Vaqif Bayatlının kitab satan qonşusu - REPORTAJ

Vaqif Bayatlının kitab satan qonşusu - <span style="color:red;">REPORTAJ
16 oktyabr 2014
# 08:30

Bir dəfə mərhum şairimiz Ağa Laçınlı mənə bir əhvalat danışdı. Həm də böyük heyrətlə... Demək, şair neft qoxuyan Bakı kəndlərindən hansınasa gedirmiş, qəfil görür ki, mazut gölməçələrin arasında bir çiçək bitib. Şair dəli olur! Deyir, fikirləşdim ki, bu iyin, qoxunun, zəhərin təpə-qapazında bu çiçək necə əmələ gəlib?

Təpə-qapaz! O vaxt bu söz çox xoşuma gəlmişdi... Və indi haqqında söz açacağım kitab mağazasını görəndə yadıma düşdü bu söz.

Zahid Xəlilov küçəsindəki 68 nömrəli nəhəng yaşayış binasının altında açılan kitab dükanından danışıram... Heç 4 kv.metr olmayan, uzaqdan göyərçin damını xatırladan bu kiçik yer də üstünə müxtəlif markalar yapışdırılmış, rəngli elanlar və reklamlar vurulmuş, yazılar yazılmış ticarət obyektlərinin təpə-qapazında güclə görünür. Ola bilər ki, diqqətsiz və mütaliəni o qədər də sevməyən bir insan gün ərzində Z.Xəlilov küçəsini o başa-bu başa getsin, amma bu mağazanı görməsin. Ola da bilər, gözü uzaqdan alsın!

Bu mağaza kitabın Azərbaycan reallığındakı yerini yüksək məharətlə simvolizə edir. Elə satıcısı da burdakı digər insanlara bənzəmir...

İlqar Balakişiyev. Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub. Nə qədər zəndlə baxsan 51 yaş verməzsən ona... Amma yaşı dəqiqdir. And-aman eləyir. Deyir, istəsəniz sənəd də göstərərəm! Və bir də deyir ki, Böyük Mərcanlıda ünlü şair Vaqif Bayatlı Odərlə qonşu olub. “O vaxt Cəbrayılzadə idi!” – elə eyhamla gülümsəyir ki, guya bu faktı başqa heç kim bilmir.

Adam bir kitab aşiqidir! Qız qalasının yanında daha ağır təpə-qapaz həyatı sürən Elman dayıdan sonra belə mütaliəli kitabsatan görməmişəm. Amma yox, biri də var: Xan Rəsuloğlu... Söz verirəm, nə vaxtsa, onu da tapıb darta-darta hüzurunuza gətirəcəm!

İlqarı – bu suyuşirin vətən oğlunu 90-cı illərin sonlarından tanıyıram. Onda “Elmlərlər Akademiyası” metrosunun girəcəyində (çöldə) piştaxtası vardı: qəzet və kitab satırdı. Sonra içəridə, jeton satılan şüşə gözlüklərlə üzbəüz, sol küncdə balaca köşk götürdü. O vaxt Azərbaycan mətbuatında mərhələ hesab olunan “Alatoran” jurnalı ən çox bu köşkdə satılırdı. İlqar yazarlara təkcə əməkdaş kimi baxmır, onlarla yaxından dostluq edirdi. İndi, bəlkə Cəbrayıldan çox, o köşkün xiffətini çəkir:

“Mən ikinci dəfə qaçqın düşdüm də, müəllim! Metrodan sıxışdırıb çıxardılar... Özün görmüşdün... Orda necə işləyirdik. İndi Bakı Dövlət Universitetinə görə bura gəlmişəm. Yazarların çoxu yerimi bilmir. Qohum-əqrəbasından ayrı düşən qərib adam kimiyəm...”

Düz deyir.

Məni ilk görəndə elə sevindi, elə bil, Markeslə görüşür!

Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. İxtisası qəribədir: alim-aqronom! “Məzələnmə, aqronomun da alimi olur?” – etiraz edirəm. Yumşaq səslə deyir: “İxtisasımın rəsmi adı belədir.”

Rasim Qaracayla lap çoxdan dostdur. Rasim ola, nəsə yaza bilməyən adamla dostluq edə... Çətin işdir. Və Rasim ola, nəsə yaza bilən adamı çap eləməyə, onu həvəsləndirməyə... Yaşından asılı olmayaraq... “Həftə içi” qəzetində İlqarın da bir neçə hekayə və mənsur şeirini çap edib:

“Sonra özüm dayandırdım yazmağı... Yaş o yaş deyil artıq.”

Bir də and içir ki, kitab satışı ilə təkcə pul qazanmaq üçün məşğul deyil. “Kitabı sevirəm” deyir! Kitabın yanında, onun əhatəsində olmaq, insanların mütaliə etdiyini görmək ona sonsuz zövq verir.

“Narazı deyiləm” – usta adamdı, sözün mustafasına özü gəlir – “Gündə ən azı 5-6 bədii kitab satıram... Qalanı dərslik və dəftər-qələmdi. Dərsliklərdən ən çox hüquqa aid kitablar satılır. Universitetin mənə yaxın tərəfi hüquq fakültəsidi” – gülür – “Bədii ədəbiyyatdan da kimi desən!”

Siyahılar aşağı-yuxarı hamınıza bəllidir. İlqar Balakişiyev özündən Amerika açası deyil ki!

“Səfillər”

“Məhkəmə”

“Tatar çölü”

“Kimyagər”

“Aşk”

Yerli məhsullardan:

“Qılınc və qələm” (bircə bu ilgincdir)

“Qətl günü”

“Dəli Kür”

Çingiz Abdullayev və Elxan Elatlının müxtəlif əsərləri

Və sairə və sairə...

İlqarın mağazasında xeyli kitab var. Amma özü narazıdır: “Kənddəki kitabxanam bu mağazadan böyük idi... Gərək oxucu üçün seçim imkanı çox olsun... Kitab mağazaları yalnız çeşidlərin çoxluğundan nəsə qazana bilir”

Mağazada olduğum yarım saat ərzində hardasa 15 nəfərə yaxın adam gəldi bura. Dərslik və dərs ləvazimatı ilə yanaşı bədii kitab alanlar da oldu.

Bu balaca yer üçün İlqar bəy elə də çox pul ödəmir: ayda cəmi 300 manat... Şəhərin mərkəzindən ən azı 4-5 dəfə ucuz... Dəyib-dolaşan da yoxdur ona. Sahə müvəkkilini uzaqdan tanıyır. Deyir, cavan oğlandı, yaxınlaşsa Kafkanın kitablarından hədiyyə eləyəcəm...

Bircə istəyi var: yazarlar əvvəli kimi əməkdaşlıq etsin onunla: “Əksəriyyətini şəxsən tanıyıram. Həmid Herisçi, Zamin Hacı, Zahir Əzəmət, Seymur Baycan, Nərmin Kamal, Günel Mövlud, Qan Turalı, Cəlil Cavanşir, Aqşin... Hardadırlar? Kitab yazmırlarmı?”

Davam edir:

“Çoxu da yerlimdi: Aşıq Qurbanidən, Aşıq Pəridən, rəhmətlik Sabir Əhmədlidən üzü bu yana bütün yerlilərimi tanıyıram... Seymur, Günel, Zamin... Biri var, kəndçimdi, Bəhmən kişinin oğlu... Görüm adı nə idi, hə, Fehruz... Fehruz Şamıyev! O, yazmır deyəsən, kino-zad işləriylə məşğuldu... Hələ biri var eee... Yafəs Türksəs (gülür). Mənə, xeyli kitab atıb (yenə gülür)”.

Ona söz verdim ki, mesajını hamıya çatdıracam və çatdırdım da. Əslində İlqar bəy öz dostlarının şəxsində bütün yazarlara, bütün kitab çap edən ədəbiyyatçılara səslənir!

Gerisi sizə qalmış...

# 3782 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #