə. Belə tərcümələr, belə tərcüməçilər var. Elə hesab edirlər ki, tərcümə pul mənbəyidir, yaxşıca qazanmaq olar.

Q.T: Qismət, sən bu məsələ barədə nə düşünürsən?

Qismət (şair, tərcüməçi): Son yarım əsrdə dünya günü-gündən aktuallaşan müqayisəli ədəbiyyat araşdırmaları, yəni komparativistikanın birinci mərhələsi müqayisəli, qarşılaşdırmalı tərcümələrdi. Mədəniyyətlərin bir-biri ilə qovuşması üçün, ilkin mərhələdə ən vacib iş tərcüməsidir. Bu cür tərcümə ənənəsinin əvvəlki əsrlərdə görə bilərik, tarixdə belə şeylər çox olub. Məsələn, Hafizin qəzəllərini alman dilinə tərcümə ediblər, Göte bu şeirləri oxuyub və Hafizin təsiri ilə şeirlər yazıb və s.

Sadə bir şey deyim, tutalım, bir ingilis müəllifinin əsərlərini tərcümə etmək istəyirik, həmin müəllifin əsəri ərəb dilinə tərcümə olunubsa, tərcüməçi onu Azərbaycan dilinə tərcümə edəndə, ərəb dilini də bilirsə, ya da ərəb dilini bilən bir həmkarı ilə həmin mətni tutuşdurmaq imkanı varsa, bu çox yaxşıdır.

Bizim dünya ədəbiyyatına çıxışımız əsasən rus dili vasitəsi ilə olub. Çox az nümunələr var ki, orijinaldan tərcümə edilib. Əlimizdə yalnız bu tərcümələr olduğuna görə, üstəlik ikinci bir müqayisə vasitəsi olmadığına görə, bizdə belə təəssürat yaranıb ki, Sovet dövründəki tərcümələr yaxşıdır, üstəlik başqa bir stereotip də var ki, guya rus dilinə edilən bütün tərcümələr yaxşıdır. Müqayisə imkanımız olmayıb.

Deyim ki, mən Vladimir Nabokovun “Rus ədəbiyyatı haqqında mühazirələr” kitabını tərcümə edəndə bir çox şeyləri özüm üçün aydınlaşdırdım. Nabokov bu mühazirələri ingiliscə yazıb, sonradan oğlu ilə birlikdə rus dilinə tərcümə edib. Rus mətnini də özü hazırlayıb. Bu kitabın məndə, həm ingilis, həm rus, həm də türkcə variantları vardı. Müqayisə edərkən çox qəribə şeylərlə rastlaşdım. Birini deyim, məsələn, Nabokovun həmin kitabdakı “Ölü canlar” haqqında mühazirəsini tərcümə edəndə, düşündüm ki, Qoqol Sovet vaxtı dilimizə çevrilib deyə, sitatları ordan götürüb kopyalamaq olar. Belə də etdim. Sonra elə bir-iki sitatdan sonra gördüm ki, yox nəsə düz gəlməyən məqamlar var. Nəticədə nəyi kəşf etdim? Gördüm ki, məsələn, Nabokov əsərdən bir parçanı sitat verir, sonra keçir həmin parçanın stilistik şərhinə, cümlə quruluşlarının, məcazların məntiqini izah etməyə. Amma məlum oldu ki, bizim dilə tərcümə olunanda tərcüməçilər Qoqola xas olan həmin stilistik vahidlərin, dil oyunlarının heç birini nəzərə almayıblar.

Sovet dövründəki bütün tərcümələr keyfiyyətliydi fikri, məncə, klişedir, stereotipdir. Məncə, bizi çaşdıran həm də o vaxtkı tərcümələrdəki cilalı Azərbaycan dilidir. Gəlin etiraf edək, indikinə baxanda, o vaxt redaktə işi, dilə yanaşma daha məsuliyyətli idi. Ona görə biz dilin havasına, ahənginə uyub mətni rahat oxuyanda, elə bilirik ki, burda hər şey yerindədir. Amma sən demə ayrı mətləblər varmış. Mən tərcümə etdiyim həmin kitabın – Nabokovun mühazirələrinin türkcə variantına da baxdım və özüm üçün də kəşf etdim ki, bir neçə mənbəyə, varianta baxmaq zəhmətinə girişmək həmişə lazımdır. Dillərin özünün də inkişaf səviyyəsi var. Bu mənada, necə ki, biz inkişaf etmiş bir ölkəyə gedəndə özümüzü tez müqayisə müstəvisinə gətirib qüsurlarımıza görə danlayırıq, kompleksə düşürük, inkişaf etmiş, fəlsəfi terminologiyası formalaşmış dillə hələ bu mərhələni keçməmiş dil də qarşılaşanda eyni şey baş verir.

Q.T: Şahin müəllim, bu barədə siz nə düşünürsünüz?

Şahin Ələsgərov (ərəb dili üzrə tərcüməçi): Müqayisəli tərcümə və ikinci dildən tərcümə bir-birinə yaxın mövzulardır. Qismət müəllim çox gözəl qeyd elədi ki, müqayisəli tərcümə çox şeylərdə kömək edə bilər. Ümumiyyətlə, müqayisəli tərcümə bizə tərcümələr arasından seçim etmək və onlardan hansının orijinala daha yaxın olduğunu üzə çıxarmaq imkanı verir, həmçinin çətinliklərlə üzləşdiyimiz zaman kömək üçün məhz hansı varianta müraciət edəcəyimizə bizi istiqamətləndirir. Məsələn, ərəb dilini götürək və nümunə üçün də Misir yazıçısı Nəcib Məhfuzun əsərlərinə müraciət edək.

Misirdə elə adət-ənənələr var ki, onlar müsəlman və ərəb dövlətlərinin heç birində yoxdur. Dəfn mərasimində elə adətlər var ki, spesifikdir. Bunu bilmək üçün yazıçının bütün əsərlərini oxumaq da kifayət etmir. Ola bilər, əsəri ingilis dilinə tərcümə edən tərcüməçi adət-ənənə ilə bağlı olan bu məsələləri bilsin, ancaq rus dilinə tərcümə edən tərcüməçi bu adət-ənənədən xəbərsiz olsun. Nəcib Məhfuzun mən hal-hazırda “Yol” romanını tərcümə edirəm. Analoji hala bu romanda da rast gəlinir.

Ümumiyyətlə, orijinaldan tərcümə vacibdir. Çünki, ilkin variant orijinaldır. Tərcümədə hansı yazıçını tərcümə etmək məsələsi də vacibdir. Eyni müəllif, on müxtəlif yazıçını tərcümə edə bilməz. Bu, mümkün deyil. Nabokovla Nəcib Məhfuz fərqli yazıçılardır və əsərlərinin spesifikası da fərqlidir. Məhfuz digər ərəb dilli yazıçılarla müqayisədə çətin dildə yazır. Nabokovun yazdığı rus dili də, müasir rus dilində yazan yazıçılardan fərqlidir.

Hər yazıçının öz üslubu var. Nəcib Məhfuzun “Təhqiqat” hekayəsində mətn gedir, dialoqlar davam edir və birdən mətnə aidiyyatı olmayan fikir yazılır. Bir hissə oldu ki, mən başa düşə bilmədim. İngilis və rus dilində olan variantlara baxdım. Demək olar ki, bir səhifəlik bu hissəni nə ingilis, nə də rus dilinə tərcümə etməmişdilər. Rus dili tərcüməçisi peşəkar şəkildə davranaraq o hissəni başqa formada verə bilmişdir. İngilislərdə isə bu qüsur aydın nəzərə çarpır. Sonra Nəcib Məhfuzun bir neçə hekayəsini oxudum və başa düşdüm ki, bu, onda fərqli bir stilistikadır. Əsərin qəhrəmanı əlini qoyur çənəsinin altına və fikrə gedir. Yazıçı isə personajın fikrə getməsini (“əlini çənəsinin altına qoyub fikrə getdi”, ya “yuxuya getdi şəklində) yazmır.

Qismət: Bunun adı şüur axınıdır.

Şahin: Bəzən ərəb yazıçıları müxtəlif təsirlər altında yazırlar. Ola bilər ki, yazıçı içkili vəziyyətdə olsun və beyninə gələni yazsın. Həm də 60-70 il bundan öncə redaktə də indiki səviyyədə deyildi. Müəllif müəyyən bir yerdə qadın xeylağından söhbət açdığı halda, həmin adam sonradan qız uşağı kimi göstərilir. Bu, əslində səhvdir.

Çexovun “Albalı bağı” əsərinin ingilis dilinə üç tərcüməsini, türk, ərəb və Azərbaycan dillərinə tərcümələrini müqayisə etdim. Xeyli problemlər var. Xüsusilə, frazeoloji birləşmələrin tərcüməsində ciddi problem olduğu nəzərə çarpır.

«Экая прорва!»

“Greedy fellow!” (Ann Dunnigan)

“What a glutton!” (Constance Garnett)

“What a gobbler!” (Kathleen Mary Cook and Ivy Litvinov)

“Acgözlüyə bax a!” (N.Rəfibəyli)

“Ne işkembe!” (Ataol Behramoğlu)

يا سلام! “ (أبو بكر يوسف)

«Экая прорва» frazeoloji birləşməsi ingilis dilinə yalnız bir variantda düzgün tərcümə olunmuşdur: “What a glutton!”. En Danniqanın istifadə etdiyi “greedy fellow” birləşməsi konkret tərcümə olmasa da, obrazın xarakterini tam aça bilir. Söhbət Pişşikin davranışından gedir. Həbləri alıb ovcuna səpir, üfləyir, ağzına qoyur və üstündən kvas içir. Üçüncü tərcümənin (“What a gobbler!”) ümumi məzmunla yaxından-uzaqdan bağlılığı yoxdur, çünki “gobbler” “hind toyuğu” deməkdir. Frazeoloji birləşmənin türk dilinə tərcüməsində “işkembe” sözündən istifadə edilmişdir. Bu isə “qarından hazırlanmış yemək” mənasını verir. Ərəb dilində isə “Aman Allah!” mənası verən “يا سلام” nidasından istifadə edilmişdir. Ən dəqiq tərcümə Azərbaycan dilinə olunmuşdur.

H.Q: Əlcəzairdə olanda eşitmişdim ki, ölkənin bu başında danışılan ərəb dili, ölkənin digər başında başa düşülmür. Sənin işin əsas ona görə çətindir. İndi təsəvvür edin ki, yazıçının biri götürüb öz ərazisinin dialektini yazır. İndi gör sən nə əziyyət çəkirsən.

Ş.Ə: Bəzən ləhcələr bir-birindən kəskin fərqlənir. Məsələn, Şam ləhcəsində “هذا كلام فايش” dedikdə, “Bu, bu, boş sözdür” başa düşülür. Amma misirlilər bunu heç cürə başa düşə bilməz.

Q.T: Bəzən yazıçılar yazanda əsərlərində səhvlər buraxır. Ən məşhur səhvlərdən biri Dostoyevskinin “Cinayət və cəza”da etdiyi səhvdir. “Ovalşəkilli dördkünc stol” yazmışdı. Bu cür səhvləri tərcüməçi hansı şəkildə aradan qaldırmalıdır?

H.Q: Sovet dövründə mənim tərcümələrimi Xarici Dillər İnstitutuna yoxlamaq üçün, tutuşdurmaq üçün göndərirdilər. Öz yoldaşlarım bunu yoxlayırdılar. İnam yox idi, inanmırdılar ki, fransızcasından tərcümələr ola bilər. Lətifələr tərcümə edəndə icazə verirdilər. Kitab tərcümə etməyə isə imkan vermirdilər. Müəllifin səhvləri üçün nəşriyyatlarda ədəbiyyat redaktoru olurdu. Və əsərləri sözbəsöz yoxlayırdılar.

Gi de Mopassanın hekayələrini tərcümə edib “Gənclik” nəşriyyatına vermişdim. Redaktor deyirdi ki, hekayələrin ikisinin ruscasını tapmamışam, bunlar gedə bilməz. Sonradan o hekayələri də tapıb yoxladı. Amma o redaktor məsuliyyətsizlik edə bilərdi ki, səkkizini yoxlamışam, ikisini yoxlamasam da olar. Bunun üçün nəşriyyatlar məsuldur və mütləq orijinalla, başqa bir dilə tərcümə ilə tutuşdurmaq, yoxlamaq lazımdır.

AzərTAC-da tərcüməçi işlədiyim vaxtlarda müəyyən məsələlər olurdu. Polşanın xarici işlər naziri ATƏT-ə yenicə sədr təyin olunub və deyir ki, “Qarabağ kimi konfliktləri biz çalışacağıq ki, qaydaya salaq”. Tərcüməçi götürüb burdakı “requlyar” kökünə görə müntəzəm kimi tərcümə edib. İkisi də fransız sözüdür. Belə çıxır ki, ATƏT sədri deyib ki, “Biz Qarabağ kimi problemlərin mütəmadi olmasına çalışırıq”. Birbaşa beynəlxalq skandala səbəb olacaq xətadır. Mən o cümləyə diqqətsiz yanaşsam, dərhal nota gələcəkdi.

Qismət: Bir məqamı xatırlatmağı özümə borc bilirəm. Son illər tərcümə haqqında yazılan ən geniş və əhatəli yazını, mənim fikrimcə, Seyfəddin Hüseynli yazıb. Məncə o yazıya tez-tez arabir nəzər salmaq çoxumuz üçün faydalı olar. Həmin yazının əvvəlində belə bir sitat var ki, mobil telefonların menyusunu Azərbaycan dilinə tərcümə edərkən, “Bluetooth”u “mavi diş” kimi tərcümə ediblər. Ruscası da “Siniy zub”.

Cəlil Cavanşir (yazıçı, tərcüməçi): Əslində “Bluetooth” sözü X əsrdə Danimarka torpaqlarını birləşdirən kralın ləqəbi ilə bağlıdır.

Qismət: Cəlil, sən canı bunu çox yerdə demə, qorxuram “mavi diş”i, dəyişib “kralın dişləri” eləyərlər (Gülürlər).

H.Q: Fransız ədəbiyyatının ən çətin əsərlərindən biri “Taun”dur. Mən onu neçə illər öncə tərcümə etmişəm və çap olunub. Sonra məlum oldu ki, bunu bir qız da tərcümə edib. Qızı tanımasam, heç nə demərəm. Axı bu qız hələ dil öyrənir. Sonra uşaqlarım dedi ki, ata, sənin tərcüməndəki bir cümləni o qızın tərcüməsi ilə müqayisə ediblər. Kimsə iki variantı da oxuyub. Mən bilirəm ki, bu əsər çətindir. Çətinlik odur ki, əsər Əlcəzairdən bəhs edir, insan psixologiyasının addım-addım dəyişməsini təsvir edir. İnsan psixologiyalarının dəyişməsini izah edir. Mən əsəri iki-üç dəfə oxuyandan sonra tərcümə etdim ki, insanlara faydası olsun. Xəbərlər proqramında cümlələri qarışıq şəkildə tərcümə edirlər. Nə olar ki, mübtədanı mübtəda yerinə, təyini də təyin yerinə qoyun.

Q.T: Qismət, yazıçının açıq-aşkar xətaları olur, ya üslub baxımdan, ya mətn baxımdan. Ya nə isə yaddan çıxır. Bunları tərcümə prosesində necə etmək lazımdır?

Qismət: Tərcüməçinin əlinə nə keçdi çevirməsi çox da yaxşı deyil. Bu fikrim bir az maksimalist səslənə bilər, amma dünyada bunun təcrübəsi belədir ki, tərcüməçilər ya bir dil, ya konkret bir ölkə, ya da bir bədii istiqamət üzrə ixtisaslaşırlar. Məsələn, Coysun türkcə tərcüməçisi buna ömrünün demək olar ki, hamısını sərf edib. Coysu istisna saya bilərsiniz, ona görə başqa misal deyim, məsələn, Ahmet Cemal. O, modernist alman ədəbiyyatı üzrə Türkiyədə metrdir. Ancaq stilistləri çevirənlər var, ancaq postmodernist mətnlərlə məşğul olanlar var. Başqa bir məqam: tərcüməçi çevirdiyi yazıçının dünyagörüşündən, digər əsərlərindən, həyatından, estetikasından məlumatlı olsa, ziyan gəlməz. Sizə bir misal deyim. İngiltərədə Viktoriya dönəmində Tolstoyun “Anna Karanenina” əsərini tərcümə ediblər. Bu dövr Britaniyada ciddi əxlaqi tabuların olduğu dönəmdir. Evli bir qadının başqa bir kişidən hamilə qalması barədə söhbət ağlasığmaz bir şey idi. O illərdəki tərcüməçi Anna Kareninanın Vronskiyə hamiləyəm dediyi hissəni tərcümə edərkən, “hamiləyəm” sözünü oxucudan gizlətmək üçün kursivlə və rusca belə verib: “беременна”-yam. Nabokov “Anna Karenina”dan ingilis dilində sitatlar yığanda, bütün tərcümə variantlarına baxıb ki, bunu nə üçün belə ediblər. Tərcüməçi bunu bilmək üçün həmin dövrün mədəni hadisələrinə, atmosferinə az da olsa bələd olsa, pis olmaz.

Ş.Ə: Yazıçının etdiyi səhvlər elə də əhəmiyyət kəsb etmir. Nəcib Məhfuzdan danışdım, o əvvəlcə bir qadından bəhs edir, sonra onu cavan qız uşağı kimi göstərir. “İmraətun” sözü var, bir də “fətətun” sözü var. Bunlar fərqli sözlərdir. Birincisi “qadın”dır, ikincisi “cavan qız”dır. Tərcüməçi tərcümə edərkən bunu yoluna qoymalıdır. Bunlar əslində, əsərin dilinə heç bir xələl gətirmir.

Müqayisəli tərcümə zamanı ikinci dildə olan tərcümənin keyfiyyəti də nəzərə alınmalıdır. Nümunə olaraq Aqata Kristinin “Qatardakı qız” hekayəsini götürək. Məsələ ondadır ki, hekayə rus dilinə bir neçə dəfə tərcümə olunub. Lakin bu tərcümələrin bəzilərində aşkar səhvlər var. Azərbaycan dilinə tərcümə zamanı da məhz rus dilində olan səhv variantlardan birinə istinad edilib. Nümunələrə baxaq:

Yes. That is, if there is a suitable boat.

Да. То есть если найду подходящее судно (ingilis dilindən tərcümə edən: Pavel Rubtsov)

Да. Для этого, кажется, нужна хорошая лодка (ingilis dilindən tərcümə edən: O.Batanova)

Bəli. Deyəsən, bunun üçün yaxşı qayıq lazımdır.

İngilis dilində “boat” sözünün həm “gəmi”, həm də “qayıq” mənası var. Lakin əsərin qəhrəmanı Corc Roulend Britaniyadan Avstraliyaya qədər olan məsafəni qayıqla səyahət edə bilməzdi. Məhz bu üzdən Azərbaycan dilinə tərcümə zamanı da eyni səhvə yol verilib. Digər bir nümunəyə baxaq:

Perth - too far away - Putney Bridge - too near

Перт – слишком далеко. Путни-Бридж – слишком близко (Pavel Rubtsov)

Персия - слишком далеко, мост Патни - слишком близко (O.Batanova)

İran, çox uzaqdır. Patni körpüsü isə hədsiz yaxındır.

Pert – Qərbi Avstraliya ştatının paytaxtıdır. O.Batanovanın tərcüməsində isə İran kimi göstərilib. Qeyd etməliyik ki, Corc Roulend Britaniya koloniyalarından birinə getmək istəyir. İran isə heç vaxt İngiltərənin koloniyası olmayıb.

Qismət: İşin başqa bir tərəfini də deyim, bizim dildən ingilis dilinə tərcümə olunanda da müəyyən problemlər yaranır. İngilislər çöldə otlayan qoyuna “sheep” deyir. Amma artıq bişib süfrəyə gəlirsə, “sheep” yox, “mutton” adlanır. Bu cür şeylər nəzərə alınmayanda birtəhər nəticələr ortaya çıxa bilər.

H.Q: Moruanın “Tanatos mehmanxanası” əsəri var. Bunu tərcümə edəndən sonra qəfildən başqa bir tərcüməsi əlimə düşdü. Rus dilindən edilib. Birinci cümlədə səhv tərcümə edilib. Soruşulur ki, “Stil aksiyaları neçəyə düşüb?”. Stil şirkətin adıdır. Amma tərcüməçi tərcümə edib: “Stil, aksiyalar neçəyə düşüb?”.

Fərid Hüseyn (şair, tərcüməçi): Tərcümələri müqayisə edəndə ən çox “düşmələrə” fikir verirəm, rus dilində olan əsərlərdən çıxarılan hissələri, təbii ki, bizim tərcüməçilər də özləri bilmədən “çıxarmış” olurlar. Məncə, ona görə də istənilən əsər bir dəfə orijinalla üzləşdirilsə yaxşı olar.

Q.T: Hamlet müəllim, siz təklif olunsa “Səfillər”i yenidən tərcümə edərsiniz?

H.Q: Bir əsər ki, yaxşı tərcümə olunub, ona niyə yenidən qayıdaq? Özü də yaxşı tərcümə edilib, rus tərcüməçilərin də qeyrətinə şübhə ola bilməz. O vaxt yaxşı tərcümələr olub. Flober də, Viktor Hüqo da yaxşı tərcümə edilib. Bu əsərlərə yenidən qayıtmaq lazım deyil. Mən ömrümün 5 ilini bu əsərə həsr etməkdənsə, yeni beş kitab tərcümə edərəm. Köhnə tərcüməçilərin dili indiki tərcüməçilərin dili kimi deyil.

F:H: Poetik tərcümələri müqayisə edəndə maraqlı nəticələr ortaya çıxır. Bir şey diqqətimi çəkir. Türkiyədə Nitsşenin şeirlər kitabını aldım, almancası da verilmişdi. Ruscasını tapdım. Sonra bizim mütəxəssislərin köməyi ilə ingiliscəsini tapdıq. Artıq dörd variant var idi. Alman dili mütəxəssisi sözbəsöz tərcümə edib gətirdi. Sətri tərcümə ilə baxanda məlum oldu ki, bu tərcümənin heç biri orijinalın dediyini demir. Mən bəzilərini çevirdim və məlum oldu ki, mən də orijinalın dediyini deyə bilmirəm. O təfəkkürlə tərcümə edəndə bizim dildə səslənmir, bizim təfəkkürlə tərcümə edəndə orijinaldan uzaqlaşır. İngilis və türk variantında hər ikisini şair tərcümə edib və hər ikisində şairlərin fərqli üslubu var. Nəsr tərcüməsində yazıçı üslubunu gizlədə bilir. Tolstoyun tərcüməsində yazıçılar Tolstoyun üslubuna yaxınlaşa biliblər. Mustafa Əfəndiyevin, Ənvər Məmmədxanlının tərcümələrində öz dəsti-xətləri demək olar yoxdur.

Qismət: Bu yerdə bir az opponentlik etmək istəyirəm. Ənvər Məmmədxanlının “Anna Karenina” tərcüməsi ilə bağlı bir şey deyəcəm. Yenə öz tərcümə etdiyim kitaba istinad etməliyəm. Nabokovun “Anna Karenina” ilə bağlı geniş mühazirəsi var və mühazirədə əsərdən çoxlu sitatlar gətirib. Bu romanı bizim dilə Ənvər Məmmədxanlının başqa, bu yaxınlarda Samir Bulut da tərcümə edib. Mən o tərcümələrin ikisini də tutuşdururdum, fikrimcə, heç biri yaramır. Etiraf edim ki, şəxsən o romanı çevirmək mənim gücümdə deyil. Bu əsər dünyanın ən səliqəli, ən mükəmməl strukturu olan romanlarından biri hesab olunur. Elə mətləblər var ki, onu Azərbaycan dilinə tərcümədə itiriblər. Ənvər Məmmədxanlı öz əsərlərinin dili çox gözəldir, amma tərcüməsində əvvəldə də dediyim üslub vahidləri, stilistik incəlik yoxa çıxıb. Alluziyalar, mifoloji elementlərlə rastlaşanda bizim tərcüməçilərə nəsə olur. Məsələn, müəllif yazır ki, “Lete çayından keçmişdim sanki”, bizim tərcüməçilər “Lete” sözünü ixtisar edir ki, xalq başa düşməz. Bu mifoloji elementdir, yunan mifologiyasında unutmağın, yaddaşı itirməyin rəmzlərindən biridir.

F.H: Bir şeirə rast gəldim, bizim tanınmış tərcüməçilərdən biri tərcümə edib. Orda deyir ki, şair özünü Göte ilə müqayisə edir. Tərcüməçi ordan “Göte tək” ifadəsini “şair tək” ifadəsi edib. Əsərlərin tərcümə edilən şair də Şərqə meyillidir və “Göte tək” ifadəsi əslində buna işarədir. Tərcüməçinin tərcümə etdiyi poetik nümunələri təəssübünü çəkməsi də ayrıca bir işdir. Bunu o mənada deyirəm ki, bəzən bir şeirdə bir sözün yerini dəyişməkdə insan tərəddüd edir, amma bizim bəzi şairlər qəti narahat olmadan əcnəbi şairlərin adından az qala yeni şeirlər yazırlar. Hərdən içimdə belə bir hiss peyda olur ki, bir gün “dəli”nin biri çıxacaq və bütün bu paxırların üstünü açacaq.

H.Q: Mən də “Fransız ədəbiyyatı antologiyasında beş-altı şeir tərcümə etmişəm. Amma elə fransız şeiri var ki, oxuyan kimi bilirsən ki, bunu Azərbaycan dilinə tərcümə etmək olmaz. Elə şeirlər var ki, onu tərcümə etməli olsan gərək iki səhifə izah yazasan.

F.H: Nizami Cəfərov Mərkəzin Elmi-Bədii şurasının iclasında bəzi əsərləri sadalayıb dedi ki, biz bu əsərləri tərcümə etməliyik, həm də ona görə ki, Azərbaycan dilinin bu əsərləri götürmək imkanı nə qədərdir. Məsələn, biz Şopenhauerin əsərini çevirəndə onun ideyaları bu dildə necə ifadə oluna bilir? Əgər bizim dil ərəb-fars dilindən alınan sözlərdən təmizlənsə, saf dilimizdə o əsərlər necə ifadə olunar? Tərcümələr həm də dilimizin imkanlarını müəyyənləşdirir. Dilimiz təkcə şair və yazıçıların yaratdığı sözlərlə yox, həm də tərcüməçilərin yaratdıqları sözlər vasitəsi ilə zənginləşə bilər.

Ş.Ə: Mifoloji elementlərdən söhbət düşmüşkən, Şeksprin əsərlərində ingilis əfsanələrinin təsiri var. Ayzek Azimov bununla bağlı böyük bir əsər yazıb. Məsələn, Şekspirin əsərlərindən birində deyilir: “Bayquşun atası çörəkçi idi”. İngilis əfsanəsində göstərilir ki, İsa peyğəmbər çörəkxanaya gəlib çörək istəyir. Çörəkçi çörək bişirmək üçün xəmiri kündələyir. Lakin çörəkçinin qızı fikirləşir ki, dilənçi üçün böyük kündə artıqlıq eləyər və kündəni yarı bölür. Allah da qızı cəza olaraq quşa çevirir. Bu, sırf mifologiya ilə bağlı məsələdir.

Biz ənənəyə bağlı insanlarıq. Yaxşı tərcümələr olub və biz də oxumuşuq. Amma mənim ən sevdiyim əsərlərdən biri “Tom Soyyerin macəraları”dır. Bu yaxınlarda müqayisə etdim, əsərdən böyük-böyük parçalar yoxdur. O əsərlər yenidən tərcümə edilməlidir. Sovet dövründəki dillə, indiki dil fərqlənir. Bəzi sözlər var ki, indi işlənə bilməz. Məsələn, “samosval” sözü kimi.

Nəticə olaraq qeyd etməliyəm ki, tərcüməçi ilk növbədə əsərin orijinalına müraciət etməli, lakin lazım gəldikdə onun digər dillərdə olan variantlarından da istifadə etməlidir. Xüsusilə də, dini, tarixi, məhəlli xarakterli əhvalatların, həmçinin milli adət-ənənələrlə bağlı materialların tərcüməsi zamanı bu metoddan istifadə olunması əsərin düzgün dərk olunmasına kömək edir.

F.H: Deməli, o gün bir alim Əl-Qəzzalinin mətnlərindən seçmələr tərcümə edib, təsadüfən mətni gördüm və oxudum. Tərcümə zamanı, “Problem”, “aktuallıq”, “qlobal” və s. əcnəbi sözlər o qədər idi ki, elə bil Qəzzali hansısa ölkədə keçirilən forumda məruzəçi olub, nəinki böyük fikir adamı. Dəhşətə gəldim, tərcümə zamanı müəllifin lüğəti və dövrü də elə bilirəm nəzərə alınmalıdır. Bizdə isə bəzən əksinə olur, tərcüməçi müəllifin dövrünün sakini olmaqdansa, onu “dartıb” öz dövrünə gətirmək əzmi göstərir.

Qismət: Bir məşhur fikir var ki, bütün müqayisələr sürüşkəndir. Bilirsiniz, mən mikro mühitdə də olsa gülüb keçməyi, yüngülvarı qımışmağı yaşamaq növü kimi dərk edirəm, amma “Şarl Hebdo”dan sonra gülməmişdən qabaq bir xeyli fikirləşirəm...

# 2777 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #